Milli Məclis “Kütləvi informasiya vasitələri
haqqında” qanuna dəyişiklik etdi
Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə müzakirə olunması üçün 30 məsələ daxil edilmişdi. Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi üçün vaxt ayırdı.
Parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev dekabrın 8-10 arasında Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 44-cü plenar iclası barədə məlumat verdi. Deputat bildirdi ki, sözügüdən toplantıda Milli Məclisin bu qurumda təmsil olunan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev baş katib seçilib. Deputatın sözlərinə görə, bu nailiyyət Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasət və Milli Məclisin beynəlxalq fəaliyyəti nəticəsində qazanılmışdır.
Deputat, eyni zamanda, beynəlxalq təşkilatlarda Milli Məclisin nümayəndə heyətlərinin üzvlərinin Azərbaycan dilində çıxış etməsini təklif etdi. Onun fikrincə, beynəlxalq tədbirlərdə deputatlarımızın Azərbaycan dilində çıxış etməsi ölkəmizə daha da hörmət gətirər. Milli Məclisin Sədri Oqtay Əsədov təkliflə razılaşdığını deyərək gələcəkdə bu məsələyə baxıla biləcəyini istisna etmədi.
Deputat Vahid Əhmədov dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə diqqət çəkərək dedi ki, bu hal dünya dövlətlərində benzinin qiymətinin aşağı düşməsinə səbəb olub. Deputat hesab edir ki, İqtisadiyyat və Sənaye Nazirliyi və Tarif Şurası bu məsələyə baxa bilər. Deputat Zahid Oruc Avropa Birliyini və ABŞ-ı işğalçı Ermənistana göstərdikləri yardımları kəsməyə çağırdı. O, ABŞ Konqresinin Ermənistana maliyyə yardımı göstərilməsi məsələsinə də toxundu: “3 gün öncə ABŞ Konqresi xarici yardımlarla bağlı məsələni razılaşdırıb. Gürcüstana 75 milyon, Ermənistana 25 milyon və Azərbaycana 13 milyon dollar yardım etmək haqqında qərar verib. Biz pul davası açmırıq. Ulu öndər Heydər Əliyev 1999-cu ildə ABŞ rəhbərləri ilə görüşdə demişdir ki, 907-ci düzəliş bizi o cəhətdən ağrıtmır ki, siz bizim azadlığımıza dəstək vermək istəmirsiniz, o cəhətdən ağrıdır ki, bu, mənəvi və siyasi cəhətdən bizə mane olur”. Z.Oruc qeyd etdi ki, həm Avropa Birliyi, həm də ABŞ yardımlarını Ermənistandan kəsərsə, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təsirli bir tədbir olar: “O zaman biz ABŞ ilə Azərbaycan münasibətlərinin daha yeni bir dönəmdə inkişafının şahidi olarıq”.
“ABŞ-da insanlara edilən işgəncələr
dünyanın hər bir yerində müzakirələrə
yol açıb”. Bu fikri isə YAP-ın icra katibinin
müavini, deputat Siyavuş Novruzov söylədi. Bildirdi ki,
ABŞ-ın demokratiya, insan hüquqları, söz, fikir
azadlığı pərdəsi altında
maskalandığını, əməli fəaliyyətə gəlincə
fərqli nəticə əldə olunduğunu məhz ABŞ
Konqresi deyir. ABŞ-ın Mərkəzi Kəşfiyyat
İdarəsinin keçmiş rəisi, həm də
vitse-prezidenti də etiraf edir ki, terrorun qarşını almaq
üçün işgəncələrə əl
atıblar: “O zaman ortaya sual çıxır ki,
ərazisinin 20 faizindən çoxunu itirən, eləcə də
1 milyondan çox məcburi köçkünü və
qaçqını olan, ərazisində terror hadisələri
baş verən ölkədə kimisə bu və ya digər
şəkildə araşdırmaq üçün məsuliyyətə
cəlb edəndə niyə narahat olursunuz? Okeanın o
tayında baş verən hansısa hadisəni
araşdırmaq üçün yol qət edirlər, ancaq Azərbaycan
öz ərazisində hansısa terrorun
qarşısını ala bilməz? Niyə bizə dərs öyrətməyə
çalışan “Freedom House”, “Human Rights Watch”, “Amnistey
İnternational” təşkilatlarının səsi
çıxmır? Avropa dövlətlərində
Xədicə İsmayılla bağlı bəyanat yayanlar niyə
əhalimizə qarşı verilən işgəncələrlə
əlaqədar bəyanat yaymırlar?” - deyə
S.Novruzov sual etdi. Deputat vurğuladı ki,
ABŞ-da qaradərili insanlar öldürülür. Ancaq heç kimin səsi çıxmır.
