Azərbaycanın müstəqil siyasətinə heç

 bir xarici təhdid təsir göstərə bilməz

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin növbəti fundamental tədqiqat əsərində - “İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsində ölkəmizin də aid olduğu qlobal məkanın mürəkkəb geosiyasi durumu böyük dəqiqliklə təhlil olunmuş, vətəndaşlarımızı narahat edən vacib və əhəmiyyətli suallar cavablandırılmışdır. Bu dəyərli araşdırmanın konseptuallığı ondadır ki, o, oxucunu ölkənin beynəlxalq münasibətlər sistemində yerirolu yeni dünya düzəninin həqiqətləri, beynəlxalq aləmdə Azərbaycanın maraq və mənafelərinin təminatı istiqamətində dövlətimizin məqsədyönlü fəaliyyəti, bu fəaliyyəti reallaşdırarkən respublikamızın məruz qaldığı ikili standartlar siyasəti və onun mexanizmi haqqında düşünməyə vadar edir.

SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra Azərbaycan beynəlxalq hüququn müstəqil subyekti olaraq yeni beynəlxalq münasibətlər sisteminin də tərkib hissəsinə çevrilmişdi. Müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşən respublikada müxtəlif siyasi qüvvələr hakimiyyət uğrunda daxili çəkişmələrə başladı. Qarabağ uğrunda Ermənistanla gedən müharibə, iqtisadiyyatın dərin tənəzzülü, keçid dövrü adlanan zamanın təbəddülatları, daxili separatizm - bütün bu problemlərin fonunda bir-birini əvəz edən iqtidarlar ölkənin xarici siyasət orientirlərini müəyyən etməkdə də çətinlik çəkir, səhv xarici siyasət yürüdərək dövləti iflasa aparırdılar. Halbuki yeni suverenlik qazanmış ölkənin bütün dünya dövlətləri ilə bərabər, qarşılıqlı maraqların təminatına əsaslanan xarici siyasət kursuna ehtiyacı vardı. Heç bir ölkə, dövlət “fövqəladə”, “seçilmişstatusa malik olmamalı, beynəlxalq konvensiyalarda göstərildiyi kimi, tərəfdaşlıq münasibətlərində eyni hüquqlardan çıxış etməliydi. Təəssüf ki, ölkəmiz bu sahədə ikili standartların dəfələrlə şahidi oldu. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın tələbiylə 1993-cü ildə hakimiyyətə qayıtması dövlət idarəçiliyində köklü dəyişikliklərə səbəb oldu və Azərbaycanın maraqlarının balanslı xarici siyasət kontekstində qorunması başlandı.

Məşhur yunan tarixçisi Fukidid hələ eramızdan əvvəl qeyd edirdi ki, tarix təkrar olunmağı sevir. Bu gün də tədqiqatçılar bu fikri proseslərə baxış kontekstində əsas götürürlər. Doğrudan da, dünya dəyişsə, dövlətlər, imperiyalar qurulub-dağılsa, bəşəriyyət neçə-neçə qanlı müharibələrdən keçsə də təəssüf ki, mahiyyət etibarilə biz eyni neqativ halları görməkdə, dağıdıcı prosesləri müşahidə etməkdəyik. Dünya ağalığına yiyələnmək və bütün ölkələri, xalqları təsir dairəsində saxlamaq iddiası və artıq qeyd etdiyimiz kimi, “fövqəldövlət” statusu qazanaraq az qala bütün insanlığın əvəzinə seçim etmək arzusu, ikili standartların mövcudluğu - bütün bunlar gözümüz qarşısında baş verən geosiyasi ədalətsizliklərdir. Bu gün kimin haqlı, kimin haqsız olması və ədalət prinsipləri kimi meyarlar kənarda qalmaqdadır. Əsas meyar, əsas kriteriya məlum dövlətlərin ancaq birtərəfli şəkildə maraqları, istək və mənafeləridir.

Akademik Ramiz Mehdiyev məqaləsində haqlı olaraq qeyd edir ki, “Ədalətlilik, beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə riayət edilməsi, onların daxili işlərinə qarışmamaq və dialoq ən mürəkkəb dövlətlərarası problemlərin həllinin açarıdır”. Bu kontekstdə əminliklə deyə bilərik ki, ikili standartlar siyasətinin qurbanlarından biri də elə ölkəmiz Azərbaycandır.

