Azərbaycan-Çexiya əlaqələri genişlənir

 

Azərbaycan daim dünya ölkələri ilə hərtərəfli əlaqələrin inkişafına böyük maraq göstərir və bu, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun əsas prioritetlərindən hesab olunur. İstər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlər müstəvisində yaradılan əməkdaşlığa ölkəmiz böyük önəm verir və bərabərhüquqlu tərəfdaş kimi əlaqələrin inkişaf etdirilməsinə çalışır. Avropa dəyərlərinə inteqrasiya yolunu seçən və bu yolda bütün potensial imkanlarından istifadə etməyə çalışan ölkəmiz bu qitədə yerləşən dövlətlərlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Mərkəzi Avropada yerləşən Çex Respublikası ilə müstəqil Azərbaycan arasında gündən-günə genişlənən əməkdaşlığı buna misal göstərə bilərik. Çünki Çexiya da ölkəmiz üçün əhəmiyyətli dostpotensial tərəfdaşdır.

İki ölkə arasında əməkdaşlıq əlaqələrinin tarixi kökləri var. Ölkələrimiz hələ Sovet İttifaqı dönəmində mədəniyyət, təhsil, elm sahəsində sıx əlaqələr qurmuşdular. Müstəqilliyimizi bərpa etdikdən sonra isə münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan ilə Çexiya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər mütəmadi xarakter daşıyır. Məhz son dövrlərdə iki ölkə rəsmilərinin qarşılıqlı səfərinin intensivliyinin artması əlaqələrimizin dinamik xarakter almasını göstərir.

Siyasi əlaqələrimiz də çox sürətlə inkişaf edir. Ölkələrimiz arasında indiyə kimi 23 sənəd imzalanmışdır. Bu sazişlər əlaqələrimizin normativ-hüquqi bazasını təşkil edir.

İqtisadi əlaqələrimiz ildən ilə genişlənir. Getdikcə artan ticarət dövriyyəsinin həcmi bunun əyani sübutudur. Bu da iqtisadi sahədəki uğurlu əməkdaşlıqdan xəbər verir. Ötən il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 305 mln ABŞ dolları təşkil etmişdir. 2014-cü ilin yanvar-sentyabr aylarına olan göstərici isə 515 mln ABŞ dollarından çoxdur. Ticari göstəricilərimizdəki bu artım bizi qürurlandırır və inanırıq ki, bu artım tendensiyası qarşıdakı illərdə də davam edəcək.

Bu gün Çexiya şirkətləri Azərbaycanda uğurlu fəaliyyət göstərir. Hazırda Azərbaycanda xidmət, nəqliyyat, ticarət, tikinti, rabitə və digər sahələrdə 13 çex kapitallı şirkət fəaliyyət göstərir. Son on il ərzində isə Çexiya tərəfindən Azərbaycana 1 milyard dollardan çox investisiya yatırılıb.

Bütün sahələrdə olduğu kimi qanunverici orqanlarımız arasında da möhkəm əlaqələr yaranıb. Qarşılıqlı səfərlər bu əlaqələrin daha da möhkəmlənməsinə və intensivləşməsinə zəmin yaradır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 4-dən 6-dək Çex Respublikasında rəsmi səfərdə olmuşdur.

Dekabrın 5-də Milli Məclisin Sədri Oqtay Əsədov Çexiya Prezidenti Miloş Zeman ilə görüşdü. Azərbaycan Parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Çexiya Prezidenti xüsusi qeyd etdi ki, Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır.

Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlərini xatırlayan prezident Miloş Zeman dövlətimizin başçısına salamlarını çatdırmağı xahiş etdionun Çexiyaya səfərini səbirsizliklə gözlədiklərini söylədi. İqtisadi münasibətlərimizin daha da dərinləşməsinin vacibliyini qeyd edən Çexiya Prezidenti konkret layihələrə kömək göstərməyə hazır olduğunu bildirdi.

