Sabirabadda Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli
avtomobil yolu istifadəyə
verilib
Azərbaycan
Prezidenti İlham Əliyevin Sabirabad rayonuna səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də
Sabirabad rayonuna səfəri çərçivəsində
Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil
yolunun açılışında iştirak edib.
Son
dövrlərdə Prezident İlham Əliyevin həyata
keçirdiyi sosialyönümlü siyasət nəticəsində
bölgələrimizdə mühüm infrastruktur layihələri
reallaşdırılır. Bu layihələr arasında yol-nəqliyyat
sisteminin təkmilləşdirilməsi, yeni körpülərin
və yolayrıcılarının, qovşaqların tikilməsi,
magistral yolların salınması mühüm əhəmiyyət
daşıyır. Ötən il Prezident İlham Əliyevin
Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında Sərəncamına
uyğun olaraq Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli
avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il
dövlət büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası
avtomobil yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin ilkin
olaraq 6 milyon manatı Sabirabad Rayon İcra Hakimiyyətinə
ayrılıb. Yolun inşası zamanı ən müasir
texnoloji üsullardan istifadə edilib, işlərin keyfiyyətlə,
həm də qısa zamanda həyata keçirilməsinə
xüsusi diqqət yetirilib.
Dövlətimizin
başçısına yolun texniki-iqtisadi göstəriciləri
barədə məlumat verildi. Bildirildi ki, 22 min nəfərin
yaşadığı 12 yaşayış məntəqəsini
birləşdirən bu yol ən müasir səviyyədə
inşa edilib. Uzunluğu 46 kilometr olan yolun inşası
zamanı 36 su keçidi tikilib, yol kənarlarında 900-ə
yaxın yol nişanı və siqnal dirəyi, 12 dayanacaq
quraşdırılıb. Texniki göstəricilərinə
görə 4-cü dərəcəli yol sakinlərin
rahatlığı ilə yanaşı, həm də hərəkət
iştirakçılarının təhlükəsizliyini təmin
edəcək. Bu cür kəndarası yolların
inşası sosialyönümlü tədbirlər olmaqla
yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin
nümayişi baxımından mühüm əhəmiyyət
kəsb edir. Bu tədbirlər sübut edir ki, ölkədə
həyata keçirilən infrastruktur layihələri Azərbaycanın
hər bir bölgəsini, rayonunu və kəndini əhatə
edir, həmçinin regionlarda yol-nəqliyyat infrastrukturunun
daha da müasirləşdirilməsi baxımından mühüm
əhəmiyyət daşıyır.
Prezident
İlham Əliyev yolun rəmzi
açılışını bildirən lenti kəsdi.
Azərbaycan.-2014.- 17 dekabr.- S.1.