Azərbaycan və Çin hökumətləri arasında qrant sazişi imzalanıb

 

Dekabrın 8-də Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Respublikası Hökumətinə 30 milyon Çin yuanı (təqribən 4,5 milyon ABŞ dolları) məbləğində növbəti qrant yardımı ayırması ilə bağlı saziş imzalanıb.

Saziş Azərbaycan-Çin dostluq münasibətlərinin və ölkələrimiz arasında texniki-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədini daşıyır.

Sazişi Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Honq Jiuyin imzalayıblar.

Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən siyasiiqtisadi sahələrdə əlaqələrin genişləndiyini bildirən Baş nazirin müavini Abid Şərifov deyib ki, iqtisadi və mədəni əməkdaşlığımızın zəngin tarixi var. Qeyd edilib ki, indiyədək Azərbaycan və Çin hökumətləri arasında ümumi məbləği təqribən 41 milyon dollar olan 10 texniki-iqtisadi əməkdaşlıq sazişi imzalanıb. Sazişlər çərçivəsində bir sıra layihələr həyata keçirilib. Onların arasında 2012-ci ildə Çin istehsalı olan 163 kommunal təyinatlı nəqliyyat vasitəsinin, 2014-cü ildə isə 155 yeni texnikanın ölkəmizə gətirilməsini qeyd etmək olar. Bundan başqa, Çin Xalq Respublikası Hökuməti ilə əməkdaşlıq çərçivəsində azərbaycanlı həkimlər “Tibb işçilərinin ixtisasartırma seminarı” mövzusunda dörd aylıq proqramda iştirak ediblər, Azərbaycandan olan mütəxəssislər üçün Çində “Biyan kökünün yetişdirilməsi texnologiyası” mövzusunda təlim proqramı da həyata keçirilib.

Səfir Honq Jiuyin Azərbaycanın sürətlə inkişaf etdiyini, son illər ölkədə mühüm beynəlxalq tədbirlərin keçirildiyini deyib. O, Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə daha da artdığını vurğulayıb. Diplomat son illər ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin daha da dərinləşdiyini vurğulayıb.

 

 

Azərbaycan.-2014.- 9 dekabr.- S.2.