Müstəqilliyin bəhrələri və ya adiləşən qeyri-adiliklər

 

Dünya nizamını pozan ikili standartlar

 

Biz bu layihələrin icrası ilə bir daha göstəririk ki, ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf edə bilər!

İlham ƏLİYEV

 

Ulu öndər Heydər Əliyevin SSRİ-nin rəhbərlərindən biri kimi Moskvada fəaliyyətə başlaması ölkə həyatında bir canlanma yaratdı. Baykal-Amur dəmir yolu magistralının tikintisi sürətləndi, səhiyyədə, dəmir yolu sahəsində nizam-intizam möhkəmləndirildi, hər tərəfdə yeni nəfəs duyulmağa başladı. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmaqla Heydər Əliyevə ən çətin və məsuliyyətli sahələr etibar edilmişdi. İti zəkaya və qeyri-adi təşkilatçılıq qabiliyyətinə malik olan ulu öndər rəhbərlikdə qazandığı böyük uğurlara görə çox keçmədən qeyri-rəsmi şəkildə “hakimiyyət ustadı” adlandırılmağa başlandı.

Əslində, bu, görkəmli siyasi və dövlət xadiminin SSRİ və dünya miqyasında böyük istedad və bacarığının etirafı idi.

Heydər Əliyev siyasi kursunun ən ləyaqətli davamçısı Prezident İlham Əliyev də dünyada xarizmatik şəxsiyyət və qeyri-adi lider kimi tanınmaqdadır.

Akademik Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı tədqiqat əsərində dövlət başçısının qısa zaman kəsiyində gördüyü nəhəng miqyaslı işlərə, onun qeyri-adilikləri adiləşdirmək, dövləti idarə etmək məharətinə yüksək qiymət vermişdir: “İndiki mürəkkəb şəraitdə İlham Əliyev həm dövlət maşınını enişli-yoxuşlu yollardan keçirərək nəzərdə tutulan məqsədə yönəltməyə, həm də gələcək üçün etibarlı möhkəm təməl yaratmağa nail olub. Daim fəaliyyətdə olan, beynəlxalq əhəmiyyətli problemlərin həllində ədalətlilik prinsiplərini müdafiə edən Prezident təkcə öz həmvətənləri arasında deyil, həm də beynəlxalq dairələrdə yüksək hörmət və nüfuz qazanıb. O özünün qeyri-adi qabiliyyətləri, beynəlxalq təhlükəsizlik problemlərinin, regional və qlobal məsələlərin həllinə, onun təşəbbüsü ilə başlanmış beynəlxalq layihələrə töhfəsi sayəsində dünyada sayılıb-seçilən siyasi xadim kimi qəbul edilir. Bu, inkarolunmaz faktdır. Bu cür diqqətə və ehtirama, bir qayda olaraq, xarizmatik, istedadlı, qeyri-ordinar təfəkkürə və siyasi intuisiyaya malik olan siyasətçilər layiq görülürlər”.

Yaxın tariximizə birlikdə nəzər salaq.

Bəzən insan yuxusunda da gerçəkləşməsini görə bilməyəcəyi arzusuna qovuşur!

Bəzən insan nə vaxtsa onunçün əlçatmaz görünən məqsədinə çatıb ondan doyunca bəhrələndikdən sonra bir zamanlar bu yolda yaşadığı həsrəti nədənsə unudur!

Bəzən insan hər gün istifadə etdiyi, gözdolusu barındığı imkanların həqiqi xoşbəxtliyin “sadə detalları” olduğunun fərqinə varmır!

Müstəqil Azərbaycan elə sürətlə inkişaf edir ki, bir vaxtlar bizim üçün qeyri-adi sayılanların hiss olunmadan adiləşdiyini duymuruq. Dərindən düşünəndə, bir qədər geriyə qayıdaraq bugünlə müqayisə aparanda isə baş verənləri obyektiv qiymətləndirə, düzgün dəyərləndirə bilirsən. Onların bir qismi barədə söhbət açmaq istəyirik.

Müstəqillik nədir və bizə nə verdi?

Əslində, bu sualın cavabının bir qismini də adiləşən qeyri-adiliklərdə axtarmaq daha doğru olardı. Bəlkə də burada söylədiklərimiz gənclərə qəribə, hətta gülməli görünə bilər! Onları qınamaq da olmaz! Çünki yaxın keçmişi görməyiblər və sovet dönəmində, müstəqilliyin çox ağır və bəlalı keçən 1990-cı illərinin əvvəllərində yaşamayıblar! Orta və yaşlı nəsil isə həyatın bütün üzünü görərək, çətinliklərindən keçməli olub.

***

Faciəli tale yaşamış Məhəmməd Hadinin bir misrası ədəbiyyat tariximizə düşüb:

Yox millətimin imzası

bu imzalar içində...

Həsəd və yanğı dolu bu fikirdə həm də böyük həqiqət var idi. Nakam şairimizin yaşadığı dövrdə müstəqillik arzusu gerçəkləşdirilərək Yaxın Şərqdə ilk demokratik respublika sayılan Azərbaycan Xalq Cümhuriyyəti yaradılsa da, onu dünyaya tanıtmaq mümkün olmadı. Heç Cümhuriyyətin özü də çox yaşamadı - cəmi 23 ay çətin və mürəkkəb “ömür sürdü”. Sovet dönəmində isə Azərbaycan nəinki müstəqil olmadı, qalan 14 “müttəfiq qardaş” kimi, xaricdə SSRİ-nin adı ilə, “görünməz şəkildə” təqdim edildi.

