Sapı
özümüzdən olan baltalar
Azərbaycan öz yolu, müstəqillik yolu ilə gedir. Biz əsrlər
boyu başqa ölkələrin, imperiyaların tərkibində
olmuşuq. Azad, müstəqil
olmamışıq. Nə
üçün bizim xalqımız azad, müstəqil
yaşaya bilməz? Biz 23 ildir ki, müstəqilik.
Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə
də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda
var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə
təsir edə bilməz. Biz heç kimin
diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq.
Öz sözümüzü daim açıq
deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik.
Həmişə də belə olmalıdır.
İlham
ƏLİYEV
...Günlərin
bir günündə uzaqdan eşidilən balta səsi meşənin
dərin sükutunu pozur. Qoca palıd ətrafdakı
səs-küydən, ağacların təşvişindən
narahat olub, bunun səbəbini soruşur. Ağaclar
təlaş içində deyirlər ki, bəs balaca bir dəmir
parçasıdır, üstümüzə gəlib
ağacları bir-bir qırır, məhv edir.
Qoca
palıd onların təlaşına gülür:
- Balaca
bir dəmir parçası nə olan şeydir ki, ondan
qorxursunuz?! O dəmir parçası balaca canı ilə bu
boyda meşəyə neyləyəsidir?!
Ağaclar cavab verirlər ki, elə deyil, bu balaca dəmir
parçasının ucunda ağacdan uzun sap da var.
Onda qoca palıd dərin fikrə gedir. Və deyir:
- Hə, əgər
sapı özümüzdəndirsə, onda
qırıldıq. O dəmir parçası meşədə
bir fidan da qoymayacaq...
Hafizəmin
bir köşəsində özünə əbədi yer
etmiş pritçanı son vaxtlar tez-tez xatırlayıram... Bu hikməti yaddaşımda oyadan, yəqin ki, son illər
dilimizin aktiv leksikonuna daxil olmuş “beşinci kolon” ifadəsinin
mənşəyi ilə bağlıdır. Bir müddət
öncə bu ifadəni cənab Prezident İlham Əliyevin
çıxışında eşitmişdim:
“Beşinci kolon” o vaxt da var idi, əfsuslar olsun ki, bu
gün də vardır. Onların sayı çox azdır, amma
vardır. Bu gün də müstəqil
ölkəyə zərbə vurmaq, ölkəmizi ləkələmək,
ölkəmizin imicinə xələl gətirmək
onların peşəsidir. Antimilli qüvvələr
qınaq obyektinə çevrilir. Azərbaycan cəmiyyəti
bu qüvvələri rədd edir və biz heç vaxt imkan
vermərik ki, Azərbaycanın müstəqilliyinə, suveren
inkişaf haqqına kimsə müdaxilə etsin” - Prezident
İlham Əliyevin bu fikirləri “sapı özümüzdən
olan baltalara” ən ali dərəgəcə
verilən siyasi qiymətdir.
Bu qeydlərimdə “beşinci kolon” ifadəsindən
çalışacağam, istifadə etməyim. Belə
politoloji deyimlər, tarixi tapıntılar hər şeyə
yazıb-yaratdığı dilin işığında
baxmağa vərdiş etmiş biz yazıçıların
xörəyi deyil.
Mənə
qalsa, “beşinci kolon” ifadənin arxasındakı bədnam əməlin
- yəni öz elində, obanda yaşayıb, yurdun
çörəyini yeyib, suyunu içib, sonra da onu
üç quruşa satmağın, el-obaya asi
çıxmağın da doğma dilimizdəki əsl
adını tapıb, onu məhz öz adı ilə
adlandırardım.
Bəli,
dilimizdə belə bir söz var. Özü də son dərəcə
tutumlu bir sözdür, yazılışı, səslənişi
belə adamı ürpədir: Satqınlıq...
İkisinin də mahiyyətində nəyisə
satmaqdır, amma dədə-babalarımız halal ticarətlə
məşğul olub, hansısa əmtəəni,
ayın-oyunu bazarda satlığa çıxaranlarla, vətənini,
mənəviyyatını satanların hətta adlarında da
fərq qoyublar.
Birinə,
satıcı deyiblər, o birinə satqın...