Göstərilən qonaqpərvərliyə görə Çexiya Prezidenti Miloş Zemana minnətdarlığını bildirən Oqtay Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırdı.

Milli Məclisin Sədri qeyd etdi ki, Çexiya Respublikası ölkəmiz üçün əhəmiyyətli dostpotensial tərəfdaşdır. Azərbaycan dövlətinin rəhbərliyi Çexiya Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinə böyük diqqət yetirir. Bu gün ikitərəfli əlaqələrimizin uğurundan böyük fərəh hissi ilə danışmaq olar. Cari il ərzində ölkə rəhbərimiz cənab İlham Əliyev ilə Çexiya Prezidenti Miloş Zeman arasında Soçidə və Çexiyada “Şərq Tərəfdaşlığı” proqramının növbəti sammiti çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırlayan Oqtay Əsədov hər iki ölkənin dövlət başçılarının rəhbərliyi altında Çexiya-Azərbaycan münasibətlərinin daha da irəliyə aparılacağına dərin inamını bildirdi.

İqtisadi əlaqələrimizin inkişafından danışan Oqtay Əsədov qeyd etdi ki, müasir Azərbaycan bu gün Avropanın etibarlı enerji tərəfdaşına çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri bunun əyani sübutudur. Gələcəkdə Azərbaycan qazının daha böyük həcmdə Avropaya daşınması üçün yeni layihələrin (TANAP və TAP) həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir.

Qeyd olundu ki, ikitərəfli münasibətlərimizin inkişafında qanunverici orqanlarımız böyük rol oynayır. Bizim parlamentlərarası münasıbətlərimiz gündən-günə genişlənir. Bu gün qanunverici orqanlarımız arasında sıx dostluq münasibətləri mövcuddur. Nümayəndələrimiz qarşılıqlı səfərlər edir, hər iki tərəfi maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparırlar.

Oqtay Əsədov qeyd etdi ki, Azərbaycan bütün dövrlərdə birbaşa olaraq mədəniyyətlərarası dialoqun təşviqinə öz töhfələrini verib və verməkdədir. Bu baxımdan biz Çex Respublikası ilə mədəni-humanitar sahədə olan əlaqələrimizin genişləndirilməsində maraqlıyıq.

Biz ölkəmizin zəngin mədəniyyətinin Çexiyada tanıdılması əzmindəyik və buna böyük önəm veririk. Bunun üçün həm Azərbaycanda, həm də Çexiyada qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi məqsədəuyğundur.

Məmnunluqla qeyd etmək lazımdır ki, bu gün ikitərəfli əlaqələrimizdəki əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilir.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Həmin gün deputatlarımız Çexiyanın Deputatlar Palatasında və Senatda, Çexiyanın qanunverici orqanlarının fəaliyyəti ilə yaxından tanış oldular, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hər iki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir. Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Sədri Yan Hamaçek Azərbaycan üzrə dostluq qrupuna rəhbərlik edir. Bu isə Çexiyanın ümumilikdə Azərbaycana olan marağının, ölkəmizə dost münasibətinin göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Bildiyimiz kimi, cənab Hamaçekin ölkəmiz və xalqımız qarşısında böyük xidmətləri olmuşdur. 2013-cü ilin fevral ayında Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsində Xocalı soyqırımını və bu qanlı faciəni törədən Ermənistan tərəfini pisləyən qərar qəbul edilmişdir. Bu qərarın qəbul edilməsində cənab Hamaçekin xüsusi rolu olmuşdur. Təsadüfi deyil ki, ölkəmizin rəhbəri cənab İlham Əliyev 2012-ci ildə sərəncamla cənab Yan Hamaçeki “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etmişdir. Onu da qeyd etmək lazımdır ki, Avropa İttifaqına üzv ölkələr arasında ilk dəfə olaraq Xocalı soyqırımı məhz Çexiya Parlamentində tanınmışdır.