Deputat Bəxtiyar Əliyev isə bildirdi ki, gələn
həftə Azərbaycanda bələdiyyə seçkiləri
keçiriləcək. Ancaq təəssüflər olsun ki,
ölkəmizdə bir çox insan bu seçmək və
seçilmək hüququndan məhrum olacaq. Onun da səbəbi Ermənistan tərəfindən
Azərbaycan torpaqlarının işğalıdır. Həmin torpaqlardan didərgin düşmüş
insanlar seçmək-seçilmək hüquqlarını
itiriblər. AŞ PA-nın 2005-ci ilin
yanvar ayının 5-də qəbul etdiyi qətnaməsində
bildirilir ki, Dağlıq Qarabağ separatçı rejimin nəzarəti
altındadır. Ancaq bu gün ABŞ həmin
rejimə pul ayırır və sülh
danışıqlarını dalana dirəmiş olur. Bəxtiyar
Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin
Dağlıq Qarabağa səfərlərinə də
münasibət bildirdi: “Minsk qrupunun həmsədrləri
özləri deyirlər ki, tərəflər
arasında qarşılıqlı etimad
yaradılmalıdır. Amma, nədənsə, özləri
bu istiqamətdə heç bir iş görmürlər, əksinə,
vəziyyəti daha da qəlizləşdirirlər,
işğal altındakı ərazilərə Ermənistandan
səfər edirlər. Bu vəziyyəti aradan
qaldırmaq lazımdır”.
Çıxışlardan sonra gündəliyin
müzakirəsi başlandı. “Azərbaycan Respublikası Hökuməti
ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin
təşviqi və qarşılıqlı qorunması
haqqında” sazişin təsdiq edilməsi barədə qanun
layihəsi haqqında parlamentin İqtisadi siyasət komitəsinin
sədri Ziyad Səmədzadə məlumat verdi.
Komitə sədri dedi ki, bu sənəd Azərbaycanla Rusiya
Federasiyası arasındakı münasibətlərin daha da dərinləşməsinə
xidmət edəcək. Sənəd səsə
qoyularaq qəbul edildi.
İclasda bir neçə mühüm saziş və bəyanat
da təsdiq edildi. Azərbaycan Respublikası, İran İslam
Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası
və Türkmənistan prezidentlərinin Bəyanatının
təsdiq edilməsi haqqında, “Xəzər dənizində
fövqəladə halların qarşısının
alınması və aradan qaldırılması sahəsində
əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi
barədə, “Xəzər dənizinin hidrometeorologiyası sahəsində
əməkdaşlığa dair” sazişin təsdiq edilməsi
haqqında, “Xəzər dənizinin su bioloji
resurslarının mühafizəsi və səmərəli
istifadəsi haqqında” sazişin təsdiq edilməsi barədə,
Azərbaycan Respublikası Prezidentinin və Tacikistan
Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq
edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti
ilə Tacikistan Respublikası Hökuməti arasında
mülki müdafiə, fövqəladə halların
qarşısının alınması və nəticələrinin
aradan qaldırılması sahəsində əməkdaşlıq
haqqında” sazişin təsdiq edilməsi barədə, “Azərbaycan
Respublikası Hökuməti ilə Tacikistan Respublikası
Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq
haqqında” sazişin təsdiq edilməsi barədə, “Vergi
məsələləri üzrə qarşılıqlı
inzibati yardım haqqında” protokolun təsdiq edilməsi barədə
qanun layihələri səsə qoyularaq qəbul edildi.
İclasda,
həmçinin Azərbaycan Respublikasının Su Məcəlləsində
dəyişiklik edilməsi haqqında, “Hərbi
qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında”, “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” və “Məhkəmə
və hüquq mühafizə orqanları işçilərinin
dövlət icbari şəxsi sığortası haqqında”
qanunlarda dəyişikliklər edilməsi barədə qanun
layihələri də təsdiqləndi.
“Yol hərəkəti
haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun
layihəsi ilə bağlı Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli məlumat verdi. Qanunun
83-cü maddəsində edilən dəyişikliyə görə
yollarda hərəkət təhlükəsizliyinin təmin
edilməsinə nəzarət müvafiq icra hakimiyyəti
orqanının əməkdaşları tərəfindən
stasionar və digər postlarda, eləcə də xüsusi
avadanlığı olan nəqliyyat vasitələrində və
ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata
keçirilir. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların
aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq
icra hakimiyyəti orqanının mərkəzi informasiya
sisteminə inteqrasiya olunmalıdır.
