Bakıda “Heydər Əliyev Anadolu Agentliyinin və
AzərTAc-ın obyektivlərində”
adlı fotosərgi açılıb
Dekabrın
11-də Bakıdakı Muzey Mərkəzində Türkiyənin
Anadolu Agentliyinin və Azərbaycan Dövlət Teleqraf
Agentliyinin (AzərTAc-ın) arxivlərində ulu öndər
Heydər Əliyevin zəngin həyat və fəaliyyəti
ilə bağlı qorunub saxlanılan fotoşəkillərdən
ibarət “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın
obyektivlərində” adlı fotosərgi açılıb.
Ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr edilən sərgi Anadolu Agentliyinin və AzərTAc-ın təşkilatçılığı, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sərginin açılışında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ümummilli lider Heydər Əliyevə həsr olunmuş belə bir sərgidə iştirak etməkdən məmnun olduğunu söyləyib. Şöbə müdiri deyib ki, artıq 11 ildir ümummilli lider Heydər Əliyev aramızda yoxdur, lakin onun nurlu xatirəsi Azərbaycan xalqının, onu tanıyan Türkiyə, eləcə də digər ölkələrin vətəndaşlarının qəlbində yaşamaqdadır. Ümummilli liderin ideyaları, həyata keçirdiyi siyasət, yorulmaz fəaliyyəti onun nurlu xatirəsini insanların qəlbində əbədi edən əsas dəyərlərdir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev xalqımızın, dövlətimizin tarixində özünə əbədi yer tutub.
Əli Həsənov bildirib ki, bu sərginin keçirilməsi ümummilli liderin xatirəsinə dərin ehtiramın, böyük sevginin bariz göstəricisidir. Azərbaycan jurnalistlərinin, ziyalılarının, elm, təhsil, mədəniyyət adamlarının, o cümlədən ictimaiyyətin nümayəndələrinin bu sərgidə iştirakı bir daha ümummilli liderin xatirəsinə, onun yaratdığı böyük Azərbaycana hörməti nümayiş etdirir.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, türk dünyasında, türk mədəniyyətində, ədəbiyyatında özünəməxsus yeri, rolu və hörməti olan bir alimin - Yunus Əmrənin adını daşıyan Mədəniyyət Mərkəzinin bu tədbiri təşkil etməsi, eyni zamanda, türk dünyasının digər böyük şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevə məhəbbətin nəticəsidir. Bilirsiniz ki, türk dünyası özünün ictimai, siyasi, iqtisadi dəyərləri ilə bərabər dünyanın elm, mədəniyyət, incəsənət, siyasət tarixinə bəxş etdiyi dəyərli insanları ilə də tanınır. Bunların sırasında Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürkün, Yunus Əmrənin və digərlərinin adlarını çəkmək olar. Azərbaycan tarixində də belə şəxsiyyətlər var, onları siz də tanıyırsınız. Təbii ki, həmin şəxsiyyətlərdən danışarkən, ilk növbədə, ümummilli lider Heydər Əliyevin adı çəkilir və onun xatirəsi ehtiramla anılır.
Əli Həsənov bu sərginin təşkilinə görə bir daha Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinə, Anadolu Agentliyinə, AzərTAc-a və Muzey Mərkəzinə təşəkkürünü bildirib. Şöbə müdiri vurğulayıb ki, ümummilli liderin xatirəsinə dərin hörmət və sevginin əlaməti olan belə gözəl sərgilər Azərbaycanda və Türkiyədə hər zaman keçiriləcək, insanlar ulu öndərin həyatının ayrı-ayrı səhifələri ilə yaxından tanış olacaqlar.
Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas deyib ki, unudulmaz lider Heydər Əliyev adını tarixə qızıl hərflərlə yazdırıb. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlət müstəqilliyini qoruyub saxladı və qısa bir zamanda böyük inkişaf yolu keçərək bölgədə söz və güc sahibinə çevrildi. Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur duyduğu nadir şəxsiyyətlərdəndir. Heydər Əliyev mənsub olduğu xalqın qəlbində əbədi sevgi qazanıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqı öz böyük oğlunun xatirəsini daim hörmət və ehtiramla yad edir.
M.Barlas Türkiyə ilə Azərbaycan arasında sağlam təməllər üzərində qurulan dostluq və qardaşlıq əlaqələrinin davamlı inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb.
TRT televiziya kanalının baş direktoru Şenol Göka ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını hər dəfə eşidəndə qürur hissi keçirdiyini söyləyib. O deyib ki, ulu öndərin bu ölməz kəlamı indi də öz aktuallığı ilə diqqəti cəlb edir. Xalqlarımız, dövlətlərimiz daim bir yerdə, bir-birinin yanındadır.
Şenol Göka ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar təşkil edilmiş fotosərginin böyük əhəmiyyət kəsb etdiyini bildirib və vurğulayıb ki, bu, hər iki xalqın sevdiyi dahi şəxsiyyətə sonsuz məhəbbətin əyani təsdiqidir.