Həmin dövrdə başqa bir şairimiz - görkəmli satira ustası Mirzə Ələkbər Sabir də eyni qibtə hissi ilə yazırdı:

Əcnəbi göydə balonlarla gəzir,

Biz hələ avtomobil minməyiriz.

Bəli, hər iki hal bizə çox əlçatmaz görünürdü! Amma bunları hamımız istəyirdik! Arzu edirdik ki, bizim də Vətənimiz dünyada tanınsın, söhrətlənsin, səsi göyün ənginliklərindən - kosmosdan gəlsin!

Ancaq, necə deyərlər, “halva-halva” deməklə ağız şirin olmur!

Arzu başqa, gerçəklik başqa!

Xalqımızın bu arzusunu da ilk dəfə ulu öndər Heydər Əliyev gerçəkləşdirməyə başladı! Bu yolda ən möhtəşəm addım “Əsrin müqaviləsi”nin imzalanması oldu! Bu müqavilə ilə dünyanın aparıcı dövlətlərinin maraqları Azərbaycanın milli maraqları ilə uyğunlaşdırıldı, Xəzərin karbohidrogen ehtiyatları yenidən dünya üçün “kəşf edildi”. Artıq dünya mətbuatı və televiziya kanalları Azərbaycandan yazmağa və danışmağa, Azərbaycanı tanımağa və tanıtmağa başladı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri də, “Əsrin müqaviləsi” kimi, təkcə iqtisadi yox, həm də “siyasi layihəyə” - Azərbaycanın dünyaya iqtisadi, siyasi və mədəni inteqrasiyasını təmin edən amilə çevrildi.

Bu gün Azərbaycan neftini və qazını dünya bazarına çıxaran yeddi kəmər mövcuddur. Bunlar həm də ölkəmizin dünyada tanınan ən etibarlı “imza”sı deməkdir!

12 aprel 1961-ci ildə SSRİ vətəndaşı Yuri Qaqarin ilk dəfə kosmosa uçdu. Bəşəriyyət kosmosun fəthi sahəsində yeni eranın başlanmasını böyük sevinclə qarşıladı. Həmin dövrdə yeniyetmə və gənclərin ən əlçatmaz arzusu kosmonavt olmaq idi. Hətta SSRİ-yə daxil olan hər müttəfiq respublikadan, hər millətin nümayəndəsindən bir nəfərin göyə uçuşunun təşkil ediləcəyi bildirilmişdi. Biz azərbaycanlıların da ən böyük istəyi millətimizin nümayəndəsinin kosmosa uçuşunu görmək idi.

Qismət olmadı!

Əvvəla, heç bir azərbaycanlını kosmonavtlar hazırlayan qrupun tərkibinə salan olmadı (hərçənd ki, kosmosa uçuş üzrə SSRİ Dövlət Komissiyasının sədri azərbaycanlı general Kərim Kərimov idi), ikincisi isə, SSRİ özü dağıldı.

Amma bu gün Azərbaycanın öz imkanları hesabına buraxdığı peyk orbitdədir!

Azərbaycan dünya kosmik ailəsinə daxil olan 50 ölkədən birinə çevrilib!

Özü də bu, birinci və axırıncı peykimiz deyil, tezliklə səma daha iki peykimizi öz qoynuna alacaq!

Hər iki şairimizin istəkləri həyata keçib!

Azərbaycan yer üzündə də, göydə də öz yerini tutub, özünü tanıdıb!

Əlçatmazlığın gerçəyə çevrilməsi isə həm də müstəqilliyimizin bəhrəsi, onun yaratdığı imkanlardır.

***

Bəlkə də söhbətə xırdalıqlardan (birbaşa kosmosdan yox), məişətimizlə bağlı problemlərdən başlamalı idik.

Amma nə fərqi?

Hər bir problem insan üçün müəyyən çətinlik və gərginlik yaradır, sonra elə insanlar tərəfindən də öz həllini tapır.

İndi söyləyəcəklərimiz isə bu gün hamıya qəribə görünə, gülməli gələ bilər. Çünki indi nə saatlarla növbəyə durub bir-birini itələyə-itələyə ərzaq alan var (hələ ayda adambaşına 2 kq ət və 2 kq yağ almağa təminat verən talonları cavanların görmədiklərini bir yana qoyaq), nə də uzun illər boyu mənzil və maşın növbəsində dayanan!

Sovet dövründə hər şey dövlətin nəzarətində idi!

Hətta çörək bişirilməsi və satışı da!

Kimsə həyətində təndir quraraq çörək bişirib satmaq istəsəydi, “alverçi”, “tüfeyli”, “zəhmətsiz gəlir əldə etmək istəyən” insan kimi cinayət məsuliyyətinə cəlb edilərdi.

Çörək mağazalarının sayı məhdud idi. Gündə 2-3 dəfə həmin mağazalara “zavod çörəyi” gətirilər, tez də satılıb qurtarardı. Çatdırıb ala bilməyənlər isə təzə çörək tapmaq üçün düşərdilər şəhərin canına. Harada bəxtləri gətirsə, rast gəlsəydilər, üzləri gülərdi! Vay o gündən ki, yerə qar düşə, yaxud ölkədə taxıl qıtlığı yaranaydı! Ən qayğılı məsələ evə vaxtlı-vaxtında çörək alıb çatdırmaq olardı... Çörək tapmayanda isə axşama ya xəmir xörəyi bişirilməli idi, ya da aş süzülməli! Uşaq ayağını yerə dirəyərək çörək istəyəndə isə qonşudan borc almalı olacaqdın...

Qəribədirmi?

Amma sovet dövrünün ən adi reallığı sayılırdı!

