Sahibkarlığın inkişafı
dövlətin iqtisadi siyasətinin əsas istiqamətidir
XX əsrin doxsanıncı illərinin ortalarından xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin əzmi, qətiyyəti, təcrübəsi və uzaqgörənliyi sayəsində Azərbaycanda baş vermiş tarixi dönüş əslində həm xilaskarlıq missiyasının böyük iradə ilə həyata keçirilməsi, həm də ölkənin işıqlı gələcəyinin məqsədyönlü şəkildə istiqamətləndirilməsi ilə səciyyələnir.
Məhz Heydər Əliyevin möhkəm dövlətçilik və davamlı inkişaf formatında apardığı siyasət Azərbaycanı tarixin və zamanın böyük sınaqlarından qalibiyyətlə çıxa bilməsinin əsasını təşkil edir.
Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik illəri Azərbaycanın tənəzzüldən intibaha uğurlu keçidi, müstəqilliyin nəzəriyyədən real müstəviyə transformasiyası, düzgün iqtisadi inkişaf modelinin müəyyənləşməsi və tətbiqi dövrü kimi tariximizin ən şərəfli səhifələrini təşkil edir.
Hazırda Azərbaycan dövləti ölkəmizin müstəqillik dövrü tarixinin yeni inkişaf mərhələsini yaşayır. Yeni tarixi inkişaf mərhələsi olan 2003-2014-cü illər xalqımızın həyatına güclü dövlət, sürətli inkişaf və müasirləşmə mərhələsi kimi daxil olmuşdur. Bu onillik inkişafın əhatə dairəsinin genişliyinə, çoxcəhətli olmasına, böyük vüsətinə, yüksəliş tempinə, irəliyə doğru sürətli hərəkət ritminə, inteqrasiya proseslərinin tənzimlənməsinə və müasirləşmə, modernləşmə səviyyəsinə görə yeni tarixi epoxaya çevrilmişdir. Bu mərhələ haqlı olaraq müstəqil Azərbaycan dövlətinin İlham Əliyev dövrü adlandırılır.
Prezident İlham Əliyev, sözün həqiqi mənasında, görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanması ilə yanaşı, dövlət strukturu böyük sürətlə inkişaf etdirilərək təkmilləşdirilir və yeniləşdirilir, dövlətin idarə olunmasının ən müasir forma və metodları uğurla tətbiq olunur. Ölkəmizdə demokratik cəmiyyətin inkişaf etdirilib möhkəmləndirilməsinə, bazar münasibətlərinə əsaslanan yeni iqtisadi siyasətin bərqərar olması proseslərinin genişləndirilməsinə ciddi fikir verilir.
Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Son illərdə dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorundan gələn gəlirlərin xüsusi çəkisinin yüksələn xətlə inkişafı aparılan siyasətin müsbət nəticələrinin təzahürləridir.
Qısa müddətdə, sözün əsl mənasında, möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycan dövlətinin böyük tərəqqisində İlham Əliyevin prezidentlik fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.
Dövlət rəhbəri İlham Əliyevin siyasi fəaliyyətinin ana xəttini azərbaycançılıq, millətlərarası münaqişələrin praqmatik həlli, mükəmməl neft strategiyası, enerji təhlükəsizliyi, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, tolerantlıq fəlsəfəsi, iqtisadiyyatın şaxələndirilmiş inkişafı, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi kimi aktual, xüsusi çəkiyə malik məsələlər təşkil edir. Milli mənafeyin, dövlətçilik maraqlarının həmişə üstün tutulması İlham Əliyev siyasətinin əsas mahiyyətidir.
Ölkədə aparılan sosial-iqtisadi siyasətin strateji məqsədləri bazar münasibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir.
