Qəlbimdə daim yaşayan insan

 

 

Həyatımda müstəsna, əvəzsiz xidmətləri olan, adı doğma, əziz bir şəxsiyyət kimi qəlbimdə əbədi yaşayan, ulu öndər Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. Bu xatirələrdən bəzi epizodları bölüşmək, bununla da bu dahi insanı dərin ehtiramla yad etmək istəyirəm.

Ömür-gün yoldaşım Səlimin vəfatından çox sarsılmışdım, özümə gələ bilmirdim. Zəifləmişdim, bərk zökəm tutmuşdum. Evdə xəstə yatırdım. Birdən, dünyalar qədər sevdiyim, şəxsiyyətinə daim hörmət etdiyim, ümidgahım, əzizim Heydər müəllimin - ulu öndərimizin dünyasını dəyişməsi xəbərini eşitdim. Bu an dünyam qaraldı, həyat mənə dar gəldi. Qızdırmam 40-a çatdı. Hönkürtü ilə o qədər ağladım ki, səsim batdı. Belə bir halla ötən əsrin 90-cı illərində, Qanlı 20 Yanvar hadisələri zamanı üzləşmişdim. Nə gecələr yata bilirdim, nə də gündüzlər. Hörmətli oxucular yaxşı bilir ki, mən digərləri kimi çox təmtəraqlı sözlər deməyi xoşlamıram. Ürəyimdən, qəlbimdən nə keçirsə, onu söyləyirəm. Bir halda ki, ulu öndəri bütün dünya tanıyır, dünya şöhrətli siyasətçi kimi qəbul olunur, böyük şəxsiyyət kimi tarixə düşüb, onun haqqında daim səmimi sözlər demək lazımdır.

İndiyə qədər onun cismani yoxluğu ilə barışa bilmirəm. Mənim üçün dünya həqiqətən də kiçilib, günəşin şüası azalıb. Onsuz həyat mənim üçün bir heçdir. Axı, mən həmişə ilhamı həm də ondan almışam...

Heydər Əliyevlə hər görüşümüz bir hadisə idi, duzlu zarafatlar edərdi. Mənim səmimiliyimi, açıq danışmağımı çox sevirdi. Deyirdi ki, “Zeynəb, səninlə söhbətdən zövq alıram, istirahət edirəm. Çoxu ilə rəsmi görüşmüşəm. Sənsə tamam başqasan. Sən necəsənsə, eləsən, özünsən. Ona görə də sənin xətrini çox istəyirəm. Sən mənə çox doğmasan, əzizsən”.

Həmişə ona deyirdim ki, sizə dağlar qədər ömür arzulayıram. “Nə üçün dağlar qədər? De, günəş qədər” deyə cavab verərdi. Mənsə həmişə deyirdim: “Ona görə dağlar qədər deyirəm ki, dağlar həmişə yaşayır, zirvədə olur. Günəş isə sönür, sonra yanır. Siz isə həmişə sönməzsiniz. Odur ki, Sizi ancaq dağa bənzədirəm”. Hayıf, mənim əziz Heydər Əliyevim - bizim havamız, suyumuz, gedib-gələn nəfəsimiz aramızda yoxdur. Biz sözün əsl mənasında atasız qalmışıq!

1975-ci il idi. Əməl Sayın və Tereşkova Bakıya dövlət konsertinə gəlmişdilər. Konsertdə türk mahnısı oxudum. O vaxtkı nazir mənə üç ay cəza verdi. Radio və televiziyada oxumağıma qadağa qoyuldu. Səbəb isə yalnız konsertdə türk mahnısı oxumağım oldu. Bundan xəbər tutan Heydər Əliyev mənə dedi ki, yaxşı edib türk mahnısı oxumusan. O sənin millətinin mahnısıdır.