Bu gün çörəyin nə vaxt, haradan, hansı növdən, harada bişiriləndən alınması problemi yoxdur! Çünki satıcı alıcını axtarır, alıcı küçə-küçə düşərək çörək mağazasını soraqlamır...

Sovet dövründə avtomobil sahibi olmaq imkan, xoşbəxtlik əlaməti sayılırdı! Seçim isə “Volqa”, “Moskviç” və “Jiquli” (onların bir-birindən çox az fərqlənən modelləri vardı) arasında olardı.

“Volqa” hər adam ala bilməzdi. Dərhal DTK-nın “qara siyahı”sına düşər, “gəlir mənbəyi” araşdırılardı.

“Moskviç” keyfiyyətsiz olduğundan çoxları maraq göstərməz, naəlaclıqdan ona yaxın durardı.

“Jiquli” (xüsusən də VAZ-2106) üçün isə illərlə növbədə dayanmaq, axırda kiminsə “bığının altından keçmək” (bu da rüşvətin yumşaq adıdır) və başqasının adına rəsmiləşdirmək lazım gələrdi.

Elə ki “Jiquli”nin təzə modeli çıxar, kimsə ondan gətirib küçədə saxlayardı, dərhal həvəskarlar başına toplaşar, içinə-çölünə baxaraq “fikir mübadiləsi” edərdilər.

Hazırda dünyanın harasındasa buraxılan yeni avtomobil ay keçməmiş Bakıya gətirilir, amma kimsə ona yaxınlaşıb baxmağı özünə sığışdırmır. “Görməmişdir” deyərlər!

Paytaxtın və iri şəhərlərin küçələrində, magistral yollarda hər növdən və markadan olan avtomobil bolluğu yeni bir problem yaradıb və elə gün olmaz ki, saatlarla altını çəkməyək! Problemin adı “avtomobil tıxacı”dır!

İndi kim hansı maşından istəsə ala bilər. - Həmin maşından da var, pulu da!

Ailə üzvünün hər biri özünə ayrıca maşın ala bilər. - Qanun bunu qadağan etmir!

Bir adam istədiyi qədər maşın ala bilər. - Varlığa nə darlıq!

Hətta pulu olmayan da bankdan kredit götürməklə maşın sahibinə çevrilə bilir. - Daha maşın var-dövlət və xoşbəxtlik əlaməti sayılmır.

Bax belə!

***

Sovet hökuməti çox qəribə hökumət idi! Deyirdin ki, kəndliyəm, fəhləyəm, yaxşı işləyib mükafat almışam, pul yığmışam, mənə yer ver, ev tikim! Deyirdi ki, olmaz, özüm tikib verəcəyəm! Amma tikib çatdıra bilmirdi! Üstəlik, şəhərdə hər mənzildə adambaşına 6 kvadratmetrdən çox sahə düşürdüsə, səni növbəyə götürmürdülər. Kənddə yeni ev tikəndə isə ailə üzvlərinin hərəsinə 12 kvadratmetrdən artıq mənzil sahəsinə icazə verilməzdi. İnsanlar “zirzəmi”, “yardımçı tikili” adı ilə manevr edərək bir az genişlik yaratmağa çalışırdılar. Tikinti materialları tapılmırdı, milis sahə müvəkkili istədiyi vaxt gəlib hazır evin hər mişar daşına, qapı və pəncərəsinə bir sənəd tələb edə bilərdi. Olmayanda isə cinayət işi qaldırardı...

Bu gün Azərbaycan başdan-başa tikinti və quruculuq meydanına çevrilib. Kənddə də, qəsəbədə də, şəhərdə də, bağ massivlərində də hamı dayanmadan ev tikir!

Sanki sovetin 70 illik yanğısını ürəklərindən çıxarırlar!

Bir-birindən yaraşıqlı, memarlıq cəhətdən maraqlı və istənilən ölçüdə! İnsanlar kiçik həcmli, bir-iki mərtəbəli mülklərə qane olmurlar! Daha böyük və üç mərtəbədən çox evlər tikirlər. Tikinti materialları istədiyin qədər və istədiyin növdədir. Heç kim daşı, taxtanı, kafeli və s. “hardan almısan?” deyə soruşmur. Puluna minnət!

Elə adam var ki, paytaxtın yeni tikilmiş binalarında 5-10 və daha çox mənzil alıb saxlayır, hər rayonda bir villası var. Sağlıqlarına qismət! Müstəqillik qazandıqdan sonra Azərbaycan bəşəri inkişaf mərhələsinə qayıdıb, ölkədə bazar iqtisadiyyatı münasibətləri bərqərar edilib, Konstitusiya əsasında insanlara xüsusi mülkiyyət hüququ verilib. Dövlətin yaratdığı şəraitdən isə ölkə vətəndaşları gen-bol bəhrələnirlər. Özlərindən sonra bu evləri və mənzilləri övladlarına qalacaq. Daha sovet dövründəki kimi boşalan mənzil dövlətə qaytarılmayacaqdır. Üstəlik, dövlət ipoteka kreditləri yolu ilə vətəndaşına kömək göstərir ki, hamı fərdi mənzil sahibi ola bilsin.

Məişətin “xırda” çətinliklərindən biri də telefonla bağlı idi. Mənzilinə telefon çəkdirməkdən ötrü illərlə növbədə gözləməliydin.

