Təbiəti sevən və sevdirən alim

 

XX əsr Azərbaycan təbiətşünaslığının və torpaqşünaslığının elmi əsaslarla öyrənilməsində, bitkiçilik, təbii ehtiyatlarekoloji şəraitin inkişafında böyük xidmətləri olan akademik Həsən Əlirza oğlu Əliyev xalqın və tarixin yaddaşında daim yaşayacaqdır.

Həsən Əliyev 1907-ci il dekabrın 15-də Qərbi Azərbaycanın Zəngəzur qəzasının Comərdli kəndində dünyaya göz açmışdır. 1924-1930-cu illərdə Naxçıvan şəhərində axşam məktəbində oxumuş, 1930-1932-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tələbəsi olmuşdur. Sonra Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.

Görkəmli alim İkinci Dünya müharibəsinin qanlı-qadalı döyüşlərinin iştirakçısı olmuşdur. 1943-cü ildə ağır yaralandıqdan sonra arxaya göndərilmiş, bundan sonra cəbhəyə yararlı olmadığı üçün elm sahəsində çalışmış və böyük nailiyyətlər qazanmışdır. Həsən Əliyev 1944-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1944-1949-cu illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrarkimya İnstitutunun elmi işlər üzrə direktor müavini və Azərbaycan Pedaqoji İnstitutunda baş müəllim işləmişdir.

H.Əliyev 1949-1952-ci illərdə AMEA-nın Botanika İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1952-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin birinci müavini olmuş, elə həmin ildə EA-nın akademiki seçilmişdir.

1965-ci ildə “Böyük Qafqazın torpaqları və ondan səmərəli istifadə yolları” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. 1968-ci ildən ömrünün sonuna kimi AMEA-nın Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

1975-ci ildən “Azərbaycan təbiəti” məcmuəsinin baş redaktoru, Azərbaycan SSR Təbiəti Mühafizə Cəmiyyətinin sədri, Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin prezidenti olmuşdur. Dəfələrlə Polşa, ABŞ, İsveçrə, Yunanıstan və s. ölkələrdə keçirilən beynəlxalq konqreslərdə elmi məruzələr etmişdir. Həsən Əliyev 10-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Respublika rəhbərliyi tərəfindən dəfələrlə ordenmedallarla təltif edilmişdir.

Müasir gəncliyə, xüsusən də alimlərə örnək olan bu ömrün yarım əsrdən çoxu meşə torpaqlarının coğrafiyasına, respublika torpaq xəritəsinin və Azərbaycan SSR-də Beynəlxalq Bioloji proqramın hazırlanmasına, ətraf mühitin qorunmasına, torpaqsu ehtiyatlarından səmərəli istifadəyə həsr edilmişdir. Onun təbiətə son dərəcə sevgi və qayğı ilə yazılmış məqalələri, monoqrafik əsərləri elmi ictimaiyyət və geniş oxucu auditoriyası tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. Universitetdə oxuduğum illərdən yadımdadır, akademikin “Həyəcan təbili” (Bakı, 1976) kitabı tələbə yoldaşlarım arasında əldən-ələ gəzirdi. Kitabda Azərbaycanın elə bir bölgəsi, elə bir səfalı guşəsi yox idi ki, oradan söhbət açılmasın. O, respublikamızı, demək olar ki, qarış-qarış gəzib flora və faunamızın vəziyyətini öyrənmişdi. Oxuculara təbiət sevgisi aşılayan bu kitabı təkrar-təkrar mənə oxumağa məcbur edən və bu günədək şəxsi kitabxanamda saxlanılmasına səbəb olan o idi ki, Şəmkirdə orta məktəbdə oxuduğumuz illərdə pambıq yığımı zamanı qonşu Qaracəmirli kəndinin yaxınlığında, qızmar yay günlərində beş-on dəqiqəlik kölgəsində dayanmaq, dincəlmək üçün əldən-ayaqdan getdiyimiz, əsrlərin yadigarı “Qocaman Şərq çinarı” kimi təqdim olunmuş Yuvalı Çinarın şəkli və bu bölgə haqqında maraqlı qeydlər idi. Tuqay meşələrinin Şəmkir rayonu ərazisindən keçən hissəsində, Kür çayı üzərində tikilişinə başlanılmış Şəmkir SES və bununla əlaqədar yaranacaq nəhəng su anbarının altında qalan meşə zolağının, nadir ağacların talesizliyinə müəllifin biganə qala bilməməsi bütün təbiətsevərlər kimi məni də düşündürürdü. Bunları xatırlatmaqla dediyim odur ki, təbiət vurğunu olan görkəmli alim 1970-80-ci illərdən başlayaraq respublikamızın təbii sərvətlərinin - bu sahədə inkişafa səbəb olan amillərin çoxalması üçün əlindən gələni etmişdi. Respublikamızın torpağına, meşə örtüyünə, hər dağına, düzəninə, çayına, yaylağına, qışlağına yaxşı bələd olduğu üçün ölkəmizdə torpaqların coğrafiyasının tədqiqinə, təbiəti mühafizəyə, Azərbaycanda bioloji proqramın işlənib hazırlanmasına böyük əmək sərf etmişdir. Problem vəzifələrin öhdəsindən ləyaqətlə gəlmək üçün Həsən Əliyev ilk növbədə yüksək ixtisaslı kadrlar yetişdirmək, müasir avadanlıqla təchiz edilmiş laboratoriyalariri stansiyalar yaratmaq, təcrübələr aparmaq lazım olduğunu bildirirdi. Bu tövsiyələrdə, elmi axtarışlarda əsas məqsəd torpağı təbiətin bizə verdiyi şəkildə saxlamaq, onu daha da zənginləşdirmək, məhsuldarlığını artırmaq idi. Buna görə akademik ilk növbədə savadlı mütəxəssis-kadr hazırlığına üstünlük verir, gənclərin elmi-tədqiqat işlərinə cəlb olunmasına, onların əsl tədqiqatçı-alim kimi yetişməsinə, şəxsiyyət kimi formalaşmasına xüsusi diqqət yetirirdi. Təsadüfi deyil ki, Həsən Əliyevin hazırladığı kadrlar bu gün ölkəmizin aparıcı elmi-tədqiqat institutlarında, sənaye və kənd təsərrüfatı müəssisələrində uğurla çalışırlar.

