Azərbaycan Prezidenti İlham Əliyev

 Qarabağfutbol klubunun üzvlərini qəbul edib

 

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.

 

Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

 

- Mən sizi ürəkdən salamlayıram. “Qarabağfutbol klubu ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edir. Neçə ildir ki, siz azarkeşləri sevindirirsiniz və Azərbaycan bayrağını uca tutursunuz. Bildiyiniz kimi, futbolun inkişafı Azərbaycanda dövlət siyasətidir, Dövlət Proqramı qəbul edilmişdir. Əminəm ki, gələcək illərdə Azərbaycanda futbol daha da sürətlə inkişaf edəcəkdir.

Bütövlükdə Azərbaycan hazırda dünyada idman ölkəsi kimi tanınır. Bütün mötəbər beynəlxalq idman qurumları Azərbaycanın uğurlarını yüksək qiymətləndirirlər. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin Bakıda keçirilmiş Baş Assambleyasında Azərbaycanda idmanla bağlı olan inkişaf xüsusi qeyd edildi. Mötəbər qonaqlar - Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycanın uğurlarını qeyd etdilər. Həm idmançılarımızın uğurlu çıxışları, eyni zamanda, ölkəmizdə yaradılan infrastrukturidmana dövlət tərəfindən qayğı əlbəttə ki, təqdirəlayiqdir. İdmançılarımız da bizi, Azərbaycan xalqını sevindirirlər. Azərbaycan 2012-ci il Olimpiya Oyunlarında komanda hesabında 30-cu yerə layiq görülmüşdü, Avropada isə 15-ci idi. Gözəl gənc nəsil yetişir. Onlar da öz növbəsində, həm bu gün, həm də gələcəkdə böyüklər arasında keçiriləcək yarışlarda ölkəmizi ləyaqətlə təmsil edəcəklər.

Bu il Çində yeniyetmələrin Yay Olimpiya Oyunlarında bizim komandamız 10-cu yerə qalxmışdır. Təsəvvür edin, dünya miqyasında 200-ə yaxın ölkənin iştirakı ilə keçirilən bu Olimpiadada 10-cu yerə nail olmaq tarixi qələbədir. Yəni, bu gənc nəsil, müstəqillik dövründə yetişən uşaqlarımız görün, nə qədər böyük peşəkarlığa malikdirlər və eyni zamanda, onlarda vətənpərvərlik ruhu nə qədər yüksək səviyyədədir.

İdmanda, - əlbəttə, siz idmançılar bunu yaxşı bilirsiniz, - bir neçə amil hər bir idmançının, yaxud da ki, komandanın qələbəsini təmin edir. İlk növbədə peşəkarlıq, təlim-məşq toplanışları, əlbəttə ki, məşq prosesinin düzgün həyata keçirilməsi, məşqçilərlə idmançılar arasındakı ünsiyyət və eyni zamanda, qələbə əzmi, vətənpərvərlik hissləri - bunlar da çox vacib amillərdir.

İdmançılarımız bizi sevindirirlər, əminəm ki, gələcəkdə biz daha da böyük qələbələrə imza atacağıq. Azərbaycan dövləti də idmanın inkişafı ilə bağlı ardıcıl siyasət aparır, idman infrastrukturu yaradılır. Son illər ərzində 50-dən çox Olimpiya mərkəzi tikilmişdir ki, onların 40-dan çoxu bölgələrdədir. Dediyim kimi, futbolun inkişafı ilə bağlı həm Dövlət Proqramı vardır, eyni zamanda, stadionlar da tikilir. Bizim Tofiq Bəhramov adına əsas stadionumuz əsaslı şəkildə təmir edilmişdir, Mərdəkanda “Dalğastadionu, “8-ci kilometrstadionu inşa olunub, bölgələrdə stadionlar tikilir. Nəhayət, ən böyük Olimpiya Stadionumuz yaxın gələcəkdə açılacaq. Bu, bölgənin ən böyük, ən gözəl, ən müasir Olimpiya Stadionu olacaqdır. Orada çıxış etmək, oynamaq hər bir futbolçuya zövq verəcək. Həm stadionun özü, həm onun yerləşməsi, ətrafındakı infrastruktur ən yüksək səviyyədədir. Bununla paralel olaraq stadionun arxasındakı Böyükşor gölü indi xüsusi ekoloji layihə çərçivəsində təmizlənir və onun birinci mərhələsinin gələn il başa çatması da gözlənilir. Bu təmizləmə işlərinin getdiyi vaxtda artıq Böyükşor gölünə köçəri quşlar da qonur. Budur əsas göstərici, yəni, uzun illər ekoloji fəlakət mənbəyi olan bu göl indi təmizlənir və gözəl ekoloji bir sahə yaradılacaqdır.