1980-ci illərdi. Yay fəsli olduğundan bağ evimdə dincəlirdim. Bir gün Mərkəzi Komitədən iki nəfər gəlib, mənim təcili olaraq Bakıya qayıtmağımı xahiş etdilər və dedilər ki, axşam saat 6-da Heydər Əliyev səninlə telefonla danışacaq. Şəhərə evə gəldim, özüm də çox həyəcanlı idim. Fikirləşirdim, görəsən, uzaq ölkədən nəyə görə mənə zəng vuracaq. Elə bu fikirlə oturub gözləyirdim ki, birdən telefon zəng çaldı. Ürəyim yerindən oynadı. Telefonda Zərifə xanımın səsi eşidildi. Allah ona qəni-qəni rəhmət etsin. Hal-əhval tutduqdan sonra dedi ki, indi qardaşın səninlə danışacaq. Bir də gördüm Onun səsi eşidildi: “Zeynəb, necəsən? Eşitdim bağda kef edirsən. Bağ xoşuna gəldimi? Anan necədir?”. Dedim: “Gecə-gündüz sizə dua edirik”. Dedi: “Mən bağı anana vermişəm. O, məni səndən çox istəyir”. Mən incidiyimi büruzə verdim. Dedi: “Yaxşı, özündən çıxma. Bilirsən, sənə niyə zəng etmişəm?”. Dedim ki, yox, bilmirəm. Dedi ki, “səni ürəkdən təbrik edirəm. Sənə mənim təqdimatımla SSRİ xalq artisti fəxri adı verilib. Rəşid Behbudov isə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb”.

Dedi: “Zeynəb, istəyirəm, sən bu SSRİ xalq artisti adını başqa xalq artistlərinə verilən adlara bənzətməyəsən. Bu SSRİ xalq artistinin qiyməti çox böyükdür. Bu ad SSRİ üzrə cəmi 4 nəfərə verilib. Rusiyadan L.Zıkina, Tacikistandan Curabek, Özbəkistandan Tamara xanım bu ada layiq görülüb. İndi bildin, necə qiymətlidir? Xalq ruhunda oxuyanlardan indiyə qədər heç kimə bu ad verilməyib”. Dedim: “Çox sağ olun. Siz həmişə bizim sənətimizi yüksək qiymətləndirmisiniz”.

Belçikaya konsertə gedirdim. O ərəfədə gözəl insan, mənim üçün əziz adam olan Zərifə xanımla evlərində, yəni Moskvada, Borvixada görüşdük. Onda Səlim də mənimlə getmişdi. Zərifə xanım çox qonaqpərvər, səxavətli qadın idi. Bizim üçün süfrə açdı və Heydər müəllim üçün hazırladığı yeməklərdən ən çox xoşladığı “kəsmikli oladi” bişirmişdi. Təkidlə Səlimi və məni yedirtmək istəyirdi. Biz yeyək deyə oladini çox tərif edirdi. Deyirdi, Səlim müəllim, bu oladini Heydər müəllim çox xoşlayır, özüm hazırlamışam. Bir az oturun, Heydər müəllim də indi gələcək. Sizi görüncə çox sevinəcək. Bir azdan Heydər Əliyev gəldi. Mən yavaşca Zərifə xanımın qulağına pıçıldayıb dedim ki, maşallah, Heydər müəllim o qədər əzəmətli, vüqarlıdır ki, gələndə elə bil yer tərpənir. Bu söz Zərifə xanıma çox xoş gəldi. Güldü, dedi ki, sən Allah, bu sözü onun özünə de. Dedim: “Axı utanıram”. Dedi: “Yox, sən de, işdən gəlib, əhval-ruhiyyəsi daha da yaxşı olacaq, əminəm”. Heydər Əliyev otağa keçdi və bizimlə çox səmimi görüşdü.

Zərifə xanım bayaq dediklərimi Heydər müəllimə deməyi məndən rica etdi. Əzizimiz dərhal maraqlandı. “Zeynəb, yenə nə demisən? De görək”. Dedim: “Heydər müəllim, Siz yeriyəndə yer tərpənir, sizin yanınızda nə qədər adam olsa da, onlar görünmür”.

