İqtisadi yüksəlişə etibarlı zəmanət

 

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində yeni iqtisadi inkişaf modelinə zəruri ehtiyac duyulurdu. Həmin illərdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı iqtisadiyyatın yenidən bərpasına, dirçəlişinə, yüksəlişinə təkan verən dayaq nöqtələrinin tapılmasına əhəmiyyətli dərəcədə kömək etdi.

Ulu öndər Heydər Əliyevin əzmkarlığı, səyi sayəsində ölkə daxilində möhkəm təmələ əsaslanan siyasi sabitlik yarandı. Hər şeydən əvvəl qanunçuluq prinsipləri başlıca meyara çevrildi. Xarici sərmayələrə dövlət təminatı yaradıldı. Bundan sonra Azərbaycanda yeni neft strategiyasının əsasları işlənib hazırlandı. Əlbəttə, güclü təminata və zəmanətə görə xarici neft-qaz şirkətlərinin Azərbaycana meyil və marağı artmağa başladı. “Əsrin müqaviləsi”nin bağlanmasına ilk inametibar yaradıldı. Dünyanın aparıcı neft-qaz şirkətləri ilə gələcəyə hesablanan danışıqlar aparıldı. Elə bir dövr idi ki, Xəzərin hüquqi statusu ilə bağlı ciddi müzakirələr gedirdi. Bütün mübahisələrə, maneə və gərginliklərə baxmayaraq, ümummilli lider prinsipial mövqeyi ilə qarşıya çıxan çətinlikləri dəf edə bildi. “Əsrin müqaviləsi”nin imzalanması iqtisadi müstəqilliyimizin bərpa edilməsi baxımından ciddi əhəmiyyət kəsb etdi. Müqavilənin tam gücü ilə reallaşması ölkəyə xarici investisiya axınına stimul yaratdı. Daha doğrusu, illərlə donub qalan beynəlxalq iqtisadi əməkdaşlığa təkan verildi. Qərbin aparıcı neft şirkətləri ilə çoxillik müqavilələrin bağlanması ölkəmizə yeni kapital axınına şərait yaratdı. Ən müasir texnologiyaların gətirilməsinə və tətbiqinə nail olundu. Ümummilli liderin böyüklüyü, dahiliyi onda idi ki, neftlə bağlı transmilli müqavilələrin imzalanması zamanı Azərbaycan xalqının maraqları hər şeydən uca tutuldu, milli-mənəvi dəyərlərə zərrə qədər də xələl gəlməsinə imkan verilmədi. Heydər Əliyev hələ o vaxtlar qətiyyətlə bəyan edirdi ki, “başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz maraqları var. Bu, tamamilə təbii məsələdir. Ancaq eyni zamanda biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafeyindən yüksək tutmalıyıq”.

Azərbaycanın maraqlarını hər şeydən üstün tutan ümummilli lider bütün mərhələlərdə eyni prinsipə sadiq qaldı, dəyərli və məzmunlu bir irs yaratdı. İllər ötsə də, yaradılan etibarlı iqtisadi baza daha da güclənir, yeni perspektivlər yaradır. Bu gün hər bir azərbaycanlı düşünəndə ki, “Əsrin müqaviləsi” ölkəmizə nələr verdi, əlbəttə, bu sorğuya cavab tapmaq o qədər də çətin deyil. Ona görə ki, görülən işin uğurlu nəticələri göz qabağındadır. Yeni layihələr, iqtisadi uğurlar bir-birini əvəzləyir, ölkəmizə sanballı kapital axını yaradır.

