Abşeron rayonunda bələdiyyə seçkilərinin ədalətli, şəffaf və

 mütəşəkkil keçirilməsi üçün bütün şərait yaradılıb

 

Azərbaycanda vüsət alan dinamik inkişaf bütün bölgələrdə olduğu kimi, Abşeron rayonunun hər bir güşəsində yaxından müşahidə olunmaqdadır. Ötən 11 ildə rayonun hərtərəfli inkişafı üçün böyük işlər görülmüşdürbu indi də yüksək əzmlə davam etdirilir. Bu mənada real mənzərə Abşeronun ölkənin əsas inkişafquruculuq ünvanlarından biri olduğunu təsdiq edir. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər rayon ərazisində olduqca mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuşuğurla başa çatdırılmışdır. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişmişdir. Bu dövrdə həm ayrı-ayrı dövlət proqramlarından, həm yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək rayonda çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə başlamışdır.

 

Sosial-iqtisadi tədbirlər miqyaslı, konkret və ünvanlıdır

Abşeronda həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə fəaliyyətini dövlət başçısı İlham Əliyevin yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında icrasına nail olmağa çalışır. Abşeron RİH başçısı Zakir Fərəcov bildirir ki, Prezident İlham Əliyevin apardığı siyasətin mahiyyətinə uyğun olaraq rayonda qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə və keyfiyyətlə aparılması, təhsil-səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır.

Bütün bunlardan irəli gələrək Xırdalan şəhəri başda olmaqla, Abşeronun hər kənd və qəsəbəsində dinamik quruculuq və abadlıq işləri həyata keçirilir. Cəmi bir neçə il ərzində Xırdalan şəhərində onlarla yeni inzibati və hündurmərtəbəli yaşayış binaları inşa olunmuş, sakinlərin istirahəti üçün parklar salınmışdır. Xırdalanın küçələrində göz oxşayan dayaqlar üzərində quraşdırılmış yaraşıqlı gecə işıqları, ictimai binaların, fərdi evlərin, xidmət obyektlərinin, həyət divarlarının fasadlarının milli ornamentlər və müasir üzlük materialları ilə işlənməsi şəhərin ümumi mənzərəsinə xüsusi gözəllik verir. Burada inşa olunmuş yüksək mərtəbəli yaşayış evləri, inzibati binalar, nəfis layihələr əsasında tikilib istifadəyə verilmiş sosial obyektlər, ticarət, iaşə və məişət xidməti müəssisələri şəhərin möhtəşəmliyini, müasirliyini əks etdirir.

2014-cü ilin ötən sosial-iqtisadi göstəriciləri bu vəzifələrin uğurla icra olunduğunu Abşeronun dinamik inkişafquruculuq yolu ilə irəlilədiyini göstərir. Bu il ərzində rayonda qarşıya qoyulmuş bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra edilmişdir. Xüsusilə oktyabrın 3-də Prezident İlham Əliyevin Abşerona səfəri hər bir abşeronlunun həyatında silinməz izlər buraxmaqla, bütövlükdə rayonun inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Prezident İlham Əliyevin Abşeron rayonuna səfəri zamanı istifadəyə verilən obyektlər rayonun inkişaf yolunda olmasının əyani təsdiqi idi. Dövlət başçısı Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin, şahmatmusiqi məktəblərinin, Masazır qəsəbəsində inşa olunan stadionun açılışında iştirak etmiş, həmçinin Xırdalan şəhərindəki Bayraq meydanında, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Abşeronda son illərdə əldə olunan ən böyük nailiyyətlərdən biri iri sənaye müəssisələrinin yaradılmasıdır. Elə buna görədir ki, bu il rayonda sənaye məhsulunun ümumi həcmi artmış, iqtisadisosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala ötən ildə olduğundan artıq investisiya yönəldilmişdir. İl ərzində rayon ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülmüşdür. Prezident İlham Əliyevin Masazır-Saray-Novxanı və Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yollarının tikintisinə vəsait ayrılması haqqında sərəncamı rayon ərazisində yol infrastrukturunun inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, ötən dövr ərzində Masazır-Saray-Novxanı avtomobil yolu tikilərək istismara verilmiş, Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunda isə davam etdirilir. Bununla yanaşı, küçələrin və yol kənarlarının abadlaşdırılmasına da il ərzində xüsusi diqqət yetirilmişdir.

Rayonun yüksəlişi istiqamətində diqqəti çəkən mühüm məqamlardan biriAbşeronun dövlət büdcəsindən maliyyələşməməsidir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bəhrəsidir ki, rayonun iqtisadi imkanları artdıqca yerli gəlirləri də ilbəil çoxalmış və dövlət büdcəsinin dotasiyasından asılılıq getdikcə aradan qalxmışdır. Bunun nəticəsində artıq Abşeron bir neçə ildir ki, dövlət büdcəsinin yardımından imtina edib. Bu, rayonun sosial-iqtisadi inkişafının bariz göstəricisidir.

