İnsan amilini əsas
tutan idarəetmə fəlsəfəsi
Cəmiyyəti istiqamətləndirməyə qadir liderlər
insanları ardınca aparmaq, xalqın milli
bütövlüyünə nail olmaq xüsusiyyətləri
ilə seçilirlər. Belə xarizmatik şəxsiyyətlər
həm də çətin situasiyalarda qarşıda duran vəzifələrin
həlli yollarını düzgün müəyyənləşdirmək,
insanları milli ideya ətrafında səfərbər etmək,
irəli sürdükləri mütərəqqi ideyaları, məqsədləri
əzmlə gerçəkləşdirmək qüdrəti
sayəsində ümummilli liderlik zirvəsinə yüksəlirlər.
Bu gerçəkliklər fonunda XX əsrdə
xalqımızın dünya siyasətinə bəxş etdiyi
böyük şəxsiyyət, ümummilli lider Heydər
Əliyevin Azərbaycan tarixindəki yeri və rolu daha
qabarıq görünür.
Böyük
strateqin milli maraqları əsas tutmaqla müəyyənləşdirdiyi
mütərəqqi inkişaf strategiyası son 21 ildə
müstəqil Azərbaycanın ictimai həyatın bütün
sahələrində əldə etdiyi möhtəşəm
nailiyyətlərə zəmin yaratmış, onu regionun
qüdrətli, sayılıb-seçilən dövlətinə
çevirmişdir. Bu strategiya Azərbaycanda milli dövlətçiliyin
siyasi, dini və etnik tolerantlığı imperativ kimi qəbul
edən müasir modelini, dünyanın mövcud
reallıqlarına nəzərən formalaşmış
demokratik idarəetmə fəlsəfəsini, milli-mənəvi
dəyərlərin qorunmasını, cəmiyyətin
bütün potensialının milli maraqlar naminə səfərbər
edilməsini, ictimai-siyasi sabitlik amilinə istinad edən yeni
iqtisadi inkişaf modelini, bir sözlə, qanunun aliliyini və
hakimiyyətlə xalq arasında möhkəm vəhdət
yaradılmasının fundamental əsaslarını
özündə təcəssüm etdirir. Respublikamızın
ötən 21 ildə demokratik inkişaf, hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu sahəsində
qazandığı böyük nailiyyətlər də məhz
ulu öndər Heydər Əliyev tərəfindən
formalaşdırılmış möhkəm təmələ
əsaslanır.
Ötən dövrdə bütün sahələrdə
dinamik inkişaf yolu keçmiş Azərbaycan iqtisadi sahədə
keçid dövrünü geridə qoyaraq modernləşmə
dövrünə gəlib çıxmış, keyfiyyətcə
yeni mərhələdə cəmiyyətin normal inkişaf ahəngini
təmin edən çoxşaxəli siyasi və hüquqi
islahatları inamla gerçəkləşdirmişdir. Ən əsası,
bu müddətdə xalqın qanı, canı bahasına əldə
olunmuş dövlət müstəqilliyi qorunub saxlanılaraq
möhkəmləndirilmiş, Azərbaycan xaos və anarxiyadan
davamlı inkişafa doğru böyük yol qət
etmişdir. Böyük rəhbərin Azərbaycan
xalqı və dövləti qarşısında misilsiz xidməti
isə hüquqi, demokratik dövlət quruculuğu prosesinin
ictimai şüurda qaçılmaz proses və milli inkişafın
strateji xətti kimi qəbul olunmasıdır.
Hüquqi
və demokratik dövlətin qurucusu
Sivilizasiyanın hazırkı yüksək inkişaf mərhələsində
ümumbəşəri dəyərlərə - demokratik
ideallara, insan hüquqlarına hörmət bəsləməyən
hansısa dövlətin dünya siyasətində özünə
layiq yer tutmasından, qlobal miqyasda cərəyan edən proseslərə
nüfuz etməsindən danışmaq qətiyyən
mümkün deyildir. Müasir dövrdə inkişaf səviyyəsinin
müxtəlifliyinə, demokratik dəyərlərin mənimsənilməsi
göstəricilərinin fərqliliyinə baxmayaraq, demək olar
ki, bütün ölkələr insan hüquqları prinsiplərinə
sadiqliklərini bəyan etmişlər.
