Ortaq maraqlardan çıxış etmək Türkiyə

 və Azərbaycan mediasının əsas vəzifəsidir

 

 

Azərbaycan və Türkiyə media qurumlarının əlaqələrinin daha da möhkəmləndirilməsi günün tələbidir. Qardaş ölkələrimizin kütləvi informasiya vasitələri dövlətlərimizin ortaq maraqlarından çıxış etməlidirlər.

Bu fikir dekabrın 11-də Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Proqramı çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusundakı konfransda səslənib. Konfrans Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Türkiyənin ölkəmizdəki səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi

(TİKA), TRT-ninAnadolu Agentliyinin Bakıdakı nümayəndəliklərinin təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir dövrdə onlayn medianın önəmindən danışaraq, konfransda ənənəvi mediadan onlayn mediaya keçid zamanı qarşıya çıxa biləcək problemlərin, onların həlli yollarının və birgə fəaliyyət məsələlərinin araşdırılacağını bildirdi. Diqqətə çatdırıldı ki, konfrans Türkiyə və Azərbaycanın, eləcə də türkdilli ölkələrin və xalqların media qurumları arasında əlaqələri daha da möhkəmləndirmək məqsədi daşıyır.

Sonra Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək dedi: “Dövlətlərimiz vahid mövqedən çıxış edirsə, diaspor təşkilatlarımız, səfirliklərimiz mütəmadi olaraq qarşılıqlı fəaliyyət göstərirlərsə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bütün məsələlərdə ölkələrimizin maraqları naminə vahid hədəflər uğrunda addımlar atırsa, nə üçün bizim media orqanları da birgə fəaliyyət göstərməsin? Sizə bir faktı xatırladım. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən tədbirdə forpost dövlət olan Ermənistanın prezidenti Serj Sarkisyan Türkiyənin əleyhinə danışarkən, Azərbaycan Prezidenti onun sözünü kəsdi və dedi ki, “Türkiyə burada yoxdur, mən varamsizin cavabınızı da mən verəcəyəm”. Təkcə bu sözlərin özü bu gün Azərbaycanın və Türkiyənin dövlət başçıları, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir”.

1998-2000-ci illərdə Azərbaycana ən böyük yatırımların Türkiyə tərəfindən qoyulduğunu deyən Əli Həsənov bildirdi ki, ölkəmiz neftdən əldə olunan gəlirlər sayəsində özünün iqtisadi durumunu yaxşılaşdırdıqdan sonra həm də xaricə sərmayələr qoymağa başlayıb. O dedi: “Azərbaycan ən böyük yatırımlarını Türkiyə iqtisadiyyatına qoyub. Azərbaycan dövləti Türkiyə iqtisadiyyatına 20 milyard dollar sərmayə yatırır. Bu da Azərbaycan neftinin qardaş ölkəyə gətirdiyi üstünlüklərdir ki, Türkiyədə çoxlu sayda yeri açılıb. Düşünürəm ki, jurnalistlər də dövlətlərimizin strateji xəttini qoruyaraq, prezidentlərimizin yürütdüyü siyasətdən və ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsiplərdən çıxış edərək, ölkələrimizin maraqlarını qorumalıdırlar. Media texnologiyalarının hansı səviyyədə dəyişməsindən asılı olmayaraq, hər iki ölkənin jurnalistləri ortaq maraqlardan çıxış etməlidirlər”.

Əli Həsənov qeyd etdi ki, hazırda media transformasiya mərhələsini yaşayır, ənənəvi media strukturları yerini modern media strukturlarına verir. Bu da ondan irəli gəlir ki, müasir dövrdə ənənəvi ünsiyyət forması saxlanmaqla, həm də virtual ünsiyyət forması sürətlə inkişaf edir. Buna müvafiq olaraq həm Azərbaycan, həm Türkiyə getdikcə modernləşir, hər iki ölkənin mövcud strukturları, o cümlədən media müasir çağırışlara uyğunlaşır. Jurnalistlər unutmamalıdırlar ki, hansı şəraitdə, hansı texniki vasitələrlə, hansı maddi və mənəvi mühitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, onlar dövlətlərimizin, xalqlarımızın maraqlarını nəzərə almalı və bu maraqların təmin olunmasına töhfələrini verməlidirlər.

Jurnalistikanın böyük qüvvə olduğunu deyən ulu öndər Heydər Əliyevin jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayan Əli Həsənov bildirdi: Ulu öndər deyib ki, əgər bu gün jurnalistlərin fəaliyyəti olmasa, bizim həyata keçirdiyimiz tədbirlər və idarəçilik strukturlarının gördüyü işlər barədə məlumatlar insanlara çatdırıla bilməz. Əgər insanlara çatdırıla bilməzsə, deməli, insanlar bu fəaliyyəti dəyərləndirə bilməyəcəklər. Jurnalistlər hakimiyyətlə cəmiyyət arasında sıx əlaqə vasitəsidir və hakimiyyətin siyasətini xalqa, xalqın da idarəçiliklə bağlı rəyini hakimiyyətə çatdıraraq qarşılıqlı əlaqəni təmin edir. 1993-cü ildən sonrakı dövrdə söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan KİV-ləri bölgənin aparıcı media strukturlarına çevrilib. İndi Azərbaycan jurnalistlərinin səsi bütün dünyadan gəlir”.

