Bakı Dövlət Universiteti Azərbaycan
xalqının milli sərvətidir
Universitetin 95 illik yubileyi qeyd olunub
Dekabrın
18-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsinin 95 illik
yubileyinə həsr olunan təntənəli tədbir
keçirilib.
AzərTAc
xəbər verir ki, tədbirdə dövlət və
hökumət rəsmiləri, Milli Məclisin deputatları,
akademiklər, dünyanın müxtəlif ölkələrindən
olan alimlər, ali məktəb
rektorları, Azərbaycanda akkreditə olunmuş diplomatik
korpusun təmsilçiləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları
universitetin təsis olunmasını əks etdirən rəsm
tablosuna, BDU-nun 95 illiyi ilə bağlı sərgiyə və
qrafik filmə baxıblar.
Təntənəli
mərasimdə çıxış edən Bakı Dövlət
Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
ümummilli lider Heydər Əliyevin “Bakı Dövlət
Universiteti Azərbaycan xalqının milli sərvətidir” kəlamını
xatırladıb. Universitetinin tarixindən, inkişaf mərhələlərindən
danışan rektor bildirib ki, XX əsrin əvvəllərində
qurulan Azərbaycan Xalq Cümhuriyyətinin həyata
keçirdiyi ən mühüm tədbirlərdən biri
ölkədə dünyəvi ali məktəbin
yaradılması olub. Bakı Dövlət Universitetinin
maddi-texniki bazasının və kadr potensialının
formalaşmasına Azərbaycan mesenatları da yaxından
kömək göstəriblər.
Yarandığı ilk illərdə tarix-filologiya,
fizika-riyaziyyat və tibb sahələrini əhatə edən
BDU-nun əsas məqsədi Azərbaycanda maarifçiliyin, səhiyyənin
inkişaf etdirilməsi və bunun üçün yüksək
səviyyəli kadr hazırlamaqdan ibarət olub. Sonralar isə bütün fəaliyyəti
dövründə bu ali məktəb
xalqın milli şüurunun yetkinləşməsi,
maarifçilik ideologiyasının bərqərar olması,
tolerantlığın, elm və təhsilin inkişafı, azərbaycançılıq
ideologiyasının formalaşmasında əvəzsiz rol
oynayıb. Universitetin kadr potensialı və elmi bazası əsasında
bir sıra digər ali təhsil müəssisələri
və Azərbaycan Milli Elmlər Akademiyası yaradılıb.
Bakı Dövlət Universitetində bir
çox dünya şöhrətli alimlər
çalışıblar.
BDU-nun inkişafında yeni keyfiyyət mərhələsinin
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin adı ilə bağlı olduğunu vurğulayan
akademik Abel Məhərrəmov Ulu Öndərin məzunu
olduğu Bakı Dövlət Universitetinə daim xüsusi
diqqət və qayğı göstərdiyini bildirib. Qeyd olunub ki,
bu diqqət və qayğı sayəsində universitet ötən
əsrin 70-ci illərindən etibarən özünün
intibah dövrünə qədəm qoyub.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini vurğulayan rektor dövlətimizin
başçısının elm, təhsil sahəsi ilə
bağlı təşəbbüslərindən və
imzaladığı sənədlərin əhəmiyyətindən
söz açıb. Bildirilib ki, inkişafının yeni mərhələsini
yaşayan BDU-da məhz Prezident İlham Əliyevin
qayğısı və dəstəyi ilə son beş ildə ən müasir texniki
avadanlıq və ləvazimatla təchiz edilmiş yeni tədris
binası, idman kompleksi, 800 əməkdaş üçün
üç müasir yaşayış kompleksi, tədris-təcrübə
və istirahət mərkəzi tikilərək istifadəyə
verilib.
Diqqətə
çatdırılıb ki, hər bir ölkənin iqtisadi, mədəni
və intellektual səviyyəsinin barometri hesab edilən klassik
milli universitet missiyasını şərəflə həyata
keçirən Bakı Dövlət Universitetində bu gün
ali təhsilin bakalavriat, magistratura və doktorantura
səviyyələrində 20 minə yaxın tələbə
təhsil alır. Gənclərin təlim-tərbiyəsi
ilə 4 minədək əməkdaş, o cümlədən
2 minə yaxın professor-müəllim heyəti və elmi
işçi məşğul olur. Onlardan 21 nəfəri
akademiyanın həqiqi və müxbir üzvü, 11 nəfəri
Milli Məclisin deputatı, 300 nəfərə qədəri
elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə
doktoru, dosentdir. Hazırda universitetdə 17
fakültə, 127 kafedra, müasir cihaz və avadanlıqlarla təchiz
olunmuş iki Elmi Tədqiqat İnstitutu fəaliyyət
göstərir. Universitetin 30-dək Elmi Tədqiqat Mərkəzi
və laboratoriyası, 3 milyona yaxın fonda
malik kitabxanası var. BDU-da 81 istiqamət üzrə dünya
standartları səviyyəsində elmi-tədqiqat işləri
aparılır. Son illər yeni fakültələr,
mərkəzlər, laboratoriyalar açılıb.
