Gəncə Avtomobil Zavodu fəaliyyətini genişləndirir

 

Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sənaye istehsalının inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan Prezident İlham Əliyev demişdir: “Bir çox zavodlar, fabriklər, istehsal sahələri açılmışdır. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Onu da nəzərə almalıyıq ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik”.

Ölkəmizdə böyük strateji əhəmiyyətə malik sənaye müəssisələrindən biri də Gəncə Avtomobil Zavodudur.

Əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulan Gəncə Avtomobil Zavodunun tikintisinə 1986-cı ildə başlanıb. Lakin Moskvanın tikinti barədə qərarı o vaxtkı Ermənistan rəhbərliyi tərəfindən böyük qısqanclıqla qarşılanıb və layihənin məhz Ermənistan ərazisində reallaşmasına böyük səylər göstərilib. Ancaq Heydər Əliyevin nüfuzu və möhkəm iradəsi sayəsində avtomobil zavodunun təməli Azərbaycanda, Gəncədə qoyulur. Müəssisənin tikintisi 1989-cu ildə başa çatdırılmalı, 1990-cı ilin əvvəlindən isə artıq 1,5 tonluq yük avtomobillərinin istehsalına başlanmalı idi. Lakin Sovetlər birliyinin dağılması nəticəsində zavodun tikintisi yarımçıq qaldı.

Nəhayət, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrında Gəncə Avtomobil Zavodu işə salındı: Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən azlitrajlı avtomobillərin istehsalı üzrə zavodla bağlanmış müqaviləyə əsasən “VAZ-11113”-“OKA” markalı avtomobillərin yığımına başlandı. Ümumilikdə 314 “OKA” yığılaraq Qarabağ əlili və Böyük Vətən müharibəsi iştirakçılarına verildi.

İlk addımlarını müvəffəqiyyətlə atan Gəncə Avtomobil Zavodu 2005-ci ildə Rusiyanın “UAZ” ASC ilə imzalanan razılaşmaya əsasən “UAZ” avtomobillərinin 10 modelinin yığımına başladı. Bir il müddətində 243 ədəd “UAZ” avtomobili yığılaraq istifadəyə verildi. 2005-ci il iyulun 1-dən Rusiya Federasiyasında “AVRO-2” beynəlxalq standartın tətbiqindən sonra Ulyanovsk müəssisəsində yaranan ciddi problemlər ikitərəfli əməkdaşlığın dayanmasına səbəb oldu. Bundan sonra Gəncə Avtomobil Zavodunun rəhbərliyi 2005-ci ilin oktyabr ayında ÇininSap Qan” şirkəti ilə müqavilə imzaladı. Bu sənədə əsasən müəssisədə 7 modeldə ortatonnajlı yük maşınlarının yığımına başlanıldı. Bir il müddətində ümumilikdə 68 “Can Qan” markalı avtomobil yığılaraq istifadəyə verildi.

2006-cı ildə müəssisənin həyatında yeni bir səhifə açıldı. Həmin ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı iki dövlət arasında iqtisadi əlaqələrin qurulması, o cümlədən Minsk traktoravtomobil zavodları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlığın yaradılması barədə Belarus Respublikasının dövlət başçısı ilə razılığa gəlindi. Razılığa əsasən avtozavod bu müəssisələrlə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağladı. Bundan sonra Gəncə Avtomobil Zavodunda ümumi ərazisi 20000 kvadratmetr olan sexdə təmir-bərpa işləri görüldü, yeni texnoloji yığım xətləri quraşdırıldı. Yeni sex müasir avadanlıqlar və texnika ilə təchiz olundu. Bu müqavilənin davamı olaraq 2007-ci il mart ayının 27-də “MTZ” markalı “Belarus 80.1”, “Belarus 82.1”, “Belarus 1221”, “Belarus 1025”, “Belarus 892”, “Belarus 80X” modeldə traktorlar istehsalına başlanıldı. Qeyd edək ki, indiyədək ümumilikdə 5430-dan çox traktor yığılıb. Bu texnikalardan 4677-si dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə, qalan 754-ü fermerlərə və adamlarına satılıb.

2007-ci ilin aprelindən etibarən müəssisədə “Gəncə” və “Pəhləvan” adları daşıyan “MAZ”lar yığılmağa başlayıb. İndiyədək ümumilikdə 2212 müxtəlif markalı “MAZ” avtomobilləri yığılıb.

2007-ci ilin sentyabr ayında Gəncə Avtomobil Zavodunun BelarusunDorelektromaş” və “Smorqon Aqreqat Zavodu” ilə razılığına əsasən “Belarus” traktorları bazasında asma avadanlığın yığılmasına başlanılıb. Ötən müddət ərzində 82 ədəd “MUP”, 34 “DEM” ekskavator, 11 asfaltkəsən-qartəmizləyən yığılaraq istifadəyə verilib.

2009-cu ildə müəssisə “Moqilyovtransmaş” ATSC ilə müqavilə imzalayıb və ümumilikdə 12 ədəd 25 tonluq avtokran yığılıb.

