Bakıda qırğız şairi
Toktoqulun 150 illiyinə
həsr olunmuş Beynəlxalq elmi
konfrans
Dekabrın
9-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət
və Turizm Nazirliyinin və TÜRKSOY-un birgə təşkilatçılığı
ilə görkəmli qırğız şairi, ozanı və
bəstəkarı Toktoqulun anadan olmasının 150 illiyinə
həsr edilmiş Beynəlxalq elmi konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə kitabxananın direktoru Kərim Tahirov TÜRKSOY tərəfindən reallaşdırılan layihələrdən söz açıb. Bildirib ki, təşkilat ənənəvi olaraq hər il türk dünyasının böyük şəxsiyyətlərinin yubileylərini qeyd edir. Bildiyiniz kimi, TÜRKSOY 2014-cü ili “Toktoqul Satılqanov ili” elan edib. Bu, qırğız ədəbiyyatının görkəmli nümayəndəsinin yaradıcılığının daha geniş coğrafiyada tanınmasına təkan verib.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, belə tədbirlər müxtəlif xalqlara məxsus böyük düşüncə adamlarının tanınmasına, təbliğinə böyük töhfədir. Belə ədiblərin beynəlxalq səviyyədə yubileylərini müstəqilliyin bizə verdiyi imkanlar daxilində qeyd edirik. Bu, olduqca yaxşı bir ənənədir. Çünki gələcək nəsillər bu simaları tanımalıdırlar.
Nazir bildirib ki, son illər istər TÜRKSOY, istərsə də UNESCO tərəfindən türk dünyasına məxsus böyük şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi qardaş xalqların çox böyük ədəbi, mənəvi sərvətə sahib olmasının göstəricisidir.
Tədbirdə qırğızıstanlı sənətçinin ifası dinlənilib və Toktoqula həsr edilmiş film nümayiş olunub.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib ki, təmsil etdiyim qurum bir qayda olaraq söz adamlarının, böyük fikir və düşüncə sahiblərinin yubileylərini keçirməyə mühüm əhəmiyyət verir. Baş katib bildirib ki, TÜRKSOY 2014-cü ili “Toktoqul Satılqanov ili” elan edərək onun yaradıcılığının təbliğinə çalışıb və silsilə tədbirlərlə, yeni nəşrlərlə bu işə təkan verib. Çox təəssüflər ki, türk dünyasında indiyədək bu böyük şəxsiyyət haqqında çox az məlumat vardı. Lakin indi hamı Toktoqulun yaradıcılığı ilə yaxından tanışdır. Bu, bizi sevindirir.
Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nihad Gül, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Türkiyənin Əskişəhər valisi Güngör Azim Tuna, həmçinin Ankara Universitetinin , Bakı Dövlət Universitetinin, Özbəkistan Elmlər Akademiyasının, və digər elm ocaqlarının alimlərinin çıxış və məruzələri dinlənilib.
Elmi konfransda ömrünü məşəqqətlərlə başa vuran, Sibirdə sürgün həyatı yaşamış və öz doğma kəndində acından ölən Toktoqulun əzablı həyat yolundan, yazdığı şeirlərdən, bəstələdiyi ölməz mahnılardan söz açılıb.
Konfrans çərçivəsində
TÜRKSOY tərəfindən nəşr edilmiş
“Toktoqul Satılqanov. Seçilmiş
əsərləri” və Türkiyə Respublikasının
Əskişəhir Valiliyi tərəfindən
beş dildə çap
olunmuş “Toktoqul.
Şeirə, nəğməyə çevrilən ömür” kitablarının təqdimatı olub.
Azərbaycan.-2014.- 10 dekabr.- S.6.