Rektor bildirib ki, universitetdə kadr
hazırlığı Bolonya prosesinin tələblərinə
və Avropa kredit transfer sisteminə uyğun həyata
keçirilir.
Bütün fakültələrdə təhsil
üç dildə – Azərbaycan, rus və ingilis dillərində
aparılır. Universitetdə
dünyanın 16 ölkəsindən minədək tələbə
təhsil alır. BDU-da bu ildən başlayaraq Təhsil
Nazirliyinin təşəbbüsü ilə yerli və beynəlxalq
əmək bazarında rəqabətə davamlı kadr
hazırlığı həyata keçirtmək məqsədilə
yaradılan və 12 ixtisası əhatə edən “SABAH”
qrupları fəaliyyət göstərir. Universitetin
nəzdindəki “Gənc istedadlar” Liseyinin şagirdləri
regional və beynəlxalq səviyyəli elmi tədbirlərdə
əhəmiyyətli uğurlar əldə edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının
ayrı-ayrı institutlarında BDU-nun baza kafedraları, Elm və
Tədris Mərkəzləri, müvafiq kafedraların
filialları yaradılıb.
BDU 95 il ərzində
yüz əlli mindən çox mütəxəssis, o
cümlədən dünyanın bir çox dövlətləri
– Orta Asiya və Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi
Asiya, Latın Amerikası, Afrika ölkələri
üçün yüzlərlə yüksək ixtisaslı
kadr hazırlayıb.
Hazırda
dünyanın 60 ölkəsinin 300-dən çox universiteti
ilə əməkdaşlıq edən BDU Avrasiya, Xəzəryanı
Ölkələr, Qara Dəniz Ölkələri, Avropa və
Qafqaz Universitetləri assosiasiyalarının
üzvüdür, dünyanın bir neçə qabaqcıl universiteti
ilə ikili diplom verilməklə birgə magistr
hazırlığı həyata keçirir.
BDU-da Konfutsi İnstitutu, Abay, Koreya, Yunis Əmrə mərkəzləri,
Rus Evi, Türk Odası, xarici dillərin daha dərindən
öyrənilməsi üçün linqafon kabinetləri fəaliyyət
göstərir. Universitetdə 14 Qərb və Şərq
dövlətlərinin dilləri öyrədilir və yüksək
səviyyəli kadr hazırlığı həyata
keçirilir. Azərbaycandan Tomson Reyter
agentliyi tərəfindən indekslənən yeganə beynəlxalq
elmi jurnal Bakı Dövlət Universitetində nəşr
edilir.
Akademik A.Məhərrəmov gənclərin elmə, təhsilə
marağının ildən-ilə artması nəticəsində
Bakı Dövlət Universitetinin bundan sonra daha böyük
nailiyyətlər qazanacağına əminliyini bildirib.
Tədbirdə
çıxış edən təhsil naziri Mikayıl Cabbarov
zəngin ənənələrə malik Bakı Dövlət
Universitetinin 95 illik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə
elm və təhsilin inkişafına göstərilən
dövlət qayğısından danışıb. Diqqətə çatdırılıb ki, bu gün
BDU-nun məzunları Azərbaycan elminin inkişafına və
çiçəklənməsinə dəyərli töhfələr
verirlər.
Nazir qeyd
edib ki, universitet ilk gündən elmi-tədqiqat mərkəzinə
çevrilərək Azərbaycan Milli Elmlər
Akademiyasının və onun institutlarının təşkilində,
digər ali məktəblərin təşəkkülündə,
kadr potensialının formalaşmasında xüsusi rol
oynayıb.
Ulu
öndər Heydər Əliyevin Bakı Dövlət
Universitetinin məzunu olduğunu xatırladan M.Cabbarov bu dahi
şəxsiyyətin Azərbaycan elminin və təhsilinin
inkişafına daim böyük qayğı göstərdiyini,
onun ideyalarının hazırda Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən əzmlə həyata
keçirildiyini vurğulayıb.
Azərbaycan
Prezidenti İlham Əliyevin 2014-cü il 16
dekabr tarixli Sərəncamına əsasən qocaman jurnalist,
BDU-nun professoru Şirməmməd Hüseynovun “Şərəf”
ordeni ilə təltif olunduğunu bildirən nazir ali dövlət
mükafatını yubilyara təqdim edib.