Müzakirələrdə çıxış edən
deputat Qüdrət Həsənquliyev sərnişin
avtobuslarında sürət həddini müəyyən edən
xüsusi cihazların quraşdırılmasını təklif
etdi. Onun sözlərinə görə, başqa ölkələrdə
avtobuslarda sürət həddinə nəzarət edən
cihazlar var. Hansı ki, sürücü sürət həddini
aşdıqda bu cihazlar qısa xəbərdarlıqdan sonra
avtomobilin mühərrikini dayandırır. Deputat ölkəmizdə də analoji xidmətlərdən
istifadə edilməsini zəruri hesab edir.
İclasda iştirak edən Daxili İşlər
Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis
müavini, polis polkovniki Ramiz Hüseynov Q.Həsənquliyevin
qaldırdığı məsələyə münasibət
bildirdi. Qeyd
etdi ki, həqiqətən, Qərb ölkələrinin əksəriyyətində
rəqəmsal toxoqraflar qurulur və bu, nəqliyyat vasitəsinin
hərəkətinə nəzarət edir: “Artıq Nəqliyyat
Nazirliyində avtobus və sərnişindaşımada
toxoqrafların tətbiqi ilə bağlı işlər
görülür. DİN və Nəqliyyat Nazirliyi birgə
iş aparır”.
İclasda
“Bələdiyyələrin statusu haqqında”, “Dövlət əmlakının
özəlləşdirilməsi haqqında”, Azərbaycan
Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında, İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında və “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər
edilməsi barədə qanun layihələri təsdiqləndi.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə Azərbaycan Respublikası Qanununun layihəsi isə
geniş müzakirələrə səbəb oldu. Sənədlə
bağlı parlamentin İnsan hüquqları komitəsinin sədri
Rəbiyyət Aslanova məlumat verdi. Komitə
sədri dedi ki, dəyişikliklər KİV-lərin
özünü tənzimləməsini ehtiva edir. Dəyişikliklərə əsasən, eyni və
oxşar adların KİV orqanına verilməsi qadağan
olunur. Layihəyə görə, qanunun
3-cü maddəsinə (Əsas anlayışlar) “oxşar ad”
termini əlavə edilir və onun təsnifatı göstərilir.
Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan
media orqanının adına oxşar yeni
KİV-in yaradılmasına imkan verilməsin.
Layihədə xarici ölkənin fiziki və hüquqi
şəxsləri tərəfindən maliyyələşdirilən
KİV-in fəaliyyətinə xitam verilməsi də nəzərdə
tutulur.
Qərəzli
yazılara görə haqsız olduğuna dair barəsində
məhkəmə tərəfindən il ərzində
2 dəfə qərar verilən media orqanının dərcinə
və yayımına xitam verilməsi barədə qanuna dəyişiklik
edilməsi təklifi də müzakirəyə təqdim
olunur.
Müzakirələr zamanı çıxış edən
deputat İqbal Ağazadə dəyişikliklərə ehtiyac
olmadığını iddia etdi. Deputat Zahid Oruc isə dəyişikliyin
qəbul olunmasına tərəfdar
çıxdığını bildirdi: “Özlərini
“mücahid” kimi təqdim edənlər əslində,
hansısa kəşfiyyat orqanlarına xidmət edirlər. İndiyə qədər qanunun 3 dəfə məhkəmə
qərarından sonra fəaliyyətinə xitam verilməməsi
ilə bağlı maddəsi işləməyibsə, bundan
sonra işləyəcək. Ancaq mətbu
orqanın bağlanma məsələsi də birmənalı
göstərilməyib. Ola bilər ki, məhkəmə
iddiası qaldırılsın və bəraət alsın”.
Deputat Siyavuş Novruzov isə bildirdi ki, burada heç bir məhdudiyyətdən
və çətinlikdən söhbət getmir: “Sadəcə,
məsələ konkretləşdirilir. Tənqid
elə, sözünü de, amma təhqir eləmə,
başqasının haqqına girmə. O zaman kimin səninlə
nə işi var?”
Vitse-spiker
Bahar Muradova dedi ki, mətbuatın vəzifəsi
informasiyanı almaq, ötürmək və analiz etməkdən
ibarətdir. Amma hər şeydən əvvəl mətbuat
nümayəndəsi Azərbaycan vətəndaşıdır:
“Azərbaycan haqqında dünya mətbu orqanlarında
yaxşı məlumatlarla yanaşı, mənfi məlumatlar
da dərc edilir. Ancaq mən də çox istərdim
ki, bizim mətbuat nümayəndələrimiz bu məsələlərə
nəzər saldıqda Azərbaycanın maraqları təmin
olunsun. Xarici ölkələrdə Azərbaycanın
maraqlarını qorusunlar və imzalarını
tanıtsınlar”.