Qədim
dövrlərdən başlayaraq insanlar demokratiya haqqında
düşünmüş, azadlığa can atmış,
lakin bu, heç də həmişə bütün ölkələrə,
bütün xalqlara nəsib olmamışdır. Həqiqi demokratiya isə dövlətin hüquqla
bağlılığından, dövlət hakimiyyətinin
hüquqla məhdudlaşdırılması və hüquqa
tabe etdirilməsindən, vətəndaşların dövlət
və onun orqanlarının hər hansı mümkün
özbaşınalıqlarından səmərəli
müdafiəsinin təşkili ilə sıx şəkildə
bağlıdır. Bu reallıqları nəzərə
alan ulu öndər Heydər Əliyev daim
vurğulayırdı ki, ictimai-siyasi sabitliyin möhkəm təmələ
söykənməsi, insanların iqtisadi azadlığı,
yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət
münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin
mənafelərinin, hüquq və azadlıqlarının
maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsipinə
bütün səviyyələrdə əməl olunması
demokratiyanın optimal idarəetmə üsulu kimi
dominantlığını təmin etmişdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın iradəsi ilə hakimiyyətə gəlişinədək
Azərbaycanda hüquqi dövlət quruculuğu, insan
hüquq və azadlıqlarının təminatı sahəsində
ciddi problemlər hökm sürürdü. XX əsrin sonlarına
doğru dünyada cərəyan edən qlobal proseslərin və
milli azadlıq hərəkatının nəticəsi kimi
dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan
1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktı”nda demokratik, hüquqi və dünyəvi dövlət
olduğunu bəyan etsə də, qarşıya qoyduğu
strateji hədəflərə doğru irəliləmək imkanı
qazanmamışdı.
Demokratiya
və azad bazar iqtisadiyyatı prinsiplərini gələcək
inkişaf modeli kimi seçmiş respublikamızda hakimiyyətin
və bütün təbii sərvətlərin xalqa mənsubluğu,
mülkiyyətin bütün formalarının bərabərliyi,
vətəndaşların seçki hüququnun,
çoxpartiyalı sistemin təminatı, habelə insan və
vətəndaş hüquq və azadlıqlarının
ümumi prinsipləri elan edilsə də, 1991-1993-cü illərdə
rəhbərlikdə xalqın etimad göstərdiyi siyasi
qüvvənin olmaması zəminində baş
qaldırmış xaotik və ziddiyyətli proseslər -
qanunçuluğun, hüquq qaydalarının zəifləməsi,
ictimai-siyasi sabitliyin təminatında ciddi problemlərin
yaranması, vətəndaşların təhlükəsizliyi
üçün real təhdidlərin meydana
çıxması, sosial-iqtisadi tənəzzülün dərinləşməsi
bu istəyin reallaşmasında ciddi maneəyə
çevrilmişdi. Bir tərəfdən Ermənistanın Azərbaycana
qarşı işğalçılıq siyasətinin
genişlənməsi, digər tərəfdən hakimiyyətdə
olan diletant qüvvələrə qarşı ictimai
inamsızlığın dərinləşməsi,
sosial-iqtisadi tənəzzül, vətəndaş
qarşıdurması, xaos və özbaşınalıq,
habelə yeni dövrün tələblərinə cavab verən
qanunların yoxluğu xalqın demokratik və hüquqi
dövlətdə yaşamaq istəyini əlçatmaz ideyaya
çevirmişdi.
1993-cü
ilin iyun ayında - ölkədə ciddi siyasi böhranın,
hərc-mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü
bir şəraitdə xalqın təkidli tələbi ilə
hakimiyyət sükanı arxasına keçmiş ulu öndər
Heydər Əliyev cəmiyyətdə demokratiyaya münasibətdə
formalaşmış yanlış təsəvvürləri dəyişmək
üçün ilk növbədə xalqla birlikdə
ictimai-siyasi böhranı aradan qaldırmış, cəmiyyətdə
yeni mübariz əhval-ruhiyyə yaratmağa nail olmuş, milli
birlik yolu ilə dövləti parçalanmaqdan xilas
etmişdir. Xalqın milli-mənəvi sərvətinə
çevrilmiş milli birlik sayəsində hazırda
respublikamızda demokratik dəyərlər qanunların və
milli dəyərlərin tənzimlədiyi sərhədlərdən
kənara çıxmır və dialektik inkişafa uyğun
olaraq ictimai şüur tərəfindən tam şəkildə
mənimsənilir. Azərbaycanda həqiqi demokratiya məhz
Heydər Əliyevin milli dövlətçilik irsinin təcəssümü
kimi formalaşmışdır və bu irs
demokratiyanın özbaşınalıq kimi başa
düşülməsinə, yaxud da ifrat Qərb
demokratiyasının neqativ cəhətlərini özündə
ehtiva etməsinə yol vermir.
