Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində

 görülən tədbirlər beynəlxalq təşkilatlar

 tərəfindən yüksək qiymətləndirilib

 

Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dekabrın 8-dən 10-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Dünya Bankının dəstəyi ilə Korrupsiyaya Qarşı Mübarizə Aparan Təşkilatların Beynəlxalq Birliyinin (ICHA) 3-cü iclasında iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, korrupsiyaya qarşı mübarizə aparan 130-dan çox ölkəni təmsil edən ixtisaslaşdırılmış qurumların və istintaq orqanlarının 300-ə yaxın yüksək vəzifəli şəxsləri, habelə beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərinin təmsil olunduğu tədbiri Dünya Bankının prezidenti Cim Yen KimBöyük Britaniya şahzadəsi Uilyam açaraq korrupsiya və rüşvətxorluğun bəşəriyyət üçün təhlükəyə çevrildiyini, insanları daha çox narahat edən bu sosial bəlaya qarşı birgə mübarizənin aparılmasının vacibliyini diqqətə çatdırıblar.

İclasın “Korrupsiyaya qarşı mübarizədə hüquq mühafizə orqanlarının fəaliyyəti” adlı sessiyasında çıxış edən K.Əliyev dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində aparılan qanunvericiinstitusional islahatlar, habelə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Baş İdarənin rəisi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) birgə səyləri ilə müvafiq olaraq cari ilin iyulnoyabr aylarında Bakıda keçirilmişKorrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlarmilli təcrübələr” mövzusunda konfransın və İACA-ya üzv və iştirakçı dövlətlərin Assambleyasının 3-cü sessiyasının əhəmiyyətini xüsusi vurğulayıb.

K.Əliyev iclasın korrupsiyanın qarşısının alınmasına həsr edilmiş sessiyasındakı çıxışında Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılaraq Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə dair iştirakçılara ətraflı məlumat verib. Xidmətin vətəndaş məmnunluğuna yönələn fəaliyyəti, korrupsiyanın qarşısının alınmasında önəmli rolu və bütövlükdə bu sahədə ölkəmizdə aparılan işlər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq təqdir olunub.

Tədbirdə K.Əliyev Dünya Bankının və Dələduzluqla Mübarizə üzrə Avropa Bürosunun (OLAF) yüksək rəsmiləri ilə ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi dekabrın 11-dən 12-dək Parisdə BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (UNODC), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD), Dünya Bankı, Beynəlxalq Şəffaflıq Təşkilatının dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizədə ən müsbət təcrübələr və gələcək əməkdaşlıq” mövzusunda keçirilən simpoziumda iştirak edib.

Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində ən qabaqcıl təcrübəyə malik olan 50-yə yaxın beynəlxalq təşkilatın nümayəndələri uzun illər əldə etdikləri təcrübəni iştirakçılarla bölüşüb, təqdimatlarla çıxışlar ediblər.

Simpoziumda çıxış edən K.Əliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatlar, o cümlədən Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər, “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq, xüsusilə Baş İdarənin Litva Xüsusi İstintaq İdarəsi ilə birgə həyata keçirdiyiAvropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq proqramının əhəmiyyəti barədə ətraflı məlumat verib. O, habelə korrupsiyanın qarşısının alınmasında önəmli rolu olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb, çoxlu sayda sualları cavablandırıb.

Tədbirdə Litva Respublikasının Xüsusi İstintaq İdarəsinin rəis müavini Zidrunas Bartkus çıxış edərək Avropa İttifaqının Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə birgə həyata keçirilmiş Tvinninq proqramının Avropadakı layihələr sırasında ən uğurlu olmasını və bunun Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradənin mövcudluğu sayəsində mümkün olduğunu xüsusi qeyd edib.

Simpozumun sonunda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunverici və institusional tədbirləri özündə əks etdirən bukletlər tədbir iştirakçılarına paylanıb.

 

Azərbaycan.-2014.- 16 dekabr.- S.4.