Və satqınları həmişə qınayıblar. Bəd əməlləri
faş olan, xəyanətlərinin üstü açılan
satqınlara eldə-obada heç vədə yer olmayıb.
Belələrinə salam verib, əleyk
almağı, xeyir-şərində görünməyi, onunla
bir məclisdə əyləşməyi kimsə şəninə
sığışdırmayıb.
Satqın kimi ad çıxaran birisi hətta dünyadan
köçəndən sonra torpaq belə onun suçunun
üstünü örtə bilməyib. Övlad-uşaqları,
özündən sonra yeddi arxa dönəni satqın
ata-babanın pis adını günah kimi daşımalı
olublar, bu üz qarasından hər fürsətdə
qurtulmağa çalışıblar.
***
Amma bütün bunlar, nə yazıq ki, zaman-zaman belə
bir günaha batanların, vicdanını çamura
bulayanların qarşısını ala bilməyib. Mənən,
ruhən satqınlığa amadə olanlar, mənəviyyatı
xəyanət mərəzinə yoluxanlar, məqam yetişən
kimi öz xislətlərini büruzə verməyə başlayıblar.
Bəzən bir xalqın, bir dövlətin, bir
insanın taleyinin həll olunduğu anın fürsəti məhz
belələrində olub və satqın xislətlilərin
içindəki kin-küdurət hissi, qisas yanğısı
belə tarixi məqamlarda bütünlüklə xalqların,
dövlətlərin, insanların həyatını
qaraldıb.
Müstəqil
dövlətlərin istiqlalına son qoyub...
Bu sətirləri yaza-yaza Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin 1920-ci ilin 27 aprel günü keçirilən
sonuncu iclası yadımıza düşür.
O
iclasının ki, XI Ordunu Azərbaycana gətirən
satqınlar “Hakimiyyətin bolşeviklərə təhvil
verilməsi haqqında” qərarın qəbulundan ötrü
səs-səsə vermişdilər.
İclas
zalının bir tərəfində satqınların,
satqınlığın əsl simfoniyası
başlanmışdı...
Və bu simfoniyanın lap mərkəzində dayananlardan
birisi gəlib, Bakıya dayanmış ordunun gücünə,
süngüsünün itiliyinə arxayınlıqla
üzünü Cümhuriyyət qurucularına tutub onlara
barmaq silkələyirdi.
“Hamınızı bir-bir güllələtdirəcəyəm”-
deyə bağırırdı.
Bu hədəyə
cavab olaraq elə həmin iclasda Məhəmməd Əmin Rəsulzadə
ona demişdi ki, “Sən, özün bolşeviklər tərəfindən
güllələnəndə mənim bu sözlərimi
yadına salarsan”...
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra o
zat, Rəsulzadənin edamına çox
çalışdı. Amma buna nail ola bilmədi.
Nəhayət
1938-ci ildə “əksinqilabçı millətçi mərkəzin
işi” ilə əlaqədar olaraq onun özünü
damlayıb güllələdilər...
Bəli, satqınlara elin qınağı kimi tarixin ədaləti
də yaman olur.
***
İçimizdəki satqınlar yenə
ortalardadırlar. Və onlara yanlış yolda
olduqlarını göstərmək, onların Azərbaycana,
Vətənin istiqlalına qarşı yönəlmiş əməllərini
qınamaq və bu insanları mümkün qədər islah
etməyə çalışmaq - xalq olaraq bizim birgə
missiyamızdır. Bu ortaq missiyanın
yerinə yetirilməsi barədə hər kəs
düşünməlidir.
1920-ci
ilin 27 aprel günü Azərbaycan parlamentinin son iclasında səs-səsə
vermiş satqınların bu canfəşanlığının
acısına düz 71 il göynədik. Dövrün böyük düşüncə
adamlarının qurub yaratdıqları demokratik
respublikanın ömrü belələrinin ucbatından vur-tut
23 ay sürdü, o fəlakətli illərdə də
içimizdəki satqınların, xəyanətkarların əli
ilə Azərbaycanın başı üzərində
aparılan xəbis bazarlıqlar, istiqlal
sevdalılarının min bir məşəqqətlə
göyərtdikləri dövlətçilik fidanının
böyüməsinə imkan vermədi.
Azərbaycan
əsrlərcə geri düşdü...