Bütün bunlar bir daha təsdiq edir ki, Abşeron rayonu inkişafının keyfiyyətcə yeni dövrünü yaşayır. Müasir, yaraşıqlı bir görkəmə malik olan Abşeron Azərbaycanın gündən-günə yeniləşən simasını özündə əks etdirməklə sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir.

 

Rayonun sosial həyatında bələdiyyələr də fəal iştirak edirlər

Respublikamızda bələdiyyələr çox gənc olsalar da, onlar işgüzarlığı, təşkilatçılığı, ərazilərin sosial problemlərinin həlli istiqamətində göstərdikləri təşəbbüskarlıqla özlərini doğruldurlar. 1999-cu ildə yerli özünüidarəetmə orqanı olan ilk bələdiyyə seçkilərində Abşeron rayonunda 15 bələdiyyə qrumu formalaşdırılmışdır: Xırdalan, Digah, Fatmayı, Görədil, Masazır, Mehdiabad, Məmmədli, Aşağı Güzdək, Ceyranbatan, Güzdək, Hökməli, Novxanı, Pirəkəşkül-Qobustan, QobuSaray bələdiyyələridir. Rayonda xüsusən son illərdə vüsət alan inkişafda bələdiyyələrin rolu danılmazdır. Onların təşəbbüskarlığı və aparılan quruculuq işlərinə fəal qoşulmaları nəticəsində Abşeronun qəsəbə və kəndlərində sosial-iqtisadi problemlər müsbət həllini tapır. Belə ki, Abşeron rayonunda bələdiyyələr yarandığı gündən daxili yolların abadlaşdırılması, kommunikasiya xətlərinin yenidən qurulması, yeni uşaq bağçası, məktəb, səhiyyə müəssisələrinin, ambulatoriyaların tikilməsi, köhnələrinin əsaslı təmir olunması, yeni istehsal sahələrinin yaradılması, yerlərinin açılması, ağac və bəzək kollarının əkilməsi istiqamətində mühüm işlər görmüşlər. Bələdiyyələr daim aztəminatlı ailələrə qayğı göstərmiş, bayramlarda onlara sovqat çatdırılmasını təmin etmişlər. Bu mənada hər biri illik proqramlar əsasında fəaliyyət göstərən Abşeron yerli özünüidarəetmə orqanlarının özlərinin yaratdıqları maliyyə mənbələri hesabına göstərdikləri fəallıq bəlkə də heç bir rayonla müqayisə edilə bilməz.

Dinamik inkişaf edən Azərbaycanda gələcək nəslin sağlam böyüməsi, onun hərtərəfli inkişafı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu istiqamətdə görülən mühüm tədbirlərin tərkib hissələrindən biri də məktəbəqədər təhsil müəssisələrindən olan uşaq bağçalarının və körpələr evlərinin şəbəkələrinin genişləndirilməsi, onların təlim-tərbiyə prosesində fəal iştirakının təmin olunmasıdır. Son 10 ildə respublikamızda yüzlərlə uşaq bağçasının inşa olunması göstərir ki, Azərbaycan dövləti gələcəyimiz olan körpələrin və uşaqların vətənimizə layiqli vətəndaş kimi formalaşmalarını prioritet vəzifələrdən biri elan edir. Çünki sirr deyil ki, məktəbəqədər təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların erkən yaş dövründən intellektual, fizikipsixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin “insan kapitalı”na çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

Bu nəcib missiyanın reallaşdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Ulu öndər Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verən Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri uşaq müəssisələrinin və məktəblərin infrastrukturlarını inkişaf etdirməkdir. Həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinə dəstək” kimi layihələr Azərbaycanda təhsil müəssisələrinin yenidən qurulmasına gözəl töhfələr verib.

Cəmiyyətin müxtəlif xarakterli problemlərinin həllində aparıcı rol oynayan Heydər Əliyev Fondu bu gün də dəyərli təklif və təşəbbüslə təhsil sisteminə öz töhfələrini verməkdə davam edir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı bunun təsdiqidir.

Abşeron rayonunda quruculuq işlərinin əsas istiqamətlərindən birini təhsil ocaqlarının, o cümlədən yeni məktəbəqədər təhsil müəssisələrinin inşası təşkil edir. Xatırladaq ki, bu il martın 12-də Abşeron Rayon İcra Hakimiyyəti yanında şuranın iclası keçirilmiş, rayonda məktəbəqədər təhsildə olan mövcud vəziyyət geniş müzakirə olunmuşdu. Abşeron RİH-nin başçısı Zakir Fərəcov bildirmişdi ki, qarşıdakı dövrdə nəzərdə tutulan quruculuq işlərində rayonun daxili imkanları hesabına bir neçə məktəbəqədər təhsil ocağının tikintisinin həyata keçirilməsi planlaşdırılır.

İclasda iştirak edən rayonun bələdiyyə sədrləri də yekdilliklə maraqlı təkliflə çıxış etmişdilər. Belə ki, Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramını yüksək qiymətləndirən bələdiyyə sədrləri Mehriban xanım Əliyevanın bu çağırışına qoşularaq ilin sonuna kimi öz daxili imkanları hesablarına yeni uşaq bağçalarının inşa olunaraq istifadəyə verilməsi barədə təşəbbüs irəli sürmüşdülər.

