Güclü hakimiyyət ictimai-siyasi sabitliyin və

sosial-iqtisadi inkişafın qarantıdır

 

Dünya nizamını pozan ikili standartlar

 

 

“Dövlətin funksiyasını heç vaxt zəiflətmək olmaz, hərçənd müasir liberalizmin tərəfdarları cəmiyyətə bunu təlqin etməyə çalışırlar ki, vətəndaş cəmiyyəti təşkilatları dövlətin vəzifələrinin çoxunu öz üzərinə götürə bilərlər. Zənnimcə, onlar ciddi yanılırlar. Liberalizmin adeptləri və idealistlər nə deyirlər desinlər, onlar öz baxışlarını əsaslandırmaq üçün nə qədər çalışsalar da, bizim güclü dövlətə və müxtəlif növ anarxistlərin “qırmızı xətti” keçmələrinə imkan verməyən güclü hakimiyyətə ehtiyacımız var”.

Akademik Ramiz Mehdiyev

 

Qlobal transformasiya dövrünü yaşayan dünyada geosiyasi və geoiqtisadi proseslər o qədər sürətlə cərəyan edir ki, bəzən siyasi və iqtisadi tendensiyaların necə dəyişdiyini belə müşahidə etmək mürəkkəbləşir. Hətta təkqütblü dünya formalaşdırmaq istəyən qüvvələrlə monopolyar siyasətin tərəfdarları arasında sezilən kəskin münasibətlər planetin siyasi coğrafiyasında böyük dəyişikliklərə gətirib çıxarır. Şərqi Avropada, Yaxın və Orta Şərqdə, eyni zamanda, Şimali Afrikada baş verən irrasional hadisələr bir daha sübut edir ki, geosiyasi maraqlar prizmasında milli dövlətlər real təhdidlərlə üz-üzədir. Xüsusilə də müasir informasiya və kommunikasiya texnologiyaları, həmçinin ictimai sektor vasitəsilə idarəolunan kütləvi şüurun formalaşdırılması ilə hakimiyyətlərin zəiflədilməsi, hətta sıradan çıxarılması görünməkdədir.

Nə qədər qəribə olsa da, hazırda qlobal hegemonluq uğrunda mübarizə aparan imperialistlər konfliktlərin yaranmasına səbəb olan bütün 4 səbəbin hər birindən müxtəlif coğrafiyalar üzrə istifadə etməkdədirlər. Etnik-dini, ərazi, sosial faktorları hədəfdə olan sosiumlarda qarşı-qarşıya qoymaqla siyasi hədəflərinə çatmağa cəhd edənlər demək olar ki, dünyanın dörd bir tərəfində müxtəlif istiqamətli münaqişə ocaqları yaradıblar. Bunlar da əlbəttə ki, “idarəolunan xaos” nəzəriyyəsi çərçivəsində “suyu bulandırmaqla balıq tutanların” geostrateji planlarının tərkib hissəsidir. Aydın məsələdir ki, dünyanın bir hissəsi kimi qlobal əhəmiyyətli layihələri ilə diqqət mərkəzində olan Azərbaycan da bu cür proseslərdən sığortalanmayıb. Bu mənada, möhkəm ictimai-siyasi sabitlik fonunda dinamik sosial-iqtisadi inkişaf da müəyyən qüvvələri narahat etmiş olur. Elə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı tədqiqat əsəri qoyulmuş problemlərin ətraflı təfsilatı və çıxış yollarının göstərilməsi baxımından xüsusi aktuallıq kəsb edir.

 

Dərindən dərk edilmiş və uzaqgörən siyasətin böyük uğurları

Bu, artıq təkzibedilməz faktdır ki, Azərbaycan sosialyönümlü bazar iqtisadiyyatının formalaşması sahəsində böyük müvəffəqiyyətlər əldə edib, əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirləri addım-addım reallaşdırıb. Son 11 ildə inkişaf tempinə görə dünyanın lider ölkələrindən birinə çevrilən, rifahlı cəmiyyət, müasir dövlət quruculuğunun geniş vüsət aldığı, həmçinin tolerantlığın təkrarsız nümunəsi kimi dünyada böyük nüfuz qazanan Azərbaycan artıq mühüm əhəmiyyət kəsb edən qlobal proseslərdə söz sahibi olan aparıcı ölkələr sırasına daxil olub.