Bir neçə gün bundan əvvəl Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclasında iştirak etdiyini xatırladan Əli Həsənov bildirdi ki, Azərbaycanın təşəbbüsü ilə İslam Ölkələri Jurnalistlər Birliyinin yaradılması və onun təsis qurultayının Bakıda keçirilməsi barədə təşəbbüs dünyanın 50-dən artıq dövləti tərəfindən yüksək qiymətləndirilib.

Müsəlman ölkələrində baş verən hadisələrin dünyaya doğru, düzgün çatdırılmasında jurnalistlərin rolundan danışan Əli Həsənov dedi: “Biz bu informasiyaları hələ də CNN, BBC və digər transmilli qurumlardan alırıq. Amma yayılan informasiyaların araşdırılması baş vermiş hadisələrlə təqdim olunan xəbərlər arasında ciddi uyğunsuzluğun olduğunu, obyektiv reallığın əsas cizgilərinin əksini tapmadığını göstərir. Misirdə, İranda, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində, Fələstində, Yəməndə, Tunisdə və digər müsəlman ölkələrində baş verən hadisələr məgər o transmilli xəbər orqanlarının təqdim etdiyi kimidirmi? Məgər bütün dünya ölkələri baş verən hadisələri o qurumların jurnalistləri kimi düşünürmü? Əlbəttə ki, yox. Amma bizim ölkələrin jurnalistləri dağınıq fəaliyyət göstərir, bəzən səsimizi ölkəmizdən kənara çıxara bilmirik. Bu da ona gətirib çıxarır ki, dünyada müsəlman dövlətləri, müsəlman xalqları haqqında qərəzli rəy formalaşdırılır. Bu ölkələr, xalqlar terrorizm məkanı və terrorçu dövlətlər, sivil normalardan uzaq insanlar kimi təqdim olunur. Amma yaxşı bilirik ki, İslam dini bəşər sivilizasiyasına hansı dəyərləri, hansı üstünlükləri gətirib. İslam sivilizasiyasının Yer kürəsinə, insanlar və millətlər arasına gətirdiyi dəyərlərin çoxu bu gün başqa ad altında dünyada təbliğ olunur. Lakin İslam ölkələri terrorizmi dəstəkləyən, öz daxilində və bir-biri arasında nizam yarada bilməyən xalqlar, dövlətlər kimi təqdim edilir. Bu anlamda, əlbəttə jurnalistlərin qarşısında çox mühüm vəzifələr durur”.

Əli Həsənov bildirdi ki, bir neçə il bundan əvvəl bəzi Qərb dairələri Türkiyə-Ermənistan sərhədlərinin açılması kampaniyasını başlayarkən, Azərbaycan və Türkiyə mediası güclü iradə ortaya qoydu, hətta dövlət rəsmilərinə nümunə göstərdi: “Baxın, ABŞ kimi bir dövlət bütün avropalı müttəfiqlərini səfərbər edərək, Azərbaycanın ərazilərinin işğal altında olduğunu qulaqardına vuraraq, ikili standartlardan çıxış edərək, Türkiyə ilə Ermənistanın sərhədlərini açmaq istəyirdi. Bu sərhədlərin bağlanması səbəbini hamınız bilirsiniz. Türkiyə qardaş dövlət kimi Azərbaycan torpaqlarını işğal edən Ermənistana sərhədini açmayacağını, onunla heç bir diplomatik, iqtisadi, siyasi, sosial münasibətlər yaratmayacağını, işğala son qoyulmayana qədər onunla heç bir münasibət qurmayacağını hələ 1993-cü ildə bəyan edib və sərhədləri bağlayıb. Bu siyasətin bu günə qədər də davam etməsi Türkiyə xalqının, dövlətinin iradəsidir. Bu xalqın və dövlətin iradəsinə təsir göstərməyə çalışan beynəlxalq qüvvələr bilməlidirlər ki, qarşılarında təkcə hakimiyyət strukturlarını deyil, xalqların, dövlətlərin və onların iradəsinin təmsilçiləri olan jurnalistləri görəcəklər”.

Prezident Administrasiyasının rəsmisi dedi: Biz qardaş ölkələrimizin media qurumları arasında əlaqələrin daha da möhkəmlənməsini istəyirik. Əminəm ki, hər iki ölkənin jurnalistləri indiyədək olduğu kimi, bundan sonra da bütün səviyyələrdə öz güclərini birləşdirəcəklər”.

