Natiq Əliyev: Azərbaycan-Polşa əlaqələri öz inkişafının

 yeni mərhələsinə qədəm qoymaqdadır

 

 

Bakıda Azərbaycan-Polşa hökumətlərarası komissiyasının altıncı iclası və Azərbaycan-Polşa biznes-forumu keçirilib. İclasın və forumun yekunları ilə bağlı AzərTAc-ın sualını cavablandıran Azərbaycan-Polşa hökumətlərarası komissiyanın həmsədri, energetika naziri Natiq Əliyev deyib:

- Bir həmsədr kimi, Azərbaycan-Polşa hökumətlərarası komissiyanın altıncı iclasını çox yüksək dəyərləndirirəm. Birinci ona görə ki, Polşa tərəfdən həmsədr olan bu ölkənin baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski özü ilə Bakıya təxminən 60 nəfər gətirib. Halbuki 6-7 komissiya üzvü ilə də gələ bilərdi. Nümayəndə heyətinin tərkibində Polşa iqtisadiyyatının bütün sahələrini əhatə edən sahibkarlar var. Bu fakt Polşa Respublikasının Azərbaycana olan marağının göstəricisi sayıla bilər.

İkinci məsələ ondan ibarətdir ki, Azərbaycan-Polşa əlaqələri yüksək səviyyədədir, qarşılıqlı hörmət və maraqlar üzərində inkişaf edir. Polşa Azərbaycana, onun tarixinə, mədəniyyətinə, müstəqilliyinə hörmətlə yanaşır. Yanuş Pexoçinski və nümayəndə heyəti səfərini ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə başladı. Bunu xalqımıza, respublikamıza, ümumiyyətlə Azərbaycanın tarixinə olan böyük hörmətin ifadəsi kimi qəbul edirik.

Komissiyanın iclasında bütün sahələr üzrə müzakirələr aparıldı. Ticarət əlaqələrimizin ildən-ilə artdığı, iqtisadi əlaqələrin genişləndiyi qeyd olundu. Belə ki, nazirliklər, böyük şirkətlər arasında müntəzəm görüşlər keçirilir, əlaqələr qurulur.

İclasda enerji sahəsində əməkdaşlığın səmərəliyi də müzakirə olundu. Qeyd edim ki, alternativ enerji mənbələrindən istifadə sahəsində Polşanın böyük təcrübəsi var. Bu barədə söhbətlər aparıldı, qərarlar qəbul olundu. Kənd təsərrüfatı sahəsində əlaqələrimizdən danışdıq, qərarlar qəbul etdik, maliyyə və bank sahəsində görüləcək işləri nəzərdən keçirdik. Həmçinin Azərbaycan və Polşa arasında mədəniyyət və turizm əlaqələri barədə geniş müzakirələr apardıq. Etiraf edildi ki, hər iki ölkənin qədim tarixə, gözəl məkanlara malik olmasına baxmayaraq, turizm əlaqələrimiz arzu olunan səviyyədə deyil. Biz bunun səbəblərini araşdırdıq və bir neçəsini üzə çıxardıq. Birincisi, nə biz Polşanı bir o qədər yaxşı tanıyırıq, nə də onlar bizi. Təklif olundu ki, televiziya kanalları vasitəsilə təbliğatı artıraq.

İclasda çox ciddi söhbətlər getdi. Əsas odur ki, Polşanın Azərbaycana marağını hiss etdikbu bizim üçün çox önəmlidir. Polşa Avropa İttifaqına üzv olan böyük bir dövlətdir. Onun iqtisadiyyatı çox sağlam, davamlı və inkişaf edən iqtisadiyyatdır. Bu baxımdan Polşa ilə Azərbaycan arasında əlaqələr böyük əhəmiyyət kəsb edir.

Azərbaycan-Polşa biznes forumu da faydalı oldu. Hər iki həmsədrin iştirakı ilə keçirilən biznes foruma 200-dək sahibkar qatılmışdı onlardan 60-ı Polşa tərəfini təmsil edirdi. Polşalı nazir , mən ölkələrimizin bugünkü biznes mühiti, iqtisadiyyatın vəziyyəti, digər vacib məsələlər barəsində sahibkarlara məlumat verdik. Hesab edirəm ki hökumətlərarası komissiyanın iclası çərçivəsində keçirilən biznes forumda da vacib müzakirələr aparıldı.

Nazir Yanuş Pexoçinskini Prezident İlham Əliyev qəbul etdi. Qəbulda Polşa-Azərbaycan əlaqələri haqqında maraqlı geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda, siyasi, iqtisadi, qlobal problemlər, Polşanın bu gün Avropa İttifaqında rolu, habelə Azərbaycanın maraqları müzakirə olundu. Bildirildi ki, Azərbaycan Polşanın prioritet hesab etdiyi 11 ölkə sırasında yer alıb.

Bütün bunlar göstərir ki, Azərbaycan-Polşa əlaqələri yeni bir mərhələyə keçməkdədir. Həmin əlaqələr qarşılıqlı investisiyalardan və müştərək müəssisələrin yaradılmasından ibarətdir.

 

Azərbaycan.-2014.- 17 dekabr.- S.9.