“Bakı Dövlət Universiteti - 95”

 

Müsəlman Şərqinin ilk ali təhsil ocağının tarixi salnaməsi

 

Azərbaycan ali təhsil məkanında aparıcı müəssisə, elm mərkəzi olmaqla yanaşı “QS World University Rankings-2012” reytinqinə görə dünyanın 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən müəyyən edilən ən yaxşı 2000 universitetin siyahısında yer alan, universal elmi, müasir təhsili, texnoloji inkişafı, araşdırmaları ilə sürətlə inkişaf edən müsəlman Şərqinin ilk Avropa tipli ali məktəbinin - Bakı Dövlət Universitetinin təsis olunmasının 95 ili tamam olur. Bakı Dövlət Universitetinin yaradılması Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi dövrdə, tarixi proseslərin zərurətindən doğan məntiqi nəticədir. Bu əlamətdar hadisə, ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “qabaqcıl qüvvələrin qələbəsi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi”.

Bu gün yüksək ixtisaslı kadrların hazırlanması, yeni elmi məktəblərin formalaşdırılması kimi vəzifələri yerinə yetirən BDU çətin və şərəfli bir tarixi yol keçib. Bu tarix Azərbaycan elm, təhsil və mədəniyyətinin ayrılmaz hissəsi, parlaq səhifəsidir. Bu tarix Azərbaycan cəmiyyətinin bütün sahələrinə öz müsbət təsirini göstərən 95 illik fəaliyyətdir. Bu tarix, eyni zamanda, Azərbaycan xalqının milli şüurunun, özünüdərkinin yetkinləşməsində, ali təhsil və elmi ənənələrin zənginləşməsində, dövlətçiliyin qorunub möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərə sadiq, ümumbəşəri və demokratik ideyalara sahib şəxsiyyətlərin formalaşmasında Bakı Dövlət Universitetinin əvəzsiz xidmətləridir.

Azərbaycanın ilk milli ali təhsil ocağının tarixini araşdırmaq və zəngin faktlar əsasında qələmə alıb geniş oxucu kütləsinə təqdim etmək, eyni zamanda qoruyub gələcək nəsillərə ötürmək tarixin özü qədər mürəkkəb mexanizmdir. Belə çətin, məsuliyyətli, lakin şərəfli missiyanı yerinə yetirən BDU-nun rektoru, akademik, Milli Məclisin deputatı Abel Məhərrəmovun 2000-ci ildə nəşr olunan “Bakı Dövlət Universiteti 80” və 2009-cu ildə işıq üzü görən “Bakı Dövlət Universiteti 90” kitabları ictimaiyyətə məlumdur. Yubiley ərəfəsində ərsəyə gələn “Bakı Dövlət Universiteti 95” kitabı əvvəlki nəşrlərin məntiqi davamı, universitetin 95 illik fəaliyyətinin tarixi əksi, müasir inkişaf göstəricilərinin təcəssümüdür.

Kitabın hazırlanma prosesində iştirak edən şəxslər kimi qeyd etmək istərdik ki, “Bakı Dövlət Universiteti-95” akademik Abel Məhərrəmovun işgüzarlığı, təşkilatçılığı, tələbkarlığı və yorulmaz tədqiqatçı əzmi ilə apardığı gərgin araşdırmaları, həmçinin nəşrin özündə də qeyd olunduğu kimi, onun hazırlanmasında iştirak edən universitetin prorektorlarının və dekanlarının əməyinin nəticəsində ortaya qoyulan dəyərli mənbədir. Əsərdə respublikanın ilk ali təhsil ocağının keçdiyi möhtəşəm tarixi yol zəngin faktlar əsasında işıqlandırılır. BDU-nun arxivindəki materiallardan, fotoşəkillərdən istifadə edilərək universitetin fəaliyyət dövrləri haqqında dolğun təsəvvür yaradılır. Ali təhsil müəssisəsinin təhsil, elm, sosial-mədəni, iqtisadi-təsərrüfat sahələrində fəaliyyəti, bu sahələr üzrə strukturların tarixi təşəkkülü, mexanizmi, eyni zamanda fakültələr, kafedralaboratoriyalar barədə ətraflı məlumat verilir.