Azərbaycan Respublikası etnik separatizmdən əziyyət çəkən, əraziləri işğal altında olan, barəsində qəbul edilmiş BMT qətnamələrinə məhəl qoyulmayan, doğma torpağından qovularaq öz ölkəsində məcburi köçkün statusu qazanmış insanların yaşadığı ölkə deyilmi? Xocalı soyqırımı kimi insanlıq və bəşəriyyət əleyhinə cinayət olan hadisə azərbaycanlıların başına gəlməyibmi? Bu cinayəti törədənlərin kimliyi hamıya, o cümlədən beynəlxalq təşkilatlara, Qərb dövlətlərinə məlum deyilmi? Nəhayət, Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr birbaşa öz üzərilərinə götürmüş olduqları öhdəliyi - konfliktin həlli vəzifəsini nə üçün yerinə yetirmirlər? Məgər konkret olaraq BMT qətnamələrini rəhbər tutaraqbu 4 ali hüquqi akta əsaslanaraq işğalçının hansı tərəf olduğunu bəyan etmək və digər ölkələrə münasibətdə olduğu kimi, Ermənistana da sanksiya və təzyiq tədbirləri tətbiq etmək mümkün deyilmi? ABŞ bu gün özünüinsan hüquq, azadlıqlarının təminatçısı və müdafiəçisi” qismində görürsə, onda niyə qəbul etmir ki, BMT Təhlükəsizlik Şurasından ali qurumonun qəbul etdiyi qətnamələrdən ali hüquqi akt yoxdur!

Azərbaycan ictimaiyyəti haqlı olaraq soruşur ki, işğalçı Ermənistana niyə sanksiyalar tətbiq olunmur? Özünü “demokratiyanın beşiyielan edən ABŞ Ermənistanın işğalçılıq siyasətinə göz yumaraq torpaqlarını işğaldan azad etmək hüququ olan Azərbaycan dövlətini beynəlxalq hüquq prinsiplərində onunla eyniləşdirərək işğalçı ilə işğala məruz qalana fərq qoymur! Münaqişənin sülh yolu ilə həllini prioritet hesab edirsə, ən nəhayət, Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə ciddi hüquqi sanksiyalar tətbiq etmək əvəzinə onlara maliyyə yardımı ayırırsa, bu, artıq həmin ölkənin xristian təəssübkeşliyi, məsələyə ikili standartlardan yanaşmasıdır!

Təbii ki, Azərbaycan xalqı ABŞ başda olmaqla Qərb dairələrinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeni ikili standartların bariz nümunəsi, ədalətsiz və riyakar yanaşma hesab etməkdə haqlıdır. Faktlara müraciət edək: qısa müddət ərzində qərar qəbul edib məlum ölkələrə ciddi sanksiyalar tətbiq edən ABŞ, Avropa İttifaqı, BMT və dünyanın digər nüfuzlu təşkilatları məhz onların qətnamələrini icra etməkdən boyun qaçıran Ermənistana qarşı uzun illərdir heç bir tədbir görmürlər. Məhz bu cəzasızlıq mühitində Ermənistan yeni işğalçılıq iddialarını reallaşdırmaqdan, atəşkəsi kobud şəkildə pozmaqdan, çoxsaylı insan tələfatına səbəb olan təxribatlardan belə çəkinmir.

Eyni zamanda, Qərbin ikili standartları və ədalətsiz iddiaları insan haqları məsələsində ayrı-ayrı ölkələrə selektiv yanaşmada da özünü açıq büruzə verir. Nə üçün Qərb institutları Ermənistanda insan hüquq və azadlıqlarının, söz və məlumat azadlığının sərt şəkildə məhdudlaşdırılmasından danışmırlar? Ancaq gündən-günə sosial-iqtisadi sahədə inkişaf edən, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şərqdə ilk dəfə ölüm hökmü ləğv edilən, mətbuatda senzuranı aradan qaldıran Azərbaycan kimi ölkəyə qarşı qərəzli mövqe göstərilir. Parlamenti güllələnən, saxtakarlıqlara görə mitinqə çıxan minlərlə nümayişçini gülləbaran edən, yüzlərlə siyasi fəalı həbsxanaya dolduran Ermənistana qarşı heç bir sanksiya qəbul olunmur, tənqid edilmir.