Ötən illərin böhranlı sosial-iqtisadi şəraiti artıq arxada qalıb. Müstəqil Azərbaycanın rifahı, dirçəlişi naminə yeni neft strategiyasının hazırlanması bəhrəsini verməkdədir. Fəxrlə qeyd etməliyik ki, bu gün Bakı dünyanın sayılıb-seçilən neft mərkəzlərindən biri kimi etibarlı status qazanıb. Təbii ki, bütün bunlar Azərbaycanın ən ucqar regionlarında da iri layihələrin reallaşmasına, sosial obyektlərin tikilməsinə geniş imkan və şərait yaradır. Müstəqilliyimizin ilk illəri ilə müqayisədə dinamik və sürətli inkişafın fərqi ölçüyəgəlməz dərəcədə dəyişib. Yeni neft strategiyasının uğurları nəticə etibarilə ona gətirib çıxardı ki, ayrı-ayrı sferalarda sürətli inkişaf başlandı. Bu gün müstəqil Azərbaycanın xarici dövlətlərdən iqtisadi asılılığı minimuma endirilib. Ölkəmizin neft ehtiyatları, mütəxəssislərin hesablamasına görə, bundan sonra hələ neçə yüzillikləri əhatə edəcək. Bu o deməkdir ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyası uzun illər səmərə verəcək. Belə bir konsepsiya çoxşaxəli iqtisadiyyatın inkişafına güclü təkan verdi. Uzun illər ciddi çətinliklərlə üzləşən sahibkarların da qarşısında yeni perspektivlər açıldı. Bu sahədə görülən uğurlu tədbirlər öz bəhrəsini verdi. İqtisadiyyatda səmərəli struktur dəyişiklikləri özəl bölmənin inkişafında mühüm mərhələ yaratdı. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi olan ümummilli lider qətiyyətlə deyirdi ki, sahibkarlara şərait yaratmadan iqtisadiyyatı möhkəm təməl üzərində inkişaf etdirmək olmaz. Bir-birinin ardınca imzalanan sərəncamlar da sübut edirdi ki, ulu öndər sahibkarlığın dirçəldilməsi və onlara geniş meydan verilməsi üçün yeni perspektivlər yaradır. Əlbəttə, bu sahəyə dövlət dəstəyi elə ilk illərdən öz nəticəsini verməyə başladı. Bu o demək idi ki, həm də neft sektorundan asılılıq bir qədər azalır. Artıq sahibkar da hiss edir ki, onun müstəqil fəaliyyəti üçün şərait yaradılır, maneələr aradan qaldırılır. Neçə illərdir ki, Sahibkarlığa Kömək Milli Fondu özəl sektorun maliyyə ehtiyaclarını ödəmək üçün güzəştli kreditlər ayırır, yeni investisiya layihələrinin həyata keçirilməsinə köməyini əsirgəmir. Sadələşdirilmiş vergi sisteminin yaradılması da özəl sektorun inkişafına xeyli kömək etdi. Lüzumsuz yoxlamaların, əlavə gərginliklər yaradan maneələrin aradan qaldırılması üçün ardıcıl tədbirlər görüldü. Hər bir sahibkar açıq-aydın hiss etdi ki, ona arxadayaq olan etibarlı dövlət zəmanəti var. Ona görə də yeni yerlərinin açılmasına, paytaxtregionlarda investisiya layihələrinin hazırlanmasına geniş şərait yaradıldı. Bütün bunlar bu günöz səmərəsini verməkdədir. Ona görə ki, ulu öndərin uzaqgörənliklə hazırladığı siyasiiqtisadi konsepsiyalar ləyaqətlə və ardıcıllıqla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev varislik ənənəsinə sədaqət göstərməklə bir daha sübut etdi ki, bu prinsiplər daim qorunacaq. Qətiyyətlə deyə bilərik ki, ölkəmizdə kiçik sahibkarlığın inkişafına, onların fəaliyyətinə də maliyyə dəstəyi durmadan artır. Sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, bu fəaliyyətin genişləndirilməsinə təminatın yaradılması öz nəticələrini verməkdədir.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi struktur islahatları iqtisadiyyatın bütün sahələrində öz səmərəsini verdi. İqtisadi dirçəlişin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması işsizlik probleminin həllinə də imkan yaratdı. İqtisadisosial inkişafda yaranan dəyişikliklər əhalinin maddi rifah halının dinamik inkişafına da təsir göstərdi. Bu gün Azərbaycanda, statistik hesablamalara görə, əhalinin yoxsulluq həddi minimuma endirilib. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan iqtisadi sahədə güclü inkişaf yolu keçmiş, sosial-iqtisadi tərəqqiyə geniş meydan açılmışdır. Ölkəmiz yeni dövr üçün daha uğurlu iqtisadi modelin hazırlanmasına cəhd edir. Əlbəttə, belə bir model dünyanın iqtisadi böhranla üzləşdiyi bir vaxtda rəqabətə dözümlülük tələb edir. Biz inanırıq ki, qarşıya çıxan problemlərin həlli üçün iqtisadi inkişafın yeni prioritetləri müəyyənləşəcək, bu sahədə mövcud problemlər ardıcıllıqla həll olunacaq.

 

Rasim NƏBİYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 14 dekabr.-  S.2.