Əsaslı şəkildə yenidən qurulan Sabirabad rayon Mədəniyyət

 Evində yaradılan şəraitlə tanışlıq

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sabirabad rayonuna səfəri

 

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Sabirabad rayon Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub.

Bu gün Azərbaycanda bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də xüsusi diqqət göstərilir. İndi paytaxtla yanaşı, respublikanın bölgələrində də fəaliyyət göstərən mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Sabirabad rayon Mədəniyyət Evinin binasının əsaslı şəkildə təmir edilməsi ölkədə mədəniyyətin və incəsənətin inkişafına diqqətin daha bir göstəricisidir.

Qeyd edildi ki, Mədəniyyət Evi 1976-cı ildə istifadəyə verilib. O vaxtdan bəri burada əsaslı təmir işləri aparılmayıb. İndi yenidən qurulan bu bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün geniş imkanlar yaradılıb.

Bildirildi ki, Mədəniyyət Evinin ikimərtəbəli binasında əsaslı təmir işlərinə 2013-cü ilin aprelində başlanılıb və bu ilin dekabrında başa çatdırılıb. Bölgələrdə mədəniyyət ocaqlarının yenidən qurulması, müasir tipli yeni mədəni infrastrukturun yaradılması bu sahənin regionlarda hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Bu gün mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Onların sosial məsələlərinin həllinə dövlət səviyyəsində həmişə diqqət göstərilib.

Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Ulu öndər Heydər Əliyevin 1976-cı ildə Sabirabada səfəri zamanı bu Mədəniyyət Evinin açılışında iştirakının əbədiləşdiyi foto diqqəti xüsusilə cəlb edir.

Diqqətə çatdırıldı ki, binanın 377 yerlik akt zalında Sabirabadın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hər cür şərait var. Bütün bunlar rayonun mədəniyyət və incəsənət işçilərinə yeni uğurlar əldə etmək üçün həm stimul verir, həm də geniş imkanlar yaradır.

Mədəniyyət Evinin zəngin kitab fondu, oxu zalı və 20 yerlik konfrans zalı da var. Musiqi alətləri otağı, rəqs zalı, ədəbiyyat, muğam, aşıq sənəti, təsviri incəsənət, evdarlıq, heykəltəraşlıq dərnəkləri gənclərin asudə vaxtlarını səmərəli keçirmələri baxımından mühüm əhəmiyyət kəsb edir.

 

 

Azərbaycan.-2014.- 17 dekabr.- S.1.