Natiq Əliyev: Polşa
şirkətlərinin təcrübəsi sənaye mərkəzlərinin,
texniki parkların
yaradılmasında böyük əhəmiyyət kəsb edə
bilər
Polşa
sahibkarları yeyinti, işlənmiş mühərrik
yağlarının yenidən emalı, tikinti
materiallarının istehsalı, gəmiqayırma, dəmiryolu,
elektrik şəbəkələrinin modernləşdirilməsi
sahələrinə ciddi maraq göstərirlər.
Bu
barədə Polşa Respublikasının Baş nazirinin müavini,
iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi
nümayəndə heyətinin ölkəmizə səfəri
çərçivəsində Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı
ilə dekabrın 15-də Bakıda keçirilən Azərbaycan-Polşa
biznes forumunda bildirilib.
AzərTAc
xəbər verir ki, hər iki ölkədən
iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən
iş adamlarının iştirakı ilə təşkil edilən
biznes forumda Azərbaycan iqtisadiyyatının inkişafı, əlverişli
investisiya mühiti və uğurları barədə məlumat
verilib. Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu iqtisadi inkişaf strategiyasının Azərbaycana
qazandırdığı uğurlar və hazırda Prezident
İlham Əliyevin bu siyasəti müvəffəqiyyətlə
davam etdirdiyi diqqətə çatdırılıb.
İqtisadi
əməkdaşlıq üzrə hökumətlərarası
komissiyasının Azərbaycan tərəfdən həmsədri,
energetika naziri Natiq Əliyev ölkələr arasında
dostluq əlaqələrinin əsrlərdən bəri
mövcud olduğunu vurğulayaraq, müstəqillik
dövründə xalqlarımızın qardaşlıq
münasibətlərinin yeni mərhələyə yüksəldiyini
deyib. Nazir bildirib ki, ölkə arasında iqtisadiyyatın
müxtəlif sahələri üzrə - neft, qaz, energetika, sənaye,
kənd təsərrüfatı, nəqliyyat, səhiyyə, təhsil,
mədəniyyət və digər ikitərəfli münasibətlərin
durumu çox yüksək səviyyədədir. “Polşa
sahibkarları yeyinti, işlənmiş mühərrik
yağlarının yenidən emalı, tikinti
materiallarının istehsalı, gəmiqayırma, dəmiryolu,
elektrik şəbəkələrinin modernləşdirilməsi
sahələrinə ciddi maraq göstərirlər. Hesab edirəm
ki, Polşa şirkətlərinin təcrübəsi
Sumqayıtda və başqa regionlarımızda tikilməsi nəzərdə
tutulan sənaye mərkəzlərinin, texniki parkların
yaradılmasında böyük əhəmiyyət kəsb edə
bilər”, - deyə qeyd edib.
Hökumətlərarası
komissiyasının Polşa tərəfdən həmsədri
Yanuş Pexoçinski ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə inkişafından məmnunluq
ifadə edib, əməkdaşlığın daha da
yaxşılaşdırılması yollarından
danışıb. Polşalı nazir iş adamları
arasında keçirilən görüşlərin və
biznes forumların xüsusi əhəmiyyəti olduğunu
deyib: "Belə tədbirlərin davam etdirilməsi iqtisadi əməkdaşlığın
inkişafına, eləcə də iş adamları
arasında yeni əlaqələrin qurulmasına töhfə
verəcək. Hazırda 550 Polşa şirkəti Azərbaycanla
əməkdaşlıq edir".
Bildirilib
ki, Azərbaycan və Polşa respublikaları arasında
iqtisadi əlaqələr 1993-cü ildən etibarən sürətlə
genişlənməyə başlayıb. İki ölkə
arasında müqavilə-hüquq bazası çərçivəsində
onlarla sənəd imzalanıb. Azərbaycanın iqtisadi əlaqələrini
möhkəmləndirdiyi ölkələr içərisində
Polşanın özünəməxsus yeri var. Belə ki, bir
çox Avropa ölkələri kimi Polşa da “Şərq Tərəfdaşlığı”
çərçivəsində Azərbaycanla əlaqələrə
böyük önəm verən ölkələrdəndir.
Tədbirdə
Azərbaycanın investisiya mühiti və biznes imkanları
haqqında AZPROMO rəhbəri Rüfət Məmmədov,
Polşanın biznes mühiti ilə bağlı Dövlət
İnkişaf Bankının xarici ticarətin dəstəklənməsi
departamentinin eksperti Karol Rozenberg təqdimatlarla
çıxış ediblər.
Sonda
iş adamları arasında görüşlər təşkil
olunub.
Azərbaycan.-2014.- 16 dekabr.- S.3.