Belə bir möhtəşəm nailiyyətin əldə olunmasında əsas faktor lider amilidir. Hər hansı bir ölkənin uzun onilliklər boyu əldə edə biləcəyi bu tarixi nailiyyətlər ümummilli lider Heydər Əliyevin vətənimizin firavan gələcəyinin qurulmasına xidmət edən müdrik strategiyası əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və ölkəni böyük perspektivlərə doğru aparan uğurlu siyasətin, beynəlxalq aləmdə gedən proseslər fonunda Azərbaycanın maraq və mənafelərini daha dolğun şəkildə təmin etmək üçün atılan qətiyyətli və məqsədyönlü addımların nəticələridir.

Uğurlu neft strategiyasının əsasının qoyulmasından, Konstitusiyanın qəbulu və hakimiyyət qollarının müəyyənləşdirilməsi ilə hüquqi-demokratik dövlət quruculuğu prosesinin başlanmasından, siyasi sabitliyin bərqərar olunması fonunda siyasi sistemin çevik fəaliyyət göstərən siyasi institutlar vasitəsilə möhkəmləndirilməsindən və balanslı xarici siyasət kursunun işlənməsindən sonra dinamik inkişaf yoluna qədəm qoyan Azərbaycan 2003-cü ildən başlayaraq, inkişafın keyfiyyətcə yeni mərhələsinə addımladı. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi kurs cəmiyyətin sosio-mədəni bazisinin mərhələlərlə postindustrial dəyərlər və ənənələr məcrasına transformasiyasına imkan yaratdı, milli tərəqqinin sabitliyini və davamlılığını təmin etdi, ölkəni beynəlxalq münasibətlərin obyektinə yox, aparıcı subyektinə çevirdi.

 

Sosialyönümlülük inkişaf siyasətinin başlıca faktorudur

Dövlət başçısının iqtisadi sferada həyata keçirdiyi siyasətin indi də özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsidir. Bu mənada Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar sırasında ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlərin xüsusi yer tutması təbii xarakter daşıyır. Digər tərəfdən, elmi-nəzəri, iqtisadi əsaslara söykənən sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərini təşkil edir. Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr seçkilərindən sonra imzaladığı ilk sənədlər sırasında yer alan “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanı və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkə iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə yanaşı, nəticə etibarilə sosial rifah halının getdikcə yüksəlməsinə xidmət etdi.

“Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır” - deyən dövlət başçısının bu məqsəd naminə apardığı uğurlu siyasətin nəticəsidir ki, yoxsulluq səviyyəsi son 11 ildə azalaraq 5 faizə düşüb.Bu mənada ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerlərdə qərar tutub. Ümumiyyətlə, 2003-2014-cü illərdə İnsan İnkişafı İndeksinin artım sürətinə görə Azərbaycan orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin ilk 15-liyinə daxil olub. Bu mənada, hazırda nəinki bölgənin, hətta dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq yarada bilib. Daha doğrusu, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticə isə çox qürurvericidir: Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb ki, bu da modern Azərbaycan dövləti modelidir.

 

Praqmatik və rasional xarici siyasət kursu

Bu gün Azərbaycan Respublikası həm də müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, qlobal layihələrin reallaşdırılmasına, dünyada təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir.

