Seçici siyahıları ilə işin aparılması və bu
prosesdə Dövlət
Avtomatlaşdırılmış İnformasiya Sisteminin rolu
Müvafiq seçki dairəsinin seçki məntəqəsi ərazisində yaşayan və seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının siyahıları seçici siyahıları adlanır. Ölkənin aktiv seçki hüququna malik olan bütün vətəndaşları seçici siyahılarına daxil edilirlər.
Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.
Seçki Məcəlləsinin 46.1-ci maddəsinə əsasən seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. Bu müddətdən sonra səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahısına seçici Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər. Seçici siyahılarının daha da təkmilləşdirilməsi, seçicilərin seçki hüququnun daha asan həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2 iyun 2008-ci il tarixli Qanunu ilə Seçki Məcəlləsinin 46.1-ci maddəsində müəyyən dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən “yalnız məhkəmənin qərarı əsasında” sözləri “Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən” sözləri ilə əvəz edilmiş və “35” rəqəmi “25” rəqəmi ilə əvəz edilmişdir. Bu o deməkdir ki, səsvermə günü seçici şəxsiyyət vəsiqəsini qeydiyyatda olduğu yer üzrə səs verməli olduğu məntəqə seçki komissiyasına təqdim edərək seçki hüququndan istifadə etmiş olur. Səsvermə günü qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən seçicilərin təqdim etdiyi bu vəsiqə seçici siyahısına əlavə edilir. Səsvermə günü seçici siyahılarına heç bir əlavə və dəyişiklik edilə bilməz. Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçici siyahıları Mərkəzi Seçki Komissiyasının müvafiq internet saytında yerləşdirilir. Bu halda seçicilərin yaşadıqları ünvanlar göstərilməməlidir. Hər bir vətəndaşın sorğusuna əsasən müvafiq seçki komissiyası onun seçicilər siyahısına daxil olub-olmaması haqqında məlumat verməlidir.
Daimi seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Müvəqqəti seçici siyahılarına konsul idarələri rəhbərlərinin və ya diplomatik nümayəndələrin, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.
Seçici siyahıları 2 nüsxədə tərtib edilir. Seçici siyahısına daxil edilmiş seçicilər haqqında məlumatlar siyahıda əlifba qaydasında və ya digər qaydada (yaşayış məntəqələri, küçələr, evlər, mənzillər üzrə) yerləşdirilir. Siyahılarda seçicinin soyadı, adı, atasının adı, doğulduğu il (18 yaşı tamam olmuşlar üçün - əlavə olaraq, doğulduğu ay və gün), daimi yaşadığı yerin ünvanı (küçə, binanın, evin və mənzilin nömrəsi) və seçki məntəqəsinin nömrəsi göstərilir.
Seçici siyahısı tərtib edilərkən Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən istifadə edilə bilər. Seçici siyahıları makina yazısı formasında hazırlanır, Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi müstəsna hallarda isə əl yazısı formasında da tərtib edilə bilər.
Məntəqə üzrə tərtib olunmuş ilkin seçici siyahılarının birinci nüsxəsi müvafiq akt tərtib edilməklə məntəqə seçki komissiyasında saxlanılır, ikinci nüsxəsi isə hər il fevralın 5-dən gec olmayaraq, lakin səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyasına verilir. Seçki dairəsi üzrə ilkin seçici siyahıları hər il martın 5-dən gec olmayaraq iki nüsxədə tərtib edilir, dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır, seçki komissiyasının möhürü ilə təsdiq edilir və hər il aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Mərkəzi Seçki Komissiyası seçici siyahılarında uyğunsuzluqlar tapdıqda, onlar düzəldilir və sonradan mayın 25-dək məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsi ilə tərtib edilir.
Seçki məntəqəsi üzrə seçici siyahıları məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır və komissiyanın möhürü ilə təsdiq edilir.
Məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirdikdən sonra vətəndaşların şəxsi müraciətləri əsasında edilən və ya edilməli dəyişiklikləri yoxlayıb nəzərə alır, habelə vəzifəli şəxslərin, bələdiyyə qurumlarının, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların, vətəndaşların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların təqdim etdikləri müvafiq sənədlər əsasında araşdırırlar.