Milli ekoloq alimlər ordusunun yaranmasında, Cənubi Qafqazda meşə zolaqlarının coğrafiyası, torpaqların xəritələşdirilməsi, ekoloji problemlərin həlli və torpaq meliorasiyasının inkişafı sahələrində misilsiz xidmətlər göstərmiş alim həm də Azərbaycanda ekologiya və ətraf mühiti mühafizə elminin yaradıcısı olmuşdur. O, fəaliyyət göstərdiyi hər bir elmi-tədqiqat institutunda araşdırma işlərinə rəhbərlik etmiş, uğurlu nəticələri mətbuat vasitəsi ilə ictimaiyyətə çatdırmışdır. Onun rəhbərliyi ilə 8 cildlik “Azərbaycan florası” nəşr edilmişdir. Akademikin fundamental tədqiqatlarının nəticəsi olan “Azərbaycanda qara torpaqların yayılması”, “Yüksək dağlıq zonada torflu torpaqların bəzi xüsusiyyətləri”, “Böyük Qafqazın torpaqları və onlardan səmərəli istifadə yolları” və digər monoqrafiyaları işıq üzü görmüşdür. Görkəmli alimin gərgin əməyinin bəhrəsi olan 800-ə qədər elmi əsər, o cümlədən Azərbaycanda torpaqşünaslıq, botanika, biocoğrafiya, meşəçilik, ətraf mühitin mühafizəsi və s. bəhs edən kitablarmonoqrafiyalar nəşr edilmişdir.