Heydər müəllim gülə-gülə dedi: “Sən məni çox istədiyin üçün məndən başqa heç kimi görmürsən”. Xudahafizləşəndə Zərifə xanım mənə dedi ki, Zeynəb, qastrolu bitirib gələrsən bizə. Mayın 10-da Heydər müəllimin doğum günüdür, özünü çatdır, yenidən bir yerdə olaq. Öpüşüb ayrıldıq. Məni iki mühafizəçi ilə öz maşınlarında yola saldılar. Biz səhər Belçikaya yola düşdük. Konsertlər çox müvəffəqiyyətlə gedirdi. Bir gün bizimlə gəzən bələdçi qız kiminləsə söhbət edəndə eşitdim ki, Heydər Əliyevin həyat yoldaşı rəhmətə gedib. Bunu eşidəndə başımdan elə bir ağrı tutdu ki, bədənim əsməyə başladı. Bütün konserti təşkil edənlər başıma toplaşdı. Xəbər səfirə gedib çıxdı. Ona dedilər ki, Zeynəb bu gün oxuya bilməyəcək. Məni aldatmağa başladılar ki, o qız səhv salıb, guya Özbəkistanda kimsə rəhmətə gedib, ondan danışırmış.

Dedim: “Yox, mən oxumayacağam, konserti təxirə salın”. O gün konserti təxirə saldılar. Onlara dedim ki, əgər sizin yaxın adamınız ölsə, siz oxuya bilərsiniz? Ondan sonra mən bütün konsertlərimi ləğv edib geri qayıtdım. Çünki bu itki mənə çox təsir etmişdi. Bir neçə ay özümə gələ bilmədim...

...Vəzifədən kənarlaşdırılmışdı, infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Mən və radionun diktoru olan rəfiqəm Məhəbbət onun yanına xəstəxanaya getdik. Darvazada bir kişi Ərəbzəngi kimi yolumuzu kəsmişdi. Heç kimi içəri buraxmırdı. Qışqır-bağır saldıq, yenə də buraxmadı. Mən istəmirdim öz titullarımı bir-bir sadalayım onun üçün. Birdən cin vurdu başıma, onu yandırmaq üçün dedim: “Mən SSRİ xalq artistiyəm, Dövlət mükafatları laureatıyam”. Dedi: “Xvatit”, yəni “bəsdir”, mən sizi buraxaram.” Üzünə baxmadan yüyürə-yüyürə qaçdım ulu öndərin yanına. İçəri girən kimi o, məni qucaqladı, gözləri yaşardı, köks ötürdü...

Dedi: “Zeynəb, sən Azərbaycanda olan çox kişidən qeyrətlisən!” Sonra xarici səfərlərimlə, Bakıdakı son xəbərlərlə maraqlandı. Bir tərəfdən Məhəbbət, digər tərəfdən də mən başladıq nə varsa hamısını ona danışmağa. O vaxtlar bizim yerli qəzetlər vicdansızcasına Heydər Əliyevin ünvanına böhtan dolu məqalələr dərc edirdilər. Biz də belə qərara gəldik ki, onun ünvanına yazılan böhtanların üstündən vaz keçək, yəni, o yerləri oxumayaq. Bu zaman qapı açıldı, tibb bacısı içəri daxil oldu. Heydər Əliyevin ya iynəsinin, ya da yeməyinin vaxtı çatdığını bizə işarə edərək, otağı tərk etməyimizi bildirdi. Heydər Əliyev tibb bacısına dedi ki, “siz bilirsiniz, burada oturan qadın kimdir?” Məni o ki var təriflədi. Sonra əlavə etdi ki, mənim iynəm də, yeməyim də qoy sonraya qalsın. Biz çox təkid etdik. O, qətiyyən razılaşmadı. Mənə dedi: “Siz qapıdan girəndə elə bildim mənə Azərbaycanı gətirdiniz. Ona görə gözüm yaşardı, bir də sizdə olan qeyrətə heyranam. Mən sənin üçün elə də heç nə etməmişəm. Ancaq elə insanlar var ki, mən onları çobanlıqdan gətirib vəzifəyə qoymuşam. Var-dövlət, mövqe sahibi olublar. Onların nəvə, nəticələri nə qədər yesələr malları tükənməz. Ancaq təəssüf ki, mənə baş çəkən bir sənsən, bir Lidiya Rəsulova, bir də Cəlilabadın keçmiş I katibi İbrahim Qurbanovdur”.

