“Şahdəniz”dən xoş
xəbərlər gəlir
Bu il ərzində “Şahdəniz”dən yalnız xoş xəbərlər eşidilib. Xəzərin Azərbaycan sektorunda yerləşən böyük perspektivə malik bu yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilat davam edir. 2013-cü il dekabrın 17-də yekun investisiya qərarı verilmiş ikinci mərhələ çərçivəsində isə əsas müqavilələr məhz 2014-cü ildə bağlanıb. Tikinti sahələrində bir sıra işlərin görülməsinə başlanıb. Dənizdə qazma işləri aparılır. Bu il sentyabrın 20-də Səngəçal terminalının ərazisində “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib.
“Şahdəniz” layihəsinin əməliyyatçısı olan BP şirkətinin məlumatına görə, ilin doqquz ayı ərzində yatağın işlənməsinə təxminən 371 milyon dollar əməliyyat xərcləri və 2 milyard 797 milyon dollardan çox əsaslı xərc çəkilib. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq 435 milyon dollar və 3 milyard 885 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə, o cümlədən dənizdəki işlənmələr və Səngəçal terminalının genişləndirilməsinə aiddir.
“Şahdəniz” yatağı Azərbaycan (ARDNŞ-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ-a) bazarları və BTC şirkətinə qaz hasilatını davam etdirir. Doqquz ay ərzində yataqdan 7,25 milyard kubmetr (256 milyard kubfutdan çox) qaz və 1,72 milyon ton (13,8 milyon barel) kondensat və ya gündəlik 26,6 milyon kubmetr (938 milyon standart kubfutdan çox) qaz və 50 450 barel kondensat hasil olunub. 2006-cı ilin sonlarında hasilat başlanandan bu ilin oktyabr ayınadək yataqdan 55,2 milyard kubmetr (təqribən 1950 milyard standart kubfut) qaz və 14,2 milyon ton (təqribən 113,3 milyon barel) kondensat çıxarılıb.
“Şahdəniz”də iştirak paylarını bir daha xatırlayaq: BP (operator - 28,8 faiz), AzŞD (10 faiz), “Cənub” Qaz Dəhlizi Upstrim (6,7 faiz), “Statoyl” (15,5 faiz), “LUKoyl” (10 faiz), NİKO (10 faiz) və TPAO (19 faiz). BP-nin və Azərbaycan hökumətinin (“Cənub” Qaz Dəhlizi Upstrim) “Statoyl”dan müvafiq olaraq iştirak payları aldıqdan və “Total” öz payını TPAO-ya satdıqdan sonra layihədə faizlərin bölgüsü bu cürdür.
Keçən il mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində “Şahdəniz” hasilat sisteminin gündəlik maksimum gücü 966 milyon standart kubfut qaz və 55 min barel kondensat səviyyəsinə qaldırıldı. “Şahdəniz”in tərəfdaşları bu ilin sonunadək hasilat gücünün təxminən 1 milyard 40 milyon standart kubfuta qədər artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırdı.
Yatağın işlənməsinin istər birinci, istərsə də ikinci mərhələsi çərçivəsində dənizdə qazma əməliyyatları aparılır. Bu il SDA02 quyusunda intervensiya əməliyyatları tamamlanıb. SDA06 və SDA04 quyularında işlər qurtarandan sonra SDA07 və SDA08 quyularının yuxarı hissələri qazılıb. Hazırda SDA07 quyusunun aşağı hissəsinin qazılması davam edir.
“Şahdəniz-2”də “İstiqlal” qazma qurğusu ikinci rüb ərzində SDC03 quyusunda qazma əməliyyatlarını başa çatdırıb və SDC04 quyusunda işləməyə başlayıb. Bu quyunun 2015-ci ilin yanvarında tamamlanması gözlənilir.
“Heydər Əliyev” qazma qurğusu isə üçüncü rüb ərzində SDD02 quyusunun aşağı hissəsinin qazılmasını başa çatdırıb. SDD03 və SDD04 quyularının yuxarı hissələri qazılıb. Hazırda qurğu SDD03 quyusunun aşağı hissəsində iş aparır.
