Azərbaycan Prezidenti İlham Əliyev Serbiya parlamenti
sədrinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də
Serbiya Respublikasının parlamentinin sədri xanım Maya
Qoykoviçin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Azərbaycan
ilə Serbiya arasında dostluq münasibətlərinin
mövcud olduğunu vurğulayan dövlətimizin
başçısı siyasi əlaqələrimizin yüksək
səviyyəsindən məmnunluğunu ifadə etdi və
bunun iqtisadi sahədə əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı zəmin
yaratdığını bildirdi.
Xanım
Maya Qoykoviç ölkəsinin iqtisadi əməkdaşlığın
genişləndirilməsində və Azərbaycanın Serbiya
iqtisadiyyatına investisiya qoymasında maraqlı olduğunu
bildirdi. Parlament sədri ölkələrimizin beynəlxalq təşkilatlarda
da uğurlu əməkdaşlıq etdiyini dedi.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini
deyən xanım Maya Qoykoviç Kosovo ilə bağlı Azərbaycanın
mövqeyinə görə minnətdarlığını
bildirdi. Parlament sədri ölkəsində Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin abidəsinin
ucaldılmasını, eləcə də dahi bəstəkar
Üzeyir Hacıbəylinin Serbiyada, Bakıda isə serb
xalqının böyük oğlu Nikola Teslanın abidələrinin
açılışını ölkələrimiz
arasında dostluq əlaqələrinin yaxşı göstəricisi
kimi dəyərləndirdi. O, Serbiyada məscid və kilsənin
əsaslı şəkildə yenidən qurulmasına və
bu yaxınlarda daşqınlar zamanı ilk ölkələrdən
biri olaraq Azərbaycanın göstərdiyi yardıma görə
serb xalqı və şəxsən öz adından Prezident
İlham Əliyevə minnətdarlıq etdi.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Serbiyanın mövqeyini yüksək qiymətləndirən
Prezident İlham Əliyev Azərbaycanın da Kosovo ilə əlaqədar
Serbiyanın mövqeyini dəstəklədiyini bir daha
vurğuladı.
Görüşdə
ölkələrimiz arasında nəqliyyat, investisiya
qoyuluşu, energetika və digər sahələrdə əməkdaşlıqla
bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 12 dekabr.- S.1.