“Hər şey Azərbaycan naminə” əqidəsi əsasında formalaşmış İlham Əliyev siyasəti ölkəmizə beynəlxalq aləmdə də böyük şöhrət qazandırmışdır. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü seçilməsi və bu mötəbər təşkilatın ciddi bir qurumuna müəyyən olunmuş müddətdə rəhbərlik etməsi Prezident İlham Əliyevin apardığı xarici siyasətin əhəmiyyətini, təsir imkanlarını, qısa müddətdə beynəlxalq aləmdə tutduğu böyük mövqeyi əyani şəkildə nümayiş etdirir.
Azərbaycan xalqının İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə qazandığı yüksək nəticələr dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil qərb dəyərlərinə sadiqliyini sübuta yetirmişdir. Ötən dövrün sosial-iqtisadi uğurlarla müşayiət olunan inkişaf göstəriciləri transmilli enerji və kommunikasiya layihələrini həyata keçirən, Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi sahədə də yüksək dinamizmlə inkişaf etdiyini təsdiqləyir. Son illər Azərbaycanın ümumi daxili məhsulunun artım tempinə görə dünyanın lider dövlətlərindən biri olaraq qalması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin elmi əsaslara söykəndiyini sübut edir.
Bildiyimiz kimi, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi.
Ulu öndərdən sonra bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.
İqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaratmış, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdirmışdır.
Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası, mövcud potensialın reallaşdırılmasına yönəlmişdir.
Son illərdə Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, 11 il ərzində regionlarda 100 mindən çox sahibkarın iştirakı ilə 1200-dək maarifləndirmə, biznes forumların, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində ölkəmizdə güclü özəl sektor formalaşmışdır.
Son 20 il ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir.
Ötən on bir il ərzində Azərbaycan bir əsrlik tərəqqi, yüksəliş yolu keçdi. İnkişaf göstəricilərinin 11 il ərzindəki faktlarına nəzər salsaq görərik ki, bu dövrdə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb, 180 milyard ABŞ dolları həcmində investisiya qoyulub, dövlət büdcəsinin həcmi 20 dəfəyədək artıb, strateji valyuta ehtiyatlarının həcmi 30 dəfə artaraq 53 milyard dollara çatıb, Cənubi Qafqazda iqtisadiyyatın 80 faizi, strateji valyuta ehtiyatlarının isə 91 faizi respublikamızın payına düşür. Milli iqtisadiyyatın rəqabət qabiliyyəti göstəricilərinə görə ölkəmiz 144 dövlət sırasında 38-ci yerdədir, bu dövrdə 1 milyon 300 mindən artıq iş yeri açılıb, işsizlik 5 faizə düşüb. Əhalinin sosial müdafiəsinə və təminatına yönəldilən dövlət vəsaitinin həcmi 9 dəfə, pensiyalar 10 dəfə, maaşlar isə 6 dəfə artıb, yoxsulluq 10 dəfə azalaraq 6 faizdən də aşağı enib, adambaşına düşən ÜDM-in həcmi 8000 dollara yaxınlaşır, 110 min məcburi köçkünün məskunlaşması və normal yaşayışı üçün 23500 yaşayış evindən ibarət 57 müasir qəsəbə və məhəllə salınıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə rəhbəri qeyd etdi ki, “Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ən böyük vəsait fermerlərə verilir. Bu il də bu iş davam etdiriləcəkdir. Yəni qeyri-neft sektorunun inkişafı bu il də bizim iqtisadi sahədə prioritet olaraq qalır”.
Görülmüş tədbirlərin nəticəsidir ki, 2014-cü ilin 9 ayı ərzində ümumdaxili məhsul 2.5, əhalinin pul gəlirləri 5.4 faiz artmış, qeyri-neft sənayesi 6 faiz çoxalmışdır. Bu dövrdə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 19.0 milyard ABŞ dolları olmuş, bundan 11.0 milyardı daxili, 8.0 milyard dolları isə xarici investorların vəsaiti olmuşdur.