Təşəbbüsə Abşeronun 15 bələdiyyəsinin hər biri qoşulmuş, rayonun rəhbərliyi və ictimaiyyəti tərəfindən böyük rəğbət və razılıq hissi ilə qarşılanmışdı. “15 bələdiyyə - 15 məktəb” devizi altında bələdiyyələr qarşıya qoyduqları bu vəzifəni reallaşdırmaq üçün vaxt itirmədən əməli fəaliyyətə başlamışdılar. Artıq uşaq bağçalırının bir neçəsi hazırdır və yeni ilədək açılışı olacaq.

 

Seçki hazırlıqları yüksək səviyyədədir

Dinamik inkişaf yolunda Abşeron rayonu həm də siyasi fəallığı, ölkə miqyaslı proseslərdə sakinlərinin mütəşəkkil iştirakı ilə diqqəti cəlb edir. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri bu rayonda həmişə yüksək səviyyədə baş tutmuş və indiyədək heç bir seçkidə qanun pozuntusu qeydə alınmamışdır. Rayonu əhatə edən seçki dairələri üzrə seçkilərdə fəal iştirak edən seçicilər hər zaman layiqli namizədləri dəstəkləmişlər.

Dekabrın 23-də Azərbaycanda sayca dördüncü bələdiyyə seçkiləri keçiriləcək. İndiydək 37100 nəfərdən çox namizəd qeydə alınmışdır. Bu, keçən seçki ilə müqayisədə 7 min nəfər çoxdur. Namizədlər arasında 30 partiyanın təmsilçisi var. Qeydə alınan yerli müşahidəçilərin sayı isə 15 mini keçmişdir.

Bələdiyyə seçkilərinə hazırlıq Abşeron rayonunda yüksək səviyyədədir. Rayon ərazisindəki dairə seçki komissiyalarının işi ilə tanış olarkən bunun şahidi olduq. Abşeron rayonu iki - 45 saylı Abşeron və 50 saylı Abşeron-Qobustan seçki dairələrini əhatə edir. 45 saylı Abşeron dairə seçki komissiyasının sədri Dilşad Abbasovanın sözlərinə görə, seçki dairəsində 36 seçki məntəqəsi mövcuddur. Bu məntəqələrin 12-də səsvermənin gedişini veb-kameraların vasitəsi ilə internetdən izləmək mümkün olacaq. 46 min 387 nəfər seçicinin qeydə alındığı bu dairə üzrə səsvermənin nəticəsi olaraq Abşeronun 7 - Xırdalan, Digah, Fatmayı, Görədil, Masazır, Mehdiabad, Məmmədli bələdiyyələri formalaşdırılacaq.

50 saylı Abşeron-Qobustan seçki dairəsində 49 seçki məntəqəsi mövcuddur ki, bunun 21-i Abşeron rayonunu əhatə edir. 4 seçki məntəsində səsverməni internetdən izləmək mümkün olacaq. Bu seçki dairəsində Abşeron üzrə qeydə alınmış seçicilərin sayı isə 24 min 495 nəfərdir. Abşeronun 8 - Aşağı Güzdək, Ceyranbatan, Güzdək, Hökməli, Novxanı Pirəkəşkül-Qobustan, QobuSaray bələdiyyələri bu dairə üzrə səsvermənin nəticəsində formalaşacaq.

Abşeron rayonunda bələdiyyələr üzrə ümumilikdə 167 nəfər seçiləcək. Bələdiyyə üzvü seçilmək üçün 453 nəfər müraciət etmişonlardan 417 nəfərinin namizədliyi qeydə alınmışdır. Onlardan 222 nəfəri Yeni Azərbaycan Partiyasının üzvü, 163 nəfəri bitərəf, qalanları digər siyasi partiyaların üzvləridir. Namizədlərin 30 faizə qədərini gənclər təşkil edir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, bələdiyyə seçkilərinə hazırlıq dövründə namizədlərin seçkiqabağı təşviqat işlərinin təşkili məqsədi ilə rayon ərazisində müvafiq yerlər müəyyənləşdirilmişdir.

Dairə və məntəqə seçki komissiyaları ilə tanışlıq zamanı bir daha əmin olduq ki, Abşeron rayonu qarşıdan gələn bələdiyyə seçkilərinə çox ciddi hazırlaşmışdır. Görülən bütün işlər yalnız bir məqsədə - seçkilərin demokratik, şəffaf və mütəşəkkil keçirilməsinə, yüksək nəticələr əldə edilməsinə xidmət edir. Abşeronda şahidi olduqlarımız deməyə əsas verir ki, rayon ictimaiyyəti dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində mütəşəkkil və fəal iştirak edəcək. Ən əsası, əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkiləri də yüksək səviyyədə baş tutacaq

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 18 dekabr.-  S.9.