Cümhuriyyətin
hüquqi varisi kimi müstəqil dövlətimiz XX əsrin əvvəllərində
qaldığı yerdən davam etməyə bir də 71 ildən
sonra müvəffəq oldu...
AXC-nin
qurulmasına qədərki və onun mövcud olduğu illərin
sosial inkişafının, milli iqtisadiyyatın, milli
burjuaziyanın, orta təbəqənin təşəkkül
tapmasının xoş nişanələri kimi, bu gün də
doğma Bakımızın köksünü bəzəyən
memarlıq abidələri, o əyyamlarda Azərbaycanda nəşr
olunan demokratik düşüncəli qəzet və jurnallar, qələmə
alınmış bədii-publisistik əsərlər, musiqi
nümunələri və daha nələr düşünmək
üçün əsas verir: əgər Azərbaycan XX əsrin
əvvəllərindən qədəm qoyduğu demokratik
inkişaf yoluna bu günə qədər davam etsəydi, bu
inkişaf proseslərini yönəldən Cümhuriyyət
günümüzə qədər yaşasaydı, indi biz
inkişafın hansı səviyyəsində idik...
***
Amma 71
ilin gözləntilərindən sonra yenə də tarixin
verdiklərinə şükür...
Şükür
ki, o 71 ilin arzularını, diləklərini cəmi bir
neçə il ərzində
reallığa çevirə bilmişik.
Müstəqil
Azərbaycan respublikasında doğulmuş yeniyetmələrin
ən böyüyünün indi cəmi 23 yaşı var.
Vaxtın qısalığına rəğmən, bu müddətdə
demokratik inkişaf kursunun Azərbaycan həyatına gətirdiyi
uğurların miqyası əsrlərə sığmaz. Bu
gün bütün dünyada özünü demokratik dəyərlərin
xilaskarı rolunda təqdim etməyə çalışan
dövlətlərin inkvizisiyalardan, vətəndaş
müharibələrindən, irqi ayrı-seçkiliklərdən,
milli, dini mənsubiyyətinə görə yüz illər
boyu insanlara göstərilən alçaldıcı
münasibətdən, kütləvi qətliamlardan keçib
gəldikləri uzun bir yolu Azərbaycan cəmi bir neçə
il ərzində uğurla adlayıb.
Demokratik inkişaf istiqamətində, sosial-iqtisadi tərəqqi
yolunda bəlli bir mərhələyə gəlmiş,
tarixinin ən qüdrətli dönəminə qədəm
qoymuş Azərbaycanı öz yolundan sapındırmağa,
istiqlalımızı sarsıdıb, ölkəmizin
inkişafını əngəlləməyə artıq kimsənin
haqqı yoxdur.
***
Demokratiya Azərbaycan xalqının öz seçimidir.
Bu, cəmiyyətimizdə şüar deyil, getdikcə
daha fəal şəkildə insanların gündəlik həyatına
daxil olan tərzdir, davranışdır, dəyərlər sistemidir. Bu dəyərlərin
qısa müddət ərzində cəmiyyətimiz
üçün doğmalaşması, Azərbaycanın
demokratik inkişaf yolunu müəyyən edən ümummilli
lider Heydər Əliyev tərəfindən əsası
qoyulmuş məqsədyönlü siyasətdən
qaynaqlanır.
Etiraf edək
ki, ötən əsrin 90-cı illərinin əvvəllərində
ölkədə guya demokratiya adına
yaradılmış xaos, özbaşınalıq mühiti o
dövrün insanlarında, hələ mahiyyətini
yaxşı anlamadığımız demokratiya barədə
böyük təşviş doğurmuşdu.
İnsanlar demokratiya anlayışına münasibətdə
bir növ psixoloji travma almışdılar. Sovet
dövrünün totalitar düşüncə tərzinə
öyrəşmiş və bu düşüncə tərzinin
yaratdığı ictimai mühitdə özlərini daha
rahat, təhlükəsiz, əmin hiss edən insanlar demokratik
həyat tərzinin məsuliyyətini daşımağa daha
bir o qədər həvəsli görünmürdülər.