Elm sahəsində çalışan mütəxəssislər, müəllimlər və geniş oxucu kütləsi üçün dəyərli vəsait rolunu oynaya biləcək kitabın I fəslində universitetin yaranma tarixi, Azərbaycan elmmaarifinin ilk milli məbədini yaratmaq yolunda çətinliklərə sinə gərən milli hökumətin, tərəqqipərvər ziyalıların xidmətləri geniş şəkildə şərh edilir. Müsəlman Şərqinin ilk ali təhsil ocağının təsis edilməsi ictimaisiyasi zərurətdən doğan tarixi hadisə kimi xarakterizə olunur. Müəllif bu hadisəni - 1919-cu ildə Bakı Dövlət Universitetinin açılmasını Xalq Cümhuriyyətinin ən mühüm xidmətlərindən biri kimi qiymətləndirir.

Nəşrdə universitetin fəaliyyət dövrləri ümumiləşdirilir, mühüm məqamlar zəngin faktlar əsasında təqdim edilir. Tarixi həqiqətlərin önəmli toplusunda 1920-ci ildə AXC-nin süqutu, bolşeviklərin hakimiyyətə gəlməsi ilə universitetin ideya siyasi istiqamətinin, elmi fəaliyyətinin sovet ideologiyası əsasında qurulması, İkinci Dünya müharibəsi illərində universitetin yaşadığı çətinliklərdən bəhs olunur. Müharibənin ilk günlərindən müəllim-tələbə kollektivinin cəbhəyə getməsi səbəbilə yaranan kadr çatışmazlığından, buna baxmayaraq ölkədə öncül mövqeyini qoruyub saxlayan universitet alimlərinin beynəlxalq əhəmiyyətli bir sıra kəşflərindən danışılır.

Kitabda göstərilir ki, 1960-cı illərin sonlarından etibarən universitetin həyatında baş verən bütün irəliləyişlər, inkişaf BDU-nun məzunu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin adı, siyasi hakimiyyəti və fəaliyyəti ilə bağlıdır. Geniş bir tarixi əhatə edən həmin mərhələdə universitetin maddi-texniki təchizatı möhkəmləndirilmiş, yeni ixtisaslar üzrə fakültələr, kafedralar, elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlamışdı. Universitet xarici ölkələr üçün də mütəxəssis hazırlayan əsas mərkəzlərdən biri olmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq SSRİ Ali Soveti Rəyasət Heyəti 1969-cu ildə Azərbaycan Dövlət Universitetini yaranmasının 50 illiyi münasibəti ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etmişdi.

80-ci illərin ortaları, xüsusilə 90-cı illərin əvvəllərində Rusiyada baş verən demokratik proseslər Azərbaycana da təsir etdi. Demokratiyanın, azad fikrin mərkəzlərindən birinə çevrilən universitet 1989-cu ildə öz tarixi adını bərpa edərək Bakı Dövlət Universiteti adlandırıldı. Bu dönəmdə universitetin əməkdaşları, tələbə və məzunlar müstəqillik uğrunda mübarizənin ön sıralarında olmuş, Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə iştirak etmişdilər.

“Bakı Dövlət Universiteti 95” nəşrində Heydər Əliyevin xalqın təkidi ilə müstəqil Azərbaycan Respublikasının rəhbərliyinə gəlməsi, ikinci hakimiyyəti illəri universitetin yeni inkişaf dövrü (1993-2003) olaraq səciyyələndirilir.

“Bakı Dövlət Universiteti 95” kitabının əvvəlki yubiley nəşrlərindən fərqli, özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, burada universitetin elm, təhsil, sosial-mədəni, iqtisadi-təsərrüfat sahələri üzrə fəaliyyəti geniş şəkildə araşdırılır, tarixi aspektləri, müasir inkişaf göstəriciləri və strategiyası tam mənada, hərtərəfli ifadə olunur. Nəşrdə son beş ildə BDU-nun respublika və beynəlxalq qrantlarda iştirakı, yeni əməkdaşlıq layihələri, tədrisin təşkilində, elmi tədqiqatlarda tətbiq olunan yeni texnologiyalar, yeni yaradılan mərkəzlər, həmçinin Meteoroloji müşahidə məntəqəsi, İnternet TV studiyası, Bioekologiya, Nanoaraşdırmalar, Zeiss, Quba Tədris-təcrübə istirahət mərkəzində istehsalat təcrübələrinin keçirilməsi üçün müxtəlif istiqamətlər üzrə laboratoriyalar, elektron kitabxana, bir sözlə universitet həyatı ilə bağlı bütün yeniliklər, əsaslı dəyişikliklər və nailiyyətlər öz əksini tapmışdır.

