ASAN Könüllülərinin I Ümumrespublika

Forumunun qətnamələri qəbul edilib

 

Xəbər verdiyimiz kimi, dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzərTAc-a bildiriblər ki, rəsmi açılış mərasimindən sonra Forum panel iclasla işini davam etdirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Forumda çıxış edərək nadir konsepsiya olan “ASAN xidmət”in dünyanın bir çox ölkələrində xüsusi rəğbətlə qarşılandığını bildirib.

Fuad Ələsgərov Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində 3 milyon 500 mindən çox müraciətin daxil olduğunu bildirib və bu müraciətlərin təmin edilməsində könüllülərin xüsusi rolunu vurğulayıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin fəaliyyət fəlsəfəsinin əsas qayəsinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bildirib. İnam Kərimov bu məqsədə nail olunmasında könüllülərin fəaliyyətinin əvəzsiz olduğunu, onların mərkəzlərdə fəaliyyəti zamanı dövlət qulluğu, komanda ilə iş və s. sahələrdə müsbət təcrübə əldə etdiklərini diqqətə çatdırıb.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov Sabirabad “ASAN xidmət” mərkəzinin fəaliyyətində məhz bu regiondan olan könüllülərin yüksək fəallıqla çalışacaqlarına əmin olduğunu qeyd edib.

Panel müzakirələrin sonunda Forumun qətnamələri qəbul edilib, “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin gələcək strategiyaları müəyyən olunub.

 

Azərbaycan.-2014.- 17 dekabr.-  S.5.