Açığı,
onda həm demokratiyanın nə olduğunu, insanlar
üçün niyə bu qədər önəm kəsb
etdiyini çox az adam bilirdi, həm də
demokratik cəmiyyətin hüquq və vəzifələrinin
o dövr üçün qeyri-müəyyənliyi vətəndaşları
gələcəyin kəskin dəyişikliklərindən,
demokratiya və anarxiya arasında ziyan çəkmək təhlükəsindən
çəkindirirdi.
Ölkənin ən təlatümlü günlərində
xilas yolunu Heydər Əliyevin dövlətçilik qüdrətində
axtaran vətəndaşlar onun dövlət idarəçiliyində
sovet dövründə toplanmış ənənəvi təcrübəyə
üstünlük verəcəyini zənn və açıq
danışaq, həm də arzu edirdilər. Çünki
o vaxtın baxış bucağından, vətəndaşlar
üçün bu, idarəetmənin ən asan üsulu kimi
görünürdü.
O zaman Azərbaycan
da bəzi postsovet ölkələri kimi kolxoz-sovxoz sistemini,
planlı təsərrüfatı, bütün istehsal sahələrinin
dövlət mülkiyyətində olduğu iqtisadi münasibətlər
mühitini, bürokratik idarəetmə sistemini bu günədək
qoruyub saxlaya, özünü Avroatlantik məkana inteqrasiya
imkanlarından təcrid edə bilərdi...
Amma belə
olmadı!...
Heydər Əliyev Azərbaycanın gələcək
inkişafından ötrü bütün mümkün yollar
sırasından dövləti idarə edən şəxs
üçün ən çətinini, vətəndaşlar
və dövlətin gələcək inkişafı
üçünsə ən perspektivli olanını
seçdi.
Bu çətin
seçim ölkəmizdə dəfələrlə dövlət
çevrilişi cəhdlərinə rəvac verdi.
Heydər Əliyevin həyatı təhlükələrlə
üz-üzə qaldı. Çoxları
yenə də demokratiyanı, azadlıq mühitini anarxiya kimi
anladılar. Cəmiyyətə bunlar
arasındakı fərqi göstərmək, onları
demokratik birgəyaşayış qaydalarına öyrətmək
üçün illər keçdi. Amma Azərbaycan
öz yolundan dönmədi. Demokratik inkişaf yoluna
sadiqliyini bütün dünyaya bəyan etdi, bu istiqamətdə
ardıcıl fəaliyyətini bir an
dayandırmadı. Azad bazar iqtisadiyyatı
prinsipləri böyük çətinliklə də olsa, cəmiyyətdə
özünə dayaqlar tapdı, yeni mülkiyyət münasibətləri
formalaşdı, ölkə iqtisadiyyatı böhran
dövrünü arxada qoydu.
Azərbaycan dünya birliyi qarşısında üzərinə
götürdüyü demokratiya öhdəliklərini
ardıcıl olaraq yerinə yetirdi. Müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası da daxil olmaqla vətəndaş
hüquq və azadlıqlarının təminatına yönələn
bir sıra mühüm sənədlər qəbul olundu.
Ölkədə senzura ləğv edildi, söz
və mətbuat azadlığı tam bərqərar oldu,
ölüm hökmü aradan qaldırıldı, demokratik təsisatlar
formalaşdırıldı, vətəndaş cəmiyyəti
institutları quruldu, Azərbaycan bir sıra nüfuzlu beynəlxalq
təşkilatlara tamhüquqlu üzv qəbul edildi.
***
Sıranı
1993-cü ildən bu günə kimi ölkəmizin demokratik
inkişafı naminə həyata keçirilən tədbirlərin
miqyası qədər genişləndirmək olar, amma məqsədimiz,
sadəcə, faktların təqdimatı deyil...
Bütün
bunlar elə bir əyyamda baş verdi ki, bu gün Azərbaycanı
“demokratiya dəyənəyi” ilə təhdid etməyə
qalxan dövlətlərin də, o dövlətlərin
mövqeyinin ifadəçisi qismində çıxış
edən beynəlxalq qurumların da gözlərinə onda
Bakı neftindən, Azərbaycandakı geniş sərmayə
yatırımı imkanlarından başqa heç nə
görünmürdü.