2008-ci ildə Türkiyənin “Aqrional” və “Pirtizion” şirkətləri ilə bağlanmış müqaviləyə əsasən müəssisədə traktor qoşqularının və asma avadanlıqların yığımına başlanılıb. Bu günədək 138 traktor qoşqusu və 3160 asma avadanlıq yığılıb. Müəssisədə istehsal olunan texnika ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələ də açdı. Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısı İlham Əliyev Gəncədə yığılan traktorların Azərbaycanda aqrar sahənin inkişafında böyük rol oynayacağını vurğuladı. Ölkə başçısının müəssisənin fəaliyyətini müsbət qiymətləndirməsi zavod rəhbərliyini daha da ruhlandırdı və 2010-cu ildə Gəncə Avtomobil Zavodu və Almaniyanın “Haller” şirkəti “MAZ” avtomobili bazasında kommunal texnika istehsalına dair uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzaladı. Almaniyanın “Haller” şirkəti, Belarusun Minsk Avtomobil Zavodu və Gəncə Avtomobil Zavodu ilə bağlanan üçtərəfli müqavilənin həyata keçirilməsi üçün 6000 kvadratmetr ərazidə müasir avadanlıqlarla təmin olunan yeniHaller” yığım sexi və yığım xətti istifadəyə verildi. İndiyədək ümumilikdə 90 ədəd 21 kubmetr tutumlu məişət tullantılarını təmizləyəcək avtomobillər istehsal olunub.

2011-ci ilin yanvar ayında Nazirlər Kabineti “Gəncə Avtomobil Zavodunun Nizamnaməsinin təsdiqi haqqında” qərara əlavə və dəyişiklik haqqında yeni qərar qəbul etdibundan sonra müəssisə “Gəncə Avtomobil Zavoduİstehsalat Birliyinə çevrildi. Birliyə Gəncə Avtomobil Zavodu (baş müəssisə), MarketinqServis Müəssisəsi və Xüsusi Konstruktor-Texnoloji Bürosu daxil oldu. 2011-ci ilin aprel ayından Bakıda Gəncə Avtomobil Zavodu İstehsal Birliyinin Marketinqservis müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da nəticəsində zavodda istehsal olunan kənd təsərrüfatı texnikasının və avtomobillərin satışı, təmiri və servis xidməti göstərilir. Müəssisənin regionlarda mərkəzləri var kı, onlar yerlərdə yaranan problemləri həll etmək üçün nəzərdə tutulub.

Gəncə Avtomobil Zavodu İB-in 10 illik fəaliyyətini həm iqtisadi göstəricilər baxımından, həm də işçilərin sosial şəraitini yaxşılaşdırmaq baxımından uğurlu saymaq olar. Əgər müəssisə fəaliyyətə başladığı ildə işçilərin sayı 85 idisə, 2006-2008-ci illərdə 306, 2010-2012-ci illərdə 471, hazırda isə 500-ə yaxındır. 10 ildə işçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində xeyli görülüb. Belə ki, 2004-2005-ci illərdə orta aylıq əməkhaqqı 90 manat idisə, 2006-2008-ci illərdə bu rəqəm 185 manat, 2010-2012-ci illərdə 345 manat, hazırda isə 398 manat təşkil edir. Bu müddətdə müəssisənin uşaq bağçası, qəsəbənin binaları, qəsəbədaxili yollar, zavodun ərazisi və sexlər təmir olunaraq lazımi şərait yaradılıb. Zavodda işçilər üçün yeni yeməkxana tikilərək istifadəyə verilib. Sexlərdə işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün işlər avtomatlaşdırılıb.

İstehsalat birliyi fəaliyyətini gündən-günə genişləndirir. Yeni layihələr və müqavilələr üzərində işlər davam etdirilir. 2013-cü ildə Minsk Təkərli Dartıcılar Zavodu ilə ikitərəfli müqavilə imzalanıb və həmin müqaviləyə əsasən 2014-cü ildə hələlik 30 ağır yükdaşıyan qoşqu yığılıb. 2014-cü ilin may ayında BelarusunBobruyskehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu ilə bağlanmış müqaviləyə əsasən “MTZ 422” və “MTZ 622” markalı minitraktorların istehsalına da başlanılıb.

“Gəncə Avtomobil Zavoduİstehsalat Birliyi dövlətin və onun rəhbərinin diqqət və qayğısını daim hiss edir. Bu günlərdə müəssisənin 10 yaşının tamam olması münasibətilə keçirilən təntənəli mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç, şəhər rəsmiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Elmar Vəliyev kollektivi və tədbir iştirakçılarını təbrik edib, Prezident İlham Əliyevin Gəncəyə və gəncəlilərə göstərdiyi diqqət və qayğıdan, şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında qazanılan uğurlardan danışıb, zavodun Gəncənin sənaye xəritəsində mühüm yeri olduğunu qeyd edib.

“Gəncə Avtomobil Zavodu” müşahidə şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev çıxış edərək müəssisə kollektivinin ötən müddət ərzində qazandığı uğurlardan, gələcək perspektivlərdən söhbət açıb.

Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç çıxışında Belarus-Azərbaycan əlaqələrinin hər iki ölkəyə layiqli töhfələr verdiyini, gələcəkdə də Gəncə Avtomobil Zavodu ilə qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyini bildirib.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 14 dekabr.- S.5.