Ümumiyyətlə, yekun investisiya qərarı veriləndən bəri “Şahdəniz-2” layihəsi qrafikə uyğun olaraq müvəffəqiyyətlə irəliləyir. Xatırladaq ki, bu il sentyabrın 20-də Səngəçal terminalında “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. “Şahdəniz” yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qazı təxminən 3 500 kilometrlik boru kəmərləri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya nəql edəcək layihənin reallaşmasında əlamətdar hadisə oldu.
İlk qazın Gürcüstana və Türkiyəyə satılması 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.
Layihə çərçivəsində mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 9,6 milyard dollar dəyərində əsas müqavilələrin əksəriyyəti imzalanıb. Azərbaycan və Gürcüstanda tikinti sahələrinin bir çoxunda işlər başlayıb.
Dayaq blokları və üst modulların tikilməsi üçün tikinti-quraşdırma sahələrində, həmçinin terminalın genişləndirilməsi sahələrində işlərə start verilib. Bundan başqa, platformanın dayaq bloklarının və üst modullarının quraşdırılması üçün poladın ilk partiyaları artıq ölkəyə gətirilib. Bunlar “Cənub” dəhlizi layihələrinin bütövlükdə irəliləməsinə kömək edir.
Bütün tikinti işlərinin əsasında həmişə olduğu kimi, yenə də sağlamlıq və əməyin təhlükəsizliyi durur. İndiyədək Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) heç bir xəsarətə yol vermədən bir milyon adam-saat, ATA (“AMEK-Tekfen-Azfen”) isə 2 milyon adam-saat göstəricisinə nail olub.
ATA tikinti-quraşdırma sahəsinin modernləşdirilməsi başa çatmaq üzrədir. Üst modulların, dayaq blokları və sualtı avadanlıqların quraşdırılması işləri qrafiki qabaqlayır.
Bir sözlə, dənizdə “İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları vasitəsilə qazma işləri uğurla davam edir. İlk qaz hasilatına hazırlıq yönündə artıq 6 quyu qazılıb. Hasilatın artırılaraq ildə 16 milyard kubmetr həcmində planlaşdırılan sabit ən yüksək səviyyəyə çatdırılması üçün tələb olunan bütün quyuların qazılması məqsədilə bu iki qazma qurğusu “Şahdəniz” yatağında işini davam etdirəcək.
“Cənub” qaz dəhlizinin üç seqmentindən birincisi Cənubi Qafqaz Boru Kəməridir (İkinci və üçüncü seqmentlər Transanadolu qaz boru kəməri - TANAP və Transadriatik qaz boru kəməri - TAP-dır).
Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı işlərə doqquz ay ərzində 36,5 milyon əməliyyat xərcləri və 599 milyon dollar əsaslı vəsaitlər sərf edilib. Bütün il üçün əməliyyat xərclərinin 47,2 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nın genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində 1 milyard 244 milyon dollara qədər artacaq.
Xatırladaq ki, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz”in birinci mərhələsi çərçivəsində çıxarılan qazı çatdırır. Bu il CQBK-nın gündəlik orta ötürücülüyü 17 milyon 412 min kubmetr (təqribən 615 milyon kubfut) qaz və ya gündə 106 017 barel neft ekvivalenti olub.
CQBK-nın şirkətinin sərmayədarları bunlardır: BP (28,8 faiz), AzCQBK (10 faiz), “Cənub” Qaz Dəhlizi Midstrim (6,7 faiz), “Statoyl” (15,5 faiz), “LUKoyl” (10 faiz), NİKO (10 faiz) və TPAO (19 faiz). Bu faizlərə “Statoyl”dan müvafiq olaraq BP və Azərbaycan hökumətinin (“Cənub” Qaz Dəhlizi Midstrim) aldığı iştirak payları və “Total”ın TPAO-ya satdığı iştirak payı daxildir
CQBK-nın iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, “Statoyl” şirkəti isə kəmərin biznes icrası üzrə məsul kommersiya operatorudur.
“Cənub” qaz dəhlizinin reallaşmasında CQBK-nın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, genişləndirmə layihəsi üzrə əksər müqavilələrin imzalanması və bir sıra işlərin başlanması təqdirəlayiqdir.
Yaxın günlərdə ilk boru dəstlərinin Azərbaycana gətirilməsi gözlənilir.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 11 dekabr.- S.1.