“Möcüzələr adası” o günləri unutmur...

 

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin neft sənayesi tarixində sözün əsl mənasında yeni bir inkişaf mərhələsi olub. Bu, ümummilli liderin hakimiyyətdə olduğu həm birinci, həm də ikinci dövrə aiddir.

Ulu öndərin bu sahədə uzaqgörənliklə həyata keçirdiyi tədbirlər, yaratdığı infrastruktur, Azərbaycan neftçisinə göstərdiyi qayğı böyük əsərlərin, geniş tədqiqatların mövzusudur. Neftçilərin haqlı olaraq özlərinin böyük dostu bildiyi Heydər Əliyevin təkcə əfsanəvi dəniz şəhərinə səfərlərini xatırlamaq kifayətdir.

Neft Daşlarında bu görüşləri, ulu öndərin burada çalışan fədakar insanlara qayğısını unutmurlar. Doğrudur, o günlərin şahidi olan neftçilərin çoxu artıq yaşa dolub, yaxud dünyasını dəyişib. Lakin ulu öndərin “Möcüzələr adası”nın qəhrəmanlarına (belə ekstremal şəraitdə işləməyin özü qəhrəmanlıqdır) münasibəti haqqında neftçilərin yeni-yeni nəsilləri çox şey bilir. Odur ki, ulu öndərə ehtiram və məhəbbət burada nəsildən-nəslə keçir.

Heydər Əliyev Neft Daşlarını XX əsrdən XXI əsrə atılmış körpü adlandırıb. “Neft Daşları Azərbaycan neftçilərinin əmək qəhrəmanlığına möhtəşəm abidədir” - deyib.

Neftçilər polad dirəklər üstündə qərar tutan bu şəhəri qarış-qarış gəzmiş, neftçilərin əlini sıxmış, daim onların əməyi, məişəti ilə maraqlanmış ulu öndərin xatirəsinə bənzərsiz muzey yaradıblar. Dənizin tən ortasında estakadaların, özüllərin, buruqların əhatəsində yerləşən bu muzeydə müxtəlif tədbirlər keçirilir. Neftçilər  tədbir olmayanda da buraya tez-tez gəlirlər. Xəzərin ləpələrinin pıçıltısı yaddaşlarda neçə-neçə xatirəni yenidən canlandırır...

Muzeyin qarşısında ümummilli liderin heykəli ucalır. Neftçilər polad üzərində qurulmuş bu şəhərə kənardan torpaq, şitil gətirərək park salıb, gül-çiçək əkiblər. Lövhələrin birində isə ulu öndərin bu sözləri yazılıb: “Respublikamızda dənizdə neftçıxarmanın pioneri sayılan Neft Daşları böyük inkişaf perspektivlərinə malikdir və hələ uzun illər zəngin yanacaq mənbəyi olacaqdır”.

Dəniz şəhərinin əməkçiləri ulu öndərin buraya səfərlərinin birində uzaqgörənliklə söylədiyi həmin fikri bu gün öz fədakarlıqları, uğurları ilə bir daha təsdiqləyir, doğruldurlar.

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 13 dekabr.-  S.4.