Azərbaycan xalqı Heydər Əliyev siyasətinə alternativ görmür

 

XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider Heydər Əliyevin xalqın iradəsinə əsaslanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir.

XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Ulu öndər qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktikistrateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Tarixə nəzər salsaq, Azərbaycanın çox keşməkeşli yollardan keçdiyinin şahidi olarıq.

Xalqın təkidi və istəyi ilə 1993-cü ilin 9 iyununda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qətiyyət və böyük bacarıqla Azərbaycanı bürümüş vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədəki qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğunhüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuşdur. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək qiyamçılarla danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. İyunun 15-də isə ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. Bu tarixi hadisə respublika həyatında müstəqillik yolunda yeni mərhələnin başlanğıcı idi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının genişlənməsindən xilas etdi.

Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsi ilə müstəqil Azərbaycan dövlətinin hüquqisiyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətləndi. Ümummilli lider ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin aparmış, qeyri-qanunif silahlı dəstələri zərərsizləşdirmiş, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etmişdir. 

1993-2003-cü illər Azərbaycanın müasir tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Genişmiqyaslı islahatların aparılması, iqtisadi inkişafın sürətlənməsi, bazar iqtisadiyyatına tez bir zamanda keçid ölkəmizin inkişafını sürətləndirdi. Yeni dövlət idarəçilik mexanizmi yaradıldı, nizami ordu quruldu, sosial və mədəni islahatlar həyata keçirildi. Bu gedişatla ölkəmiz bölgədə geosiyasi mövqeyini möhkəmləndirərək beynəlxalq aləmdə böyük nüfuz qazandı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi respublika quruldu. Avratlantik məkana inteqrasiya edən ölkəmizdə demokratik dəyərlərə mühüm əhəmiyyət verildi, mətbuat və söz azadlığı, azad vətəndaş cəmiyyəti bərqərar oldu. Millət, xalq anlayışları, azərbaycançılıq ideyası dərk edildi.

Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf, demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetləri uğurla təmin etmiş alternativsiz liderdir. Azərbaycanın sahib olduğu möhtəşəm sosial-iqtisadi inkişafı, müəllifi Heydər Əliyev olan yeni neft strategiyasının uğurla davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin başa çatdırılması, TANAP layihəsinin həyata keçirilməsinə başlanması və bununla da ölkəmizin enerji sahəsində dünya birliyinin mühüm tərəfdaşına çevrilməsi mükəmməl siyasətin uğurlu davamına əyani sübutdur. Neft kapitalının insan kapitalına çevrilməsi, kənd və rayonlarda yüksələn xətlə davam edən abadlıq və quruculuq işləri, işsizlikyoxsulluğun minimuma endirilməsi, gənclərə və onların inkişafına diqqət davamlı siyasətin təzahürləridir.

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi, kosmos ölkəsinə çevrilməsi, siyasi, mədəni, iqtisadi sahələrdə dünya ölkələri arasında uğurlar qazanması, 2015-ci ildə ilk Avropa Oyunlarına, daha sonra İslam Həmrəylik Oyunlarına, Şahmat Olimpiadasına ev sahibliyi edəcəyi də bu qəbildəndir.

Məhz bugünkü Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, dünya dövlətləri arasında özünəməxsus yer tutması Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsindən xəbər verir.

 

Könül SALAHOVA

Azərbaycan.-2014.- 13 dekabr.-  S.4.