O zaman
Heydər Əliyevin azacıq sərt mövqeyi yetərdi ki,
“Sem dayı”nın demokratiya nəğmələri
iqtisadi mənafelər arxasında eşidilməz olsun. Amma
Heydər Əliyev özünün idarəçilik tərzində
heç zaman elə düşüncələrə yer vermədi,
əksinə, Azərbaycanın daha da demokratikləşməsi,
insanlarımızın demokratik dəyərlərə öyrəşməsi
üçün o dövlətlərlə, o təşkilatlarla
sıx əlaqələrin yaratdığı ən
kiçik imkanlardan da bəhrələndi.
Azərbaycan ölkəmizin milli maraqlarını dünya
miqyasında müdafiə edə bilən ağıllı, səriştəli,
xarici siyasət xətti tutdu, dünyanın bütün
dövlətləri ilə bərabərhüquqlu,
qarşılıqlı-faydalı əlaqələr
mühitində Azərbaycanın beynəlxalq aləmdəki
mövqelərini möhkəmləndirmək üçün
məqsədyönlü tədbirlər həyata
keçirildi.
Bütün
bunlar ölkəmizin öz seçimi idi və Azərbaycan bu
gün də öz gələcəyi üçün
başqa alternativlərin axtarışına
çıxmayıb...
***
U.Çörçillin
özünün məşhur Fulton nitqində qeyd etdiyi kimi,
“Demokratiya heç də ən ideal siyasi sistem deyil, amma nə
edəsən ki, bəşəriyyət bundan
yaxşısını tapmayıb...”
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə bu gün də Azərbaycan
cəmiyyətinin getdiyi yol, bəşəriyyətin gələcəyə
doğru tapdığı bütün yolların
idealıdır. Bu yol məhz demokratiya yoludur, insan
hüquq və azadlıqlarının təmin edilməsi
yoludur, malik olduğu potensialı hansısa sahədə
reallaşdırmaqdan ötrü hər kəs
qarşısında yaradılmış bərabər imkanlar
yoludur.
Başqa
dövlətlərlə və beynəlxalq aləmlə
münasibətlərin beynəlxalq hüquq normaları və
ölkənin maraqlarını nəzərdə tutan prinsiplər
əsasında qurulması, dövlət müstəqilliyinin və
suverenliyinin möhkəmləndirilməsi, ölkəmizin ərazi
bütövlüyünün bərpası, beynəlxalq
münasibətlər sistemində müstəqil dövlətimizin
layiqli mövqeyinin təmin olunması kursuna, beynəlxalq təşkilatlar
qarşısında götürülmüş öhdəliklərə
sadiqlik yoludur.
Bəli, biz öz öhdəliklərimizə sadiqik. Amma
könül istərdi ki, bu sadiqlik Azərbaycan kimi ölkələrin
timsalında ümumən bəşəriyyətin demokratik tərəqqisi
üçün məsuliyyət daşıyan aparıcı
dövlətlərin, beynəlxalq təşkilatların fəaliyyət
prinsiplərində də qorunsun.
Amma əfsus, sıra onlara gələndə, bu öhdəliklər
kimsəni ilgiləndirmir.
Regionun təhlükəsizliyini hər gün təhdid
edən Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli barədə
çağırışlarımıza səs verən
yoxdur.
Xocalıda qətlə yetirilmiş yüzlərlə
dinc vətəndaşımızın faciəsinə
dünya gözlərini qapayıb.
Biz dünyadan Azərbaycan torpaqlarının hərbi təcavüz
nəticəsində işğalı faktına obyektiv
münasibət gözləyirkən, yurd-yuvasından didərgin
düşmüş qaçqın və məcburi
köçkünlərimizin yurd həsrətinin bitməsi
üçün xarici güclərin dəstəyinə
ümid edirkən, gözləntilərimizin tam əksi baş
verir.
Sosial-iqtisadi
inkişaf göstəricilərinə görə lider ölkələrdən
birinə çevrilən Azərbaycanın, Prezident İlham
Əliyevin kimsədən asılı olmadan, kimsənin təsirinə
düşmədən bütün əhəmiyyətli məsələlərdə
öz milli mövqeyindən çıxış edərək,
milli maraqlarımızı qoruyaraq qazandığı nailiyyətlər
çoxlarını narahat etməyə başlayır...
Və bu narahatlıqlar ölkəmizə qarşı
illərdir davam edən məqsədli təxribatlarda
özünü büruzə verir.