“Biz Azərbaycanda demokratik respublika quraraq,
sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə
apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin
hamısından istifadə etməliyik. Çalışmalıyıq
ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini
aldıqdan sonra bütün dünyaya öz tarixi nailliyyətlərini,
milli ənənələrini nümayiş etdirə bilsin.
Azərbaycan xalqının bu barədə həm
tarixi, həm müasir potensialı olduqca böyükdür.
Bunların hamısından istifadə olunarsa, Azərbaycan
həm tam müstəqil dövlət olacaq, həm də bizim
cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri
dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət
olacaq” deyən ümummilli lider Heydər Əliyev demokratik
inkişafa insanların daxili azadlığını, mənəvi
ucalığını, qanunçuluğa riayət etməsini
şərtləndirən mühüm siyasi vasitə kimi
yanaşmışdır. Azərbaycan
xalqının vahidliyinə çalışan Heydər
Əliyev özünün fitri idarəçilik istedadı
sayəsində respublikada ümumbəşəri dəyərlərlə
çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri
qoruyan ədalətli, sivil və demokratik cəmiyyətin
möhkəm əsaslarını yaratmış, dövlət-vətəndaş
münasibətlərində hər birinin mənafeyini prioritet
götürmüşdür. Müxtəlif
tarixi dövrlərin siyasi təbəddülatları
ümummilli problemlərin həllində cəmiyyətin Heydər
Əliyev siyasi kursuna olan inamına qətiyyən təsir etməmiş,
əksinə, bu inam günü-gündən möhkəmlənmişdir.
Böyük rəhbər müdrik və qətiyyətli
siyasi gedişləri nəticəsində respublikada
qanunçuluğun və hüquq qaydalarının bərpası
istiqamətində kompleks tədbirlər həyata
keçirmiş, xaos və anarxiya mühitinə son
qoyulmuş, hüquqi, siyasi və iqtisadi islahatlara start
verilmişdir.
Beynəlxalq hüququn müstəqil subyekti olan Azərbaycanda
həmin dövrdə demokratik cəmiyyətin atributu olan, vətəndaş
cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin
ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi,
dünyəvi dövlət quruculuğunu, ədalətli
iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat
səviyyəsini təmin edən yeni milli Konstitusiyaya ehtiyac
duyulurdu. Bu zərurəti düzgün qiymətləndirən
ümummilli lider Heydər Əliyev dövlətin təməlinin
möhkəm siyasi-hüquqi əsaslar üzərində
qurulması üçün, ilk növbədə, müstəqil
Azərbaycan Konstitusiyasının hazırlanaraq qəbul edilməsini
vacib saymışdır.
Ümummilli
liderin rəhbərliyi altında 6 ay müddətində
hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
yolu ilə qəbul olunan müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası ölkənin gələcək
inkişaf prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının təminatını
dövlətin ali məqsədi kimi ön plana
çıxarmışdır. Beş bölmə, 12 fəsil
və 158 maddədən ibarət Konstitusiyanın 48 maddəsinin
sırf insan və vətəndaş hüquq və
azadlıqlarını özündə əks etdirməsi ulu
öndər Heydər Əliyevin demokratik dəyərlərə
sadiqliyini bir daha təcəssüm etdirmişdir. Konstitusiyada əksini tapmış bu strateji məqsədlər,
ilk növbədə, hüquqi islahatları və insan
haqlarının qorunması prinsipinin real həyatda tətbiqini
zəruri etmişdir. Azərbaycan Respublikasının ilk
milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli “İnsan
hüquqları haqqında Ümumi Bəyannamə”sində və
digər beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş insan hüquq və azadlıqları tam, əhatəli
şəkildə təsbit olunmuşdur.
