İflasa uğramış “beşinci kolon” məqsədinə
çatmayacaqdır
Bu gün Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Hər kəs görür ki, Azərbaycanın xarici siyasəti açıqdır, prinsipialdır, ədalətə və beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı dövlətin qətiyyətli mövqeyinin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət qazandırır.
Azərbaycanın hər il artan dövlət büdcəsi hərtərəfli inkişafın əyani sübutudur. Bu gün iqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan dünyanın əksər böyük dövlətləri qlobal maliyyə böhranında boğularkən Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənir. Borc alan ölkədən borc verən ölkəyə çevrilən Azərbaycanın bu uğurları bizə əlavə imkanlar yaratsa da, eyni zamanda dost və düşmənimizi tanımağa da yardım edir. Təbii ki, bu nailiyyətləri qəbul edə bilməyən bəzi dairələr müxtəlif çirkin vasitələrlə kampaniyalar təşkil edib Azərbaycanı gözdən salmağa can atırlar və bunu bacarmayanda isə beynəlxalq təşkilatlar vasitəsilə təhdid dili ilə danışmağa çalışırlar. Ancaq yenə də “istəklərinə” nail ola bilmirlər.
Çünki hazırda Azərbaycanın apardığı dövlət siyasəti buna imkan vermir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət isə çoxlarını narahat edir. Antiazərbaycançı şəbəkələr vasitəsilə bu siyasətə kölgə salmaq, qara yaxmaq “arzuları” da ürəklərində qalır. Tək ümidləri isə hansısa vasitələrlə əla aldıqları ölkəmizdəki “beşinci kolon”un üzvlərinə qalır. Bu vətən xainlərinin əli ilə ölkəmizdə xaos, iğtişaş yaratmaqla, ictimai-siyasi sabitliyi pozmaqla, yalan “donoslar”, heç bir siyasi anlamı olmayan “siyasi məhbus” siyahısı hazırlayıb öz maraqlarına xidmət edən beynəlxalq təşkilatlara göndərməklə Azərbaycanın əleyhinə hansısa sanksiyaların tətbiq olunmasına çalışırlar. Ancaq təqdirəlayiq haldır ki, “beşinci kolon”un üzvlərinin vətənə xəyanətinə xalq öz kəskin qiymətini verir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” sərlövhəli məqaləsində bütün söylədiyimiz məsələlər və günümüzün reallıqları öz əksini tapıb. Bu mükəmməl elmi araşdırmada dövlət başçısının yürütdüyü qətiyyətli, balanslı siyasət, dünya düzəninin Azərbaycana olan münasibəti və ölkə daxilindəki antiazərbaycançı şəbəkənin fəaliyyəti, real vəziyyəti təhlil olunub. Azərbaycanın sosial-iqtisadi inkişafını qəbul edə bilməyən, ölkədə ictimai-siyasi sabitliyin pozulması üçün çirkin kampaniyalar həyata keçirmək istəyən qüvvələrin əlində alətə çevrilmiş “beşinci kolon”un “fəaliyyəti”nə nəinki siyasi nöqteyi-nəzərdən qiymət verilib, eləcə də bu istiqamətdə daha geniş faktlar bazası təqdim edilib.
Həqiqətən də artıq dünyada hüququn aliliyi prinsipi deyilən anlama əhəmiyyət verilmir. Üzdə bu prinsipdən danışanlar əslində demokratiya adı altında kiçik ölkələrdə iğtişaşlar, inqilablar təşkil edib öz məqsədlərinə nail olmaq üçün bütün çirkinliklərdən yararlanırlar. Bu gün beynəlxalq münasibətlərdə əsas amil gücdür və ali olan digər heç bir hüquq qalmayıb. Bunları faktlarla əsaslandırmaq da olar. Təkcə Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın işğalçı siyasəti ilə bağlı qəbul edilmiş qərar və qətnamələri göstərmək yetərlidir. Çünki onların hər birinin sadəcə kağız üzərində yazılmış adi bir yazıdan fərqi yoxdur. Bu da açıq-aydın ikili standartların əyani sübutudur. Bunu Azərbaycan Prezidenti dəfələrlə bəyan edib. Prezident İlham Əliyev dəfələrlə dünya birliyinə mesaj yollayıb: “Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır... Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir”. Prezident bildirib ki, bu gün Azərbaycana qarşı riyakar siyasət, ikili standartlar siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O ki qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq.
Bu ikili standartları artıq Qərbin digər dövlətləri etiraf etməkdədir. Böyük Britaniya Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvisin açıqlaması da bunu göstərir. D.Deyvisin sözlərinə görə, Ukraynada baş verən son hadisələr sabitliyin Avropa üçün nə qədər önəmli olduğunu bir daha təsdiq edib. Krım məsələsində ABŞ və Avropanın əksər dövlətlərinin mövqeyi bu ölkələrin Azərbaycana qarşı ikili standartlarla yanaşdığını üzə çıxarır.
