Azərbaycanda misgərliyin tarixi
beş əsrə bərabərdir
Elə sənət və sənətkarlıq nümunələri var ki, onlar yalnız xalqımıza məxsusdur. Belə sənət nümunələri arasında mis qabların xüsusi önəm daşıması heç də təsadüfi deyil. Bildiyimiz kimi, xalqımız özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb. Müxtəlif dövrlərdə tacirlər, səyyahlar və əcnəbi diplomatlar bu yerlərdə olub, sənətkarlığın inkişafı haqqında çoxsaylı maraqlı faktlardan söz açıblar.
Yazılan xatirələrdə və yaddaşlarda qalanlardan biri də xalqımızın qədim və zəngin milli adət-ənənələrə məxsus olmasıdır. Qədim xalq sənəti növlərindən biri, Dəmir dövrünün yadigarı olan mis qabların məişətdə istifadəsi və həmin sənətin bu gün də yaşadılması təsdiqləyir ki, Azərbaycanda misgərliyin yaradılması çox erkən dövrlərə təsadüf edir. Aparılan tədqiqatlardan məlumdur ki, ölkəmizdə tapılan ilk mis metal işləmələrin tarixi Neolit dövrünə aiddir. Miladdan əvvəl, VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanıb. Bir sənət növü kimi onun təşəkkülü artıq orta əsrlərdə böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Azərbaycanda misgərliyin hələ erkən dövrlərdən inkişaf etdiyini bir sıra Avropa ölkələrində, o cümlədən Rusiyanın muzeylərində saxlanan mis eksponatlar da sübut edir. XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladığı məmulatlar müxtəlif sərgilərdə nümayiş etdirilərkən yüksək qiymətləndirilib və mükafatlandırılıb.
Tədqiqatçı-etnoqraf Elnur Həsənovun fikrincə, qədim Gəncənin mədəniyyət mərkəzi kimi 3 min illik tarixə malik olduğunu sübuta yetirən mənbələr sırasında, şübhəsiz ki, maddi mədəniyyət nümunələrindən hesab edilən mis qabların da böyük əhəmiyyəti var: “...Qədimlərdən Gəncədə sənətkarlıq o qədər zəngin ənənələrə, tarixə malikdir ki, hətta onların təsnifatını da aparanda çox böyük bir siyahı alına bilər. Mis qablar üzərində işləyən sənətkarlar imzalarını ora həkk etdikləri üçün dünya muzeylərində saxlanan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilib: xörək, süfrə, su-ağartı qabları və məişət əşyaları”.
Etnoqrafın sözlərinə görə, Azərbaycanda misgərlik sənətinin mərkəzlərinin Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olduğu söylənilir. XIX əsrdən başlayaraq Lahıc qəsəbəsi misgərliyin əsas mərkəzinə çevrilib. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məişət əşyaları Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə tanınıb.
Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olmuş venesiyalı səyyah Kontarinin yazdığına görə, burada hər gün hökmdarın ətrafındakı təxminən 400 nəfərə mis qablarda yemək verilirmiş.
Misgər Şəmsəddin Məmmədovun fikrincə isə, Şərqdən Şimali Azərbaycana gətirilən misgərlik sonralar cənuba - İrana keçib, oradan isə Orta Asiya respublikalarına yayılıb: “Misgərliyin kökü Azərbaycanda çox qədimlərə, 500 il bundan öncələrə qədər gedib çıxır. Bu sənət nümunələrinin hər biri tədqiq olunmalı əsərdir. Bir qabın üstündə sənətkar iki il işləyirsə, ona, sadəcə, qab demək olmaz”.
Ustaların misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri məmulatlar Türkiyə, Orta Asiya, Dağıstan, Gürcüstan, İran və digər yerlərdə uzun illər ərzində tanınıb. Bu qədim sənət növü Mis dövründən cilalana-cilalana bu günədək yol gəlib. Onu davam etdirənlərdən biri də Kamal Mustafayevdir. Atasından öyrəndiyi sənətlə məşhurlaşan usta Kamal deyir ki, misgərliyin itib-batmaması üçün atam məni məcbur etdi ki, bu sənəti öyrənim: “Dədə-babadan qalma bu sənətin itib-batmaması, gələcək nəsillərə çatması üçün əlimi öyrəşdirdi. Düzdür, ağır, çətin sənətdir. Ancaq bu sənət Azərbaycan xalqının maddi mədəniyyətindən soraq verir, ona görə də onu yaşatmaq lazımdır. Mis qablar vaxtilə şahların, xanların və bəylərin süfrəsinin bəzəyi olub. Sayılıb-seçilən qonaqlara bu qablarda süfrə açılıb”.