Digər tərəfdən, Azərbaycan dəfələrlə ən yüksək səviyyələrdə bildirmişdir ki, beynəlxalq təhlükəsizlik, terrora qarşı mübarizə, enerji təhlükəsizliyi sferalarında ABŞ-la əməkdaşlıq edirbundan sonra da edəcəkdir. Azərbaycan sülhməramlı qüvvələri İraq və Əfqanıstanda fəaliyyət göstərir. Beynəlxalq terrorla mübarizədə Azərbaycan ilk günlərdən öz qətiyyətli mövqeyini bildirib. Beynəlxalq koalisiyanın üzvü olmaq, terrora qarşı mübarizədə ABŞ təşəbbüslərini aktiv şəkildə dəstəkləmək ölkəmizin seçimidir. Məgər bu faktlar özü Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etmirmi? Belə olan halda ölkəmizə qarşı ikili standartları və daxildən “beşinci kolonrolunu oynayan qeyri-hökumət təşkilatlarını dəstəkləmənin səbəbləri, doğrudan da, hər birimizdə suallar doğurmaya bilməz.

Bu tendensiyaları təhlil edərkən akademik Ramiz Mehdiyev göstərir ki, “Bu sahədə spesifik meyil ondan ibarətdir ki, beynəlxalq münasibətlərdə qarşılıqlı asılılığın qloballaşması və güclənməsi, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının (QHT) beynəlxalq arenaya çıxması və insan hüquqları kateqoriyasının transmilliləşməsi nəticəsində “beşinci kolonmüasir şəraitə uyğunlaşaraq yeni forma kəsb edib. Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi QHT-lər öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz filiallarının nəhəng şəbəkəsini yaradıblar. Yeni tiplibeşinci kolonrolunda çıxış edənlər də məhz onlardır. İnkişaf etməkdə olan ölkələrdə, xüsusən postsovet məkanındakı ölkələrdə göstərilən strukturlar həmin dövlətlərin qanunvericiliyi ilə hesablaşmadan işləyirlər. Bu təşkilatların əksəriyyəti Qərb dövlətlərinin hökumətlərindən birbaşaya xüsusi xidmətlərin formalaşdırdığı müxtəlif fondlar vasitəsilə çox böyük məbləğdə maliyyə dəstəyi alır”.

Doğrudan da, bu gün ölkənin ictimai-siyasi həyatını izləyən hər bir şəxs bu cür məqsədyönlü neqativ fəaliyyətin olduğunu əminliklə təsdiq edə bilər. Aydın məsələdir ki, çox iri məbləğdə maliyyənin ayrılması konkret təxribatçı məqsədlərə xidmət edir. Görülən odur ki, ABŞ öz maraqlarını təmin etmək üçün Azərbaycan da daxil olmaqla çox ölkəyə təsir rıçaqları əldə etmək, xüsusi təzyiq mexanizmləri hazırlamaq məqsədilə “yumşaq ekspansiya” siyasəti yürüdür. Müasir dövrdə özünəməxsus siyasi müdaxilə metodlarından istifadə edilir ki, burada da insan hüquqları, demokratiya, vətəndaş cəmiyyəti kimi dəyərlər yalnız bəhanə rolunu oynamaqdadır. Dövlətlərin daxili işlərinə qarışmaq üçün əsas təsir alətləri olan qeyri-hökumət təşkilatlarının dəstəklənməsinin əsl səbəbi də şübhəsiz ki, budur.

Beşinci kolonrolunu oynayan QHT-ləri təmsil edən şəxslər ölkəmizdə Qərb dövlətləri və təşkilatlarının faktiki rezidentləri, casusları qismində çıxış etməkdədir. İstənilən bir hadisəyə münasibətdə bu insanlar Azərbaycan vətəndaşı deyil, konkret ölkələrin təmsilçisi kimi mövqe nümayiş etdirirlər. Buna əmin olmaq üçün mətbuat vasitəsilə bu şəxslərin və onların himayəçisi olan məlum dövlət və təşkilatların bəyanatları ardıcıllığını, eyniyyətini və sonrakı fəaliyyətlərindəki səbəb-nəticə əlaqəsini izləmək kifayətdir. Bir Azərbaycan xanımı kimi təəssüflə qeyd etmək istərdim ki, bu “sapı özümüzdən olan baltalar”ın içərisində qadınlar da vardır və hətta elə ən aktiv olan da onlardır. Söhbət Leyla Yunus və Xədicə İsmayıldan gedir. Maraqlıdır ki, bu günlərdə Leyla Yunusa dəstək məqsədilə Ermənistanın paytaxtı İrəvanda jurnalist Laura Baqdasaryan çıxış edərək onu “mələk” adlandırıb. Bu azmış kimi, Avropa Parlamentinin prezidenti, elə Avropa cəmiyyətində barəsində neqativ təəssürat formalaşan Martin Şults qurumun plenar iclasında ölkəmiz haqda həqiqətə uyğun olmayan fikir səsləndirir və Leyla Yunusun müdafiəsinə qalxır.

