Asiya İnkişaf
Bankının Azərbaycan üzrə
rəhbəri
redaksiyamızın qonağı oldu
Dünən Asiya İnkişaf Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Olli Noroyono “Azərbaycan” qəzeti redaksiyasının qonağı olmuşdur. Qonağı salamlayan baş redaktor, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qeyd etdi ki, müstəqil Azərbaycan gənc respublika olsa da, inkişaf edərək digər ölkələrə investisiya yatıran bir dövlətə çevrilib. Bu inkişafda sözsüz ki, daim ölkəmizə böyük investisiyalar ayıran beynəlxalq təşkilatların da rolu var. Asiya İnkişaf Bankı da bu sahədə payı olan maliyyə təşkilatlarındandır.
Son illər ölkədəki iqtisadi yüksəlişdən söz açan baş redaktor işsizliyin 5 faizə, yoxsulluq səviyyəsinin isə 6 faizə endiyini söylədi. Daha sonra Bəxtiyar Sadıqov bankın ölkəmizdə həyata keçirdiyi çoxsaylı layihələri göstərərək vurğuladı ki, bu kimi uğurlu nəticələrdən hər kəs xəbərdar olmalıdır: “Məhz bu uğurlu layihələrinizə görə, AİB ilə əməkdaşlıq etməyi, mütəmadi olaraq bu böyük işlərin işıqlandırılmasını məqsədəmüvafiq hesab edirik”.
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Olli Noroyono görüşdə iştirakından məmnunluğunu bildirərək qeyd etdi ki, Azərbaycan gözəl bir ölkədir, burada rahat yaşayış var. Qonaq sonra AİB-in gördüyü işlər haqqında ətraflı məlumat verdi: “Azərbaycan inkişaf edib və etməkdə davam edir. Bu inkişafda bizim də payımızın olması qürurvericidir. Biz Azərbaycanda su və kanalizasiya xətlərinin, nəqliyyat və enerji sektoru istiqamətində yenilənməni həyata keçirmişik”.
Daha sonra
hər iki tərəfi maraqlandıran məsələlərlə
bağlı geniş müzakirələr
aparıldı.
Azərbaycan.-2014.- 9 dekabr.- S.4.