Deyə bilmərəm ki, futbolçularımız bizi tez-tez sevindirirlər. Ancaq gözəl anlar da kifayət qədər çoxdur və “Qarabağfutbol klubu o klublardandır ki, bu anları xalqımıza bəxş edir. Bu münasibətlə mən sizi həm təbrik etmək, həm də təşəkkürümü bildirmək istəyirəm. Çünki sizin uğurlu çıxışlarınız, qələbələriniz azarkeşləri ruhlandırır, sevindirir. Siz xalqımıza qələbə sevinci də bəxş edirsiniz. Xüsusilə son yarışlarda, Avroliqadakı yarışlarda sizin oyunlarınız ən yüksək qiymətə layiqdir. Sizin qrupunuzda yarışan klubların büdcəsi sizinkindən qat-qat böyükdür, bəlkə 10 dəfədən çoxdur. Ancaq həyatda, idmanda, siyasətdə maliyyə vəsaiti hər şeyi həll etmir. Sizdə vətənə olan bağlılıq, vətənpərvərlik, peşəkarlıq və iradə bax, bu qələbələri şərtləndirib. Siz bütün komandalarla çox uğurlu yarışmısınız, qələbələr qazanmısınız. Hər kəs – həm Azərbaycanda, həm də dünyada futbolla maraqlanan hər bir insan yaxşı görürbilir ki, siz böyük qələbələrə layiq idiniz. Ancaq bu qələbələr sizin əlinizdən vicdansızcasına alınmışdır. Bütün dünyanın gözü qarşısında bu qədər ədalətsizlik, bu qədər vicdansızlıq bəlkə də futbol tarixində nadir hallarda baş verir. Əlbəttə, bilirəm ki, siz də məyus olmusunuz, azarkeşlər də, Azərbaycan xalqı da. İlk növbədə, ona görə ki, siz bu qələbəyə layiq idiniz.

Bu sonuncu oyun - dekabrın 11-də “İnter” komandası ilə keçirilən oyun həlledici idi. Bu oyunda siz çox gözəl mübarizə aparmısınız. Qələbəyə layiq idiniz və qələbəni əldə etmisiniz. Bütün dünyanın gözü qarşısında təmiz qol vurmusunuz. Ancaq hakim briqadasının qeyri-peşəkarlığı, ya da ki, qərəzli münasibəti ucbatından o qol sayılmadı və beləliklə, sizin qarşınıza bir sədd qoyuldu. Bu, böyük ədalətsizlikdir. Ədalətsizliklə barışmaq çox çətindir, həm həyatda, həm idmanda, həm də siyasətdə.

Əfsuslar olsun ki, ədalətsizlik hələ ki özünü müxtəlif sahələrdə büruzə verir, o cümlədən siyasi aləmdə. Biz - gənc, müstəqil Azərbaycan dövləti də bəzi hallarda ədalətsizliklə, ikili standartlarla, ayrı-seçkiliklə üzləşirik. Bizim uğurlu inkişafımızı həzm etməyən, uğurlarımıza kölgə salmaq istəyən bəzi xarici dairələr var ki, Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq üçün ardıcıl şəkildə səy göstərirlər. Ancaq bu səylərin heç bir nəticəsi yoxdur. Çünki Azərbaycan öz yolu, müstəqillik, azadlıq, inkişaf yolu ilə gedir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ancaq belə cəhdlər var. İkili standartlar göz qabağındadır. Əfsuslar olsun ki, indi ikili standartlar dünya siyasətinin standartlarına çevrilmişdir. Biz isə öz yolumuzla gedirik. Amma bizim üstünlüyümüz ondan ibarətdir ki, başqa ölkələrlə, yaxud da ki, beynəlxalq təşkilatlarla münasibətlərimizi tənzimləyən heç bir hakim briqadası yoxdur. Biz bu mübarizədə öz sözümüzü deyirik və əksər hallarda qələbə bizimlə olur.