İndi isə telefon nömrələri öz abunəçilərini gözləyir. Əvvəllər şəhərlərarası danışıq üçün poçt şöbələrinə getməli, oradakı kommutator, yaxud xüsusi avtomat telefonlar vasitəsilə istədiyin nömrəyə calanmalı idin. Həm vaxtın gedirdi, həm əsəbin, həm də pulun! Əksinə, kimsə sənə zəng vuracaqdısa, saatlarla telefon aparatının yanını kəsdirməliydin!

Üstündə (əlində, ya cibində) telefon gəzdirmək, ya da şəklini görə-görə bir-biri ilə danışmaq isə əfsanə sayılırdı. Buyurun, indi tək-tük mobil telefonu olmayan adama rast gələrsən. Ölkə əhalisinin 70 faizdən çoxu internet istifadəçisidir, ən uzaq məsafədəki insanla belə skayp vasitəsilə canlı, təsvirli əlaqə yaratmaq mümkündür.

Kimsə deyə bilər ki, bu, dünyanın kəşfidir. Amma bu kəşfləri bizim üçün ən qısa müddətdə əlçatan edən müstəqilliyimizdir, dünyaya sürətlə inteqrasiya olunmağımız, ən yeni texnologiyaları dərhal ölkəmizə gətirərək xalqın malı etməmiz, ən nəhayət, onlardan bəhrələnə bilmək üçün ilbəil yüksələn maddi durumumuzdur!

Bir daha xatırlatmaq yerinə düşər: əcnəbilər göydə balonlarla gəzəndə hələ bizim avtomobilimiz yox idi! Bu gün isə bir çox əcnəbilər bizə həsədlə baxır!

***

Lap yaxın keçmişdə biz “Xarici ölkələrdə mənzillərin elektrik enerjisi bir saat belə kəsilmir”, - deyə təəccüblənərdik. Buna qeyri-adi hal kimi baxardıq. Çünki o gün olmazdı ki, işığımız sönməsin.

Rayon mərkəzlərində və kəndlərdə isə sutkanın bir neçə saatı elektrik enerjisi verilərdi. Sənayedə və kənd təsərrüfatında işlərin normal gedişi pozular, idarələr ağır duruma düşər, insanlar məişətdə ciddi çətinliklərlə üzləşərdilər. Hətta ilk prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev “Hər bir yaşayış məntəqəsində və mənzildə fasiləsiz elektrik enerjisi olacaq” - bəyanatını vermişdi. Dövlət başçısı vədinə çox qısa müddətdə əməl etdi!

Bu gün evlərdə gecə-gündüz elektrik enerjisi var, kəndlər içməli su ilə təmin edilir, şəhər və qəsəbələrdə kanalizasiya şəbəkəsi qurulur. Adi məsələlərdir. Ancaq insanların məişəti və rahatlığı üçün nə qədər vacibdir. Və indiyədək bunların heç biri yox idi!

Hələ yol problemini demirik. Bütün Azərbaycanı gəzsəydin, altı, səkkiz, on və daha çoxcərgəli yol tapmazdın. Bu gün isə artıq dördcərgəli yol tələbata cavab vermir, tıxaclar yaranaraq böyük vaxt itkilərinə səbəb olur!

Mövcud yolların genişləndirilməsi, yeni yol ötürücüləri, tunellər, körpülər çəkilməsi istiqamətində qısa müddətdə nəhəng işlər görülmüşdür. Bunların sayəsində ölkəmizdə nəqliyyat təhlükəsizliyi təmin edilmiş, yeni yol intrastrukturu qurulmuşdur. İndi ikinci mərhələyə qədəm qoyulmuşdur - kənd yollarının əsaslı təmirinə və yenidən qurulmasına başlanılmışdır.

Yarandığı gündən yol üzünə həsrət qalan ən ucqar dağ kəndlərinə də asfalt yollar salınır. Qubanın Xınalıq kəndinə yol çəkilişi isə bu xeyirxah işlərin pik nöqtəsi sayıla bilər.

Çəkilən təkcə asfalt və beton yollar olmayıb. Yeni hava yolları, beynəlxalq aeroportlar Azərbaycanı dünyaya yaxınlaşdırıb, qovuşdurub və bölgənin əsas logistika mərkəzinə çevirib. Qısa müddətdə Heydər Əliyev adına beynəlxalq hava limanı dünya birincilərinin sırasına qoşulub. Yeni Bakı Beynəlxalq ticarət limanını və gəmiqayırma zavodunu da buraya əlavə etməklə “dəniz yolları” şəbəkəsinin genişləndirildiyini də unutmaq olmaz!

Azərbaycanda bir ildə dörd beşulduzlu hotel istifadəyə verilib. Halbuki sovet dövründə bir dənəsi belə yox idi!

Indi ölkəmizə istənilən qədər turist gələrək ən səfalı yerlərdə beynəlxalq standartlara cavab verən şəraitdə dincələ, dünyanın bir nömrəli parkına cevrilmiş Dənizkənarı bulvarda vaxtını mənalı keçirə bilər. Azərbaycan vətəndaşları isə...

***

SSRİ özünün mövcudluğu dövründə dünyadan təcrid olunmuş şəkildə yaşadı. Ölkə daxilində mətbuat vasitəsilə hər işdə birinci olmağımız barədə mif yaradılırdı. Əsl həqiqət başqa cür olduğundan insanların xarici ölkəyə gedən yolunda ciddi maneə və əngəllər yaradılırdı. Qərb dövlətlərinə (dünya sosialist sisteminə daxil olmayanlara) adi turist səfərinə getmək üçün isə DTK bütün nəslini yoxlamalı, rayon partiya komitələrinin büroları xasiyyətnamə verməli idi. Bu əngəlləri dəf etmək isə çox da asan deyildi! Türkiyəyə getmək isə bizim üçün müşkül məsələ sayılırdı! Buna Moskva icazə verməli və yalnız Moskvaya gedərək oradan uçmaq mümkün idi.

