Bir dövrün arxeoloji abidələrinə monoqrafik baxış

 

Tarix həmişə bütün xalqların, dövlətlərin özlərini sübut etmək üçün söykənəcək yeri olub. Kimi yaşadığı ərazidə, kimisizaman etibarilə lap qədim dövrdən var olduğunu sübut etməyə çalışıb. Bu zaman alimlərin üzərinə böyük yük düşür. Tarixin nəzəri cəhətləri ilə yanaşı, var olan maddi-mədəniyyət nümunələrini üzə çıxarmaq və həmin maddi əşyalarla xalqın qədimliyinə işıq tutmağa çalışmaq elm adamlarının əsas vəzifəsi olub.

Sevindirici haldır ki, qədimliyi, maddi mədəniyyətinin, mənəvi irsinin zənginliyi ilə qürur duyduğumuz xalqımızın belə tarixi sübutları yetərincədir. Bu baxımdan Azərbaycanın ən qədim bölgələrindən olan Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı yaşayış məntəqələrinin, çay vadilərinin arxeoloji tədqiqatı zamanı üzə çıxarılan tapıntılar deməyə əsas verir ki, bu diyar təkcə ölkəmizin deyil, həm də dünyanın ən qədim yaşayış məskənlərindən biri olmuşdur.

Bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunanArpaçay vadisinin Tunc dövrünün arxeoloji abidələri” monoqrafiyası da bu cəhətdən diqqəti cəlb edir.

AMEA Naxçıvan bölməsinin Tarix, ArxeologiyaEtnoqrafiya İnstitutunun böyük elmi işçisi, Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın elmi axtarışlarının, arxeoloji tədqiqatlarının nəticəsi olan bu monoqrafiyadan Arpaçay vadisinin Tunc dövrü arxeoloji abidələri haqqında geniş və hərtərəfli məlumat almaq olar.

Müəllif arxeoloji qazıntılar zamanı aşkar edilən materialları, həmçinin muzey fondlarında saxlanılan maddi mədəniyyət nümunələrini müqayisəli şəkildə təhlil edərək öyrənmişdir. Monoqrafiyada arxeoloji abidələrin qrafik təsviri fotoşəkilləri, Şərur rayonunun arxe-coğrafi xəritəsi verilmişdir.

Arxeoloq alim, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev monoqrafiyaya yazdığı ön sözdə bildirir ki, Arpaçay vadisinin Tunc dövrü mədəniyyətini mədəni-tarixi proses kimi izləmək üçün ümumiləşdirici bir tədqiqat əsərinə ehtiyac yaranmışdır. Zeynəb Quliyevanın monoqrafiyası məhz bu boşluğu doldurmaq baxımından əhəmiyyətlidir.

Monoqrafiyada erkən, ortason Tunc dövrünün arxeoloji abidələri ilə yanaşı, həmin dövrdə yaşayan əhalinin məşğuliyyəti, ictimai quruluşu və ideologiyası haqqında da məlumatlar öz əksini tapmışdır.

Monoqrafiyada Tunc dövründə Arpaçay vadisi boyunca yaşayan əhalinin incəsənəti də təhlil edilmiş, onların ideologiyası haqqında fikirlər irəli sürülmüş, həmçinin Cənubi Qafqazla Yaxın Şərq əlaqələrinə geniş yer verilmişdir.

Bu tədqiqat əsəri dünyanın digər mədəniyyətləri ilə bölgə mədəniyyətinin, tarixinin müqayisəli şəkildə öyrənilməsi baxımından da qiymətli vəsaitdir.

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2014.- 18 dekabr.-  S.11.