2003-cü ildən sonra Prezident İlham Əliyev xarici siyasətin prioritet istiqamətlərini daha da şaxələndirdi və Azərbaycan qlobal aktor olmaqla Latın Amerikasına da diplomatik əlini uzatdı. Xarici siyasətdə “hücum taktikasını” önə çəkən Prezident İlham Əliyev diplomatik qələbələrin mühüm formulunu diqqətə təqdim etdi. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, Azərbaycan kreativ iqtisadiyyatın yaradılması ilə paralel olaraq başqa dövlətlərin daxili işlərinə qarışmamağa əsaslanan “yumşaq güc” konsepsiyasını da formalaşdırmağa başlayıb. Bizim “yumşaq güc” konsepsiyamız Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, tolerantlığının, onun potensialının hərtərəfli nümayiş etdirilməsi yolu ilə milli maraqların təbliği ideyasına əsaslanır, bununla da beynəlxalq arenada dövlətimizə etimadı artırır.

Bunun nəticəsi idi ki, üç il öncə seçildiyi BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə etdi, hər bir məsələ ilə bağlı konkret mövqe nümayiş etdirdi, prinsipial mövqeyi ilə seçildi. Buna görə də hazırda beynəlxalq aləm Azərbaycanın mövqeyini müdafiə edir, dəstəkləyir, addımlarını təqdir edir. Bu, həmçinin onunla bağlıdır ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur.

 

“Beşinci kolon” qərəzli dairələrin “troya atı” qismində

Məhz Azərbaycanda mövcud olan praqmatik və rasional düşüncəli liderin rəhbərliyilə formalaşdırılmış güclü hakimiyyət və inkişaf etmiş dövlət antiazərbaycançı dairələrin planlarını alt-üst etməklə yanaşı, onlara sarsıdıcı zərbələr də endirir. Ona görə də ölkəmizin müstəqil siyasət yürütməsi, təbii sərvətlərinin sahibi olması və xalqın maraqlarının müdafiə olunması antiazərbaycançı qüvvələri narahat etdiyindən erməni lobbisi və onun maliyyəsilə hərəkət edən qərəzli qüvvələr ölkəmizdəki harmonik inkişafa zərbə vurmağa cəhd göstərirlər. Həmin qərəzli dairələr radikal müxalifətin, bəzi mətbuat orqanlarının, QHT-lərin və ayrı-ayrı “hüquq müdafiəçiləri”nin də daxil olduğu “beşinci kolon” vasitəsilə məqsədlərinə nail olmağa çalışırlar. AXCP və Müsavat partiyaları, “Azadlıq” qəzeti, Sülh və Demokratiya İnstitutu timsalında Leyla və Arif Yunuslar, jurnalist Xədicə İsmayıl və başqaları birbaşa olaraq erməni lobbisinin təsiri altında olan xarici qrant təşkilatlarının maliyyəsilə Azərbaycanın imicinə zərbə vurmağa, əldə olunan uğurlara kölgə salmağa və ən əsası, ölkədə ictimai-siyasi sabitliyi pozmağa hesablanmış addımlar atıblar. Bəzi QHT-lər aldıqları qrantları vətəndaş cəmiyyəti strukturlarının inkişafına deyil, ölkədə konstitusion quruluşu zorakılıqla dəyişmək cəhdlərinə yönəldirlər. Xarici donorlar müəyyən təşkilatları maliyyələşdirməklə onları Azərbaycan qanunlarını və ölkədə sabitliyi kobud şəkildə pozmağa məcbur edirlər. Bununla da, həmin donorlar faktiki surətdə vətəndaş cəmiyyəti təsisatlarının inkişafı ilə məşğul olmaq əvəzinə, “beşinci kolon”dan olan müəyyən şəxslərə pul verərək onlardan Azərbaycan dövlətinə qarşı istifadə edirlər.

 

Qərb təcrübədir, etalon deyil

“Beşinci kolon”a daxil olan qərəzli qüvvələr ictimai şüurda “liberal Qərb dünyası” xülyası formalaşdırmaqla tarixi adət-ənənələrin, milliliyin, etnik-dini kimliyin unudulması yolu ilə assimilyasiyaya yol açmaq, milli dövlətçiliyin əsaslarını sarsıtmağa istiqamətlənmiş addımlar atmaq düşüncəsindədir. Bununla, onlar kütləvi şüurda “simvolik siyasət” vasitəsilə yaradılmış “butaforları” Qərb dünyasının inkişaf faktorları kimi təqdim etməklə insanların kosmopolitizmə sürüklənməsinə və milli dövlətçiliyə qarşı çıxmasına çağırış edirlər.

