Bir şəklin tarixi
Ötən əsrin 40-cı illərində yaradılan Sumqayıt hər zaman gənclər şəhəri kimi tanınıb. Məhz 70-ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində bu şəhər təkcə respublikamızda deyil, regionda tanınan yaşayış mərkəzinə çevrildi.
Heydər Əliyev həmin dövrdə tez-tez Sumqayıta gələr, burada aparılan quruculuq işləri, mədəniyyət ocaqlarının inşası ilə şəxsən maraqlanar, ictimaiyyət nümayəndələrini dinləyər, onlara öz dəyərli tövsiyələrini verərdi. Ümummilli lider tikinti obyektlərini necə yüksək dəyərləndirirdisə, mədəniyyət, istirahət guşələrinə, insanların mənəviyyatının qorunmasına və inkişafına da o cür diqqətlə yanaşardı. Sumqayıtın mədəniyyət ocaqlarına şəxsən nəzarət edən ulu öndər yenicə yaradılan şəhərdə milli dəyərlərin, adət-ənənələrin qorunmasını öz görüşlərində əhaliyə tövsiyə edərdi.
Həmin dövrdə inşa edilən bir çox mədəniyyət saraylarından biri də H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının binasıdır. Teatrın səhnəsində təkcə Azərbaycan deyil, dünya mütəfəkkirlərinin də əsərləri tamaşaya qoyulardı. Şəhərə səfərə gələn ulu öndər aktyor personalına yerli yazıçıların əsərlərini tamaşaya qoymağı təklif edərdi. Ulu öndər Heydər Əliyev vaxt tapan kimi məşqlərə baxmağa da gələrdi. Bu, teatrın aktyorlarına bir stimul verərdi.
Hazırda həmin teatr binasının foyesində bir şəkil insanın diqqətini cəlb edir. O bizi həmin illərə birləşdirən çoxlu xatirələrdəndir. Bizə həmin möhtəşəm illəri yaşadan bu şəklə baxmaq qürur doğurur.
1981-ci ildə tamaşaya qoyulan tamaşalardan biri də Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” əsəri idi. Vətənpərvərlik, yenilik, sabaha inam ideyaları ilə köklənmiş bu tamaşanın primyerasında ümummilli lider Heydər Əliyev də iştirak edirdi. Tamaşa sona çatdıqdan sonra səhnəyə qalxan Heydər Əliyev üzünü zala tutub dedi:
- Baxın, bizim necə gözəl əsərlərimiz var. Belə əsərlərdən çox yazılmalı, onlar tamaşaya qoyulmalıdır. Təkcə Şərq deyil, bütün dünya Azərbaycan mədəniyyətinin nəyə qadir olduğunu görməlidir.
Onu da bildirim ki, həmin tamaşadan sonra məhz Heydər Əliyev mədəniyyət ocağının tam şəkildə H.Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrına verilməsini təklif etdi. Lakin ulu öndərin bu tapşırığı bir müddət yerinə yetməmiş qaldı. 2003-cü ildə Sumqayıta səfər edən ümummilli lider neçə illər öncə irəli sürdüyü təklifi həyata keçirdi. Həmin ildən teatrın binası tam şəkildə kollektivin ixtiyarına verildi.
Sumqayıt Dövlət Musiqili Dram Teatrı səhnəsindən onlarla sənətkar pərvazlanmış, teatr məktəbinin korifeylərinə çevrilmişlər. Muxtar Dadaşov, Barat Şəkinskaya, Afaq Bəşirqızı, Valeh Kərimov və digərləri bu ocağın yetirmələridir.
Teatrın foyesində asılan bu şəkil mədəniyyət müəssisəsinə təşrif buyuran hamının diqqət mərkəzinə çevrilir. 33 ildən artıq zaman kəsiyindən keçib gələn bu şəkil ulu öndərin müqəddəs simasını özü qədər əbədi olan vətən torpağımızın hər guşəsinə yaymaqdadır. Nəsillərə nümunə olacaq bir ömür yaşayan ulu öndər Heydər Əliyev dühasının əvəzsiz izləri Sumqayıt şəhərinin hər bir vətəndaşının qəlbində daim yaşayacaqdır.
Vidadi MƏMMƏDOV,
Sumqayıt Dövlət Musiqili
Dram Teatrının direktor
müavini,
respublikanın əməkdar artisti
Azərbaycan.-2014.-
13 dekabr.- S.5.