***
Çox qəribə bir dünyada yaşayırıq,
deyilmi?!
Dünyanın çox əcaib yanaşmaları, prinsipləri
ilə baş-başayıq.
Müstəqilliyimizin ilk illərində hər vəchlə
özünü Azərbaycanın inkişafına, tərəqqisinə
çalışırmış kimi göstərən,
istiqlalımızı təhdidlərdən qorumaqda guya bizə
yardımçı olan Qərb indi özü Azərbaycanın
müstəqilliyini sinirə bilmir.
Ötən onilliklərdə qazandığımız
nailiyyətlər, tutduğumuz müstəqil mövqe indi Qərbə
ar gəlir. Yenə kimlərsə Azərbaycanda proseslərin
bir-birinə qarışmasını, cəmiyyətimizin
xaotik bir durum qarşısında naçar qalmasını istəyir.
Zatən bu, son onilliklərdə tək Azərbaycanda
yox, bir çox müstəqil ölkələrin siyasi həyatında
nəzərə çarpan acı bir meyildir. Keçmiş
SSRİ dağıldıqdan, ABŞ-ın simasında
birqütblü dünyanın formalaşmasından və
çoxsaylı ölkələrin müstəqilliyə,
demokratik inkişaf kursuna qovuşması ilə
demokratiyanın üçüncü dalğası
başlanandan sonra hamımız bu dalğanın tamam fərqli
bir dünya yaradacağını zənn edirdik.
Bizim anlamımızda belə bir dünyada müharibələrə,
qan-qadaya, günahsız insanların ölümünə,
xaosa yer olmamalı idi. Elə xəyal edirdik ki, iki dünya müharibəsindən,
soyuq savaşdan və bütün bunların ağır nəticələrindən
görk alan bəşəriyyət tarixin
yeni mərhələlərində ancaq insanlar və
onların rifahı barədə düşünəcək.
Amma heyhat...
Bizim
doğulub böyüdüyümüz ikiqütblü
dünya öz yerini insanların daha çox acı çəkdiyi,
ölkələrin, cəmiyyətlərin daha ağır fəlakətlərlə
üz-üzə qaldığı başqa bir dünyaya -
ikili standartlar dünyasına verdi.
Müasir
dünyamızın demokratiya adı, insan haqları
şüarı altında əslində hansı dəyərlərlə
idarə edildiyinə, demokratik dəyərlərin necə
gözdən salındığına bir müddət əvvəl
bəzi ərəb ölkələrində baş verən və
faciəli nəticələri getdikcə nəzarətdən
çıxıb daha geniş miqyas alan
hadisələr gedişində bir daha şahid olduq.
Sözdə
demokratik seçki, insan hüquq və azadlıqları,
sabitlik və inkişaf hayqıran Qərb institutlarının
demokratik səsvermə və seçki prosedurları nəticəsində
hakimiyyətə gəlmiş hökumətlərə
qarşı necə müqavimət təşkil etdiklərini,
dövlət maşınını sındırıb “idarə
edilən xaos”u necə yaratdıqlarını və o ölkələrin
sadə insanlarının başına hansı faciələri
gətirdiklərini gördük.
***
Son illər bir çox beynəlxalq dairələrin
demokratiya kimi bəşəri dəyəri öz mahiyyətindən
uzaqlaşdıraraq geosiyasi təzyiq alətinə çevirməsindən
dolayı yaranmış gərginlik, keçid
dövrünü yenicə başa vurmuş əksər
ölkələr kimi, Azərbaycanın da milli mənafelərinin
təminatı baxımından böyük narahatlıq
doğurur.
Azərbaycan dövlətinin bununla bağlı
narahatlıqları, təkcə dövlətin milli
maraqlarımıza qarşı yönəlmiş təhdidlərdən
təlaşlanması deyil, həm də ümumbəşəri
dəyər olaraq, demokratiyanın əsl mahiyyətindən
uzaqlaşdırılması, bu dəyərin gözdən salınaraq
itirilməsi əndişəsidir.