Bu gün Azərbaycan reallıqları göz qabağındadır. Lakin hər tərəf alovlanır. Bölgədə, Avropada iqtisadi, siyasi, hərbi böhran, toqquşmalar, davalar, qanlı müharibələr gedir. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır. Biz buna Azərbaycan xalqının zəhməti hesabına nail ola bilmişik. Heç vaxt bu yoldan dönməyəcəyik.

İdmanda isə əfsuslar olsun ki, bəzi hallarda hakimlərin ədalətsiz qərarı həlledici olur. Mən idmanla yaxından maraqlanan, eyni zamanda, idmana rəhbərlik edən insan kimi dəfələrlə onun şahidi olmuşam ki, beynəlxalq yarışlarda, hətta fərdi idman növlərində də bizim idmançılarımıza qarşı ədalətsizlik göstərilmişdir. Yenə də deyirəm, qələbə qazanmaq olar, məğlub olmaq olar. Bu, idmandır, heç kim sığortalanmayıb ki, o, məğlub olmayacaq. Əgər siz ədalətli mübarizədə məğlub olsaydınız, yaxud da ki, o qolu vurmasaydınız, heç kim heç nə deməzdi. Lakin belə oldu, gələn dəfə daha da yaxşı oyun nümayiş etdirmək olardı. Ancaq təmiz, halal qələbəni komandanın əlindən almaq böyük ədalətsizlik və idman aləmində cinayətdir. Ona görə hesab edirəm ki, bu cinayəti, idman cinayətini törətmiş hakim briqadası öz cəzasını almalıdır. Əks təqdirdə, bu, başadüşülən olmayacaq.

Mən sizi, ilk növbədə, ona görə dəvət etmişəm ki, son illərdə göstərdiyiniz oyunlar əlbəttə, məni də, xalqımızı da sevindirir. Digər tərəfdən, bilirəm ki, komanda üçün indiki dövr o qədər də asan dövr deyil. Çünki sizin bütün fikirləriniz artıq növbəti mərhələdə idi. O mərhələdə siz çıxış etməli idiniz. Bu qələbə sizdən vicdansızcasına oğurlanıb. Ancaq həyat davam edir. Bu ədalətsizlik sizi ruhdan salmamalıdır. Əksinə, sizi daha da çox ruhlandırmalıdır ki, qələbə əzmi daha da güclü olsun, növbəti yarışlarda Avropa idman ailəsinə bir daha sübut edəsiniz ki, “Qarabağfutbol klubu böyük uğurlara imza ata və Azərbaycan futbolunu ləyaqətlə təmsil edə bilər.

Klubun adı “Qarabağ”dır, bu da sizin üzərinizə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcək illərdə siz bu gözəl adı şərəflə, ləyaqətlə daşıyacaqsınız və “Qarabağklubu Azərbaycan xalqını yeni qələbələrlə sevindirəcəkdir.

Sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, siz növbəti yarışlara yaxşı hazırlaşasınız. Bilirəm ki, klubda ab-hava da yaxşıdır. Məşqçi heyəti, klubun rəhbərliyi, oyunçular - siz bir ailə kimisiniz. Mən bunu da alqışlayıram.

Bir daha sizə göstərdiyiniz uğurlar və nəticələr münasibətilə Azərbaycan xalqı adından təşəkkürümü bildirir və yeni qələbələr arzulayıram. Sağ olun.

 

Azərbaycan.-2014.- 18 dekabr.- S.1-2.