Neft-qaz layihələrində
çalışan Azərbaycan
vətəndaşlarının
sayı getdikcə daha da çoxalır
“Əsrin müqaviləsi” imzalandıqdan sonra xarici şirkətlərlə birgə işlənən layihələrdə çalışan mütəxəssislərin çoxu əcnəbi vətəndaşlar idi. İllər keçdikcə onları tədricən Azərbaycan mütəxəssisləri əvəz etdi. İndi istər birbaşa BP Azərbaycan şirkətinin özündə, istərsə də ümumiyyətlə ölkəmizdə həyata keçirilən neft-qaz layihələrində çalışanların əksəriyyəti yerli sakinlərdir.
Hazırda BP Azərbaycan şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2883 nəfərə çatıb. Şirkətin ixtisaslı daimi işçilərinin ümumilikdə 85 faizini yerli mütəxəssislər təşkil edir. Onların çoxu rəhbər vəzifələrə irəli çəkilib.
Məlum olduğu kimi, BP ölkəmizdə 2014-2018-ci illər üçün beşillik milliləşdirmə planı hazırlayıb. Bu plana əsasən 2018-ci ilin sonunadək BP-nin Azərbaycandakı ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil etməlidir. Bu o deməkdir ki, müxtəlif vəzifələrdə çalışan xarici mütəxəssislərin yerli kadrlarla əvəz olunması prosesi davam edir. İxtisas tələb olunmayan işlərdə çalışanların isə artıq hamısı yerli vətəndaşlardır. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrların hazırlanmasının davam etdirilməsi daxildir. 2014-cü ildə Azərbaycan vətəndaşlarının ölkədə həyata keçirilən neft-qaz layihələrində işləməyə hazırlanması istiqamətində yeni önəmli hadisələr baş verdi. Səngəçaldakı Xəzər Texniki Təlim Mərkəzində (XTTM) bir qrup texnik təlimləri müvəffəqiyyətlə başa çatdırdı.
2014-cü il XTTM-in salnaməsində də əlamətdar il kimi qalacaq. May ayında təlim mərkəzi özünün 10 illik yubileyini və BP-nin əməliyyatçı olduğu layihələr üçün hazırladığı yerli texniklərin sayının 900-ə çatmasını təntənəli şəkildə qeyd etdi. Bu göstərici təlim mərkəzinin geniş, səmərəli fəaliyyətini təsdiqləyir. Belə ki, burada hazırlanan yüksək ixtisaslı texniklər 10 ildir həm dəniz qurğularında, həm də qurudakı obyektlərdə aparılan işlərdə təhlükəsiz və səriştəli iş nümunəsi nümayiş etdirirlər.
BP gənclərlə işləməyi çox sevir. Özünün potensial işçiləri olacaq, eləcə də digər neft-qaz layihələrində çalışacaq gənc mütəxəssislərə, tələbələrə qayğı göstərir. Şirkətin yerli mühəndislər üçün həyata keçirdiyi dünya səviyyəli “Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramı”nı (NİMTP) xatırlatmaq kifayətdir. NİMTP milyonlarla dollar dəyərində bir təlim proqramı olaraq azərbaycanlı neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulub və BP şirkətinə gələn gənc mühəndislərin qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır.
Bütün bunlarla yanaşı, BP işçi qüvvəsinin təlimi və inkişafı sahəsində ARDNŞ ilə də sıx əməkdaşlıq edir. Bu iki şirkət neft-qaz sənayesi sahələrində ixtisaslaşan Azərbaycan vətəndaşları üçün təlim və inkişaf imkanlarının yaradılması istiqamətində birgə iş aparır. BP özünün bu sahədəki öhdəliklərinin bir hissəsi kimi Səngəçal terminalının yaxınlığında yerləşən Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 100 nəfər sakinin texniki-peşə təliminə dəstək verir.
BP və ARDNŞ həmçinin işçilərin məşğulluq probleminin həlli və təyinat proseslərinə dair əməkdaşlıq haqqında razılığa gəliblər. Bu, BP-yə nəzərdə tutulmuş vakansiyalara şirkətin özündən deyil, kənardan işçi qəbul edərkən ARDNŞ ilə məsləhətləşmək və qarşılıqlı razılığa gəlmək imkanı yaradır.
BP şirkəti həmçinin Bakı Ali Neft Məktəbi (BANM) ilə əməkdaşlıq edir. Bu, BANM-in tələbələrinə şirkətin müxtəlif proqramlarında iştirak etməyə imkan verir. BP-nin mütəxəssisləri ali təhsil müəssisəsində biznesyönümlü mühazirələr oxuyurlar.
BP podratçı, subpodratçı, təchizatçı seçərkən də yerli müəssisə və şirkətlərə, nəticə etibarilə yerli işçi qüvvəsinə üstünlük verir.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 14 dekabr.- S.1.