Bahar Muradova vurğuladı ki, hər bir kəs öz xətasına
görə məsuliyyət daşıyır. İstənilən
hüquqi cəza mexanizmi təkcə cəza demək deyil.
Həm də xəbərdaredici bir funksiya
daşıyır. KİV-də məsuliyyətin
gücləndirilməsi digər sahələrdən daha
çox vacibdir. Çünki bir söz
bir toplumu yerindən oynada və həmin toplumu həvəsdən
də sala bilər. Ona görə də
sözün məsuliyyətini daşımaq hər bir fərdin
mənəvi, hüquqi borcudur. Vitse-spiker
onu da qeyd etdi ki, bu cəzalar yalnız qanunu pozanlara tətbiq
olunacaq. Bundan narahat olmağa dəyməz.
Təklif olunan dəyişiklik cəmiyyətdə qanunun
aliliyi prinsipinin tətbiqinə aparan daha ciddi yollar
açır və ona görə də kənar maliyyələrlə
Azərbaycanın daxilində mövcud durumu mənfi istiqamətə
yönəltmək istəyən kəslərin cəmləşdiyi
qurumlar, onların maraqlarının ifadəçisi olan media
orqanları məsulliyətli olmalı, atdıqları hər
bir addıma, törətdikləri əmələ görə
məsuliyyət daşımalıdırlar.
Deputat Siyavuş Novruzov tənqidi təhqirlə səhv
salan jurnalistlərə diqqət çəkdi. Bildirdi ki, hər
bir redaktor jurnalistə təhqirə, böhtana və
şantaja yol verməməyi başa salmalıdır. Deputat Aqil Abbas isə 1999-cu ildə qəbul olunan
“Kütləvi informasiya vasitələri haqqında” qanuna yenidən
baxılmasının vacibliyini vurğuladı. Həmçinin qeyd etdi ki, Azərbaycan söz
azadlığının yüksək səviyyədə
olduğu yeganə ölkələrdəndir. O, eyni
zamanda diqqətə çatdırdı ki, ölkədə
“Azərbaycan” adlı bir neçə qəzet fəaliyyət
göstərir. “Azərbaycan” sözünə
seçilməyəcək qədər bir-iki söz, yaxud
şəkilçi əlavə etməklə əsas adı
saxlayırlar və özlərini “Azərbaycan qəzeti” kimi
təqdim edirlər. Onun fikrincə, bu məsələyə
də baxılmalıdır.
Müzakirələrdən sonra qanun layihəsi səsə
qoyularaq təsdiqləndi.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni təqdim etdi. Bildirdi ki, mövcud qanunvericiliyə görə xüsusi təhsil müəssisələrində təhsil alan sağlamlıq imkanları məhdud şəxslərin valideynləri üçün müəyyən imtiyazlar nəzərdə tutulur. Təklif olunan yeni dəyişiklik isə artıq evdə təhsil alan sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinə də müəyyən imtiyazlar verir. Qanun layihəsi səsə qoyuldu və təsdiqləndi.
“Dərman vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə barədə də Hadi Rəcəbli məlumat verdi. Onun sözlərinə görə, dərman vasitələrinin satışı ciddi məsələ olduğu üçün buraya dövlətin müdaxiləsi olmalıdır. Sözügedən qanun layihəsinin də əsas məqsədi bazarda dərman vasitələrinin qiymətinin sabit saxlanılmasıdır. Deputatlar sənədə müsbət rəy verdilər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsini təqdim etdi. Bildirdi ki, təklif olunan əlavələr Məcəllənin özünün tələblərindən irəli gəlib. Təkliflərin mahiyyəti isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə saxlanılması qaydalarından ibarətdir. Qanun layihəsi təsdiqləndi.
Sonda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə gündəlikdə duran beş qanun layihəsi - “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də, “Bələdiyyələrin statusu haqqında” və Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə məlumat verdi. Onun sözlərinə görə, düzəlişlərin əsas mahiyyəti ondan ibarətdir ki, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu qanunun 6.2-ci maddəsinə əsasən, tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.
Qanun layihələri səsə qoyularaq qəbul edildi və bununla da Milli Məclisin plenar iclası başa çatdı.
Rəşad BAXŞƏLİYEV,
Elgün MƏNSİMOV,
Azərbaycan.-2014.- 17 dekabr.- S.6.