Əməkdar rəssam
Sirus Mirzəzadənin 70 illik
yubileyinə həsr
olunan fərdi yaradıcılıq sərgisi
Dekabrın
9-da Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar
İttifaqının birgə təşkilatçılığı
ilə Milli İncəsənət Muzeyində əməkdar rəssam
Sirus Mirzəzadənin 70 illik yubileyinə həsr olunan fərdi
yaradıcılıq sərgisi açılıb.
AzərTAc xəbər verir ki, mərasimdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev sənətkarın
Azərbaycan rəssamlıq məktəbinə töhfələrindən
söz açıb. Bildirib ki, təxminən 30 ilə yaxın müddətdə
tanıdığım Sirus Mirzəzadə
ömrünü öz
sənətinə həsr edən bir rəssamdır.
Onun özünəməxsus sənət
dünyası, sevdiyi rəng palitrası
vardır. Sirus Mirzəzadə həm də
son dərəcə zövqlü
rəssamdır. Onun
yaradıcılığı və yaşam
tərzi, insani keyfiyyətləri hər kəsə
nümunədir.
Tədbirdə xalq rəssamları Fərhad
Xəlilov, Fuad Salayev və Arif Hüseynov rəssamın
yüksək istedadından, əsərlərinin xüsusiyyətlərindən
söz açıblar.
Sirus Mirzəzadənin müxtəlif
janrlarda çəkdiyi əsərləri Polşa, Fransa,
Türkiyə, Almaniya, Hollandiya, Norveç, Kuba, Rumıniya,
Böyük Britaniya, Macarıstan, Suriya, Birləşmiş
Ərəb Əmirlikləri, ABŞ və İtaliyanın bir
çox muzey və qalereyalarında nümayiş etdirilib,
şəxsi kolleksiyalarda saxlanılır.
Rəssam Azərbaycanın qədim
qayaüstü və miniatür rəsm ənənələrini,
eyni zamanda Uzaq Şərq incəsənətinin bir çox üslublarını
sintez edərək, özünəməxsus fərdi
yaradıcılıq yolu keçib.
Mərasimdə Sirus Mirzəzadəyə
yeni yaradıcılıq uğurları arzulanıb.
Sonra çıxış edən
yubilyar qonaqlara təşəkkürünü bildirib.
Tədbir
iştirakçıları sərgi ilə tanış
olublar.
Sərgidə rəssamın müxtəlif
janrlarda 80-dən artıq boyakarlıq və 60-dək qrafik əsəri
nümayiş olunur. Boyakarlıq əsərlərindən
“Sarı gəlin”, “Gələcəyə doğru”,
“Şirin yuxular”
triptixləri, “Qara şlyapalı qız”,
“Eyvanda” və “Qırmızı mənzərə”
əsərləri, “Yasəmən” natürmortu,
qrafik üslubunda “Ulduz bürcü”
seriyasından 12 lövhə, “Kölgədə”, “Ağ – qara mənzərə”,
“Nərdivan” və digər əsərləri ekspozisiyada yer alıb.
Bir həftə davam edəcək bu
sərgi uzun müddət sənətsevərlərin
yaddaşında qalacaq.
Azərbaycan.-2014.- 10 dekabr.- S.7.