“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında qəbul olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.3. bu fərmanla təsdiq olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 6.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının strukturunu və işçilərinin say həddini təsdiq etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 1, maddə 29; 2007, ¹ 5, maddə 451; 2008, ¹ 7, maddə 616; 2010, ¹ 10, maddə 852; 2011, ¹ 1, maddə 16, ¹ 2, maddə 85) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 12 dekabr.-  S.1.