1995-2003-cü illərdə Azərbaycan ulu öndər
Heydər Əliyevin rəhbərliyi altında demokratik dəyərlərin
mənimsənilməsi, vətəndaş cəmiyyəti və
hüquqi dövlət quruculuğu sahəsində
mühüm uğurlara nail olmuşdur. Heydər
Əliyevin Azərbaycana rəhbərliyi dövründə həyata
keçirilən mütərəqqi islahatların
başlıca qayəsini məhkəmə-hüquq sisteminin,
prokurorluq, polis, ədliyyə orqanlarının fəaliyyətinin
müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş
hüquq və azadlıqlarının maksimum müdafiəsi
üçün çevik mexanizmlərin yaradılması,
qanunun aliliyinin təmin olunması məsələləri təşkil
etmişdir. Həmin dövrdə insan hüquqları
üzrə bir sıra mühüm konvensiyalara, sazişlərə
qoşulan, Avropa Şurasının tamhüquqlu üzvünə
çevrilən Azərbaycanda Konstitusiya Məhkəməsinin
fəaliyyətə başlaması, İnsan Hüquqları
üzrə Müvəkkil institutunun yaradılması, söz,
mətbuat, fikir, vicdan azadlıqlarının,
çoxpartiyalı sistemin, şəffaf və azad seçki
qanunvericiliyinin təmin edilməsi və s. demokratik inkişaf
yolunda qazandığımız mühüm nailiyyətlərdəndir.
Birləşdiricilik
missiyası
Tarixdən məlumdur ki, mütərəqqi ideyalar
olmadan insanları konkret məram və məqsədlər ətrafında
səfərbər etmək, birləşdirmək
mümkün deyildir. Azərbaycan xalqının milli
ideologiyasının vahid sistem halına gətirilməsi məhz
ulu öndər Heydər Əliyevin müstəqil
respublikamıza rəhbərliyi dövrünə təsadüf
edir. Bütün ruhu, qanı, canı ilə
özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin
bütövləşməsi, azərbaycançılıq
ideologiyasının milli həmrəyliyin aparıcı amilinə
çevrilməsi istiqamətində mühüm işlər
görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri
əsaslarını irəli sürmüşdür. Ulu öndər azərbaycançılığın
tarixən formalaşmış ayrı-ayrı komponentlərini
vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin
elmi-nəzəri bazasına çevirmiş, dünya azərbaycanlılarının
milli birliyi, diaspor və lobbi quruculuğu istiqamətində
ardıcıl addımlar atmışdır.
Xatırlatmaq lazımdır ki, məhz ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə
1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi
“Dünya azərbaycanlılarının həmrəylik və
birlik günü haqqında” qərarında 31 dekabr tarixinin
respublikada bayram kimi qeyd olunması ilə bağlı ölkə
parlamenti qarşısında vəsatət
qaldırmışdı. Ulu öndərin Azərbaycanda siyasi
hakimiyyətə qayıdışından sonra isə müstəqil
Azərbaycan Respublikası dünya azərbaycanlılarının
mənafe və maraqlarının təminatçısı
olduğunu rəsmən bəyan etmiş və xaricdə
yaşayan azərbaycanlılarla sistemli iş aparılmağa
başlanmışdır.
Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında
sıx birləşdirilməsini irəli sürən ulu
öndər Heydər Əliyev 1993-2003-cü illərdə
xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması
məsələsini daim diqqət mərkəzində
saxlamış, onların tarixi vətənlə əlaqələrinin
genişlənməsinə çalışmışdır. Ümummilli lider dünya azərbaycanlılarının
milli birliyi ilə bağlı demişdir: “Müstəqil Azərbaycan
Respublikası dünyada yaşayan bütün azərbaycanlılar
üçün doğma Vətəndir. Hansı
ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlı
öz ana dilini, dinini, milli ənənələrini heç
zaman unutmamalıdır. Hər bir azərbaycanlı
fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin
mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni
vardır. Hər bir azərbaycanlı bilməlidir
ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil
bir dövlət durur. İnanıram ki, əsrlərdən
bəri arzusunda olduğumuz və uğrunda mübarizə
apardığımız müstəqil və azad Azərbaycan
ideyalarının həyata keçirildiyi bu tarixi sınaq
anlarında dünyanın hər bir guşəsində
yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin
tam gerçəkləşməsi üçün daha
böyük əzmlə çalışacaqlar”.