Azərbaycanda dövlət qoruqlarının yaranması və təşkili də akademik Həsən Əliyevin adı ilə bağlıdır. Mühüm əhəmiyyətə malik Kür çayı sahilləri boyunca Xəzər dənizinə qədər uzanan Tuqay meşələrinin taleyi alimin daim diqqət mərkəzində olmuşdur. Təbiətin yaşıl ciyəri adlandırdığımız belə meşələrin əhalinin heyvandarlıq, bostançılıq və əkinçilik fəaliyyəti nəticəsində kəskin surətdə azalmasına biganə qala bilmirdi. Odur ki, ekoloji balansı bərpa etmək məqsədilə alimin rəhbərliyi altında Ağstafa, Şəmkir, Samux, Ağdaş meşə təsərrüfatı ərazilərində Tuqay meşələri əsasında eyni tipli qoruqların, boş sahələrdə əlavə meşəliklərin yaradılmasını çox vacib olduğunu irəli sürürdü. Bununla da Kür çayı boyunca təbii şəraitin yaxşılaşdırılmasına, burada istirahət və sağlamlıq ocaqlarının təşkilinə, ərazinin estetik vəziyyətinin gözəlləşdirilməsinə üstünlük verirdi. Alimin tövsiyələrinə rəğmən Kür çayının Şəmkirdən Samuxa və Mingəçevirə doğru uzanan sağsol sahillərində - hektarlarla boşkol-koslu ərazilərdə su altında qalan meşəliklərə alternativ ağaclar əkilib, yaşıllıqlar salınıb, çimərliklər, dənizkənarı parklar, istirahət və gəzinti yerləri, idman-sağlamlıq mərkəzləri və s. yaradılıb.

Görkəmli alim müxtəlif landşaft zonalarını təmsil edən dövlət qoruqlarının təşkilini təbiəti mühafizənin prioritet istiqamətlərindən hesab edirdi. Respublikada həmin dövrdə mövcud olan 14 dövlət qoruğundan 7-si (Hirkan, Qarayazı, İsmayıllı, İlisu, Altıağac, Türyançay və Bəsitçay) bilavasitə onun təşəbbüsü və təkidi ilə yaradılmışdır. Hələ sağlığında quru meliorasiya üsulunun geniş tətbiqi, eroziyaya məruz qalan quru dağ yamaclarında qozbadam ağaclarından ibarət yaşıl zolaqların yaradılması öz müsbət nəticəsini vermişdi. Uğurlar sırasında alimin gərgin əməyinin bəhrəsi olan Abşeron yarımadasında zeytun bağlarının salınmasını da qeyd etmək yerinə düşər.

Akademik Həsən Əliyev həm də respublika Təbiəti Mühafizə Cəmiyyətinin yaradıcısı olmuşdur. O, bu cəmiyyətin nüfuzlu quruma çevrilməsi üçün böyük əmək sərf etmişdir. Alimin yüksək təşkilatçılığı sayəsində buraya yüzlərlə insan cəlb edilmiş, cəmiyyətin yarandığı bir neçə ildə onun üzvlərinin sayı 1,2 milyon nəfərə çatmışdı. Görkəmli alim və bacarıqlı təşkilatçı Həsən Əliyev təbiəti mühafizə sahəsində kadr potensialını gücləndirməyə, elmi-tədqiqat laboratoriyaları və ali məktəblərdə ayrıca kafedralar yaratmağa həmişə böyük üstünlük verirdi. 1970-ci ildə məhz onun təşəbbüsü ilə AMEA-nın Coğrafiya İnstitutunda Təbiəti mühafizə şöbəsi yaradılmışdır. Bu gün Bakı Dövlət Universitetində Ekologiyaekocoğrafiya fakültəsində fəaliyyətdə olan Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə kafedrası ötən əsrin 80-ci illərində məhz Həsən Əliyevin uzun illərin yazışmasından, get-gəlindən sonra bilavasitə özünün yaxından iştirakı ilə təşkil olunmuşdur.

Akademik Həsən Əliyevin vətən və xalq qarşısında xidmətlərinə görə dövrün ən yüksək mükafatları - “Lenin”, “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz”, “Birinci dərəcəli Vətən müharibəsi”, “Şöhrət” ordenləri və bir çox medallarla təltif edilmişdi. Azərbaycanın əməkdar elm xadimi, Dövlət mükafatı laureatı idi, Vavilov adına medala layiq görülmüşdü.

Akademik Həsən Əliyev 1993-cü il fevral ayının 2-də Bakı şəhərində dünyasını dəyişmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Bu gün böyük alimin yetişdirdiyi kadrlar, əsasını qoyduğu elmi mərkəzlər, yaratdığı qurumlar, sənayenin, xüsusən də kənd təsərrüfatının müxtəlif sahələrində çalışanlar müstəqil Azərbaycan Respublikasının təbiətinin öyrənilməsi və iqtisadi qüdrətinin artırılması istiqamətində böyük işlər görürlər, ali məktəblərdə ekologiyanın müxtəlif sahələri üzrə yüksək ixtisaslı kadrlar hazırlayırlar.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2014.- 14 dekabr.- S.6.