Əsl vətəndaş və görkəmli iqtisadçı alim

 

İnsan həyatının mənasını gözəl işlərə həsr etməkdə görür, özündən sonra ölməz, xatirələrə dönən, nurlu-işıqlı əbədiyyət yaradır. Beləcə, ulu Tanrının yaratdığı insan öz əməlləri ilə əbədi yaşayır. Bu isə insanı tarixə çevirir, zamanın ovcunda əzilən deyil, qalib gələn ziyaya döndərir. Belə ziyalılardan biri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev olmuşdur.

Aqil Əlirza oğlu Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. 1953-cü ilə qədər Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayında Azərbaycan Tibb İnstitutunun siyasi-iqtisad kafedrasında işə başlamış və ömrünün sonuna qədər burada çalışmışdır. O, 1970-cı ildə iqtisad elmləri namizədi, 1983-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülmüşdür. 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir.

Aqil Əliyevin elmi-pedaqoji fəaliyyəti sahəsindəki xidmətləri ayrı-ayrı dövrlərdə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, əməkdar elm xadimi fəxri adına, “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə, müxtəlif medal, fəxri fərman və təltifnamələrə layiq görülmüşdür.

Azərbaycan MEA-nın müxbir üzvü, professor Aqil Əliyevin apardığı tədqiqat işləri çoxsahəli olsa da, onun elmi yaradıcılığında əsas yeri sosial-iqtisadi problemlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ərzaq və istehlak problemlərinin həlli, səhiyyənin iqtisadiyyatı, əhalinin sağlamlığının sosial-iqtisadidemoqrafik inkişaf aspektlərinin tədqiqi tutur. Bu problemlər onun 190-a yaxın elmi-tədqiqat əsərində, 13 sanballı monoqrafiyasında, 6 dərslik və dərs vəsaitində, 3 tədris-metodik göstəricidə öz əksini tapmışdır.

Alim Azərbaycanda ilk dəfə olaraq “Şəxsi istehlakın iqtisadiyyatı və problemləri”, “Aqrar iqtisadiyyatın aktual problemləri”, “Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri”, “Səhiyyədə iqtisadiyyat, planlaşdırma, idarəetmə, maliyyələşdirmə və əməyin elmi təşkili”, “ASK-nın aqrar bölməsində elmi-texniki tərəqqini sürətləndirmə problemləri” və digər sanballı monoqrafiyaların müəllifidir.

Yalnız bazar iqtisadiyyatına keçid şəraitində onun 80 elmi əsəri çap olunmuşdur. O, “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, “İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur”, “Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri”, “Səhiyyənin iqtisadiyyatı”, “Azərbaycanda əhalinin səviyyəsinin yüksəldilməsinin aktual problemləri”, “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər, problemlər” I və II cild, “Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti”, “Bələdiyyələr. Metodik kömək”, “Dünya iqtisadiyyatı: müasir dövrün problemləri”, “Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri” kimi sanballı kitablar yazmışdır.

Aqil müəllimin bütün fəaliyyəti xeyirxah niyyətli idi. Müdrikxeyirxah insanlar mənən həmişə qəlblərdə yaşadıqları üçün sonradan onların həyatda yoxluqları təəssüf hissi doğurur. Bu cür insanlar millətin sərvəti hesab edilərək xalq tərəfindən əbədiyaşarlıq statusu qazanır, heç vaxt unudulmurlar. Aqil müəllim də beləcə ömür sürmüş ziyalı idi. Alicənab, təvazökar, müdrik insan idi, həyatda həddən artıq sadəliliyi ilə seçilirdi. Uşağı da, böyüyü də, tanıdığını da, tanımadığını da xoş üzlə qarşılayardı. Lazım gələndə bacardığı və imkanı çatdığı qədər kömək göstərərdi.

Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhəddini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşüronu başqaları üçün də əlçatan edir”. Professor Aqil Əliyevin elmipedaqoji fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.

Aqil müəllimin qoyub getdiyi irsi - kitabları və elmi-pedaqoji fəaliyyətini bir qəzet məqaləsində əhatə etmək çətindir. Lakin elmi ideyaları bilavasitə praktikaya tətbiq edən alim tarixdə özünəməxsus yer tutur.

Ulu öndər Heydər Əliyevin sözləri ilə desək: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”. Bu fikirlər bilavasitə Aqil müəllimin fəaliyyəti ilə həmahəngdir.

Aqil müəllim zəngin elmi-pedaqoji təcrübəsi, təfəkkürün məntiqliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth etmişdir. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər.

Aqil müəllim çoxlarının dərdinə dərman, ürəyinə təpər, işinə yarayan insan idi. O, hər bir kəsin düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən idi. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün təlatümsüz təbəssümündən sezmək olurdu. O, heç kəsə ağır söz deməzdi. O yaxşı bilirdi ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi aləmini zədələyir.

Aqil Əliyev sözünün qədir-qiymətini bilən idi. Sözü zərgər dəqiqliyi ilə seçir, onu hədəfə vururdu. Onun sözü ilə əməli həmişə üst-üstə düşürdü. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməz idi. Ona görə də daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini isə sevən, ona tapınan bir insan idi. Aqil müəllim hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran ziyalı idi.

Onun haqqında yazmaq, danışmaq çətindir. Çünki bu şəxsiyyət haqqında deməyə söz həddən artıq çoxdur. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti sözün həqiqi mənasında nümunə idi.

Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Aqil müəllimin əqidə manifesti idi. O, insanlara qayğı göstərirdi, onların işinə yarayardı. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldirdi. Aqil müəllim, sözün həqiqi mənasında, bir çox insanlar üçün ümidinam yeri idi. N.Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Aqil müəllimin etdiyi yaxşılıqlar, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır.

Aqil müəllim həm də tələbkar idi. Biganəliyi xoşlamırdı. Elinin, obasının qədrini bilən idi, xalqa xidməti həyatının məna və məqsədi hesab edirdi. Onun əqidəsi humanizmə, həqiqətə, ədalətə söykənirdi.

Aqil müəllim öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə başqalarından fərqlənən vətəndaş alim, ziyalı idi. Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, sualına, şagirdləri belə cavab vermişlər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Aqil müəllimə aiddir: o həmişə özü- özünə bərabər idi, təkrarsız idi.

Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri” deyə cavab verirdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Aqil müəllimlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir ilahi fikir nur kimi ətrafa yayılırdı: “İnsanlar, insan olun, bu birinci vəzifədir!” Müdrik el ağsaqqalının nəsillərə anlatmaq istədiyi saf əqidə və məslək bu idi.

O, həm də davranışda, düşüncədə, fikirlərdə də ağsaqqal idi. Ağsaqqallıq zirvəsində də uca, əzəmətli, qədd-qamətli idi.

Bütün həyatı boyu paklıq, əməksevərlilik və insansevərlilik, haqqa-ədalətə vurğunluq yükünü mərdanəliklə öz çiynində daşımış Aqil Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Aqil müəllim ağsaqqallıq zirvəsində dünyasını dəyişdi - haqqın dərgahına qovuşdu. Yaşamış olsaydı, indi onun 88 yaşını qeyd edərdik... Bu ad günü ərəfəsində ulu Tanrıdan ona rəhmət diləyirik.

Qoşqar ƏLİYEV,

ATU-nun İctimai fənlər kafedrasının müdiri,

 fəlsəfə elmləri doktoru, professor

Azərbaycan.-2014.- 10 dekabr.- S.6.