Seçicilər haqqında məlumatları təqdim edən icra orqanının rəhbəri müvafiq məlumatların düzgünlüyünə, tamlığına və vaxtında verilməsinə görə qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.
Hərəkət edə bilməyən Azərbaycan Respublikası vətəndaşları yaxın qohumlarının və ya onlarla əlaqəsi olan digər şəxslərin məlumatları əsasında seçici siyahılarına daxil edilə bilərlər. Bu halda hərəkət edə bilməyən vətəndaşın şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edilməlidir.
Seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən siyahılara daxil edilməyən seçicilər şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd, zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiq edən sənədlər əsasında məntəqə seçki komissiyası tərəfindən seçici siyahılarına əlavə edilirlər.
Seçici yalnız bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilə bilər. Seçki komissiyası seçicinin birdən çox məntəqədə seçici siyahısına daxil edilməsini aşkar etdikdə, bunun səbəblərini araşdırıb seçicinin bir siyahıda saxlanılmasını təmin etməlidir. Seçici bilərəkdən birdən çox seçici siyahısına daxil edilibsə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-1-ci maddəsinə uyğun olaraq inzibati qaydada xəbərdarlıq və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
Seçici siyahıları təsdiq edildikdən sonra vətəndaş seçici siyahısından rəsmi sənədlər əsasında çıxarılır və bu haqda seçiciyə məktubla məlumat verilir. Belə halda seçici siyahısında vətəndaşın siyahıdan çıxarılmasının tarixi və səbəbi göstərilməlidir. Bu fakt məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiq edilir, səsvermə üçün qeydiyyatdançıxma vəsiqəsi verildikdə isə vəsiqə onu vermiş seçki komissiyası üzvlərinin imzası ilə təsdiq edilir.
Məntəqə seçki komissiyası seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını seçicilərə bu barədə məlumat verməklə səsvermə gününə azı 35 gün qalmış təqdim edir və bunun üçün müvafiq şərait yaradır. Seçici siyahıları səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir. Seçki komissiyasının üzvü tərəfindən bu hüququn pozulması halları baş verdikdə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 44-cü maddəsinə əsasən qırx manatdan altmış manatadək miqdarda cərimə olunur.
Azərbaycan Respublikasının seçki hüququ olan vətəndaşı seçici siyahısına daxil edilməməsi, seçici siyahısında onun barəsində və ya digərlərinin barəsində göstərilməli olan məlumatlarda aşkar etdiyi səhvlər və ya yanlışlıqlar barəsində məlumat verə bilər. Seçicinin müraciəti ilə əlaqədar məntəqə seçki komissiyası müraciətetmə günündən başlayaraq bir gün müddətində, səsvermə günü isə dərhal, lakin səsvermə qurtarmamış ərizəni və təqdim edilmiş sənədləri yoxlamalı, səhvin və ya yanlışlığın səbəblərini araşdırmalı, səhvi və ya yanlışlığı aradan qaldırmalı, yaxud müraciət etmiş seçiciyə ərizəsinin nəzərə alınmaması səbəbini göstərməklə yazılı cavab verməlidir.
Seçki komissiyaları seçicilərə seçkilərin hazırlanmasının və keçirilməsinin gedişi, onların nəticələri haqqında məlumat verilməsi, seçkilərin hazırlanmasında və keçirilməsində istifadə edilən məlumatların əldə edilməsi, toplanması, tamamlanması, yenidən işlənməsi, ötürülməsi və mühafizə edilməsi, habelə seçki komissiyalarının fəaliyyətinin informasiya təminatı məqsədi ilə Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən istifadə etmək hüququna malikdirlər.
Seçkilər keçirilərkən, o cümlədən seçicilər qeydə alınarkən, seçicilərin siyahıları tərtib edilərkən, səsvermənin nəticələri və seçkilərin yekunları müəyyənləşdirilərkən məlumatların vaxtında alınması, verilməsi və yenidən işlənib hazırlanmasında bütövlükdə Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən və ya onun ayrıca texniki vasitələrindən istifadə edilə bilər. Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə aid tələblər və ondan istifadə qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin III hissəsinə uyğun olaraq Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə daxil edilmiş seçicilər haqqında məlumatların yayılmamasına dövlət təminat verir.
Tamam CƏFƏROVA,
Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
üzvü
Azərbaycan.-2014.- 13 dekabr.- S.7.