Cari ilin 9 ayının nəticələrinə görə ölkə üzrə 44,1 milyard manatlıq ümumi daxili məhsul istehsalında özəl bölmənin 80 faizdən çox paya malik olması, sənaye məhsullarının təxminən 81 faizinin bu sahədə istehsal edilməsi, sahibkarlıq subyektlərinin sayının 600 min vahidə yaxınlaşması və onların təqribən 63 faizinin regionlarda fəaliyyət göstərməsi, ölkədə həyata keçirilən qeyri-neft sektorunun inkişaf konsepsiyasında ilk növbədə, hüquqi və fiziki şəxslərin qismində sahibkarların fəal iştirakına geniş meydan verilməsi, sahibkarlıq subyektlərinə dövlət tərəfindən güzəştli kreditlər şəklində verilən maddi dəstəyin ilbəil artırılması və çoxsaylı digər tədbirlər Prezident İlham Əliyevin bu sahəyə diqqətini təsdiqləyən faktların yalnız az bir hissəsidir.
Son 11 ildə xüsusən regionlarda istifadəyə verilən müxtəlif təyinatlı müasir müəssisələri və onların hesabına açılan minlərlə yeni iş yerlərini də əlavə etsək, onda Azərbaycanın bugünkü sosial-iqtisadi həyatında özəl sektorun mövqeyi daha aydın görünər.
Sahibkarlara güzəştli kreditlərin verilməsi üçün dövlət büdcəsindən cari ildə Sahibkarlığa Kömək Milli Fonduna 150,0 milyon manat vəsait ayrılmışdır və bununla da dövlət büdcəsindən fonda ayrılmış vəsaitin ümumi həcmi 830,0 milyon manata çatdırılmışdır.
Əvvəlki illərlə müqayisədə bu il daha çox sahibkara, yəni 2014-cü ilin əvvəlindən bugünədək 5401 sahibkarlıq subyektinə 280 milyon manat güzəştli kreditlərin verilməsi ölkə rəhbərliyinin sahibkarlığa göstərdiyi davamlı dəstəyin nümunəsidir.
Təkcə cari ilin 6 ayı ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 5 mindən çox hüquqi şəxs qeydə alınıb, bu dövrdə ölkə ərazisindəki müəssisə və təşkilatların sayı 5,5 faiz artaraq 51 faizi regionlarda olmaqla 91 min vahidə yaxınlaşıb. Hazırda Azərbaycanda 73 minə yaxın kiçik müəssisə var və bu müəssisələrin 44 faizindən çoxu bölgələrdə yerləşir, fiziki şəxs kimi sahibkarlıqla məşğul olanların sayı isə 488,2 min nəfərdir və onların da əsas hissəsi - 65,6 faizi regionların payına düşür. Bütün bunların nəticəsində birbaşa özəl sektora aid olan fərqli bir fakt: 2003-2013-cü illər ərzində ölkəmizdən ixrac olunan qeyri-neft məhsullarının həcmi 4,7, çeşidi isə 1,7 dəfə artıb. Cari ilin 9 ayının statistikasına əsasən, Azərbaycanın məhsul ixrac etdiyi 105 ölkənin heç də hamısı bizdən təkcə neft-qaz məhsulları almır. Onların arasında bizim bütünlükdə özəl sektorda istehsal və emal olunan meyvə-tərəvəz konservlərinə, şirələrə, çaya, bitki yağlarına, mebellərə və sairə məhsullara üstünlük verənlər çoxdur.
Daha bir diqqətəlayiq məlumat odur ki, cari ilin yanvar-noyabr aylarında ölkə sənayesinin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 6,6 faiz üstələmiş, neft-qaz sektorunda isə 3 faiz azalmışdır. Ümumi sənaye istehsalının 92,7 faizi malların, 7,3 faizi sənaye xarakterli xidmətlərin payına düşür.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə cari ilin dövlət büdcəsindən 1 milyard 292 milyon manat vəsait sərf edilmişdir.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün cari ildə 105,0 milyon manat vəsait sərf edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz və yaxud 3,1 milyon manat çox deməkdir.