Azərbaycan
rəsmilərinin də öz bəyanatlarında qeyd etdikləri
kimi, rəsmi Bakı müəyyən dairələrin
demokratiyadan geosiyasi təzyiq aləti kimi istifadə etməsi
cəhdlərinə qarşı çıxır,
“demokratiyanın müdafiəsi” şüarı altında “ikili
standart” yanaşmaları, yeni müstəqillik qazanmış
dövlətlərin suveren hüquqlarına əsassız
müdaxiləni yolverilməz hesab edir.
Çünki silah gücünə və ya müxtəlif
rəngli inqilablarla demokratiya toxumunun əkilməsi prinsipi,
bütövlükdə, demokratiya ideallarının
şübhə altına alınması, əsrlər boyu
ideal idarəetmə forması kimi qəbul edilmiş
demokratiyaya xalqlarda inamsızlıq hissinin formalaşdırılması
deməkdir.
Əfsuslar olsun ki, bu münasibətin
formalaşmasında demokratik quruluşun əsas
atributlarından sayılan üçüncü sektor -
qeyri-hökumət təşkilatları da öz rolunu
oynayır.
***
QHT-lərin daha bir ümumi adı vətəndaş cəmiyyəti
institutlarıdır. Zənnimcə, bu təşkilatların
mövcudluğunun əsas məqsədi də məhz elə
bu adda ifadə olunub. Qeyri-hökumət təşkilatlarının
əsas missiyası dövlət və xalq
qarşısında məsuliyyətini dərk edən, ictimai
münasibətlər sistemində düzgün
davranmağı bacaran, öz ölkəsinin və ümumən
bəşəriyyətin inkişafına töhfə verməyə
can atan vətəndaşlar yetişdirməkdir.
Bu cür düşüncəli insanların, vətəndaşların
cəmiyyətini formalaşdırmaqdır.
Amma burada da dəyərlərin gözdən
salınması reallığı ilə üz-üzəyik. Qərb
müxtəlif adlar altında fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarının simasında
ölkələrin sivil inkişafına təkan verən
demokratik təsisatları yox, özünün məharətlə
düşünülmüş agentura şəbəkəsini
görür.
***
Yəqin,
bu, yazıçı sadəlövhlüyümdən irəli
gəlirdi...
İllər öncə müxtəlif QHT-lərin xaricdən
ayrılmış qrantlar hesabına ayrı-ayrı istiqamətlər
üzrə həyata keçirdikləri saysız-hesabsız
layihələr barədə mediadan xəbər tutarkən
qaldırılan problemlərin mahiyyəti, miqyası ilə həmin
layihələrin öz mənasızlığı ilə bu
problemlərin həllində oynayacağı rolu istər-istəməz
müqayisə etməli olurdum. Və
görürdüm ki, bunlar, məşhur atalar sözündə
deyildiyi kimi, təxminən “aca Quran oxumaq” kimi bir şeydir.
Ölməz Mirzə Cəlildən bir epizod da
düşürdü yadıma.
Həmin epizod Mirzə Cəlilin əsərlərinin
motivləri əsasında çəkilmiş “Qəm pəncərəsi”
filmində də öz əksini tapıb. Müəllim
sinif otağında övladlarının dərsinə
tamaşa etməyə yığışmış kəndlilərə
deyir ki, əgər siz Qori Seminariyasında oxusaydınız,
çəyirtkənin bədən quruluşu necədir, bilərdiniz.
Kəndlilərdən biri də qayıdır
ki, cənab müəllim, çəyirtkənin bədən
quruluşu bizim nəyimizə gərəkdir. Sən bizə onu öyrət ki,
taxılımızı çəyirtkədən necə
qoruyaq?!
Azərbaycandakı bəzi QHT-lərin bir-birindən təmtəraqlı
adlar altında həyata keçirdiyi, mahiyyəti cəmiyyətimiz
üçün faydalılığı baxımından isə
demək olar ki, heç bir dəyər ifadə etməyən
layihələrinin çoxu da o epizoda bənzəyirdi. Üstəlik, hamı
bilirdi ki, o layihələrin reallaşdırılmasına
ayrılmış pulların böyük hissəsi məqsəddən
kənar həzmi-rabedən keçirilir, “vətəndaş cəmiyyəti
fəalları”nın iştahına yem
olur.