Mən onun ürəyini qırmamaq üçün hələ demədim ki, vəzifəyə qoyduğunuz bəzi adamlar sizin yanınıza gələcəyimi biləndə mənə dedilər ki, yenə də onun yanına gedirsən? Ancaq onlar Heydər Əliyevə öz salamlarını çatdırmağa ürək etmirdilər. Elə bilirdilər ki, buna görə onları vəzifədən çıxaracaqlar. Salam göndərənlərdən biri Həsən Həsənov, digəri isə onun həyat yoldaşı Aybəniz xanım olurdu. Çünki onlar çörək itirən deyildilər, mərd adam idilər. Deyirdim, Heydər müəllim, siz mənə baxmayın. Əslində hamı istəyir sizə zəng etsin, əlaqə yaratsın. Ancaq əlləri sizə çatmır. O, isə mənə dedi ki, “Zeynəb, nə danışırsan? Bu saat eşitmişəm ki, mənim öz yerimə qoyduğum Kamran Bağırov Qorbaçovun yanındadır. Mənə hələ də zəng etməyib. Reallıq budur”, - deyərək dərindən köks ötürdü.

Bir əhvalat da danışmaq istəyirəm. Məlumdur ki, Heydər Əliyevin düşmənləri həm içəridən, həm də Moskvadan dayanmadan onu şərləyirdilər.

O zaman mən SSRİ Prezidenti Mixail Qorbaçovun ünvanına sərt bir məktub yazdım. Birini də “Komsomolskaya Pravda” qəzetinə göndərdim. Allah bilir ki, məktubda nələr yazmışdım. Sonralar Heydər Əliyev mənə dedi ki, ay qız, o nə yazı idi yazmışdın. Qorxmurdun ki, səni o yazıya görə məsuliyyətə alarlar. Dedim: “Sizin uğrunuzda güllə qabağına da gedərəm, çəkinmərəm”. Bu, o vaxt idi ki, mənə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı verilməsi haqqında fərman Qorbaçovun masasının üstündə idi. Bircə imza atmağı qalmışdı. Mənim yazımı oxuyandan sonra həmin fərmanı kənara tullayıb demişdi: “Eto ta narodnaya artistka SSSR Zeynab Xanlarova? Posle etoqo pisma yey ne polojeno eto poçetnoe zvaniy “Qeroy Sosialistiçeskoqo Truda”. (Bu həmin SSRİ Xalq Artisti Zeynəb Xanlarovadır? Belə məktubdan sonra ona “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı düşmür). Mən də dedim ki, cəhənnəmə versin! Mən elə Zeynəbəm, Zeynəb kimi qalmağım mənə bəs edər!

Heydər Əliyev Naxçıvandan Bakıya gələndə çoxları onu qarşılamağa çəkinirdilər. Mən, uşaqlarım, Səlim hava limanına gəldik. Təyyarədən enəndən sonra bizi görüb görüşdü. O ki var onu öpdüm, Səlimlə də görüşdü, uşaqlarımın başına əl çəkdi. Ona gül vermişdilər. O gülü mənə verib dedi: “Bu gül sənə yaraşır, al”. Sonra Bəxtiyar müəllim təklif etdi ki, Heydər müəllim onun maşınında getsin. O, mənə baxıb Bəxtiyar müəllimə dedi ki, onda Zeynəb məndən inciyər əgər onunla getməsəm. Çox sağ olun, maşın var. Sonra hava limanından birbaşa Cəlal müəllimgilə getdik. Yenə də Səlim, mən, Ramin, Ramal içəridə oturub söhbət edirdik. Birdən rəhmətlik Ziya Bünyadov qapını açıb əli ilə mənə getməyi işarə etdi və dedi ki, 15 dəqiqədən sonra çıxaq. Heydər Əliyev tez ona dedi: “Ziya, qapını ört. Mənə xoşdur, sevdiyim adamla oturmaq. Bilirsən ki, mən onu çox istəyirəm”. Sonra üzünü Cəlal müəllimə tutub dedi ki, “o, mənim çox əziyyətimi çəkib. Ona görə də mən bu evə gəldim. Bax, mənim yatdığım yer bu divanın üstü olacaq. Görürsən də, bu boyda Heydər Əliyevə bir evi də çox gördülər”. Mən dedim ki, bütün dahilərin həyatı keşməkeşli olub. Allah Sizinlədir. Pis niyyətli insanların cəzasını Allah verəcək. Güldü... Daha onu narahat etməmək üçün xudahafizləşib ayrıldıq. Kaş ki, o günlər qayıdaydı...