Yunus Əmrə İnstitutu direktorunun müavini Şenol Çobanoğlu deyib ki, müasir Azərbaycanın qurucusu olan Heydər Əliyev dünya şöhrətli siyasi xadim olmaqla bərabər, elm, mədəniyyət, sənət adamlarına dəyər verən dahi bir şəxsiyyət idi. Bu gün iki qardaş ölkənin aparıcı informasiya agentliklərinin təşkil etdikləri sərgidəki fotoşəkillərə baxanda böyük liderin həyatının və fəaliyyətinin müxtəlif anları gözlərimiz önündə canlanır. Bu fotolar yaddaşa hopmuş tarixdir və gələcək nəsillərin ümummilli lideri tanıması baxımından da böyük əhəmiyyətə malikdir.
AzərTAc-ın baş direktoru Aslan Aslanov çıxış edərək bildirib ki, sərgidə dahi şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolunun, zəngin dövlətçilik fəaliyyətinin çox maraqlı anları əksini tapıb. Bu fotoşəkillər iki qardaş ölkənin - Azərbaycanın və Türkiyənin milli informasiya agentliklərinin arxivlərində çox qiymətli sərvət kimi qorunub saxlanılır.
Aslan Aslanov deyib ki, ulu öndər Heydər Əliyev öz misilsiz xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev çağdaş Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalıb və qalacaq. Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir.
Baş direktor deyib: “Ümummilli lider Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq məfkurəsinin izləri var. Bu məfkurə müstəqillik illərində daha da inkişaf edib, milli dövlətçiliyimizin sarsılmaz dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycanda hansı sahəyə üz tuturuqsa, orada ümummilli liderin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük”.
Diqqətə çatdırılıb ki, bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev praqmatik lider və dövlət başçısı kimi Heydər Əliyev ideyalarını uğurla həyata keçirir.
“Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqillik yollarına, xalqımızın sabahına daim işıq saçacaq”, - deyən Aslan Aslanov vurğulayıb ki, nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaddaşlarda əbədi yaşayacaq. Açılışına toplaşdığımız bu sərgi dahi şəxsiyyətlə bağlı xatirələrimizi təzələyəcək, onun böyük və mənalı ömür yolunun ayrı-ayrı epizodlarını göz önündə canlandıracaq.
Anadolu Agentliyinin baş direktorunun müavini Əbubəkr Şahin Azərbaycanda olduğu kimi, Türkiyədə də ümummilli lider Heydər Əliyevə böyük sevgi və hörmət bəslənildiyini söyləyib. O, qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında Heydər Əliyevin mühüm xidmətləri olduğunu diqqətə çatdırıb.
Ə.Şahin Anadolu Agentliyinin bu sərginin təşkilatçılarının biri olmasından məmnunluğunu qeyd edib. Baş direktorun müavini Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çox önəmli məqamların əks olunduğu bu fotoşəkillərin ziyarətçilərdə böyük maraq doğuracağına əminliyini bildirib.
Sonra mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin həyatının ən maraqlı anlarının əks olunduğu fotolardan ibarət sərgi ilə tanış olublar.
Bu fotoşəkillər ümummilli liderin zəngin həyat və fəaliyyətinin ən qiymətli yadigarlarıdır. Onlar bizə ulu öndərlə bağlı əlamətdar tarixi anları xatırlamaq, mənsub olduğu xalqın və qurub yaratdığı müasir müstəqil Azərbaycan dövlətinin həyatında silinməz iz qoymuş bu dahi şəxsiyyətin böyüklüyünü bir daha çatdırmaq baxımından olduqca əhəmiyyətlidir. Ulu öndərin sevincini, kədərini, qürurunu, böyüklüyünü yaşadan bu fotoşəkillər həm indiki, həm də gələcək nəsillərə bir ərməğandır. Bu fotoşəkillər həm də Azərbaycan adlı bir müasir müstəqil dövlətin qurucusunun yorulmaq bilməyən fəaliyyətinin göstəricisidir. Burada vaxtın dəyəri görülən işlərlə ölçülür. Əgər bir şəkildə o övladlarının əhatəsindədirsə, digərində xalqın arasındadır. Əgər bu fotoşəkillərin bir qismi Bakıda çəkilibsə, digərləri dünyanın dörd bir yanında fotoaparatın yaddaşına köçürülüb. Burada zəngin və bənzərsiz bir ömrün anları, hamıda maraq və heyrət doğuracaq əzəli və əbədi bir siyasi xadimin dünəni, bu günü və gələcəyi öz əksini tapıb.
Fotosərgi ilə tanış olan hər bir kəs burada görkəmli dövlət xadiminin Azərbaycan dövlətini yaratmaq naminə yorulmaq bilməyən fəaliyyətini, insana və insanlığa sevgisini, dövrünün böyük səlahiyyət sahibləri ilə səmimi görüşlərini görəcək və mənən qürur duyacaq.
Böyük ustalıqla seçilmiş dəyərli fotoşəkillərdən ibarət sərgini ölkəmizin həyatında çox böyük rol oynamış, Azərbaycan naminə bu gün də riyazi dəqiqliklə işləyən kursu müəyyən etmiş Heydər Əliyevin həyat salnaməsi də adlandıra bilərik.
Üç gün davam edəcək sərgidə AzərTAc-ın və Anadolu Agentliyinin arxivlərindən seçilmiş 100-ə yaxın fotoşəkil nümayiş olunur.
Sərginin açılışında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, qardaş ölkədən gəlmiş çoxsaylı qonaqlar iştirak ediblər.
AzərTAc
Azərbaycan.-2014.-
12 dekabr.-
S.2.