Kitabda Azərbaycan elminin inkişafında və dünyada tanınmasında Bakı Dövlət Universitetininonun görkəmli alimlərinin misilsiz xidmətləri önə çəkilir. Universitetin Yusif Məmmədəliyev, Heydər Hüseynov, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Zahid Xəlilov, Əşrəf Hüseynov, Məcid Rəsulov, Mirəli Qaşqay və digər dünya şöhrətli alimlərinin fəaliyyəti yüksək qiymətləndirilir.

Nəşrdə həmçinin universitetin bugünkü elmi bazası, elmi nailiyyətləri, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu elm siyasətinə və ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində BDU-da görülən mühüm işlərdən danışılır. Universitetin nəzdindəki Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutunun beynəlxalq indekslə nəşr olunanApplicd and Computational” (Tətbiqi hesablama riyaziyyatı) jurnalının respublikada yeganə impakt-faktor statuslu olması diqqət çəkir.

BDU-da yaradılan Yüksək Texnologiyalar Mərkəzində elm və təhsilin inteqrasiyasının gücləndirilməsi üçün müasir elmin tələblərinə uyğun yeni problemlər, yüksək texnologiyalar üzrə prioritet istiqamətlər müəyyən edilərək bu yöndə elmi tədqiqatlar aparılır və bu sahədəki elmi innovasiyaların təhsil mühitinə transferi təşkil edilir.

Azərbaycandan kənarda yaşayan elm adamlarını bir araya gətirmək, onları ölkəmizdə tanıtmaq və bu elm adamları vasitəsilə elmimizi dünyaya çatdırmaq məqsədi ilə fəaliyyət göstərən virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzi BDU-nun elm sahəsində atdığı daha bir uğurlu addımdır.

Nəşrdə BDU-nun təhsil prosesi, demokratik prinsiplərə əsaslanan sərbəst düşüncəli, yüksək ixtisaslı kadr hazırlığı onun üzərinə düşən tarixi vəzifəsi kimi təqdim olunur. Qeyd edilir ki, BDU-nun tədris sahəsində inkişaf strategiyası dövlət təhsil siyasətinin, o cümlədən Bolonya Bəyannaməsinin əsas tələb və müddəalarına əsaslanır. Universitetin 2014-2020-ci illər üzrə İnkişaf Proqramı BDU-nun sosial statusunun gücləndirilməsinə, elm və təhsilinin məzmun və strukturunun yeniləşdirilməsinə, onun vahid Avropa elm və təhsil məkanına inteqrasiyasının sürətləndirilməsinə yönəlmişdir.

Bu gün təhsil islahatlarının önündə gedən Bakı Dövlət Universiteti dünya təcrübələrindən bəhrələnərək, elmin və təhsilin beynəlxalq aləmə inteqrasiyası üçün əhəmiyyətli addımlar atır. Avropa təhsil məkanında vahid kredit sisteminin yaradılması, ali təhsil sənədlərinin və ixtisasların beynəlxalq arenada qarşılıqlı tanınması, tələbələrin mobilliyinin təmin olunması, təhsilin və biliyin keyfiyyətinin yüksəldilməsi və ona dünya miqyasında artan tələbatın təmin edilməsi istiqamətində BDU-da müəyyən tədbirlər həyata keçirilir. Təhsil Nazirliyinin layihəsi kimi fəaliyyət göstərən SABAH qruplarında yerli və beynəlxalq əmək bazarında rəqabətədavamlı kadr hazırlığı yerinə yetirilir. Ölkə iqtisadiyyatının tələblərinə uyğun ali təhsilli kadrlara olan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən universitet təhsili almaq imkanlarının təmin edilməsi üçün BDU-nun bazasında iqtisadisosial baxımdan səmərəli Elm və Təhsil Kompleksi formalaşdırılır. Bütün bunlar “Bakı Dövlət Universiteti 95” kitabında tam olaraq öz əksini tapır, universitetin təhsil siyasəti əhatəli şəkildə işıqlandırılır.