Bir dəfə Naxçıvanda olanda mən Heydər Əliyevə zəng edib anadan olan gününü təbrik edərək dedim: “Böyük oğlan olasınız, bizim əzizimiz.” O da gülümsəyərək dedi ki, “böyük qızın yanında elə böyük oğlan olmaq daha yaxşıdır”.

Mən ona həmişə son xəbərləri çatdırırdım. Bir gün məlum iclasların birində onu axtarırdılar ki, sessiyaya gəlsin. Həmin sessiyada onun Ali Sovetin sədri vəzifəsinə seçilməsi təklif olunacaqdı. O gün mənim səhhətimdə problem olduğu üçün iclasa getməmişdim. Ali Sovetdə Zemfira adlı xanım işləyirdi. Bilirdi ki, mən Heydər müəllimi çox istəyirəm, onunla yaxşı münasibətim var. Mənə dedi ki, Zeynəb, burada bəhanə edirlər ki, guya onu Naxçıvanda tapa bilmirlər. Sən bir ona zəng vur, gör nə edirsən. Mən dərhal Naxçıvana zəng vurdum və məni Heydər Əliyevlə birləşdirdilər.

Dedim: “Heydər müəllim, haradasınız? Ələk-vələk edib Sizi axtarırlar, amma tapa bilmirlər”.

Dedi: “Yalan deyirlər. Mən həmişə kabinetdəyəm. Bir dəfə Sədərəkdə oldum, sonra isə kabinetdən heç çölə belə çıxmamışam”.

Dedim: “Sizə nə qədər zəng etməyə çalışsalar da, əlaqə yarada bilmirlər. Bəlkə də telefonçuları ələ almışlar nədir, sizinlə birləşdirmirlər. Mənsə boynuma almışam ki, sizi hökmən tapacağam. Xahiş edirəm, onlara cavab verin. Gəlin...”.

Bir dəfə Ali Sovetin sessiyasına gecikmişdim. Heç kimə baxmadan paltomu asılqana verib gedirdim. Birdən dəhlizdə mən əziz və doğma bir səs eşitdim: “Zeynəb”. Döndüm geri. Gördüm ki, Heydər Əliyev dayanıb dəhlizin ortasında. Allaha and olsun, bir adam yoxdur ki, ona yaxınlaşsın. Baxmayaraq ki, əslində hər tərəf adamla dolu idi. Lakin onun yanında təkcə Mahmud Məmmədquliyev dayanmışdı. Yüyürüb ona yaxınlaşdım, qucaqladım, öpdüm. Bu mənzərədən Mahmudun gözü yaşarmışdı. Heydər Əliyev mənə dedi ki, Zeynəb, get iclasa gecikərsən”. Dedim: “mənim iclasım Sizsiniz. Getmirəm”. Sonra Heydər müəllim içəri keçib oturdu. İnanın, onun yanında iki kürsü bu tərəfdə, iki kürsü da o biri tərəfdə boş idi. Yenə də ona yaxın gələn yox idi. Yerimdən durub onun yanında oturdum. O, mənim qulağıma pıçıltı ilə dedi: “Bəs, sən qorxmursan, mənim yanımda oturursan?” Dedim: “Heç kimdən qorxmuram. Onlar kimi vəzifə adamı deyiləm ki, qorxam. Mən Zeynəbəm, elə belə olmağımla da fəxr edirəm. Səsimin canı sağ olsun. Səsimi ki, əlimdən almayacaqlar. Onlar kürsü kişiləridir”.

