Polşa-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi

 üçün mövcud potensialdan səmərəli istifadə olunmalıdır

 

Biznes forumlar, işgüzar görüşlər və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlər Azərbaycan ilə Polşa arasındakı iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

AzərTAc xəbər verir ki, bu sözləri energetika naziri, Azərbaycan-Polşa hökumətlərarası komissiyasının həmsədri Natiq Əliyev dekabrın 15-də Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının altıncı iclasında deyib.

N.Əliyev bildirib ki, komissiyanın bugünkü iclası da iş adamları arasında əlaqələrin inkişafına müsbət töhfə verəcək. Nazir ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkənin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırıb, əlaqələrin hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslandığını vurğulayıb. Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu diqqətə çatdırılıb.

Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri, komissiyanın həmsədri Yanuş Pexoçinski Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Polşa və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyini vurğulayıb. Y.Pexoçinski iş adamları arasında əlaqələrin genişləndirilməsinin Polşa-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini və iqtisadi əlaqələrin inkişaf istiqamətlərini qeyd edib.

 

Azərbaycan.-2014.- 16 dekabr.- S.3.