Qərbdə təhsilin, səhiyyənin və maddi vəziyyətin yüksək olmasını əsas gətirməklə oradakı həyat tərzini milliliyini hələ də qoruyub saxlamış ölkələrə “liberalizm və demokratiya” adı altında sırıma əməliyyatları həyata keçirilir. Doğrudur, Qərbdə sadalanan amillər üzrə inkişaf yüksək səviyyədədir və bu gün bəzi Azərbaycan siyasətçiləri də Azərbaycan dövlətinin sırf bu modelə keçməməsini qınayır. Amma milli dövlətçilik prizmasından yanaşdıqda, Qərbin milli-mənəvi dəyərlərdən uzaqlaşmış sosium modeli və milli dövlət prinsiplərini II Dünya müharibəsindən sonra itirilmiş dövlət təcrübəsi Azərbaycanda qəbul edilən deyildir. Çünki Azərbaycan polietnik və çoxkonfessiyalı ölkə kimi özünəməxsus inkişaf modeli formalaşdırmaqdadır. Düşünürəm ki, bu mənada Azərbaycanın ortaya qoyduğu tolerantlıq və multikulturalizm modeli elə Qərbin özü üçün mütərəqqi nümunədir.

Elə “Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir... Multikulturalizm Azərbaycanda həyat tərzidir...” - deyən Prezident İlham Əliyevin bu fikirləri ölkəmizdə müxtəlif etnik və dini qrupların dinc yanaşı yaşamasının və kooperasiyasının bütün mahiyyətini və reallığını əks etdirir. Bu da Avropa ölkələrində eyni qəbildən problemlərin həlli üçün uğurlu model ola bilər. Çünki hazırda bütün dünyaya demokratiya ixrac etmək iştahasında olan Qərb dünyasında elə demokratik problemlər ortaya çıxır. ABŞ-da, Qərbi Avropa ölkələrində insanların haqlı sosial tələbləri dövlətin dəyənəyilə qarşılanır. Avropada öz hüququnu tələb edən insanlar ya jandarma atlarının ayarlarının altına salınır, ya da xüsusi təlim keçmiş itlərə hədəf olur. ABŞ-da isə irqi diskriminasiya hələ də yaddaşlardan silinməyib. M.L.Kinqin öldürülməsindən təxminən 50 il sonra yenidən ABŞ-da qaradərililər soyqırımına məruz qoyulur. Yaxud da ki, sosial rifah halının yüksəldilməsini tələb edən amerikalılar elektrik stullarına otuzdurulur. Məgər Qərb dünyası bunlarımı Azərbaycan kimi ölkələrə ixrac etmək niyyətindədir? Və ya bəzi Azərbaycan müxalifəti nümayəndələri bu cür idarəçiliyi Azərbaycanda görmək istəyir? Faşizmin və neonasizmin genişləndiyi Almaniya, islamafobiyanın dərinləşdiyi Fransa və Böyuk Britaniya modelini qəbul etməliyikmi? Düşünürəm ki, sual vermək fikrində olan bəzi müxalifətçilər elə bu məqamlar üzərində dursalar yaxşı olar.