Bu gün isə Türkiyəni az qala su yoluna döndərmişik və çoxları hətta qardaş ölkəni xaric saymır. Kim harada dincəlmək, haranı görmək, gəzmək istəyirsə, heç bir problem yoxdur! Sadəcə, bu işlə məşğul olan turizm şirkətlərinə müraciət etmək kifayətdir. Artıq Azərbaycan vətəndaşları təkcə müayinə və müalicə olunmaq, gəzmək və görmək üçün deyil, digər dövlətlərə sərmayə yatırmaq məqsədilə də xaricə səfərlər edirlər.

Vaxt var idi idmançılarımız Avropa, dünya çempionatlarına, Olimpiya oyunlarına həsrət idilər. Kim idi onları SSRİ yığma komandasının tərkibinə salan?! Hətta hamıdan güclü olsalar da! Nadir hallarda idmançılarımıza belə etimad göstərilər və onlar da bunu doğruldardılar.

Müstəqilliyin ilk illərində isə başqa bir problem yaranmışdı. Azərbaycanın Olimpiya oyunlarında və dünya çempionatlarında müstəqil şəkildə iştirak hüququ olsa da, vəsaitin yoxluğundan neçə illər yarışlara idmançı göndərə bilmədik. Hətta bizim idmançılar başqa ölkələrin komandalarının tərkibində yarışlara çıxmaq məcburiyyətində qaldılar!

Bu gün isə Azərbaycan “idman dövləti”nə və ən çox beynəlxalq səviyyəli yarışların keçirildiyi məkana çevrilib. Axırıncı, XXX Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 2 qızıl, 2 gümüş və 6 bürünc (Paralimpiya Oyunlarında isə 4 qızıl, 5 gümüş və 3 bürünc) medal qazanmışdır.

Dünya və Avropa çempionatlarının qaliblərinin və mükafatçılarının sayı o qədərdir ki, onları ancaq kompüter vasitəsilə yadda saxlamaq mümkündür. İndi başqa ölkələrin vətəndaşları Azərbaycan bayrağı altında idman yarışlarına çıxmağı özlərinə şərəf bilirlər! İlk Avropa idman oyunlarının təşkili hüququ da ölkəmizə verilmişdir. Azərbaycan idmançıları dövlətin və onun başçısının, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin daimi qayğısı əhatəsindədir.

***

Sovet dövründə SSRİ məkanındakı ali məktəblərdə oxumağa tamarzı qalmamışıq. Ulu öndər Heydər Əliyev dahiyanə uzaqgörənliklə bütün ixtisaslar üzrə kadr hazırlığı ilə məşğul olurdu və həmin kadrlar Azərbaycan dövlət müstəqilliyinə nail olduqdan sonra ölkənin dirçəldilməsində, sözün həqiqi mənasında, kara gəldilər. Sovetlər İttifaqındakı şəxsi nüfuzundan istifadə edən ümummilli lider hər il SSRİ-nin bütün şəhərlərinə nəzərdə tutulduğundan artıq tələbə göndərilməsini, onlara dövlət hesabına təhsil verilməsini daim diqqətdə saxlayır, tələbələr və məzunlarla müntəzəm görüşlər keçirir, işlə təminatlarına xüsusi fikir verirdi. Yalnız başqa dövlətlərə tələbə göndərə bilmirdik.

Bu məsələni isə Prezident İlham Əliyev nizama saldı. “Neft kapitalını insan kapitalına çevirək” təşəbbüsünü irəli sürən cənab İlham Əliyev azərbaycanlı gənclərin dünyanın inkişaf etmiş ölkələrinin ən qabaqcıl ali məktəblərində təhsil almalarına hər cür şərait yaradıb. Artıq azərbaycanlı gəncin ABŞ-da, İngiltərədə, Fransada, Almaniyada və digər dövlətlərdə təhsil almaları adi hala çevrilib və belə gənclər gələcəkdə ölkəmizin inkişafını təmin edəcək kadrlar sırasına qoşulurlar.

***

Keçmiş SSRİ öz inkişafına görə ABŞ-a çata bilməsə də, superdövlətə çevrilmişdi və dünyanın söz sahiblərindən biri sayılırdı. Lakin belə bir dövlət üçün də nəhəng layihələri reallaşdırmaq böyük çətinliklər törədirdi.

Külli miqdarda vəsait tələb edən layihələrin reallaşdırılması uzun illər boyu yubanır, bəzən ucuz olsun deyə hətta müəyyən dəyişikliklər edilirdi. Orada çalışan insanlar isə ağır əziyyətlərə qatlaşır, çətin şəraitdə yaşayıb işləyir, aşağı əməkhaqqı alırdılar. Öz dövründə pafosla “əsrin tikintisi” adlandırılan Baykal-Amur magistral dəmir yolu xəttinin çəkilişi məhz belə layihələrdən sayılırdı. Amma onun tikintisini qrafik üzrə apara bilmirdilər. Yalnız ulu öndər Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri kimi Moskvaya aparıldıqdan və BAM-ın tikintisinə nəzarət ona həvalə edildikdən sonra işlər yoluna düşdü. Heç də təsadüfi deyil ki, bu tikintidəki xidmətlərinə görə magistral dəmir yolunun stansiyalarından birinə minnətdarlıq əlaməti olaraq hələ sağlığında Heydər Əliyevin adı verilmişdir.

