Azərbaycan Prezidenti İlham Əliyevin Sabirabad rayonuna səfəri
Dekabrın 15-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı rayonda
bir sıra infrastruktur və sosial təyinatlı obyektlərin açılışında
iştirak edib.
Prezident İlham Əliyev əvvəlcə Sabirabad şəhərinin mərkəzi
meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Nazim
İsmayılov dövlətimizin
başçısına meydanda
aparılan abadlıq işləri barədə
məlumat verdi.
Sonra Prezident
İlham Əliyev Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli
avtomobil yolunun açılışında iştirak
etdi.
Dövlətimizin başçısına yolun
texniki-iqtisadi göstəriciləri
barədə məlumat
verildi. Bildirildi ki, 22 min nəfərin
yaşadığı 12 yaşayış
məntəqəsini birləşdirən
bu yol ən
müasir səviyyədə
inşa edilib. Uzunluğu 46
kilometr olan yolun inşası zamanı 36 su keçidi tikilib, yol kənarlarında 900-ə
yaxın yol nişanı və siqnal dirəyi, 12 dayanacaq quraşdırılıb.
Azərbaycan Prezidenti yolun rəmzi açılışını
bildirən lenti kəsdi.
Daha sonra Prezident İlham Əliyev Sabirabad şəhərində
əsaslı şəkildə
yenidən qurulan Mədəniyyət Evində
yaradılan şəraitlə
tanış oldu.
Qeyd edildi ki, ikimərtəbəli bina ən yüksək
səviyyədə, həm
də müasir üslubda təmir edilib. Mədəniyyət Evinin 377 yerlik
akt zalında Sabirabadın mədəni
həyatında baş
verən hadisələri
qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli
müxtəlif tədbirləri
keçirmək üçün
hərtərəfli şərait
yaradılıb. Burada zəngin
kitab fondu, oxu zalı və
20 yerlik konfrans zalı var.
Sabirabada səfəri çərçivəsində
dövlətimizin başçısı
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa olunan uşaq bağçasının açılışında
da iştirak etdi.
Prezident İlham Əliyev uşaq bağçasının
rəmzi açılışını
bildirən lenti kəsdi.
Məlumat verildi ki, 100 yerlik uşaq bağçasında balacaların
təlim-tərbiyəsi və
gələcəyin sağlam
vətəndaşı kimi
yetişmələri üçün
hərtərəfli şərait
yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək
80 uşaq 4 qrupda təlim-tərbiyə alacaq.
Burada uşaqların intellektual,
fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin
üzə çıxarılması
diqqət mərkəzində
saxlanılır.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev Sabirabad şəhərinə içməli
suyun verilməsi mərasimində iştirak
etdi.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
sədri Qorxmaz Hüseynov dövlətimizin
başçısına məlumat
verdi ki, 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla
Sabirabad şəhəri,
Qalaqayın, Suqovuşan,
Kürkənd, Əsədli,
Bulaqlı, Balakənd
kəndlərində 50 min nəfərdən
artıq insanın su təchizatının yaxşılaşmasına hesablanan
bu layihə çərçivəsində Kür sutəmizləyici qurğularından 62 kilometr
uzunluğunda magistral su kəməri tikilib. Layihənin davamı olaraq
Sabirabad şəhərində
135 kilometr uzunluğunda
kanalizasiya şəbəkəsi
inşa olunacaq, çirkab sutəmizləyici
qurğu tikiləcək.
Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin
nümayəndələri ilə
görüşdü.
Dövlətimizin başçısı ölkə üçün
indiyədək əsas
problemlərdən biri
olan içməli su məsələsinin həlli ilə bağlı genişmiqyaslı
işlər görüldüyünü
dedi. Bildirdi ki, Sabirabadda
icrası başa çatan içməli su layihəsi görülən işlərin
davamlı olduğunun
təsdiqidir. Prezident İlham
Əliyev Sabirabad və Saatlı şəhərlərinin və
bu rayonların 40 kəndinin keyfiyyətli içməli su ilə təchizatını
təmin edən layihənin başa çatması münasibətilə
sakinləri təbrik etdi.
Azərbaycan Prezidenti ölkədə sosial məsələlərin
əsas prioritet olduğunu deyərək bu sahədə Sabirabadda görülən
işlərdən razılığını
ifadə etdi. Bildirdi ki,
dövlət bütün
sosial layihələrin
həyata keçirilməsinə
bundan sonra da dəstək verəcək.
Dövlətimizin başçısı suyun
verilməsini bildirən
düyməni basdı.
Sonda xatirə
şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
Sabirabad regional “ASAN xidmət”
mərkəzinin açılışında
iştirak etdi.
Dövlətimizin başçısı binanın
rəmzi açılışını
bildirən lenti kəsdi.
Məlumat verildi ki, dördmərtəbəli
binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Həyətdəki uşaq avtoşəhərciyində
balacaların yol hərəkəti qaydalarını
öyrənmələri və
yol nişanlarını
tanımaları üçün
bütün şərait
yaradılıb.
Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olarkən bildirildi ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Sabirabad da daxil olmaqla Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan rayonlarının və Şirvan şəhərinin 900 minə yaxın sakini yararlanacaq. Artıq “ASAN ödəniş” sisteminin tətbiqinə başlanılıb. Yaxın gələcəkdə ödəniş terminallarının ictimai yerlərdə quraşdırılmasına başlanacaq.
Prezident İlham Əliyevə
“Google glass” - biometrik tanınma
sistemi barədə də məlumat verildi.
Bildirildi ki, “ASAN xidmət” sistemində ilk dəfə
burada miniatür tropik meşə layihəsinin tətbiqinə
başlanıb ki, bu da bina
daxilində havanın
təmizlənməsini nəzərdə
tutur.
Dövlətimizin başçısı səyyar “ASAN xidmət” avtobuslarında yaradılan
şəraitlə də
tanış oldu. Ən müasir server və
şəbəkə avadanlığının
quraşdırıldığı bu avtobuslarla 2014-cü ildə 25 məntəqədə
30 rayonun əhalisinə
səyyar xidmət göstərilib. Bu çərçivədə edilən
59 mindən çox müraciətin 90 faizə
yaxını təmin
olunub.
Qeyd edildi ki, mərkəzdə 50 avtomobil tutumu olan dayanacaq tikilib.
Azərbaycan.-2014.- 16 dekabr.- S.2.