Bütün bu və digər məsələlər nümayəndə heyətimizin üzvləri tərəfindən SenatdaDeputatlar Palatasında keçirilən görüşlər zamanı diqqət mərkəzində oldu. Dekabrın 5-də Azərbaycan Parlament nümayəndə heyəti Çexiya Senatında oldu, rəsmi foto çəkdirildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov qonaqlar kitabına ürək sözlərini yazdı.

Görüş zamanı Senatın Sədri Milan Ştex Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayaraq ölkələrimiz arasında çox yaxşı əlaqələrin mövcud olduğunu söylədi. Qeyd etdi ki, iqtisadi-ticarət əlaqələrimizin inkişafı üçün potensial imkanlarımız daha böyükdür. Biz təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunda o cümlədən, maşınqayırma, xidmət sahələrində də əməkdaşlıq edə bilərik. Çexiyada Azərbaycana maraq böyük olduğu üçün mədəniyyət və turizm sahəsində də ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır.

Senatin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirdi. Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, Azərbaycan ilə Çexiya arasındakı ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət veririk. Bu gün iki ölkə arasında yüksək səviyyəli siyasi, iqtisadi və mədəni münasibətlər mövcuddur. Əməkdaşlığımız gündən-günə inkişaf edir. Bu inkişafın təməlində hər iki ölkə rəhbərlərinin qarşılıqlı görüşləri və aparılan danışıqlar xüsusi rol oynayır. Dövlətlərarası əlaqələrimiz möhkəm hüquqi təməl üzərində qurulub.

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, dostluq qruplarının fəallığının daha da artırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov Çexiya Parlamenti Deputatlar Palatasının Sədri Yan Hamaçek ilə görüşdü. Yan Hamaçek bu cür səfərlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynadığını bildirdi. Prezident İlham Əliyevin Çexiyaya səfərini xatırlayan Yan Hamaçek onunla görüşdən məmnun qaldığını bildirdi. Prezident İlham Əliyevi yüksək bacarığa malik lider kimi xarakterizə edən Yan Hamaçek dövlət başçımızın regionda olan problemlərin həllində xüsusi mövqe nümayiş etdirdiyini söylədi. Azərbaycanın Dağlıq Qarabağ kimi problemi olduğunu deyən Yan Hamaçek həmişə Azərbaycana dəstək verməyə hazır olduqlarını qeyd etdi.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Oqtay Əsədov əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini söylədi. Qeyd etdi ki, əməkdaşlığımızın genişlənməsində yüksək səviyyəli səfərlər mühüm əhəmiyyət kəsb edir. Siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də nailiyyətlərimiz təqdirəlayiqdir. Bu gün Çexiya şirkətləri Azərbaycanda uğurlu fəaliyyət göstərir. Milli Məclisin Sədri qeyd etdi ki, Çexiyaya bu rəsmi səfər parlamentlərimiz arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Oqtay Əsədov, keçən ilin fevralında Çexiyanın Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən Xocalı sakinlərinin qətliamına görə Ermənistanı pisləyən 219 nömrəli qərarın yekdilliklə qəbul edilməsində xüsusi roluna görə cənab Yan Hamaçekə təşəkkür etdi. Sədr dedi: “Mən parlamentimiz adından bir daha Siz başda olmaqla dost Çexiya Parlamentinə təşəkkürümüzü bildirirəm”.

Tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu. Görüşlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar Malik Həsənov, Çingiz Əsədullayev, Sədaqət Vəliyeva, Mahir Aslanov və digər rəsmi şəxslər iştirak edirdilər.

Azərbaycan Parlament nümayəndə heyətinin üzvləri Çexiyaya səfər çərçivəsində Praqanın görməli və tarixi yerləri ilə tanış oldular. Çexiya tarixinin böyük bir hissəsini özündə qoruyub saxlayan Praqa qəsri və digər abidələrlə tanışlıq nümayəndə heyətimizin üzvlərində xoş təəssüratlar yaratdı.

 

Akif TƏVƏKKÜLOĞLU,

Milli Məclisin mətbuat katibi

Azərbaycan.-2014.- 10 dekabr.- S.2.