Bir məsələni də qeyd etmək, zənnimcə, yerinə düşər. Çünki bunu xalq da bilir ki, o, həmişə Bakıya gələndə qardaşı Cəlal Əliyevin evində qalırdı. Ona görə də Cəlal müəllimin telefon nömrəsini azı 20-30 nəfərə verərək deyirdim ki, Heydər Əliyev onlarda qalır, zəng edib ürək-dirək versinlər. Çünki bəzi vicdansızlar öz hərəkətləri ilə onu çox əsəbiləşdirmişdilər. İstəyirdim xalqın ona məhəbbətli sözlərini şəxsən özü eşitsin, sakitləşsin. Sonralar o mənə deyirdi ki, “Zeynəb, bunun sənin işin olduğunu bilirdim və mənə öz minnətdarlığını bildirirdi. Mənim şübhəm yoxdur ki, sən məni nə qədər çox istəyirsən. Mən sənin qeyrətinə bələdəm. Əsl dağlı qızısan!”

Bir dəfə mən Səlimi xəstə olduğuna görə Türkiyəyə Gülhanə xəstəxanasına aparmışdım. Orada bizə həddindən artıq hörmət edirdilər. Türkiyənin Prezidenti Süleyman Dəmirəldən tutmuş, xəstəxananın bütün həkimləri, hətta Heydər Əliyevin şəxsi ürək həkimi olan Altan bəy, generallar gəlib bizə baş çəkirdilər. Mən səhərdən axşama kimi onun yanında olurdum. Bir gün Səlim hotelə zəng vurub mənə dedi ki, “Zeynəb tez gəl, bir on nəfər professor və baş həkim səni gözləyir. Elə bil xəstə mən yox, sənsən. Səni görmək istəyirlər”. Mən tez geyinib xəstəxanaya gəldim. Onlar mənimlə görüşüb getdilər. Birdən telefon zəng çaldı. Telefonda Heydər Əliyev idi. O, mənimlə danışdı, Səlimi soruşdu, həm də məni o ki, var danladı: “Niyə mənə xəbər vermədən getmisən? Mənə deyərdin ora yaxşı tapşıraydım” - dedi. “Vallah, sizi çox narahat etmək istəmədim, çünki işləriniz çoxdur. Sizi çox rahatsız edirlər. Xahiş edirlər ki, onlara maddi yardım edəsiniz, gedib müalicə olunsunlar”, - deyə cavab verdim. O, güldü. Dedi ki, “mənə müraciət edənlərin pulu səndən çoxdur. Sadəcə, sən çox qeyrətli qızsan. Ona görə ki, gözün toxdur. Mənliyinə sığışdırmamısan ki, mənə zəng edəsən. Narahat olma, səhiyyə naziri məni necə lazımdır, məlumatlandırıb. Mən də ona öz tapşırığımı vermişəm ki, Səlim yüksək səviyyədə müalicə olunsun”. Mən ona təşəkkür edəndən sonra yenə zarafatımdan qalmadım. Dedim: “Mənə burada prezident səviyyəsində hörmət edirlər”. Güldü, dedi ki, “sən elə özün prezidentsən də, böyük adamsan, xəbərim var”. Təkrarən, “Səlimdən muğayat ol, mən yenə də sənə zəng edəcəyəm” deyərək onu da əlavə etdi ki, “yadında saxla, mən sənin gözünün toxluğuna, qeyrətinə və mənliyini hər zaman qoruduğuna görə çox istəyirəm. Özünü də qoru! Çünki sən xalqa lazımsan”.

Təbii ki, xəstəxanada belə sözləri eşitmək, həm də dövlət başçısı tərəfindən eşitmək mənim üçün xoş idi. Digər tərəfdən də o, məni çox qəhərləndirmişdi.