Son illər ərzində ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 55 faizdən çox olması ölkədə sahibkarlığın inkişafının göstəricisidir. Bu gün yaradılan əlverişli şəraitdən bacarıqla istifadə edib işini qurmuş sahibkarlarımızın timsalında xarici ölkələrdə ən müxtəlif layihələrin icrasına sərmayə yatırılır. Azərbaycanlı iş adamının çox qısa müddətdən sonra hətta xarici ölkəyə külli miqdarda investisiya qoymağa vəsait tapması sahibkarlığın inkişafına dövlət səviyyəsində verilən dəstək və diqqətin nəticəsində mümkün olmuşdu.
Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.
Dövlət başçısının bu fərmanı Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün əsas olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.
Bununla yanaşı 28 avqust 2013-cü il tarixdə ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu göstərmək olar.
Göstərilən qanunda yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri ilə yanaşı, sahibkarlara məsləhətlərin verilməsi kimi çox əhəmiyyətli müddəalar nəzərdə tutulmuşdur. Hazırda ölkədə tətbiq edilən bu qanunun yoxlamaların planlı olması, onların elektron ucotunun aparılması, vahid məlumat reyestrinin olması, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakcıların hüquqlarının qorunmasına yönəldilmişdir.
Regional inkişaf proqramları ilə yanaşı, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”, “Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” və digər fərman və sərəncamların, qanunların, dövlət proqramlarının icrası sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir.
Müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.
Sahibkarlığa dövlət dəstəyinin bariz nümünəsi kimi, 5 fevral 2014-cü il tarixdə Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyevin cıxışını qeyd etmək olar. Dövlət başçısı qeyd etdi ki, “Biz son on il ərzində, eyni zamanda, sahibkarlığın inkişafına çox böyük diqqət göstərmişik. Xüsusilə sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb edilmişdir. Mən sahibkarlarla mütəmadi qaydada görüşürəm. Son on il ərzində bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir və verir”.
İkinci Dövlət Proqramının icrasının yekunları bir daha təsdiq etdi ki, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi inkişaf strategiyası düzgündür və Azərbaycanın daha böyük uğurlar qazanmasına imkan yaradacaqdır.
Bütün bunlarla yanaşı, sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə də hökumət səviyyəsində ciddi dəstək verilir. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış İxracın və İnvestisiyaların Təşviqi Fondu ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara dəstək verir. Sahibkarların işgüzar əlaqələrinin inkişafı məqsədilə həm ölkə daxilində, həm də xaricdə müxtəlif biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Bu cür tədbirlər yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması, xarici işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.
Respublikada həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyillərinin möhkəmlənməsinə imkan yaratmışdır. İctimai həyatın bütün sahələrində dönüş yaranmış, əhalinin maddi rifah halının yaxşılaşmasında nəzərəçarpacaq uğurlar qazanılmış və bunda təbii ki, sahibkarların rolu danılmazdır.
Dövlət başçısı İlham Əliyevin reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2014-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.
Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətə davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən beynəlxalq birlik tərəfindən ciddi təhlil edilmiş və “Yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olmuşdur. Bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır”.
Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi ölkə ictimaiyyətində böyük maraq və təqdirlə qarşılanıb. Bu qərarın ölkəmizin neftdən asılılığını azaldacaq növbəti uğurlu mərhələ olacağı şübhəsizdir. Son bir neçə ildə sənayenin inkişafında nəzərə çarpacaq uğurlar qazanılmışdır. Sənaye zonalarının və müvafiq infrastrukturların yaradılması yönündə də çoxsaylı layihələr uğurla icra edilmişdir. Bununla da ölkənin istər dövlət sektorunda, istərsə də özəl sektorunda müasir sənaye müəssisələrinin yaradılması üçün mükəmməl zəmin yaranmışdır.
Bu baxımdan 2014-cü ilin sənaye ili elan olunması və “Azərbaycan Respublikasında sənayeinin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması barədə Prezident tapşırığının verilməsi vaxtında atılan addımdır, zamanın tələbidir. Bu, ölkəmizin dünyada tanınmasına əməli töhfə və nüfuzunun artması tempi ilə üst-üstə düşən təşəbbüsdür, həmçinin Azərbaycan istehsalı olan malların xarici bazarlarda daha tez yer tapa biləcəyinə real zəmindir.