Z.Bjezinski bir neçə il öncə jurnalistin “Demokratik ABŞ-ın neçə yaşı var?” sualına cavabında demişdi ki, cəmi 6 il. Yəqin ki, başda ABŞ olmaqla Qərb dünyasını etalon görən müxalifətçilər bir müddətdən sonra Ə.Hüseynzadəni, C.Məmmədquluzadəni, H.Cavidi Şopenhauerə, Nitşeyə, Şpenqlerə dəyişməyi də təklif etməyə cəhd edərlər. Bir anlıq düşünmək lazımdır ki, Azərbaycan nə qədər etnik-dini komponentləri özündə ehtiva edən qədim dövlətçilik ənənələrinə sahibdirsə, Qərb dünyası bir o qədər də Veberin “kapitalizm ruhu və protestant etikası”ndan irəli gələn təhrif olunmuş, təməli olmayan dəyərlər üzərində bərqərar olub.Əgər bu, belə olmasaydı, biz hazırda yerli qırmızıdərililərə qarşı törədilmiş 65 qətliamdan və 3 milyondan çox qırmızıdərilinin öldürülməsindən danışmazdıq. Həmçinin dünya əhalisi 120 min yaponun qovulmasını, yerli sakinlərinə qanun çərçivəsində “qara meymun”, “inək” və “niger” kimi təhqiramiz ifadələrin işlədilməsini ABŞ-da gördü. Elə atom bombalarını Yaponiyaya atan da bu ölkə olub. Bütün bunlar təkcə tarix deyil, həm də təcrübədir.

Qərbi başda ABŞ olmaqla demokratiya beşiyi kimi qəbul edən müxalifətçilərə düşünmək üçün daha bir sual vermək olar: nə üçün ABŞ daxilində demokratiyanı tam bərqərar edə bilməmiş ölkə kimi vətəndaşlarının azadlıqlarını və hüquqlarını tam təmin edə bilmir, yaxud da istəmir? Bəlkə də ABŞ-a prezidentin seçilməsini 100 nəfərin, senatın seçilməsini isə 2 nəfərin həyata keçirməsi sərf edir. Çünki ümumxalq səsverməsi bu ölkənin çox güman ki, parçalanmasına da gətirib çıxara bilər. Ən azından kütləvi şəkildə qətlə yetirilmiş qırmızıdərililər və daim basqı altında olan, xüsusi məhəllələrdə məskunlaşdırılmış qaradərililər öz nümayəndələrini irəli sürə və ya hüquqlarını tələb edə bilərlər. Budurmu demokratiya?

 

Milli dövlətçilik və güclü hakimiyyət bu gün ən çox ehtiyac duyulan faktordur

Bütün bu sualların cavablarının fəlsəfəsində yalnız bir həqiqət durur: hər hansı bir xalq milli dövlətçiliyini qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək istəyirsə, milli dəyərlər, xalqın etimadına əsaslanan idarəçilik təcrübəsi və güclü siyasi iradəyə malik liderin formalaşdırdığı güclü hakimiyyətə sahib olmalıdır. Çünki güclü hakimiyyət ictimai-siyasi sabitliyin və sosial-iqtisadi inkişafın qarantıdır. O, eyni zamanda, sivil cəmiyyətin, ədalətli sosiumun, möhkəm və çevik siyasi sistemin, siyasi plüralizmin, söz və fikir azadlığının, təhlükəsizliyin, yüksək sosial rifahın, bir sözlə, ümumi inkişaf harmoniyasının təşkiledicisi, təminatçısıdır. Ona görə də bu gün milli dövlətçilik və güclü hakimiyyət ən çox ehtiyac duyulan faktorlardır. Sevindiricidir ki, Azərbaycanda güclü hakimiyyət və dövlət, düşünülmüş daxili və xarici siyasət konsepsiyaları, onları reallaşdıran möhkəm siyasi iradəli lider mövcuddur. Bütün bunlar imkan verir ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi və sosial rifah ölkəsi kimi inkişaf etsin. Bunların xaricində zorla idxal olunan ideyalar cəmiyyət tərəfindən qəbul edilməməli, dövlətçiliyə qarşı yönələn istənilən cəhdin qarşısı elə sosium tərəfindən alınmalıdır. Çünki bugünkü Azərbaycan xalqımızın tarixi nailiyyətidir və onu qoruyub saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək üçün etnik-dini və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə hakimiyyətə dəstək olmalı, ölkəmizin geosiyasi poliqona çevrilməsinə imkan verməməlidir.

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor

 

 

Azərbaycan.-2014.- 16 dekabr.- S.5.