Azərbaycan qadınlarının şeirləri Türkiyədə nəşr olunmuşdur

 

Türkiyədə, Əski şəhərdə Azərbaycan və Türkiyə qadın şairlərinin şeirlərindən ibarət “Bayraqlarda hilalımız” adlı kitab nəşr edilmişdir. Burada on bir azərbaycanlı şair qadının - Fəridə Ləman, Sona Çərkəz, Salatın Əhmədli, Firuzə Məmmədli, Telli Pənahqızı, Nəzakət, Fəridə Hacıyeva, Aşıq Ulduz Sönməz, Cığatel İsaqızı, Güləmail MuradSevda Qasımovanın şeirləri yer alıb. Kitabın redaktorları Qazi Durusu, Fikrət Akın, Elif Bağcı, “Ön sözün müəllifi isə filologiya elmləri doktoru, professor T.Abbasxanlıdır. Kitabı nəşrə Rabiya Barış və Bahar Halıcı Gökfiliz hazırlamışlar.

Azərbaycanlı qadın şairlərin şeirlərinin ana xəttini düşmən əsirliyində olan torpaqlarımız təşkil edir. Fəridə Ləman və Sona Çərkəzin şeirləirində insanın mənəvi dünyasını zənginləşdirən duyğular yer alıb. Salatın Əhmədlinin bayatılarında Dağlıq Qarabağ münaqişəsində ata-anasını itirən körpələrin fəryadı eşidilir. Firuzə Məmmədlinin, Telli Pənahqızının, Nəzakətin və Fəridə Hacıyevanın şeirlərində doğma sakinlərini intizarla gözləyən Qarabağ, bu cənnətməkan diyarın gecə-gündüz göz yaşları axıdan İsa bulağı, hər baharda Xarıbülbül çiçəyindən dəstə bağlayan, gözləri yollarda qalan, çiçəkləri əlində solan Cıdır düzü, ən nəhayət Xan qızı Natəvanın ruhu bu yerləri erməni işğalından qurtarmağa çağırır.

Bayraqlarda hilalımız” kitabının təqdimat mərasimində Türkiyənin müxtəlif şəhərlərindən gələn şair və yazıcılar, elm xadimləri ürək sözlərini söylədilər. Şeirlərdən örnəklər oxudular. Təqdimat mərasimində Əskişəhər valisinin muavini Ömər Faruk Günay, Əskişəhər şairlər dərnəyinin üzvü Məhərrəm Kubat, Türkiyənin məşhur qadın yazıçısı Huriyə Saraç, şair Xəlil Gurkan çıxış edərək kitabın iki qardaş ölkənin ədəbi-mədəni həyatında önəmli rol oynadığını bildirdilər.

Sonda mərasim iştirakçılarına “Bayraqlarda hilalımız” kitabı hədiyyə edildi.

 

Tamilla ƏLİYEVA,

“Azərbaycan” qəzetinin Türkiyə təmsilçisi

Azərbaycan.-2014.- 10 dekabr.- S.7.