Başa vurmaqda olduğumuz ildə sosialyönümlü büdcə siyasəti, əhalinin maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, çoxsaylı körpülər və yollar, yüzlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən konseptual-strateji mahiyyətli sənədlər və dövlət proqramları hazırda icra edilməkdədir. On bir ilə yaxın bir müddətdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.
Bu gün Azərbaycan dövlətçilik tarixinin ən güclü, möhtəşəm və qüdrətli dövrünü yaşayır. Qazandığımız uğurlar, nail olduğumuz inkişaf göstəriciləri nə qədər genişmiqyaslı olsa da, təəssüf ki, gündəlik həyatımızda bu nailiyyətlər silsiləsi, intibah mənzərəsi sanki adiləşib. Yəni Azərbaycan elə bir yüksəlişin, elə bir gücün rəmzinə çevrilib ki, xalqımız hər bir yeni müvəffəqiyyəti, tərəqqinin növbəti təzahürünü normal, təbii qanunauyğunluq kimi qəbul edir.
Ölkənin iqtisadi inkişafında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının da özünəməxsus payı var. Konfederasiya tərəfindən bu işdə fəallıq göstərmək, sahibkarlara kömək etmək məqsədilə ayrıca tədbirlər planı işlənib hazırlanmış və hazırda onun həyata keçirilməsi sahəsində mühüm işlər aparılır.
Konfederasiya ölkədə iş adamlarının maraqlarından çıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O, özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 60-a qədər assosiasiya və birlikləri birləşdirir.
Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial - əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır.
Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir. Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.
Səmərəli idarəolunmanı təşkil etmək məqsədilə konfederasiyanın yanında yaradılmış 10 daimi komissiya sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik isə regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.
Beynəlxalq əlaqələrimiz zəngin və çoxşaxəlidir. Beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, beynəlxalq və ölkələr arası ikitərəfli biznes forum və sərgilərdə iştirak etmək, Azərbaycan Sahibkarlarını xaricdə keçirilən tədbirlərdə təmsil etmək, konfederasiya üzvlərinin beynəlxalq sərgi və forumlarda iştirakına yaxından kömək etmək və sair məsələlər beynəlxalq əlaqələrimizin əsas xəttini təşkil edir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü və təşkilatçılığı ilə mütəmadi olaraq Azərbaycan iş adamlarının xarici iş adamları ilə görüşləri keçirilmiş, bu görüşlərdə nəqliyyat, metal, tikinti-inşaat, memarlıq, mebel istehsalı, podratçılıq, enerji sistemləri, turizm kimi mühüm məsələlər üzrə əməkdaşlığın qurulması və investisiya məsələləri müzakirə edilmişdir.
Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Almaniyanın Meklenburq - Vorpemmern Texniki Peşə Təhsil İnstitutu ilə birlikdə “Sosial Dialoq Sahəsində Əməkdaşlıq” mövzusunda 3 illik layihəni həyata keçirir. Layihənin məqsədi Azərbaycanda sosial dialoqun inkişaf etdirilməsi, hökumət, işəgötürənlər və həmkarlar ittifaqları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, üzvlərə göstərilən xidmətlərin və lobbiçilik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.
Avropanın təşəbbüskarlığı çərçivəsində Şərq regionunun mehriban qonşuluğunun iqtisadi inkişafına yönəldilən investisiya-ticarət əhatəsinin yaxşılaşdırılması üçün Şərq tərəfdaşlığı regional “Twinnig” layihəsi Avropa Birliyinin Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya qarşılıqlı investisiya münasibətlərində və əməkdaşlığında onların potensial inkişafına kömək etmək məqsədilə reallaşdırılır. Bu layihə çərçivəsində kiçik və orta sahibkarların ixracatla bağlı keçirilmiş seminarda təcrübə mübadiləsi, təqdimatlar, digər məsələlər və sual-cavablar maraqla qarşılanmışdır.