SSRİ-dən qat-qat kiçik, az təcrübəli sayılan müstəqil Azərbaycan isə hazırda nəhəng yerli və beynəlxalq transmilli layihələri az vaxtda reallaşdırmağı bacaran dövlətə çevrilmişdir. Həm də həmin layihələrin əsas aparıcısı olan dövlətə!

Sovet hökuməti hər dəfə su-elektrik stansiyalarının (və digər iri həcmli tikintilərin) inşasını “beşilliyin zərbəçi tikintisi” elan edirdi. Beşillik plana salınan (SSRİ-də hər beş ildən bir Sov.İKP-nin qurultayı keçirilər və növbəti beş il üçün dövlətin inkişaf planı tutularaq təsdiq edilərdi) belə tikintilərə digər sahələrdən kəsilən vəsaitlər əlavə olunar, bütün müttəfiq respublikalardan işçi qüvvəsi (əsasən gənclər) yığılar, vəziyyət yaxşı olmasa da, hər şey mətbuatda ideal formada, “bəh-bəh”lə təqdim edilərdi. Çox zaman isə gecikmələri gizlətməkdən ötrü rəsmi açılış keçirildikdən sonra tikinti davam etdirilərdi.

Müstəqillik dövründə Azərbaycanda bir-birindən əzəmətli işlər görülmüşdür. Transmilli və yerli əhəmiyyətli elə layihələr həyata keçirilmişdir ki, vaxt və vəsait sarıdan onların mümkünlüyü indi də heyrət doğurur!

İlk belə layihə Heydər Əliyev zəkasının məhsulu olan “Əsrin müqaviləsi” neft müqavilələrindən əldə edilən “qara qızıl”ın dünya bazarına çıxarılmasını təmin edəcək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri sayılır. Kəmər təkcə öz dövrünün bütün “texniki rekord”unu qırması ilə fərqlənmir. SSRİ dağılandan sonra ilk dəfə idi ki, müttəfiq respublikalardan biri “mərkəz”in maraqlarına uyğun gəlməyən addım atırdı. Bu cəsarətli istəyin gerçəkləşməsinə mane olmaq istəyən qüvvələr çox idi və onlar kifayət qədər fəallıq göstərirdilər! Amma Heydər Əliyevin qətiyyət və uzaqgörənliyi, polad iradəsi və diplomatik məharəti daha güclü və üstün oldu! Azərbaycanda xalqın öz təbii sərvətlərinə sahib olduğu, onu özü istədiyi şəkildə istismar edərək istədiyi marşrutla dünya bazarına çıxarmaq - bütövlükdə müstəqil dövlət kimi müstəqil siyasət yürütmək dövrünün başlandığı bütün dünyaya sübut edildi.

Layihənin qeyri-adiliyi onda idi ki, o, yalnız texniki-iqtisadi kəmər sayılmırdı, çox böyük siyasi əhəmiyyəti olan və müstəqil Azərbaycanı dünya iqtisadiyyatına qovuşduran möhkəm bağ sayılırdı.

Cənab İlham Əliyevin təşəbbüsçüsü olduğu Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi ideyası ortaya qoyulanda buna qısqanclıqla yanaşanlar, müxtəlif maneə və əngəllər törətməyə çalışanlar da tapıldı. Hətta layihəyə dəstəyə görə Azərbaycanın milli maraqlarına cavab verməyən təkliflər də səsləndi. Lakin dövlət başçısı, həmişəki kimi, qətiyyət və prinsipiallıq göstərdi, milli maraqların qorunmasından bir addım geri çəkilmədi!

Azərbaycana təsir və təzyiq göstərilməsi üçün dünya bankları bu layihəni maliyyələşdirməkdən imtina etdi!

Faydasız oldu!

Cənab İlham Əliyev həmin layihənin Azərbaycanın öz imkanları hesabına maliyyələşdiriləcəyini bəyan etdi!

Növbəti ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcəkdir! Bu layihə təkcə Azərbaycana yox, dünyanın bir çox ölkələrinə böyük fayda gətirəcəkdir! Artıq indidən həmin dəmir yolu xətti ilə yük daşımaq istəyənlər öz arzularını bildirirlər!

Ən əsası: Bakıda qatara minən Azərbaycan vətəndaşı birbaşa Londona gedə biləcəkdir! Dayanmadan, nəqliyyat vasitəsini dəyişmədən!

Keçmişdə bu, kimin ağlına gələrdi?! Amma tezliklə gerçək olacaq!

Digər bir transmilli layihə barədə. Uzun müddət Qərbi Avropa təbii qaza olan ehtiyacını alternativ formada və dolğun şəkildə ödəməkdən ötrü yollar axtarır, müzakirələr, danışıqlar aparırdı. Nabukko, “Şimal axını” kəmərləri ideyası mübahisələr predmetinə çevrilmişdi. Yenə də dövlət başçısı cənab İlham Əliyev hamını qabaqladı! Qardaş Türkiyə ilə birlikdə Transanadolu qaz kəmərini öz vəsaitləri hesabına çəkəcəkləri barədə saziş imzaladılar. Sonra TANAP-ın davamı olaraq TAP meydana gəldi. Artıq bu layihə də reallığa çevrilmək mərhələsindədir.

Belə layihələr arzuları gerçəkləşdirməklə bərabər uzun illər boyu təkcə məxsus olduqları dövlətlərə yox, bütün bəşəriyyətə fayda gətirir!

Qürur və fərəh doğurur!

Həm də ona görə ki, artıq Azərbaycan böyük həcmli, külli miqdarda vəsait tələb edən, inşasına illərlə vaxt tələb olunan obyektlərin tikintisindən çəkinmir. Əksinə, onların öhdəsindən bacarıq və məharətlə gəlir!