Dünyanın
müxtəlif ölkələrində yaşayan
soydaşlarımızın və həmvətənlərimizin
müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin
daha da möhkəmləndirilməsi, onların arasında
birliyin və həmrəyliyin təmin olunması ilə
bağlı məsələlərin birgə müzakirəsi
məqsədilə 2001-ci il noyabrın
9-10-da Bakıda tarixi bir toplantı - Dünya Azərbaycanlılarının
I qurultayı keçirilmişdir. Qurultay Azərbaycan
diasporunun keçdiyi inkişaf mərhələlərini
geniş təhlil etmiş, Azərbaycan icmalarının tarixi
Vətənlə əlaqələrinin qurulması və
möhkəmləndirilməsi, xaricdə yaşayan həmvətənlərimizin
təşkilatlanması, diaspor quruculuğu sahəsində
qarşıda duran prioritet vəzifələri müəyyənləşdirmişdir.
Ümummilli lider Heydər Əliyevin I
qurultaydakı dərin məzmunlu nitqində böyük həyəcanla
söylədiyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam!”
sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları
üçün milli qürur simvoluna çevrilmişdir.
Həmin
tarixi qurultaydan sonra Azərbaycanda diaspor quruculuğu prosesi
sürətlənmiş, 2002-ci ilin iyulunda Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət
Komitəsi adlanır) yaradılması bu sahədə dövlət
siyasətinin sistemli və mütəşəkkil şəkildə
həyata keçirilməsinə imkan vermisdir. Çoxsaylı
tədbirlər dünyanın müxtəlif ölkələrinə
səpələnmiş soydaşlarımızın
xalqımızın milli maraqlarının təmin
olunmasında yaxından iştirakına şərait
yaratmışdır. Bundan başqa, 2002-ci ilin
dekabrında “Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında” Azərbaycan
Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanması,
dünya azərbaycanlılarının birliyinin yaranması və
dövlətin bu sahədə apardığı məqsədli
siyasətin uğurla həyata keçirilməsinə nail
olmaq üçün geniş imkanlar açmışdır.
Ulu öndərin irəli sürdüyü azərbaycançılıq
ideologiyasının gücü bütün dünyaya səpələnmiş
50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə
səfərbər etmək qüdrəti ilə müəyyən
olunur. Milli-mənəvi,
islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri,
Şərq və Qərb mədəniyyətlərinin
dialoqunu, türkçülük və avropaçılıq
meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi,
ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən
azərbaycançılıq ideologiyası məhz buna görə
də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə,
mədəni mühitlərdə formalaşmış
diasporumuz üçün cəlbedicidir.
Elm
adamlarının hamisi
Müstəqil Azərbaycan dövlətinin qurucusu,
ümummilli lider Heydər Əliyev idarəçiliyinin
bütün mərhələlərində elm və təhsilin
inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk
növbədə, xalqın intellektual gələcəyini
düşünmüşdür. Elmi-intellektual sahədə
qazanılan nailiyyətləri dövlət quruculuğu
prosesinin vacib şərti, etibarlı təminatı hesab edən
ulu öndər milli təhsil sisteminin mütərəqqi
prinsiplər əsasında inkişafı naminə
bütün zəruri tədbirləri həyata
keçirmişdir.
Ötən əsrin sonlarına doğru istiqlaliyyətini
əldə edən Azərbaycan məhz Heydər Əliyevin
respublikaya birinci rəhbərliyi dövründə
formalaşmış zəngin iqtisadi və elmi potensiala istinad
etmişdir. Fəqət, 1991-1993-cü illərdə
respublikamızda hökm sürən ümumi böhranlı vəziyyət
- iqtisadi tənəzzül prosesinin dərinləşməsi,
ictimai-siyasi sabitliyin kövrək xarakter daşıması elm
və təhsil sahəsində də əsaslı problemlərə
gətirib çıxarmışdı. Azərbaycan
elmi tənəzzül girdabında çırpınır,
nüfuzlu alimlər, bütün həyatını təhsilə
həsr etmiş adlı-sanlı müəllimlər
çörək ardınca xaricə üz tutur, mənəvi
depressiya elmi mühitə getdikcə daha çox hakim kəsilirdi.
Bu böhranlı vəziyyəti yalnız
ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi
ilə respublika rəhbərliyinə
qayıdışından sonra aradan qaldırmaq, elm və təhsil
sahəsində dövlət siyasətinin mühüm istiqamətlərini
müəyyənləşdirmək mümkün olmuşdur.
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 28
sentyabrında ictimaiyyət nümayəndələri ilə
ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər
Akademiyasını seçməklə intellektual potensialın
daşıyıcıları olan elm xadimlərinin,
ziyalıların cəmiyyətdəki roluna necə
böyük önəm verdiyini bir daha nümayiş
etdirmişdir.