Professor Ş.Hüseynov çıxış edərək
yüksək dövlət mükafatına görə Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirib.
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin
rektoru, akademik Viktor Sadovniçi Bakı Dövlət
Universitetinin elm, təhsil sahəsində önəmli xidmətlərini
vurğulayıb, dahi şəxsiyyət Heydər Əliyevin
bu ali məktəbin məzunu olduğunu xatırladıb. Görkəmli dövlət xadimi Heydər Əliyev
ilə dəfələrlə
görüşdüyünü bildirən V.Sadovniçi Ulu
Öndərin elmə, təhsilə xüsusi əhəmiyyət
verdiyini diqqətə çatdırıb.
BDU-nun
mühüm nailiyyətlər qazandığını qeyd edən
rusiyalı akademik bu ali məktəb ilə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əlaqələrindən
danışıb.
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif
Əlizadə bildirib ki, elmin, təhsilin, milli təfəkkürün,
mədəniyyətin, inkişafında mühüm rol oynayan
Bakı Dövlət Universitetinin yaranması Azərbaycan
tarixinin ən əlamətdar hadisələrindəndir. Şərqin
ilk mütərəqqi təhsil ocaqlarından olan BDU-nun 95 ildə
zəngin, şərəfli inkişaf yolu keçdiyini qeyd edən
akademik A.Əlizadə vurğulayıb ki, bu universitetin, eləcə
də Azərbaycanda elm və təhsilin inkişafının
keyfiyyətcə yeni mərhələsi görkəmli
dövlət xadimi, ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. BDU-nun məzunları
arasında bir çox dünya şöhrətli alimlər,
ictimai-siyasi xadimlər yetişib.
İnformasiya
cəmiyyətində mükəmməl bir sistemin tərkib
hissələri kimi elmin, təhsilin və istehsalatın
inteqrasiyasının inkişafın mühüm
formullarından hesab olunduğunu diqqətə
çatdıran AMEA-nın prezidenti akademiya ilə BDU
arasındakı sıx əməkdaşlıqdan söz
açaraq deyib: “Azərbaycan Prezidenti İlham Əliyev bəyan
edib ki, ölkəmiz bölgənin elm mərkəzinə
çevrilməlidir. Bu, Azərbaycan alimləri
və təhsil işçiləri üçün
böyük bir çağırışdır”.
Azərbaycan
Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik
Əhliman Əmiraslanov, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt
Yusifzadə, Türkiyənin Ərdahan Universitetinin rektoru,
Qafqaz Universitetləri Şəbəkəsinin prezidenti,
professor Ramazan Korkmaz müasir dünyada elmin, təhsilin
mühüm rolundan danışıb, universitetlərarası əməkdaşlığın
genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Bakı Dövlət Universitetinin elmə, təhsilə
böyük töhfələr verdiyini vurğulayan natiqlər
Azərbaycanın bu nüfuzlu ali təhsil
müəssisəsinə yeni nailiyyətlər arzulayıblar.
Tehran
Universitetinin rektoru, doktor Nili Əhmədabadi, Albaniyanın
Tirana Texniki Universitetinin rektoru, akademik Yorqaq Kaçani,
İvane Çavaxişvili adına Tbilisi Dövlət
Universitetinin rektoru, akademik Vladimer Papavaya, Rusiya Federasiyası
Dağıstan Dövlət Universitetinin rektoru, professor Murtazli
Rabadanov çıxış edərək elmin, təhsilin
inkişafında Bakı Dövlət Universitetinin xidmətlərini
yüksək qiymətləndirib, pedaqoji kollektivi yubiley
münasibətilə təbrik ediblər.
Tədbirdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Quberski, Çinin Anhoy Universitetinin rektoru, professor Çex Xua, Türkiyənin İstanbul Universitetinin rektoru, professor Yunus Söylət, Belarus Dövlət Universitetinin rektoru, akademik Sergey Oblameyko və başqaları videobağlantı vasitəsi ilə Bakı Dövlət Universiteti barədə fikirlərini söyləyib, yubiley təbriklərini çatdırıblar.
“Gənc İstedadlar” Liseyinin məzunu, Kanadanın Vaterloo Universitetinin tələbəsi Orxan Həsənli, BDU-nun hazırda təhsilini Yaponiyada davam etdirən tələbəsi Aida Məmmədova da videobağlantı vasitəsilə doğma universitetin 95 illik yubileyi münasibətilə kollektivə xoş arzularını bildiriblər.
Sonda universitetin yubileyi münasibətilə xatirə hədiyyələri təqdim olunub.