Şəmkirçay su anbarının tikintisinə sovet hökumətinin gücü çatmamışdı, yarımçıq qoymuşdu. Amma ölkəmiz üçün çox vacib obyekt sayılırdı. Taxtakörpü su anbarı ilə bahəm inşası davam etdirildi. Müstəqil Azərbaycan buna özündə güc və imkan tapdı!

İndi hər ikisi istifadəyə verilib.

Mümkün olmayan mümkün edilib!

Cənab İlham Əliyevin sözləridir: “Azərbaycan xalqı söz sahibidir. Azərbaycan xalqın iradəsi ilə idarə olunur. Azərbaycan dövləti lazım olan belə nəhəng layihələri xalqımız, dövlətimiz üçün icra edir və bundan sonra da icra edəcək. Çünki biz güclü dövlətik”.

Bu güc bizə imkan verir ki, dəyəri 700 milyon manatdan çox olan Taxtakörpü su anbarını və 1 milyard manata başa gələn Şəmkirçay su anbarını optimal müddətdə tikib istifadəyə verək. Belə nəhəng qurğular uzun illər boyu istismar edilərək böyük fayda gətirir və bir neçə təyinatlı olur.

Əvvəla, su anbarlarının üzərində yaradılmış hər iki elektrik stansiyası il ərzində birlikdə 50 meqavat enerji verəcəkdir. İkincisi, suvarılan torpaqların təminatı əsaslı şəkildə yaxşılaşacaqdır. Üçüncüsü, on min hektarlarla yeni əkin sahəsi dövriyyəyə qatılacaqdır. Dördüncüsü, su anbarına yaxın ərazidəki yaşayış məntəqələri də içməli su ilə təmin olunacaqdır. Ən nəhayət, qeyri-neft sektoruna sərmayə qoyuluşu sayılan bu layihələr sahibkarlığın inkişafına da güclü təkandır.

***

Dünya sözlə yaradılıb. - Allah “Ol!” deyib, olub!

Dünya sözlə idarə olunur. - İnsanlar bir-birlərini sözlə çox asan və dəqiq başa düşürlər.

Deməli, söz həm də ilahi qüvvəyə malikdir!

Nədənsə hökmdarlar sözün gücündən həmişə ehtiyat ediblər. Odur ki, hamının eşidə biləcəyi və təsirinə düşəcəyi sözü nəzarətdə saxlamağa çalışıblar. Xüsusən də “yazılı söz” meydana çıxandan sonra! Odur ki, qəzetlərə, daha sonra isə bütün KİV-lərə senzura nəzarəti qoyulub. Azərbaycan mətbuatının qaranquşu sayılan “Əkinçi” qəzetinin ilk nömrəsi işıq görməzdən əvvəl onun senzurası yarandı. Qəzetin nəşrinə icazə verən Azərbaycanın o zamankı general-qubernatoru Staroselski bu funksiyanı öz üzərinə götürdü. Sovet dövründə isə KİV-lərə faktiki olaraq ikiqat senzura tətbiq olunurdu. Birincisi, Azərbaycan SSRİ Nazirlər Soveti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş idarə, ikincisi isə ərazi partiya təşkilatları tərəfindən. Mətbuatda dövlətin və partiyanın əleyhinə bir cümlə belə yazmaq mümkün deyildi!

Yalnız ulu öndər Heydər Əliyev özündə cəsarət taparaq kimsənin edə bilmədiyini etdi - düz 123 ildən sonra 6 avqust 1998-ci ildə Azərbaycanda mətbuata senzura nəzarətinə birdəfəlik son qoydu!

Buna qədər insanlar bir cür düşünür, başqa cür danışır və yazırdılar. İclaslarda və ictimai-siyasi tədbirlərdə SOV. İKP-nın, dövlətin və onun rəhbərlərinin şərəfinə şüarlar, təriflər səsləndirsələr də, öz aralarında partiyanın və kommunizmin, Sov.İKP-nın baş katibi N.Xruşşovun və L.Brejnevin barəsində lətifələr danışaraq gülürdülər.

Bu gün Azərbaycanda KİV üçün qapalı məsələ və toxunulması yasaq edilən mövzu, obyekt yoxdur! Hansı qəzet, jurnal, televiziya kanalı nədən və necə istəyirsə, yazır, material hazırlayır. İndi Azərbaycanda nəinki sözün həqiqi mənasında mətbuat və söz azadlığı var, hətta bəzən insanlar bundan əziyyət də çəkir, əsassız şər və böhtana, təhqirlərə məruz qalırlar. Açıq danışmaq, düşündüyünü demək, yaxud deyə bilmək və yazmaq bizim üçün adiləşib!

***

Azərbaycan ömür boyu silah altında saxlanılıb, ərazisində daim onun fəaliyyətinə “nəzarət edən”, cızığından çıxmağa qoymayan ordu saxlanılıb! Sərhədini isə özgələri qoruyub.

Xalqımızın nümayəndələrini Sovet ordusundan, hərbi təhsildən “kənarda saxlamağa” çalışıblar, əsgər gedən gənclərimiz isə “inşaat batalyonları”nda, hərbi sirrə və texnikaya yaxın olmayan hissələrdə yerləşdiriliblər.

Bu gün Azərbaycanın ölkə daxilində və dünyanın bir sıra hərbi məktəblərində təhsil alan yüzlərlə gənc oğlu var, orduda xidmət edənlər hərb peşəsinə dərindən yiyələndiklərini əməli işləri ilə sübut edirlər. Noyabrın 12-də ərazimizi təhdid etməyə çalışan Ermənistan hərbi vertolyotunu da məhz azərbaycanlı gənc vurub yerə saldı!