Ulu öndər yeni ictimai-iqtisadi formasiyada Azərbaycan
elmində, təhsilində yeniləşmənin vacibliyini
önə çəkmiş, bu sahələrdə davamlı
islahatlar həyata keçirmişdir. Heydər
Əliyev cəmiyyətin mənəvi-ideoloji cəhətdən
yetkinləşməsində, ictimai şüurun yeniləşməsində
humanitar elmlərin, iqtisadi sistemin tənəzzüldən
qurtulmasında, milli iqtisadi inkişaf modelinin düzgün
müəyyənləşdirilməsində, elmlə
istehsalın üzvi vəhdətinin təmin olunmasında isə
fundamental elmlərin rolunu düzgün dəyərləndirmişdir.
Ümummilli lider həmin mərhələdən ictimai həyatın
ən müxtəlif sahələrində, o cümlədən
elmi-intellektual sferada hökm sürən tənəzzülün
qarşısı almış, təhsilin öz məcrasına
düşməsi, inkişafı üçün əlverişli
iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi
mühit formalaşdırmışdır. Elmin
inkişafına, bu prosesi həyata keçirən
çoxminli ziyalılar ordusuna diqqət və qayğı
gücləndirilmiş, ulu öndər Heydər Əliyev Azərbaycan
elminin milli əsaslar üzərində dünyaya
inteqrasiyasını başlıca vəzifə kimi
aktuallaşdırmışdır.
Heydər Əliyev milli təhsilin inkişafı və
onun qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə
inteqrasiyasını da ciddi vəzifə kimi qarşıya
qoymuş, bu sahədə aparılacaq islahatların mahiyyətini
açıqlamışdır. Böyük rəhbərin
irəli sürdüyü təhsil konsepsiyasının əsas
qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi,
demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin
sürətlə həyata keçirilməsi, dövlətin
iqtisadi potensialının gücləndirilməsi kimi ümdə
prinsiplər təşkil etmişdir. Heydər
Əliyev insan hüquq və azadlıqlarının təminatı
baxımından vətəndaşların təhsil
hüququnun reallaşdırılmasına böyük önəm
verdiyini çıxışlarında hər zaman xüsusi
vurğulamışdır. Təhsil
hüququ Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın
vacib hüquqlarından biri kimi elan olunmuşdur. Dövlət vətəndaşların pulsuz icbari,
ümumi və orta təhsil almaq hüququnu təmin
etmişdir. Konstitusiyanın bu müddəası
Azərbaycan Respublikasında təhsil fəaliyyətinin əsas
prinsipi olmuşdur.
Ulu
öndər Heydər Əliyev müstəqillik illərində
elmin, ali təhsilin əsas mərkəzlərindən
olan Bakı Dövlət Universitetini də qətiyyən
unutmamış, ilk gündən bu ali təhsil müəssisəsinin
üzləşdiyi problemlərin həllini diqqətdə
saxlamışdır. 1994-cü ildə BDU-nun 75
illik yubileyi təntənəli şəkildə qeyd
olunmuşdur. Ümummilli liderin yubiley mərasiminə
gəlişi bu böyük təhsil müəssisəsinə
sanki yeni həyat vermiş, çətinliklərə rəğmən
onu yeni dövrün tələbləri səviyyəsində
kadr hazırlığına sövq etmişdir. Böyük rəhbərin dəfələrlə
qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin
vətəndaşını, yüksək səviyyəli
mütəxəssisini yetişdirməkdən ibarətdir.
“Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam”
deyən ulu öndər Heydər Əliyev BDU-ya rəğbətini
daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının
qarşısında bir sıra məsul vəzifələr də
müəyyənləşdirmişdir. BDU daim dünya
şöhrətli məzununun xüsusi
qayğısını hiss etmiş, onun qarşıya
qoyduğu ali ideyalar universitetin tələbə
və professor-müəllim heyətinin əsas fəaliyyət
stimulvericisinə çevrilmişdir. Ümummilli
liderin təşəbbüsü ilə universitetin 80 illik
yubileyinin təntənəli şəkildə qeyd olunması
da həmin diqqətin əyani təzahürü olmuşdur.
