Qəlblərdə əbədi yaşayacaq
Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Qubaya, qubalılara böyük qayğı göstərmişdir. Ötən əsrin 70-80-ci illərində Quba rayonunda sənayenin, kənd təsərrüfatının dinamik inkişafının təməli qoyulmuş, bu məqsədlə yüzlərlə obyekt tikilib istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1974-1975-ci illərdə respublikamızda bağçılığın inkişaf etdirilməsi ilə bağlı üç mühüm qərar qəbul olunmuşdur. Qərarlara uyğun olaraq Qubada 15 min hektar yeni tipli meyvə bağı salınmışdır ki, həmin bağlar indi də rayon iqtisadiyyatına öz töhfəsini verir. Bu gün bağlarından bol məhsul götürən, bununla da sosial rifahını yaxşılaşdıran, gündən-günə firavan yaşayan hər bir qubalı ulu öndər Heydər Əliyevin bu xidmətini minnətdarlıqla xatırlayır. Hələ ulu öndərin sağlığında özünün razılığı ilə anadan olmasının 75-ci ildönümü şərəfinə Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkı salınmış, ilk Heydər Əliyev muzeyi yaradılmışdır.
Rayonda Heydər Əliyev irsinə artan maraq nəzərə alınaraq ümummilli liderin adını daşıyan parkda ümumi sahəsi 6500 kvadratmetr olan dördmərtəbəli yaraşıqlı Heydər Əliyev Mərkəzi istifadəyə verilmiş və Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamışdır.
Ötən il rayonda aparılan tikinti-abadlıq işləri nəticəsində Heydər Əliyev adına mədəniyyət və istirahət parkı tamamilə yenidən quruldu. Hazırda burada qubalıların çox sevdiyi əsrarəngiz bir istirahət və mədəniyyət mərkəzi yaradılmışdır. Memarlıq üslubu baxımından fərqlənən Quba Rayon İcra Hakimiyyətinin yaraşıqlı inzibati binası, möhtəşəm Gənclər mərkəzi, Yaşıl teatr, ana və uşaqların sevimli istirahət mərkəzinə çevrilmiş “Mələk” kafesi bu parka gözəllik və yaraşıq verir.
Bu möhtəşəm memarlıq kompleksində yerləşən Quba Heydər Əliyev Mərkəzi rayon əhalisinin və qonaqların ziyarət məkanına çevrilib. Mərkəzin birinci mərtəbəsində Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycana rəhbərlik etdiyi illəri, ölkəmizin müxtəlif bölgələrinə səfərlərini, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yer alıb. Burada üç ekranda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmlər nümayiş olunur. Foyedə iki virtual sinif otağı fəaliyyət göstərir. Ümummilli liderin irsinin gənc nəsillərə çatdırılması və tədbirlərin keçirilməsi üçün mərkəzdə tədris sinifləri, 200 nəfərlik konfrans zalı, 2 “dəyirmi masa” zalı, sinxrofon tərcümə otağı, kitabxana fəaliyyət göstərir. Bundan əlavə, mərkəzdə 3D kinozalı, kafe, xalça və rəsm studiyaları vardır.
Mərkəzdə iş iki istiqamətdə aparılır: birinci ekspozisiya vasitəsilə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, kino-video, həmçinin fotosənədlər sərgilənir. Bu məqsədlə hazırda 7 bölmədən ibarət ekspozisiya nümayiş etdirilir. İkinci fəaliyyət istiqaməti isə ulu öndərin zəngin siyasi irsinin təbliği məqsədilə keçirilən elmi-praktik konfranslar, “dəyirmi masa”lar, viktorinalar, inşa-yazı müsabiqələri, intellektual oyunlardan ibarətdir.
Ailə cəmiyyətin davamı, inkişafı deməkdir. Qubalı gənclər arasında bir ənənə yaşamaqdadır. Gənclər ailə həyatının başlanğıcı olan nikah mərasimlərinin mərkəz fəaliyyətə başlayandan burada keçirilməsinə qərar vermişlər. Mərkəzdə keçirilən nikah mərasimləri də çox yaddaqalan olmuşdur. Gənc ailələrin bir çoxuna hədiyyələr verilmiş, maddi yardım edilmişdir.
Tale insanlar arasında
bir əlaqə vasitəsidir. Bəzən minlərin, milyonların
qəlbinə yol tapan insanlar onların yaddaşında
əbədi olaraq yaşayır. Çünki milyonlar üçün yaşanan ömür talelərin çırağına
çevrilir. Bu gün qubalıların qəlbində əbədi
yaşayan ümummilli
lider Heydər Əliyev dühası hələ neçə nəsillərin yoluna günəştək şölə
saçacaq. O, Azərbaycanın
sönməyən günəşidir.
Elza ORUCOVA,
Quba Rayon Heydər Əliyev Mərkəzinin direktoru,
Əməkdar mədəniyyət
işçisi
Azərbaycan.-2014.-
14 dekabr.- S.2.