Çox təəssüf ki, bu gün demokratiya, insan hüquqları bir dəyər kimi elə özünü onların “mühafizielan edən dövlətlər tərəfindən istismar olunur. Onlar antimilli ünsürlərdən “beşinci kolonkimi istifadə edərək, siyasi fəaliyyətləri öz məcrasından yayındırırlar. Bütün bu istismar olunan vasitələr milli dövləti zəiflətməyə, həmçinin xarici qurumların və beynəlxalq təşkilatların diktəsini Dağlıq Qarabağ problemindən yayındırmağa hesablanıb. Bütün bunlar nəticə etibarilə Azərbaycanın milli iradəsini məhdudlaşdırmağa xidmət edir. Təbii ki, Martin Şultsun da bu bəyanatı ilk növbədə, Azərbaycana, onun müstəqil siyasi iradəsinə qarşı şantaj və təxribatçı bir addımdır. Məqsəd isə Azərbaycanı beynəlxalq münasibətlərin güclü aktoru kimi fəaliyyət göstərməsinin qarşısını almaqAvropa siyasi sistemindən, eləcə də ayrı-ayrı institutlarından asılı olan ölkəyə çevirməkdir.

Bəs, bu vəziyyətdə cəmiyyətin mövqeyi necə olmalıdır? Bu suala cavab məqalədə ətraflı şəkildə verilmişdir. Müstəqil dövlət olaraq Azərbaycan öz Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara cavab verməyə tam hazırdır. Dünyada baş verən proseslərin mahiyyət və istiqamətindən asılı olmayaraq biz müstəqil siyasətimizi həyata keçirməkdən yayınmırıq. Bu gün regionun lider dövlətiyik. Bunlar Heydər Əliyev siyasətinin və onun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətinin nəticələridir. Akademik Ramiz Mehdiyev bununla bağlı yazır ki, “Bu, daxili sabitlik, iqtisadi inkişaf, davamlı ictimai-siyasi nizam, cəmiyyətin həyatının demokratikləşməsi sayəsində mümkün olub. Bu, qüvvələri və imkanları genişmiqyaslı modernləşmə proqramlarının həyata keçirilməsi üzərində cəmləşdirməyə imkan verir. İlham Əliyevin söylədiyi fikirlərin və həyata keçirdiyi işlərin mahiyyətinə diqqətlə varsaq asanlıqla başa düşmək olar ki, bu fikirlər və əməli işlər dərindən dərk edilmiş milli ideyadır. Dövlət başçısı məhz bu ideyadan çıxış edərək ölkəni postsənaye cəmiyyəti relsləri üzərinə - yüksək səviyyəli orbitə çıxarmaq kimi möhtəşəm bir planı həyata keçirir. Belə cəsarətli fəaliyyət xəttini həyata keçirməyi yalnız enerjili, uzaqgörən və istedadlı lider özünə rəva görə bilər”.

Demokratiya Azərbaycan dövlətinin və xalqının şüurlu, azad və birmənalı seçimidir. Bu yolla getmək, dünya dövlətləri içərisində öz layiqli yerini tutmaq, insan hüquq və azadlıqlarını ən yüksək səviyyədə təmin etmək mövcud iqtidarın hədəfidir. Biz bu hədəfə əminliklə getməkdəyik. Bu yolda Azərbaycana tövsiyə və dəstək verənlərə etiraz edilmir. Amma bu, göstəriş və təzyiq formasında olacaqsa, əsl məqsəd yüksək ideallar adı altında əslində öz iradələrini yeritməkdirsə, əminliklə deyə bilərik ki, bunun heç bir nəticəsi olmayacaqdır. Müstəqillik ulu öndər Heydər Əliyevin də dediyi kimi, ən böyük nemətimizdir. Azərbaycan öz suverenliyini hər şeydən üstün tutacaq, digər ölkələrin hansı məqsəddə olmasından asılı olmayaraq daxili işlərinə müdaxiləyə imkan verməyəcəkdir. Azərbaycan xalqı öz taleyini özü həll edəcək dərəcədə yetkinmüdrik xalqdır. Əslində, buna artıq heç kəsin şübhəsi yoxdur!

 

Leyla ABDULLAYEVA,

Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 11 dekabr.- S.6.