Malta Respublikasının Baş naziri

 Azərbaycan Xalçası Muzeyi ilə tanış olub

 

Malta Respublikasının Baş naziri Cozef Muskatın başçılığı ilə ölkəmizdə işgüzar səfərdə olan bu ölkənin nümayəndə heyəti Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ilə tanış olub.

Qonaqlara bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, materialın, yaratma texnikasının və xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunub. Xalçalar xalqın həyatını əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib.

Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Noyabrın 16-da ölkəmizdə Azərbaycan Xalçası Günü qeyd edilir.

Muzeydə qoyulan xüsusi monitorda dünya kolleksiyalarında saxlanılan Azərbaycan xalçaları, Avropa rəssamlarının əsərlərində onların təsviri nümayiş etdirilir. Burada Böyük Britaniyadakı Viktoriya və Albert Muzeyində saxlanılan məşhur “Şeyx Səfi” xalçasının reproduksiyası da var. Muzeyin ekspozisiyasında nümayiş etdirilən və ehtiyatda saxlanılan xalçalar arasında XVII, XVIII, XIX və XX əsrlərdə yaradılan məşhur kompozisiyalar yer alıb.

Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas xalça eksponatları çökük divarlarda yerləşdirilib, yuxarı mərtəbələrin hər yerindən onların əksi görünür. Bunun sayəsində kolleksiyanın böyük hissəsinə müxtəlif rakurslarda tamaşa etmək olar. Muzeyin terrasında açıq səma altında sərgi təşkil etmək olar.

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi qonaqlarda xoş təəssürat oyadıb.

Cozef Muskat “Rəy kitabı”nda ürək sözlərini yazıb.

 

Azərbaycan.-2014.- 17 dekabr.-  S.7.