“YARAT” xeyriyyə məqsədilə satış-sərgi keçirib

 

İçərişəhərin “Art Garden” sərgi salonunda “YARAT” Müasir İncəsənət Məkanı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “BACARART” layihəsi çərçivəsində geniş miqyasda xeyriyyə satış-sərgisi keçirilib.

AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri “BACARART” layihəsinin əhəmiyyətindən söz açıb.

Bildirib ki, artıq iki ildir davamlı olaraq həyata keçirilən bu layihə aztəminatlı ailələrdən olan yaradıcı qabiliyyətli uşaqların dəstəklənməsinə yönəlib.

Layihənin əsas məqsədi Azərbaycanın müxtəlif regionlarından olan istedadlı uşaqların yaradıcı potensiallarının inkişafına təkan verməkdir.

H.Hüseynova deyib: “Ən əsası odur ki, bu uşaqlar yaradıcılıqla məşğul olublar, asudə vaxtlarını maraqlı işlərə həsr ediblər. Mən “YARAT” təşkilatının rəhbəri Aida Mahmudovaya dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, bu layihə davamlı olacaq. Gələcəkdə daha çox uşaqlar layihəyə cəlb ediləcəklər”.

Sonra layihənin iştirakçılarına hədiyyələr təqdim olunub.

Daha sonra tədbir iştirakçıları BACARART layihəsi haqqında videoçarxa baxıblar. Mərasim bədii proqramla davam edib.

Xatırladaq ki, 2014-cü ildə layihədə rəssamlardan Ramal Kazımov, Vüsal Rəhim, Sitarə İbrahimovaReza Hazare iştirak ediblər. Onların rəhbərliyi ilə “BacarArt”ın gənc iştirakçıları kompozisiya, rəsm, kollaj və fotoqrafiyanın əsaslarını mənimsəyiblər.

2014-cü ildə layihə Azərbaycanın artıq 11 regionunu - Bakının Şüvəlan qəsəbəsini, Göygöl, Sabirabad, İsmayıllı, Zərdab, Hacıqabul, Zaqatala, Saatlı, Qəbələ, GoranboyAğdam rayonlarını əhatə edib. Layihənin birinci mərhələsində 50 istedadlı uşaq və yeniyetmə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı və Göygöl regional mərkəzlərində toplaşıblar. İş prosesinə komitənin 10 təlimatçısı nəzarət edib.

Layihənin ikinci mərhələsində iştirakçılar Şəkidəki “Marxalkurort kompleksi ərazisində yay məktəbi çərçivəsində ünsiyyəti davam etdiriblər. On gün ərzində iştirakçılar Şəki xanlarının sarayını, “Gələrsən-Görərsən” qalasını, Cümə məscidini, Kiş qala və məqbərəsini, Yuxarı Çardaxlardakı qalanı, Orta Zəyzitdəki qüllə və məbədi və digər memarlıq abidələrini ziyarət ediblər.

Səfalı mənzərələr, şəhər təlaşından təcridolunma və sərbəstlik şəraiti hər bir uşağın potensialını maksimal şəkildə aşkar etməyə kömək olub.

Layihə nəticəsində 150-dən çox rəsm və 80-dən çox fotoşəkil yaradılıb. Buna baxmayaraq layihənin final mərhələsi üçün yalnız ən yaxşı 19 fotoşəkil və 41 rəsm seçilib.

Satış-sərgidən əldə olunan bütün vəsait 30 finalçının ailələrinə paylanacaq və onların istedadlarının sonrakı inkişafına yönəldiləcək.

Qeyd edək ki, layihə iştirakçıları satış-sərgidən əvvəl Bakıya toplaşaraq Heydər Əliyev Mərkəzini və şəhərin tarixi yerlərini ziyarət ediblər.

 

Azərbaycan.-2014.- 12 dekabr.- S.11.