Bu işlərin görülməsi üçün digər tədbirlərlə yanaşı, işi günün tələbləri səviyyəsində qurmaq bacarığına malik olan kadrların hazırlanmasına ehtiyac vardır.
Bunu nəzərə alaraq, cari ilin oktyabrın 30-da Təhsil Nazirliyində özəl sektorun inkişaf etdirilməsi üçün yeni kadrların hazırlanması sahəsində əməkdaşlığın davam etdirilməsi məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyası Təhsil Nazirliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.
Keçən müddət ərzində konfederasiyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının, Türkdilli Dövlətlər Şurasının tədbirlərinə qatılmış, konfederasiyanın xarici ölkələrdəki yeni nümayəndəliklərinin yaradılması, mövcud olanlarla əməkdaşlığın inkişaf etdirilməsi, bir sıra beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər, qeyri-hökumət təşkilatları, biznes qurumların nümayəndələri ilə işgüzar əlaqələr inkişaf etdirilmişdir.
Cari ildə konfederasiya rəhbərliyi və üzvləri Azərbaycan-Vyetnam, Macarıstan, Almaniya, Bolqarıstan, Rusiya, Polşa, Niderland, İspaniya, Çexiya, İran, Qazaxıstan, Türkmənistan biznes forumlarında iştirak etmiş və bu tədbirlərdə perspektiv sahələr müzakirə edilmişdir.
Bu müddətdə konfederasiya rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya, Fransa, Mərakeş, Türkiyə, Rusiya və digər xarici ölkələrin səfirləri ilə görüşmüş, ölkələr arasında mövcud əməkdaşlıq imkanlarını müzakirə etmişdir.
Konfederasiya ilə Avropa İnkişaf və Yenidənqurma Bankı arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinə dair görüş keçirilmiş, Avropa İnkişaf və Yenidənqurma Bankının Bakıdakı daimi nümayəndəliyi ilə birlikdə “dəyirmi masa” təşkil olunmuş, Azərbaycan üzrə Strategiya sənədi müzakirə olunmuşdur.
Son illər konfederasiya dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 30-dan çox İşəgötürənlər Təşkilatları və Assosiasiyaları ilə Əməkdaşlıq Müqaviləsi imzalamışdır. Bu müqavilələr ölkələrimiz arasında biznes əlaqələrinin genişlənməsi və daha səmərəli nəticə verməsi istiqamətində mühüm rol oynayır.
Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı sürətlə aradan qaldırılır və bu proses bu gün mühüm əhəmiyyət kəsb edir. Ölkədə kiçik və orta sahibkarlıq mühüm iqtisadi amilə çevrilir, yeni iş yerləri açılır, gələcəkdə də bu tendensiya davam etdiriləcək.
Buna baxmayaraq, bəzən sahibkarlar öz fəaliyyətlərində müəyyən cətinliklərlə üzləşirlər. Biz çalışırıq ki, sahibkarlarla dövlət orqanları arasında körpü rolunu oynayaq. Bu sahədə planlarımız var. Sahibkarların qarşılaşdığı çətinliklərdə onlara yaxından kömək etmək konfederasiyanın əsas məqsədlərindən biridir.
Bu gün yeni aqrokimya laboratoriyalarının yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirəcək ixtisaslaşmış kənd təsərrüfatı bankının yaradılması, drenaj-kollektor şəbəkələrinin təkmilləşməsi, mövcud tədarük satış-məntəqələrinin modernləşdirilməsi və yenilərinin yaradılması, digər problemlər həlli vacib məsələlərdən sayılır.
Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, müasir biliklər təcrübəsindən, modern idarəçilik üsullarından real şəkildə bəhrələnməyə çalışır. Əminliklə bildirirəm ki, bütün bunlar öz real bəhrəsini verəcək, müstəqillik yollarında inamla irəliləyən Azərbaycanda sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Məmməd
MUSAYEV,
Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının prezidenti
Azərbaycan.-2014.- 19 dekabr.- S.7.