Serbiya parlamentinin sədri Maya Qoykoviç

 Heydər Əliyev Mərkəzində olub

 

Azərbaycanda səfərdə olan Serbiya parlamentinin sədri xanım Maya Qoykoviçin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 12-də Heydər Əliyev Mərkəzində olub.

AzərTAc xəbər verir ki, qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərən Mərkəz dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilib. Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən Mərkəzdə rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Serbiya nümayəndə heyətində böyük maraq doğurub. Qonaqlar Muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə də baxıblar.

Sonra nümayəndə heyəti Mərkəzdə Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən “Azərbaycan inciləri” sərgisi ilə tanış olub.

Serbiya parlamentinin sədri Maya Qoykoviç Mərkəzin Xatirə kitabına ürək sözlərini yazıb.

 

Azərbaycan.-2014.- 13 dekabr.-  S.3.