“Yolların müvəqqəti
bağlanması və bu sahədə digər
tədbirlərlə bağlı SMS məlumatlandırma
Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 381 Bakı
şəhəri, 3 dekabr 2014-cü il
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 753 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabrtarixli 381 nömrəli qərarı ilə təsdiq edilmişdir
Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 753 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma qaydalarını müəyyən edir.
1.2. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən sellülar (mobil) telekommunikasiya operatorları vasitəsilə həyata keçirilir.
1.3. Göndərilən qısa mesajların (SMS) həcmi GSM standartlarının tələblərinə uyğun müəyyən olunur.
2. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi
2.1. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin edilir.
2.2. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən aşağıdakı hallar təşkil edir:
2.2.1. yenidən qurulma və təmir;
2.2.2. dövlət tədbirlərinin keçirilməsi;
2.2.3. qəzaların olması.
2.3. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstərilir. Həmin məlumatlar müvafiq xidmətə abunə olmaq və ya SMS sorğu göndərməklə əldə edilir.
2.4. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişlidir. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə sellülar (mobil) telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən edilir.
2.5. Xidmətin göstərilməsindən daxil olan vəsaitin xidmətin təşkilində iştirak edənlər arasında bölgüsü tərəflər arasında qarşılıqlı razılaşma ilə tənzimlənir.
2.6. Xidmətdən əldə edilən vəsait Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesablaşma hesabında yığılır.
3. Məlumatların göndərilməsi üzrə xidmətlərdən şikayət edilməsi
3.1. Məlumatların göndərilməməsinə
və ya göndərilməsindən imtina edilməsinə görə “İnzibati icraat
haqqında” Azərbaycan Respublikasının Qanununa
və Azərbaycan Respublikasının İnzibati
Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada və məhkəməyə
şikayət verilə bilər.
Azərbaycan.-2014.- 9 dekabr.- S.1.