Heydər Əliyev Mərkəzində ümummilli
liderin
xatirəsinə həsr
olunan klassik musiqi gecəsi
Dekabrın 11-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr olunan klassik musiqi gecəsi keçirilib.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib. Orkestri bədii rəhbər və baş dirijor, xalq artisti Rauf Abdullayev idarə edib.
Hökumət rəsmilərinin, mədəniyyət xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konsertdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Soltan Hacıbəyovun “Karvan” simfonik qravürləri, Niyazinin “Rast” simfonik muğamı və tanınmış rus bəstəkarı Dmitri Şostakoviçin 5 nömrəli simfoniyasından üçüncü hissə səsləndirilib.
Zəngin siyasi fəaliyyəti boyu digər sahələrlə yanaşı, ölkəmizin mədəniyyətinə də böyük diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyev həm də musiqi mədəniyyətimizin inkişafı istiqamətində misilsiz işlər görüb. Ulu öndərin işıqlı ideyalarına sadiqliyin nəticəsidir ki, bu gün Azərbaycan musiqisi sərhədləri aşaraq, dünyanın nüfuzlu konsert salonlarında milyonların qəlbini fəth edir.
Ulu öndərin xatirəsini anma günü ərəfəsində Heydər Əliyev Mərkəzində təqdim olunan klassik musiqi gecəsi də onun əziz xatirəsinə ehtiramın musiqi dilində ifadəsi olub.
Tamaşaçılara unudulmaz anlar bəxş edən konsert alqışlarla qarşılanıb.
AzərTAc
Azərbaycan.-2014.- 12 dekabr.- S.2.