Azərbaycan Cənubi Qafqazın ən güclü və modern ordusuna sahibdir. Bu ordu yalnız ölkənin Ali Baş Komandanına tabedir və onun əmrlərini yerinə yetirir! Bu ordu müstəqilliyimizi və ərazi toxunulmazlığımızı qoruyur və əmr edilərsə, işğal altındakı torpaqları azad etməyə də qadirdir!

Ümumbəşəri inkişaf yoluna - sərbəst bazar münasibətləri və demokratik cəmiyyət quruculuğuna qədəm qoyan müstəqil Azərbaycan qısa müddətdə çox böyük uğurlara imza atmışdır. Demokratik təsisatlar yaradılmış, vətəndaş cəmiyyəti formalaşmış, fikir plüralizmi, çoxpartiyalı sistem bərqərar olunmuşdur. Baş müəllifi ulu öndər Heydər Əliyev olan yeni Konstitusiya qəbul edildikdən sonra demokratik cəmiyyətin əsaslarını qoruyub saxlayan möhkəm qanunçuluq bazası da yaradılmışdır. Beynəlxalq ekspertizanın tələbinə əsasən yeni qanunlarımızda sovet dövründə əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulan güzəştlər ləğv edilmişdi.

Bizim üçün qeyri-humanist görünən bu qaydanı uzun müddət yaşatmadıq! İndi Azərbaycan praktikasında dünyanın heç bir ölkəsində olmayan proseslər baş verir. Dövlət öz hesabına xalqın köməyə ehtiyacı olan zümrələrinin müəyyən problemlərini həll etməklə normal yaşamasına şərait yaradır. İndiyədək 80-dən çox qaçqın və məcburi köçkün şəhərciyi, yaşayış məntəqəsi salınaraq on minlərlə ailənin mənzil şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Şəhid ailələrinə, idmançılara, təbii fəlakətdən və daşqınlardan ziyan çəkən insanlara, hətta jurnalistlərə də dövlətin vəsaiti hesabına tikilən və təmir olunan mənzillər verilir. Müharibə əlilləri isə həm də dövlətdən minik maşınları alırlar.

Hazırda dünyanın heç bir yerində dövlətin öz vətəndaşına belə yüksək qayğısı müşahidə olunmur və bu hesaba qısa müddətdə Azərbaycanda yoxsulluq 49%-dən 5%-ə enmişdir!

Bizim üçün adi sayılan başqa bir qeyri-adilik. Azərbaycan yer üzündə yeganə dövlətdir ki, onun ən yüksək çinli məmurları - nazirlər və komitə sədrləri vətəndaşların ayağına, bölgələrə gedərək mütəmadi surətdə qəbullar keçirir, insanların çətinlik və problemlərini yerindəcə həll edirlər.

Belə qəbulların müəllifi də dövlət başçısı cənab İlham Əliyevdir!

***

Uzun illər boyu Azərbaycanın müstəqil dövlət olmasını, BMT-yə üzv qəbul edilməsini arzulamışıq! Ancaq ürəyimizdə! Çünki bunu dilə gətirmək, yazmaq olmazdı! Sovetin güclü DTK-sı, repressiyası, sürgün və həbsxanası, hətta “qurğuşunu” da vardı.

Nəhayət tale belə imkan yaratdı! Lakin ulu öndər Heydər Əliyev olmasaydı, ötən əsrin əvvəllərində yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşayacaq, yenidən xırda xanlıqlara parçalanaraq kimlərinsə qoltuğuna qısılacaqdıq. Bu dahi şəxsiyyət bizi fəlakət və vətəndaş müharibəsindən xilas etdi, müstəqilliyimizi əbədiliyə çevirdi!

Cənab İlham Əliyev isə Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirərək ölkəni yeni zəfərlərə aparır. Artıq Azərbaycan nəinki BMT-nin üzvüdür, hətta bir il öncə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına rəhbərlik etdi. İclasa sədrliyinin ilk günündə cənab İlham Əliyev səlahiyyətlərindən istifadə edərək bəyanat verdi. Bəyanatda BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmamasına irad tutdu, buradakı ayrı-seçkiliyə etirazını bildirdi, bu ali qurumda islahatların keçirilməsinin zəruriliyini söylədi!

Bir qədər öncə isə Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetindəki sədrlik müddəti başa çatdı. Sədrliyə başlayan zaman burada çıxış edən dövlət başçısı İlham Əliyev Avropa Şurasının fəaliyyətində davam edən “ikili standartlar”ı tənqid yox, ittiham etdi, ona son qoyulması zamanının çatdığını bildirdi!

Artıq ən yüksək qurumlarda iştirakımız bizim üçün o qədər adiləşib, ölkə daxilində o qədər beynəlxalq səviyyəli tədbirlər keçirilib ki, özümüzü ürəkli, hətta ev sahibi kimi sərbəst apara bilirik! Bu, Azərbaycanın sürətlə artan iqtisadi gücünün, ilbəil yüksələn beynəlxalq nüfuzunun da nəticəsi və göstəricisidir!

Daha Azərbaycan haradasa iştirak etməyi, harayasa üzv olmağı arzulamır!

İştirak və tənqid də edir, bərabərhüquqlu tərəfdaş kimi təklif verib, yol da göstərir!

Qeyri-adiliklərin adiləşməsi belə baş verir!

Əsl müstəqil və güclü dövlət də belə olur...

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2014.- 10 dekabr.- S.3-4.