Və
bütün bunları hamıdan yaxşı bilməsinə,
qrantlardan mənimsənilən hər qəpik barədə məlumatlı
olmasına əsla şübhə etmədiyim Qərb
institutlarının, müxtəlif fondların yenə də
böyük səxavətlə bu layihələrin maliyyələşməsinə
ayırdıqları böyük pullar haqqında eşitdikcə
istər-istəməz Afrika ölkələrində
aclıqdan qabırğası çıxmış qara dərili
körpələri xatırlayırdım.
1994-cü
ildə, sonralar dünya şöhrəti qazanmış
fotoqraf Kevin Karterin çəkdiyi, aclıqdan ölmək
üzrə olan, xilas üçün BMT düşərgəsinə
tərəf sürünən qızcığazın və
onun cəsədini parçalamaqdan ötrü körpənin
ölüm anını addım-addım izləyən qara
quzğunun birgə şəkli düşürdü
yadıma.
Düşünürdüm
ki, İlahi, əgər bu fondların pulu beləcə
çoxdursa, görəsən, niyə müxtəlif QHT-lərin
mənasız layihələrinə xərcləmək əvəzinə,
bu pulu dünyadakı milyonlarla ac qarnın doyurulmasına, bir
qab isti yeməyə, bir dəst paltara, bir cüt ayaqqabıya,
məktəbə, müəllimə, yazıb-oxumağa həsrət
milyonlarla körpənin təhsilləndirilməsinə sərf
etmirlər?!
İndi-indi dərk etməyə başlayıram ki, bu
düşüncələrimdə, həqiqətən sadəlövh
olmuşam. Belə layihələr ictimai diqqəti
yayındırmaq, cəlbedici təqdimat tərzləri ilə
agentura şəbəkəsinin fəaliyyətini daha da
stimullaşdırmaq, bu şəbəkənin əhatə
dairəsini genişləndirməkdən ötrü məsələnin
cəmiyyətə təqdim olunan tərəfidir.
İşin
batinində isə bizim bilmədiyimiz çox dürlü mətləblər
var...
Bu şəbəkə
Qərbin məxfi institutları tərəfindən o qədər
ustalıqla qurulub ki, müxtəlif QHT-lərin rəhbərləri
qismində özlərini vətəndaş cəmiyyəti fəalları
statusunda təqdim edən şəxslər, bəlkə
heç özləri də, əslində, ölkələrinin
əleyhinə casusluq fəaliyyəti ilə məşğul
olduqlarının fərqində deyillər.
Xarici institutların sifarişi əsasında guya
hansısa layihə kimi hazırlayıb onlara
ötürdükləri araşdırmaların, məlumatların
mahiyyətcə əsl agentura materiallarından fərqlənmədiyi,
məqamı çatanda siyasi-iqtisadi maraqlarla Azərbaycana
qarşı təzyiqləri gücləndirmək
üçün Qərbin çox işinə
yaradığı bu adamları əsla ilgiləndirmir.
Çünki xarici institutların donor, qrant adı altında səxavət kisəsinin ağzını geniş açıb casusluq fəaliyyəti qarşılığında illərdən bəri bu kəslərə sel kimi buraxdığı pullar onların gözünü tutub.
Şəxsi mənfəət hissi Azərbaycanın maraqlarını, milli hədəflərimizi, ölkəmizin və xalqımızın gələcək taleyini belələri üçün qara qəpikdən də dəyərsiz edib.
Yaxında, uzaqda yenə sapı özümüzdən olan baltaların səsi eşidilir.
...Və fikrimcə, artıq bu qədər yetər. Satqınları, xəyanətkarları öz adları ilə çağırmaq vaxtıdır.
Onlara anlatmaq vaxtıdır ki, Azərbaycan artıq zənn etdiyiniz Azərbaycan deyil!
Ötən əsrin əvvəllərində tarixin köksünə əkdiyimiz, on illər boyu içimizdə qoruyub əsrin sonlarında göz yaşlarımızla, qanımızla suvarıb yenidən həyat verdiyimiz dövlətçilik fidanımız bu illər ərzində elə qocaman bir çinara dönüb ki, sapı özümüzdən olan baltaların kəmfürsət zərbələri də ona heç nə edəsi deyil!..
Satqınlığa davam edib gələcək nəsillərini utandırmasınlar...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı, yazıçı-publisist
Azərbaycan.-2014.- 19 dekabr.- S.8.