Mütərəqqi
ənənələrin uğurlu davamı
Ümummilli lider Heydər Əliyev bu gün cismən
aramızda olmasa da, onun müəyyənləşdirdiyi
müqəddəs yol daim xalqımızın yeganə
ümid və istinadgah mənbəyi olaraq qalacaqdır. Hazırda yalnız onunla təsəlli
tapırıq ki, bu uğur magistralında bizə ulu öndərin
layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti cənab
İlham Əliyev kimi vətənpərvər, qətiyyətli,
peşəkar, yeni dünya siyasətinin incəliklərinə
dərindən bələd olan, islahatçı və
çevik, praqmatik lider rəhbərlik edir. 2003-cü ilin 31
oktyabrında “Mən hər bir azərbaycanlının
Prezidenti olacağam” deməklə səlahiyyətlərinin
icrasına başlamış dövlət
başçısı cənab İlham Əliyev son 11 ildə
Heydər Əliyev siyasi irsini bütün sahələrdə
uğurla davam etdirmişdir. Dövlət
başçısı müasir qloballaşma
dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn
mənzərənin əsas cizgilərinə cavab verən
siyasət yürüdür və bu siyasətin mahiyyətində
insan hüquqları məsələsi prioritet mahiyyət kəsb
edir.
Müasir dünyada iqtisadi inkişaf potensialı hər
bir dövlətin gücünü müəyyən edən
başlıca amil kimi çıxış edir. Bu
reallıqdan çıxış edən cənab İlham
Əliyev dəfələrlə bəyan etmişdir ki, ölkənin
və xalqın bütün problemlərinin, - sosial çətinliklərin
aradan qaldırılmasından tutmuş, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək,
- hər bir maneənin dəf edilməsinin ən optimal yolu məhz
iqtisadi tərəqqidən keçir. Güclü, mobil
və yüksək iş qabiliyyətli komandaya malik olan
dövlət başçısı hökumət
qarşısında duran prioritet vəzifələri
güzgün müəyyənləşdirməklə, yeni
dövrün ən səciyyəvi cəhəti kimi, ilk
növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə
nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət
müstəvisinə keçirməyin zəruriliyini önə
çəkmişdir. Cənab İlham Əliyev
11 ildə imzaladığı məqsədyönlü fərman
və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla,
habelə obyektiv reallıqdan irəli gələn
addımları ilə ölkəmizin dinamik yüksəlişini
təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf
mexanizminin daha da çevikliyinə, işləkliyinə nail
olmuşdur.
Dövlət
başçısı seçki ərəfəsində və
ondan sonra verdiyi hər bir vədə sadiqlik nümayiş
etdirərək ictimai həyatın müxtəlif sahələrində
yeni dövrün tələblərinə uyğun
islahatların aparılmasını - qeyri-neft sektorunun
ümumi daxil məhsuldakı çəkisinin
artırılması, iqtisadiyyatın tarazlı və
davamlı inkişafı, yeni istehsal müəssisələrinin
açılması, işsizlik probleminin aradan
qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi
naminə bir sıra mühüm addımlar
atmışdır.
Prezident İlham Əliyev ötən 11 ildə respublikamızda qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamışdır. Hər bir dövlətdə ictimai münasibətlər sisteminin qanunamüvafiq surətdə tənzimlənməsinin ən fundamental şərti məhkəmələrin müstəqilliyinin təmin edilməsidir və dövlət başçısının həyata keçirdiyi islahatların əsasında da məhz bu amil dayanır. Beynəlxalq təcrübədən çıxış edən cənab İlham Əliyev məhkəmələrin, ümumilikdə, hüquq-mühafizə orqanlarının insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu dövlət təsisatlarına çevrilməsinə, cəmiyyətdə yüksək etimad qazanmasına çalışır.
Dövlət başçısının ötən 11 illik fəaliyyəti həm də ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu müddətdə elmin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir.
Ulu öndər Heydər Əliyevin irəli sürdüyü ideyalar ötən 21 ildə xalqımızın inkişaf və tərəqqisində lokomotiv rolunu oynamış, onun firavan gələcəyi üçün uğurlu təməl hazırlamışdır. Bu mənada müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Ölkənin elm və təhsil adamları, o cümlədən Bakı Dövlət Universitetinin çoxsaylı professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanılacağına ürəkdən inanırlar.
Abel MƏHƏRRƏMOV,
BDU-nun rektoru, akademik,
Milli Məclisin deputatı
Azərbaycan.-2014.- 12 dekabr.- S.7.