Məsələlərə digər prizmadan yanaşdıqda görürük ki, son vaxtlar Azərbaycana olan basqıların digər səbəbi Ukrayna-Rusiya münasibətlərində ölkəmizin yürütdüyü balanslı siyasətdir. Yeri gəlmişkən, məhz elə bu problemə baxışla da bağlı Azərbaycan xalqı haqlı olaraq soruşur: 25 ildir işğala, terrora, etnik təmizləmə siyasətinə məruz qalmış bir dövlətin haqq səsinə biganə yanaşıb, dünən baş vermiş hadisə ilə bağlı dərhal ciddi sanksiyaların tətbiq edilməsi nə dərəcədə doğrudur?
Azərbaycanın yürütdüyü balanslı, məqsədyönlü və prinsipial siyasətə ləkə yaxmaq, onu təxribata çəkmək üçün məlum antiazərbaycançı şəbəkənin əl atdığı son variant ölkədəki “beşinci kolon”un idarə olunmasıdır. Çirkin niyyətlərinə çatmaq üçün əvvəllər “dəstək” olduqları radikal müxalifət partiyaları idisə, bu gün istiqamət 3-cü sektora transfer olub. Artıq “beşinci kolon” missiyasını bəzi QHT-lər öz üzərinə götürüb. Onu qeyd edim ki, hörmətli akademik Ramiz Mehdiyev sözügedən məqaləsində “beşinci kolon” anlayışına çox mükəmməl izah verib. Məqalədə deyilir ki, bu gün “beşinci kolon” anlayışının interpretasiyaları çoxdur - ölkə daxilində agentura şəbəkəsindən başlamış, digər dövlətlərin mənafelərini təmin edən, yığcam şəkildə yaşayan etnik və dini qruplara qədər. Tarixçilər bu söz birləşməsindən düşmən ölkələrin pozucu agenturasını göstərmək üçün istifadə edirlər. Çox vaxt bu termin kollaborasionizmə, yəni, düşmənin mənafeyi üçün, öz dövlətinin ziyanına düşmənlə şüurlu, könüllü və bilərəkdən əməkdaşlığa bərabər tutulur. Beləliklə, “beşinci kolon” birbaşa və ya dolayısı ilə xarici hökumətlər üçün işləyən və fəaliyyəti öz ölkəsinin milli maraqlarına müxtəlif üsullar və metodlarla ziyan vurmaq məqsədi güdən ayrı-ayrı insanlar, yaxud insan qrupları, təşkilatlar və hərəkatlardır. Ən təəccüblüsü budur ki, bəzən hər hansı mühüm proseslərdə özünün iştirak etməsi faktına aludə olan “sütül” gənclər onlardan öz məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edilməsini bilmirlər.
Təbii ki, bu
məqamda göz önünə ilk olaraq “hüquq
müdafiəçisi” Leyla Yunus gəlir. Dəfələrlə Azərbaycan
əleyhinə kampaniyalar təşkil edən,
düşmən ermənilərlə eyni
masada əyləşib ölkəmiz
haqqında uydurmalar səsləndirən bir şəxsə xalq
artıq öz qiymətini verib.
Yaxın zamanlarda isə istintaq
bunu sübuta yetirəcək.
Daim Azərbaycanın
daxili işlərinə qarışan “Human Rights Watch”,
“Amnesty International” və
digər təşkilatlar onun həbsi ilə
bağlı qərəzli və heç bir reallığa söykənməyən bəyanatlar
yaysalar da, onların
söylədikləri heç bir reallığı əks etdirmir.
Hesab edirəm ki, bir mərkəzdən idarə olunan
proses, bu siyasiləşmiş
bəyanatlar obyektiv istintaqın həyata
keçirilməsinə təzyiqdir. Görəsən, L.Yunusun azadlığa buraxılmasını
istəyənlərin öz ölkələrində
vətən xaini azadlıqda gəzirmi? Onsuz da ABŞ Dövlət Departamenti
və bəzi üzdəniraq beynəlxalq qeyri-hökumət təşkilatları
tərəfindən Azərbaycanda gedən proseslərlə
bağlı davamlı olaraq yayılan qərəzli,
ikili standartlara əsaslanan,
qeyri-obyektiv informasiyalar
ölkəmizə qarşı aparılan böhtan
kampaniyasının tərkib hissəsidir. Çünki
Azərbaycanda fikir
azadlığına görə heç bir vətəndaş, o
cümlədən hər hansı kütləvi informasiya vasitələri nümayəndəsi
təqib olunmayıb və heç bir rəsmi orqan tərəfindən
təzyiqə məruz qalmayıb.
Son
olaraq onu vurğulayım ki, bu gün özünün müstəqil
siyasi xətti, balanslı xarici siyasəti olan Azərbaycanın
daxili işlərinə hər hansı dövlətin və
beynəlxalq təşkilatın qarışmaq ixtiyarı
yoxdur və buna cəhd edənlər uğursuzluğa
düçar olacaqlar.
Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı
Azərbaycan.-2014.- 11 dekabr.- S.6.