Bir neçə gündən sonra yenə mənə zəng etdi. Səlimin sağlıq durumu ilə maraqlandı. Bu dəfə də onunla xeyli söhbətləşdik. Çünki onunla danışmaqdan doymurdum. Özü də əl telefonu ilə danışırdıq. Axırda dedim: “Vay, azı 400 dollarlıq danışdım. İndi bunun pulunu kim verəcək?” Dedi ki, “fikir etmə, mən verəcəyəm”. Mən də dedim ki, “yox e, zarafat edirəm, elə şey ola bilməz. Pulu mən özüm verəcəyəm. Pul bir məndə, bir də ingilisdə”. O, yenə də, qəhqəhə çəkib güldü. Mən də onun gülməyindən, əhvalının xoş olmasından həzz alırdım.

Bir dəfə yenə pərdə arxasına gəlib artistlərlə görüşəndə mənə dedi ki, Zeynəb hamıdan gözəldir. Mən də 6 dəfə onun o üzündən, bu üzündən öpdüm və bütün artistlərə dedim, gedin siz də öpün. Onlar utanırdılar və ayrılanda onu bir- bir öpməyə başladılar. Çox böyük hörmət bəslədiyim general qardaşım Vaqif Axundov mənim qulağıma pıçıldadı ki, “Zeynəb xanım, siz öpdünüz bəs edir, çünki hər nəfəsi ona vermək olmaz”. Mən dedim: “İstəyirəm ki, onun üçün xoş olsun”.

Bir xatirəni də danışım. Növbəti dəfə yenə də ABŞ-dan konsertdən qayıdırdım. Yenə də onunla görüşdüm. O, konsertlərimin necə keçməsi haqda soruşdu. Dedim ki, “konsertlər çox müvəffəqiyyətlə keçdi. “Azərbaycan” deyəndə hamı ayağa durub əl çalırdı. Nyu Yorkda konsert zamanı orada təbrizli qardaşlarımızdan öyrəndiyim “Araz haqqında” mahnını istəyirsinizsə, sizin üçün oxuyum”. İstəyirdim onun üçün xoş olsun. Bütün Azərbaycan xalqı bilir ki, mən heç vaxt toylarda oxumamışam, milyonlar da versələr, heç bir adam məni satın ala bilməyib. Əzizimizi o qədər çox istəyirdim ki, ürəyi xoş olsun deyə, onun üçün mahnını oxuyanda bir də gördüm ki, gözləri dolub. Mahnını saxladım. Dedi: “Oxu, Zeynəb”. Mən mahnını oxuyub qurtaranda yanaqlarından gilə-gilə yaş tökdüyünü gördüm. Dedim: “Heydər müəllim, bilsəydim ki, mahnı sizə bu qədər təsir edəcək, heç oxumazdım”. Dedi: “Zeynəb, sən mənim yadıma Arazı, Kürü saldın. Ona görə kövrəldim”. Onu öpdüm və dedim ki, “görəsən, Sizin kimi Azərbaycanı sevən ikinci şəxs var? Sizin ürəyinizə qurban olum, belə ürək ağrıyar da! Ağrımasın, neyləsin!”

Heydər Əliyev Türkiyəyə getməmişdən qabaq, yəni bir həftə öncə mənə zəng edib dedi ki, “Mən gedirəm. Bir müddət Bakıda olmayacağam. Sən Səlimdən muğayat ol”. Mənsə tez ona dedim ki, “Heydər müəllim siz burada olanda elə bilirəm dünya mənimdir”. Dedi ki, tez gələcəyəm. Mən heç vaxt özümü bağışlaya bilmirəm. Nədən, telefon danışığı qurtaran kimi ağladım, bəlkə də ağlamasaydım mənim əzizim Heydər müəllim qayıdardı. Bu onun sonuncu gedişi oldu.

Həmişə onun yeri görünəcək. O, mənim qəlbimdə əbədi yaşayacaq. Bəli, Heydər Əliyev daim ürəklərdə əbədi məşəl kimi yanaraq sabahlara işıq saçacaq...

 

Zeynəb XANLAROVA ,

SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 12 dekabr.-  S.6.