Türkiyə və Azərbaycan jurnalistlərinin qarşılıqlı təcrübə mübadiləsini, ixtisasartırma kurslarının təşkilini təqdirəlayiq olduğunu bildirən Əli Həsənov, qardaş ölkələrimizin media qurumlarının bütün məsələlərdə həm müvəffəqiyyətləri, həm də problemləri bölüşmək gücündə olduğunu vurğuladı.

Türkiyənin dünyada özünün hərbi, ideoloji, siyasi, iqtisadi gücü ilə mühüm bir yer tutan dövlət olduğunu və Azərbaycanın da bu gün Türkiyənin gücünə güc qatacaq bir səviyyədə inkişaf etdiyini diqqətə çatdıran Əli Həsənov dedi: “Bu gün Azərbaycan və Türkiyə vahid maraqlar uğrunda bir birlik formalaşdırıblar. Bu birlik heç kimin maraqlarını təhdid etmir, heç bir xalqa, dövlətə, dinə və etnik struktura qarşı yönəlməyib. Biz öz varlığımızı qoruyuruq və istəyirik ki, dünyada da bizim dinimizə, dilimizə, mədəniyyətimizə, maddi-mənəvi dəyərlərimizə hörmətlə yanaşsınlar. Biz öz ərazilərimizin bütövlüyü uğrunda mübarizə aparırıq, heç kimin torpağında gözümüz yoxdur. Amma, eyni zamanda, tələb edirik ki, bizim də ərazi bütövlüyümüzə hörmətlə yanaşsınlar. Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə dünyaya verdiklərinin əvəzini istəyir”.

Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz çıxış edərək dedi ki, media əlaqələrinin daha da dərinləşdirilməsi, təcrübə mübadiləsinin aparılması çox önəmlidir. Səfirlik yalnız media sahəsində deyil, digər sahələrdə də əlaqələrin genişləndirilməsini davam etdirəcək. Belə konfransların keçirilməsi əməkdaşlığın möhkəmlənməsinə töhfəsini verəcək.

TİKA-nın Bakı proqramı üzrə əlaqələndiricisi Mustafa Haşim Polat isə Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Proqramı barədə məlumat verdi, qardaş ölkələrimizin mətbuat qurumlarının birgə fəaliyyət göstərməsinin vacibliyini vurğuladı. Qeyd olundu ki, müasir dünyada rəqəmsal media ənənəvi medianı kölgədə qoyur. Bu baxımdan konfransın bu mövzuya həsr olunması çox əhəmiyyətlidir. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək və inanıram ki, öz müsbət nəticələrini verəcək.

TRT kanalının baş direktoru Şenol Göka çıxış edərək bildirdi ki, Azərbaycandakı hadisələr hər zaman Türkiyə mediası üçün gündəm olubbu, belə də davam edəcək. Media qurumlarının əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayan Şenol Göka, ölkələrimiz arasında media tədris mərkəzinin yaradılması təklifi ilə çıxış etdi. Diqqətə çatdırdı ki, bu mərkəz vasitəsilə jurnalistlərimiz arasında təcrübə mübadiləsini genişləndirmək, birlikdə güc yaradaraq, bütün dünyaya bu gücü tanıtmaq və təsir göstərmək olar.

Sosial media barədə də danışan TRT kanalının baş direktoru bildirdi ki, yeni media deyilən xəbər forması gələcəkdə də öz üstünlüyünü saxlayacaq. Ancaq sosial medianın üstünlüyününonun təsirinin nə qədər çəkəcəyi məlum deyil.

1920-ci ildə yaradılan və hazırda 8 dildə xəbər yayan Anadolu Agentliyinin rus dili üzrə yayım mərkəzinin Azərbaycanda yerləşməsindən qürur duyduğunu bildirən agentliyin baş direktor müavini Əbubəkr Şahin ölkələrimizin media strukturlarının qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyini vurğuladı. Anadolu Agentliyinin imkanlarından danışan Ə.Şahin innovativ texnologiyalardan istifadənin üstünlükləri barədə məlumat verdi, hər iki ölkənin jurnalistlərinin əməkdaşlığı üçün geniş imkanların olduğunu diqqətə çatdırdı.

Ə.Şahin sonda konfrans iştirakçılarını “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” adlı fotosərgiyə dəvət etdi.

Haber 7.com” portalının rəhbəri İbrahim Ərdoğan, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, Ankara Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşar, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və başqaları çıxış edərək, qardaş ölkələrimiz arasında media əlaqələrinin inkişaf etdirilməsinin önəmindən danışdılar. Bildirildi ki, jurnalistlər dünya mediasında ölkələrimizə qarşı yönəlmiş qərəzli informasiyaların qarşısının alınması üçün birgə fəaliyyət göstərməli, milli maraqları qorumalı və vahid mövqedən çıxış etməlidirlər.

Sonda konfrans iştirakçıları adından Türkiyə və Azərbaycan jurnalistlərinə müraciət ünvanlandı.

 

AzərTAc

Azərbaycan.-2014.- 12 dekabr.-  S.3.