Bu sənət nə qədər maraqlıdırsa, bir o qədər də çətindir. Ustalar deyir ki, marağı olmayanlar, nəyin və kiminsə xatirinə bu sənətə gəlməyə məcbur edilirsə, ondan misgər olmaz. Misgərlər səbrli, incə zövqə malik olmalıdırlar. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir. Sözügedən mis qabların hazırlanması üçün ağır əmək sərf etmək lazımdır. Bu, hələ şərtlərin hamısı deyil. Elm, bilik də misgərlikdə vacibdir. Xüsusən riyaziyyat, kimya, fizika, bir sözlə, bütün texniki fənləri bilmək tələb olunur. Çünki istifadə olunan material kimyəvi maddələrdən hazırlanır. Hətta vurulan naxışlar belə müxtəlif həndəsi fiqurlar üzərində başa gəlir.
Mis qab-qacaqların sayının və çeşidinin getdikcə azalması yalnız peşəkar misgərlərin barmaqla sayılacaq qədər olmasından irəli gəlmir. Şüşə və ya digər məmulatlara, məsələn, keramikadan hazırlanan məhsullara maraq artdıqca mis qablar kolleksiyaçılar tərəfindən toplanır və nəticədə onlar muzey eksponatına çevrilirlər.
Onu da bildirək ki, metalişləmə sənəti digərlərindən fərqli olaraq, azərbaycanlı ustaların öz istedadlarını bütün dolğunluğu ilə ifadə edə bildiyi sahələrdən sayılır. Azərbaycanda metalişləmə sənəti qədim tarixə malik olsa da, misgərlik orta əsrlərdən formalaşmağa başlayıb. Bir sıra mənbələr göstərir ki, Azərbaycanda misgərlik sənəti əsasən XVIII əsrdə inkişaf edib. Bu yerlərə həmin dövrlərdə səfər etmiş səyyahlar da bir çox şəhərlərdə xüsusi misgərlik məhəllələri olduğunu, orada misdən bəzəkli, orijinal formalı qab-qacaq düzəldildiyini qeyd ediblər. Azərbaycanda elə yerlər olub ki, orada misgərliklə məşğul olma kütləvi hal alıb. Belə mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc idi.
Lahıcda külli miqdarda məişət əşyası və ev avadanlığı hazırlanırdı. Buradakı məhsullar həm keyfiyyət, həm də kəmiyyət baxımından o dövrün mərkəzi şəhərlərində hazırlanan məişət əşyalarından heç də geri qalmırdı. Hələ XIX əsrin ortalarında Lahıcda 190-a yaxın mis karxanası olub. XIX-XX əsrlərdə Rusiyadan ucuz qiymətə gətirilən qab-qacaq bu sənətin inkişafına təsir etsə də, böyük tarixə malik olan misgərlik yenə metalişləmədə əsas yerlərdən birini tuturdu. Həmin dövrlərdə mis qablara hətta qonşu ölkələrdə də böyük ehtiyac duyulurdu. Təəssüf ki, əvvəlki dövrlərə nisbətən son illər mis məmulatlarının həm forması, həm də bəzək motivləri xeyli sadələşib. Artıq XX əsrin əvvəllərində bu məişət əşyalarının kəmiyyəti kimi, keyfiyyəti də getdikcə aşağı düşüb. Asan və ucuz başa gələn şüşə, saxsı, çuqun, büllur, çini qablar mis əşyalarını aradan çıxarmağa çalışır. Bütün bunlara baxmayaraq, mis qab-qacaq həmişə dəbdədir, antikvar əşya kimi qorunur, misgərlik sənəti isə sənətkarlar tərəfindən layiqincə yaşadılır.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2014.- 18 dekabr.- S.11.