Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq

 dostluq və qardaşlıq münasibətləri üzərində qurulub

 

Dekabrın 11-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Hasan Yardımcının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir Zakir Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müdafiə naziri işğal edilmiş torpaqlarımızın azad edilməsinin bölgə üçün vacibliyini vurğulayıb.

H.Yardımcı Azərbaycana səfərdən məmnun qaldığını bildirərək, qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür səfərlərin rolu və əhəmiyyətindən danışıb.

Sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun iştirak edib.

 

Azərbaycan.-2014.- 12 dekabr.-  S.3.