Bakı Dövlət Universitetinin tələbələri arasında maarifləndirmə işinin təşkili, neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, onların hüquqlarının təmin edilməsi, asudə vaxtının səmərəli keçirilməsi, sosial yönümlü fəaliyyət, vətənpərvərlik ruhunun formalaşdırılması və gənclərimizin milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması tələbə-gənclərlə aparılan işlərin əsasını təşkil edir. Tələbələrlə tərbiyə işlərinin digər istiqaməti elmə marağın inkişaf etdirilməsi, istedadlı və yaradıcı gənclərin müəyyənləşdirilməsi və diqqətdə saxlanılması, respublika və beynəlxalq səviyyəli tədbirlərdə universitet tələbələrinin təmsil olunmasının təşkili, ideya-siyasi tərbiyənin yaxşılaşdırılması və onlarda müasir dünyagörüşünün formalaşdırılmasıdır.

Kitabda diqqət çəkən məqamlardan biriBDU-nun daxili imkanları hesabına təhsildə yüksək göstəricilər əldə etmişictimai işlərdə fərqlənən tələbələrə Heydər Əliyev, Nizami Gəncəvi, Məmmədəmin Rəsulzadə, Zərifə Əliyeva, Ziya Bünyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Zeynalabdin Tağıyev və digərlərinin adına təsis olunmuş adlı və xüsusi təqaüdlərin verilməsi, həmçinin məzunların işlə təmin olunması, dövlət qulluğuna cəlb edilməsi, vakant yerləri barədə məlumat verə bilən agentlikqurumlarla əlaqələrin yaradılması məqsədilə Məzunlarla əlaqə, praktikakaryera şöbəsinin fəaliyyətidir.

“Bakı Dövlət Universiteti - 95” kitabında universitetin beynəlxalq əlaqələrinə toxunan müəllif bildirir ki, ölkənin elm və təhsil sistemində beynəlxalq əlaqələrin əsas koordinasiya mərkəzlərindən biri olan Bakı Dövlət Universiteti bir əsrə yaxın fəaliyyəti dövründə xarici ölkələr üçün yüksək ixtisaslı mütəxəssislər, elmi kadrlar hazırlamış, dünyanın nüfuzlu elmi-tədris mərkəzləri, universitetlərarası assosiasiyalarla əlaqə yaratmış, beynəlxalq tədris proqramlarının iştirakçısı olmuşdur.

Nəşrdə Bakı Dövlət Universitetinin beynəlxalq elm və təhsil arenasında bugünkü yerirolu maraqlı faktlarla izah olunur. Hazırda dünyanın 50-dən artıq universiteti ilə ikitərəfli əməkdaşlıq edən BDU-nun beynəlxalq əlaqələri xarici ölkələr üçün mütəxəssis və elmi kadrların hazırlanması, beynəlxalq təhsil proqramlarında iştirakı, xarici dövlətlərin Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlıq, Beynəlxalq Assosiasiyalarda iştiraks. istiqamətlər üzrə inkişafı şərh edilir.

Qeyd edilir ki, universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi, Amerikaşünaslıq Mərkəzi, Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi, Abay Mərkəzi, Rus Mərkəzi BDU-nun dünya dövlətləri və təşkilatları ilə qarşılıqlı dostluq münasibətlərinin təzahürüdür. Xarici ölkə vətəndaşlarının təhsil almaq üçün seçdiyi universitetlər sırasında BDU-nun ilk yerlərdən birini tutması onun beynəlxalq arenada tanınmağının əsas göstəricilərindən biridir.

Geniş ictimaiyyətə təqdim olunan “Bakı Dövlət Universiteti - 95” kitabı universitetin timsalında elm, təhsil və mədəniyyət tariximizin öyrənilməsi, gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Nəcib, müqəddəs, eyni zamanda çətin, lakin qürurverici bir missiyanı layiqincə yerinə yetirən akademik Abel Məhərrəmovun “Bakı Dövlət Universiteti-95” əsəri Azərbaycanın ilk milli universitetinin 95 illik uğurlu fəaliyyətini əks etdirən tarixi salnamədir.

 

Vasim MƏMMƏDƏLİYEV,

akademik,

Leyla MƏMMƏDOVA,

BDU-nun Jurnalistika fakültəsinin əməkdaşı

Azərbaycan.-2014.- 17 dekabr.- S.10.